Qəmər Almaszadənin həyat və sənət
yolu “Ömrün səhifələri”ndə
Teatr Xadimləri İttifaqında (ATXİ) ilk qadın balerinamız, milli balet məktəbinin yaradıcılarından biri, Xalq artisti Qəmər Almaszadənin 100 illiyinə həsr edilmiş “Ömrün səhifələri” kitabının təqdimatı olub.
Tədbirdə balerinanın həyat və yaradıcılığını əks etdirən fotosərgi və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin əməkdaşları tərəfindən Qəmər Almaszadənin fotolarından ibarət slayd nümayiş etdirilib.
Tədbirdə çıxış edən ATXİ-nin sədri, Xalq artisti Azərpaşa Nemətov Azərbaycan mədəniyyətinin dünyaya, xüsusilə yaxın Şərqə böyük töhfələr verdiyini vurğulayıb. Şərqdə ilk baletin Azərbaycanda yarandığını qeyd edən A.Nemətov ilk balerinanın da Qəmər Almaszadə olduğunu söyləyib.
Xalq artistləri Fərhad Bədəlbəyli, Ağakişi Kazımov, Rəfiqə Axundova, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, əməkdar jurnalist Qalina Mikeladze və digərləri çıxış edərək Azərbaycanda balet sənətinin əsasını qoymuş Qəmər Almaszadə sənətindən, onun xidmətlərindən söhbət açıblar.
Bildirilib ki, görkəmli sənətkar səhnədə saysız-hesabsız rəngarəng obrazlar yaradıb. Bir çox əsərlərə uğurlu quruluş verən Qəmər Almaszadə ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini layiqincə təmsil edib, ölkəmizdə və xaricdə professional rəqs ansamblları təşkil edib, şöhrəti dünyanı dolaşan məşhur tələbələr yetişdirib.
Qeyd olunub ki, görkəmli balet ustası klassik xoreoqrafiya ənənələri ilə Azərbaycan xalq rəqs yaradıcılığı nailiyyətlərinin ahəngdar vəhdətini yaradıb.
Diqqətə çatdırılıb ki, o, səhnə fəaliyyətini başa vurduqdan sonra teatrda baş baletmeyster, balet truppasının bədii rəhbəri, quruluşçu baletmeyster vəzifələrində işləyib. İlk peşəkar Azərbaycan balerinası olan Qəmər Almaszadə milli balet məktəbinin yaranmasında və inkişafında müstəsna rol oynayıb.
Müəllifi Aidə Qafarova olan “Ömrün səhifələri” kitabında görkəmli sənətkarın yaradıcılıq yolunun ən vacib məqamlarına qısa nəzər salınıb, həmçinin həyat və yaradıcılığının fotolarda əbədiləşən anları və müxtəlif illərdə onun sənət uğurlarına həsr olunmuş yazılar yer alıb. Kitabdakı yazılar Azərbaycan, rus və ingilis dillərində verilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 2 may.- S.17.