Beynəlxalq elm və təhsil sisteminə inteqrasiya: Elmi dərəcələrin uyğunluğu məsələsi

 

 

 

“On sözlə” ön söz

 

Qloballaşmanın, informasiya-kommunikasiya bumunun özü ilə gətirdiyi üstünlüklərdən biri də elm və təhsil sahəsində beynəlxalq əlaqələrin genişlənməsi və mübadilə xarakterli tədbirlərin böyük vüsət almasıdır. Təhsilin beynəlmiləlləşdirilməsi hər bir universitet üçün xüsusi əhəmiyyət daşıyır; bu proses dünya ali məktəbləri arasında bu və ya digər təhsil müəssisəsinin yerini müəyyənləşdirən əsas amilə çevrilib. Bu kontekstdə beynəlxalq təhsil məkanına inteqrasiya etmək, ümumi məsələlər haqqında eyni “dildə” danışmaq zərurəti yaranır. Bu “ümumi dilə” nələr daxildir? Tərəflərin bir-birini anlamasında bu amilin rolu nə dərəcədə vacibdir? “Ümumi dili” mənimsəməklə nələrə nail olmaq olar? Beynəlxalq elm və təhsil sisteminə inteqrasiyada tərəflərin bir-birini anlaması üçün dünyanın bir çox universitet və təhsil mərkəzlərində qəbul olunmuş standartlara bələd olmaq lazımdır.

 

Niyə ingilis dili və ingilisdilli ölkələr?

 

Bu məqalədə əsas vurğu ingilis dilində və ingilisdilli ölkələrdə tətbiq olunan qaydalar və standartlara ediləcəkdir. Bu, bütün dünyada ingilis dilinin çox yayılması və istifadəsi, həmçinin onun beynəlxalq dil statusu qazanması faktı ilə əlaqədardır. Üstəlik bir zamanlar latın dili elm dili sayıldığı kimi, müasir dövrümüzdə ingilis dilinin bu funksiyaya yüksəlməsi faktı ilə də birbaşa bağlıdır. Azərbaycan alimləri və tədqiqatçıları, həmçinin doktorant və tələbələrimiz beynəlxalq elmi tədbirlərə qatılır, əməkdaşlıq əlaqələri qururlar. Alimlərimiz həm də beynəlxalq jurnallarda məqalələr dərc etdirir, xarici həmkarları ilə birgə layihələr və əsərlər üzərində işləyirlər. Universitet müəllimləri ali təhsil almaq üçün xarici ölkələrə yollanan tələbələrə tövsiyə məktubu verir və bu zaman özləri haqqında məlumat da yazırlar - kimdirlər, hansı sahənin mütəxəssisidirlər, elmi dərəcələri və adları nədir və s. Təbii ki, əməkdaşlıq əsnasında beynəlxalq təhsil məkanındakı qayda və standartlarla tanışlıq baş verir, sistemlərarası fərqlər aşkarlanır. Sovet təhsil sistemində tətbiq olunan qayda və normalar bir sıra hallarda beynəlxalq təhsil məkanında işlədilən analoji standartlara uyğun gəlmir. Bu qaydalardan biri də elmi dərəcələrin uyğunluğu məsələsidir.

 

Bizi nə çaşdıra bilər?

 

Xeyli müddətdir ki, bizim ali təhsil müəssisələrində beynəlxalq standartlar tətbiq olunur. Sovet dönəmindəki 5 illik tam ali təhsil 4 illik bakalavr təhsili ilə əvəz olunub. Ali təhsil əvvəllər bizdə mövcud olmayan magistratura pilləsi ilə davam edir. Aspirantura doktorantura ilə əvəzlənib. Bütün bunlar bizdə sistemlərin eyni olması təsəvvürünü yarada bilər. Bəzi məsələlərdə bu, gerçəkdən də belədir. Lakin elə məqamlar da var ki, onlar köklü surətdə fərqlənir. Bu səbəbdən də elmi statusların tərcüməsi və ya təqdimatı zamanı tez-tez anlaşılmazlıqlar baş verir. Bu çaşqınlıqların aradan qaldırılması məqsədilə ingilisdilli ölkələrdə və keçmiş Sovet təhsil sistemində işlədilən dərəcə anlayışları haqqında daha ayrıntılı bilgiyə ehtiyac yaranır. Nə nədir və ya nə nəyə uyğun gəlir?

 

Elmi dərəcə haqqında nələri bilməliyik?

 

Elmi kvalifikasiyanın ən mühüm göstəricilərindən biri dərəcədir (degree). Post-sovet məkanında və beynəlxalq təhsil sistemində “dərəcə” anlayışının nə ifadə etdiyini incələməzdən öncə bəzi amillərə diqqət yetirilməlidir. Nəzərə almaq lazımdır ki, ingilis dilindəki “diploma” sözünü Azərbaycan dilindəki “diplom” (universiteti bitirmək haqqında sənəd) sözü ilə ekvivalent saymaq doğru deyil. Əks halda bu, həmsöhbətinizin sizi yanlış anlamasına səbəb ola bilər. Məsələ burasındadır ki, ingilisdilli ölkələrdə ali təhsili dərəcəylə bitirmək, onu diplomla bitirməkdən daha üstün sayılır. Bu səbəbdən də, bir çox xarici ölkələrdə ali təhsildən danışanlar “degree”, yəni “dərəcə” sözünə “diplomdan” daha çox əhəmiyyət verir.

 

Ali təhsil “nərdivanında” ilk pillə - bakalavriatura

 

Bəs ingilisdilli ölkələrdə kimlərə dərəcə verilir? Ali məktəbin 3-4 illik kurs təlimlərini uğurla bitirənlərə, bir qayda olaraq, “bakalavr dərəcəsi” verilir. İngilis dilində bu, “bachelor degree” adlanır.

 

Bachelor of Science, qısa forması - B.Sc./B.S. (təbiət elmləri üzrə)

 

Bachelor of Arts, qısa forması - A.B./B.A. (humanitar elmlər üzrə)

 

Bachelor of Fine Arts, qısa forması - B.F.A. (incəsənət üzrə)

 

Bachelor of Business Administration, qısa forması - B.B.A. (biznes sahəsində idarəetmə)

 

Bu ölkələrdə bakalavr dərəcəsini adətən “birinci dərəcə” (first degree) adlandırırlar. Məsələn, bir ixtisasdan digərinə keçmiş ingilisdilli alim ixtisas dəyişməsini belə izah edə bilər:

 

I got my first degree in physics and then I switched over to the field of engineering.

 

Post-sovet məkanındakı ali təhsil müəssisələrində bakalavr dərəcəsi 4 illik dövri təlimi başa vurmuş və dövlət imtahanından keçmiş məzuna - bakalavra verilir.

 

Pillələrlə daha yuxarı - magistratura

 

İngilisdilli ölkələrdə birinci dərəcəni qazandıqdan sonra təlimlərini davam etdirən şəxslər (məzunlar) magistr (master degree) dərəcəsinə namizədliklərini irəli sürə bilərlər. O zaman onların qazandıqları dərəcə ingiliscə belə ifadə olunacaq:

 

Master of Science, qısaca M.S. (təbiət elmləri üzrə)

 

Master of Arts, qısaca M.A. (humanitar elmlər üzrə)

 

Master of Fine Arts, qısaca M.F.A. (incəsənət üzrə)

 

Bu dərəcəni əldə etməkdən ötrü öyrənci-magistrant 1 və ya 2 il ərzində mühazirələrdə iştirak etməli, tədqiqat işləri aparmalı, daha sonra bir neçə imtahan verməli və bir qayda olaraq, dissertasiya (thesis) işi yazaraq onu xüsusi auditoriyaya təqdim etməlidir. Başqa sözlə desək, işini müdafiə etməlidir. Eynilə bizdə olduğu kimi.

 

Dərəcə üstünə dərəcə gəlincə - fəlsəfə doktoru

 

İngilisdilli ölkələrdə növbəti dərəcə - “fəlsəfə doktoru” elmi dərəcəsidir (Doctor of Philosophy, qısaca - Ph.D.). Bu dərəcə təbiət elmlərə aid edilməklə yanaşı, həm də humanitar elm sahələrinə tətbiq olunur.

 

“Philosophy”- “fəlsəfə” sözü bizi çaşdırmamalıdır. Məsələ burasındadır ki, ingilis dilində bu söz ilkin olaraq “ümumi elm” mənasında işlədilmişdir. Tarixdə ilk dəfə XII və XIII əsrlərdə Böyük Britaniya, Fransa və İtaliyada işlənmişdir. Bu dərəcənin “fəlsəfə doktoru” kimi formalaşmasının səbəbi isə orta əsrlər universitetlərinin ənənəvi strukturu ilə bağlıdır. O öz ilkin mənasını bu günümüzə qədər saxladığından bəzən daha geniş və ümumi kontekstdə işlənə bilir. Həmin dövrlərdə universitetlərdə ənənəvi olaraq fəlsəfə, hüquq, teologiya (ilahiyyat), tibb fakültələri fəaliyyət göstərirdi. Maraqlıdır ki, məhz belə tarixi bölgü ilə əlaqədar olaraq, hazırda “fəlsəfə doktoru” termini ilə yanaşı, adı çəkilən sahələrlə bağlı analoji doktorluq dərəcələri də mövcuddur:  həkimlərə tibb doktoru, hüquqşünaslara hüquq doktoru, ilahiyyatçılara ilahiyyat doktoru elmi dərəcəsi verilir.

 

Başqa sözlə, “fəlsəfə doktoru” elmi dərəcəsinin sahibi yalnız filosof deyil, həm də müxtəlif elm sahələrinin nümayəndələri - riyaziyyatçı (fizik, bioloq, kimyaçı, hüquqşünas, ədəbiyyatçı, dilçi və s.) da ola bilər. Hazırda Azərbaycan ali təhsil sistemində də bəzi dəyişikliklərlə eyni standartlar tətbiq olunur. Bunu son dövrlər ölkəmizin ali təhsil müəssisələrində çalışan elm adamlarının aldıqları dərəcələrdə görmək olar.

 

Adətən xarici ölkələrdə “fəlsəfə doktoru” dərəcəsini “doctoral degree” adlandırırlar.

 

Bu dərəcəyə namizədliyini irəli sürən şəxs xüsusi təhsil proqramı - Ph.D. program/studies - çərçivəsində  orijinal tədqiqat işi aparır, imtahan verir və dissertasiya işini (doctoral thesis/dissertation) təqdim və ya müdafiə edir. Bir qayda olaraq, tədqiqatçı, doktorluq təhsilinə hazırda bizdə olduğu kimi, magistr dərəcəsi qazandıqdan sonra başlayır.

 

Əksər hallarda alimlər magistr və doktorluq dərəcəsini “advanced/graduate/higher degree  adlandırırlar:

 

After graduation from the University of Oklahoma I received a higher degree in mathematics at Minnesota University.

 

Misaldan göründüyü kimi, alimlər ayrı-ayrı ali təhsl müəssisələrindən müxtəlif sahələr üzrə dərəcələr qazana bilərlər.

 

“Fəlsəfə doktoru” elmi dərəcəsi post-sovet təhsil sistemində işlədilən “elmlər namizədi” dərəcəsinə ekvivalent sayılır. “Elmlər namizədi dərəcəsi” anlayışı, məsələn, “doctorate” sözü ilə ifadə edilə bilər:

 

Mən iki il bundan əvvəl iqtisadiyyat elmlər namizədi oldum.

 

I got my doctorate in economics two years ago.

 

Bəzən post-sovet məkanında yaşayan elm adamları öz dərəcələrini göstərərkən onu ingilis dilinə hərfi tərcümə edirlər: “Candidate's degree/Candidate of Sciences” və ya “Candidate of Chemistry/Candidate of Chemical Sciences” və s. Bu dərəcə adları hərfi tərcümə olunduğundan beynəlxalq təhsil məkanında tam anlaşılmaya bilər. Bu səbəbdən də onlardan istifadə zamanı müəyyən izahat verilməlidir.

 

“Elmlər namizədi” ifadəsinin lazımi izahat verilmədən “Candidate of Science(s)” kimi verilməsi hərfi tərcümənin xeyrinə olmayan iki məna kəsb edə bilər.

 

Birincisi, “Bachelor of Science”, “Master of Science” terminlərinə bənzədiyinə görə, “Candidate of Science(s)” ifadəsi ingilis dili daşıyıcısı tərəfindən səhv anlaşıla bilər. Bu onda elə təəssürat yarada bilər ki, sanki siz təbiət elmləri sahəsində çalışırsınız. Halbuki bu real vəziyyətlə üst-üstə düşməyə bilər. Məsələn, siz,  tarixçi olduğunuz üçün öz dərəcənizi qısaca olaraq “Candidate of Science(s)” kimi təqdim etsəniz, ingilisdilli müsahibiniz düşünə bilər ki, təbiət elmləri sahəsində çalışırsınız. Çünki ingilisdilli ölkələrdə “science” (azərbaycancada hərfi tərcüməsi “elm”) termini, bir qayda olaraq, təbiət elmlərinə aid edilir.

 

İkincisi, nəzərə almaq lazımdır ki, ingilisdilli ölkələrdə “candidate” sözü tez-tez “Ph.D. Doctoral candidate” söz birləşmələrində işlənir. Bu termin tədqiqatçının elmlər doktoru dərəcəsini almaq üçün dissertasiya üzərində işlədiyini, yəni o dərəcəni hələ almadığını göstərir. Məna uyğunluğuna görə “doctoral candidate” termininə Azərbaycan dilindəki “elmlər doktoru dərəcəsi almağa iddialı” ifadəsi uğurlu ekvivalent ola bilər.

 

 

 

Təranə MAHMUDOVA

BDU-nun Beynəlxalq jurnalistika kafedrasının dosenti

525-ci qəzet.- 2015.- 2 may.- S.18.