10 sentyabr  

 

 

Rəşad Məcidin illər öncə yazdığı, böyük maraqla qarşılanan “10 sentyabr” hekayəsi öz aktuallığını, ədəbi və ictimai dəyərini qoruyub saxlayan əsərlərdəndir.

 

İndiyədək bir çox dillərdə nəşr olunmuş bu hekayə dünyanın ayrı-ayrı ölkələrində ortaya çıxan ABŞ əleyhdarlığını, müxtəlif xalqlarda özünü göstərən anti-Amerika ovqatını əks etdirməsi baxımından xüsusi önəm daşıyır.

 

Günümüzdə həm Azərbaycan cəmiyyətində, həm də bir sıra başqa ölkələrdə qabarıq şəkildə müşahidə olunan bu anti-Amerika əhval-ruhiyyəsinə “10 sentyabr” hekayəsi vasitəsilə yenidən güzgü tutmaq qərarına gəldik.

 

Qospitaldan çıxıb maşına tərəf getdi. Köhnə “06” “Jiquli”ydi. On beş il qabaq, səksən altıncı ildə, Sovet vaxtı mühəndis işlədiyi zavodda növbəyə durub almışdı. Qapını açıb oturdu, qabaq oturacaqların arasından üstünə “taksi” yazılan lövhəni götürüb sol əliylə maşının damına bərkitdi.

 

Qospitala cərrahla görüşməyə gəlmişdi. Ortancıl qızı əməliyyat olunmalıydı. Hansı həkimin ağzını aramışdısa, xərcinin 300 dollardan az olmayacağını demişdilər. Hərbi cərrahı bir köhnə tanışı nişan vermişdi. “Həm işinin ustasıdır, həm də gözü tox adamdır”, demişdi.

 

Doğrudan da, söhbətləri pis alınmadı. 150-yə razılaşdılar. Əlli dollar-filan da köməkçilərə xərci çıxacaqdı. Pulun 150-si artıq hazırıydı. Həkimlər onu əməliyyatın vacibliyinə inandırandan bəri uşaqların boğazından kəsib birtəhər, manat-manat yığıb düzəltmişdi. İndi qalırdı 50-ni tapmaq. Fikirləşirdi ki, dostdan, tanışdan borc eləyib birtəhər düzəldər. “Zəmanənin üzü qara olsun, borc üçün kiməsə ağız açanda da tər tökürsən - pulu olanın ürəyi yoxdu, ürəyi olanın pulu”.

 

“Nərimanov” metrosuna çatanda fikirləşdi ki, bəlkə evə gedib arvadını sevindirsin. Amma həmişə dayanıb müştəri gözlədiyi dayanacaqda maşın olmadığını görüb fikrindən daşındı. Yeddi ildən çoxuydu bu dayanacaq onun iş yerinə çevrilmişdi. Küçənin sonunda yerləşən, on yeddi il işlədiyi, mükafatlar aldığı zavod istehsalını azalda-azalda, gücdən düşə-düşə axır ki qapısına qıfıl vurası oldu. 7-8 ay orda-burda iş soraqlaşdı. Bütün cəhdləri boşa çıxandan sonra ümidi maşınına qaldı. Qonşusu İslamın məsləhətiylə maşını taksiyə çevirdi. İslam bir vaxtlar məşhur olan Mədəni Mallar Ticarəti Bazasında işləmişdi. İmkanı yaxşıydı. Qonşulara da əl tutar, istədikləri malı anbardan gətirib öz qiymətinə verərdi. Baza bağlanandan sonra İslam bizneslə məşğul olmaq istəsə də, böyük ziyana düşmüş, borclarını birtəhər ödədikdən sonra çörəkpulunu maşından çıxarmağa başlamışdı. Əvvəl-əvvəl İslamın təklifinə etiraz etsə də, sonra razılaşmalı oldu. İlk vaxtlar yaman utanırdı. Bəzən tanış-bilişə rast gəlir, onu tanıyanlar olurdu. Pul almaq istəmirdi. Bir dəfə isə abırsız və harın müştərini yarıyolda düşürüb evə dönsə də, arvadının, uşaqlarının sual dolu baxışları onu evdə oturmağa qoymamışdı. Amma vaxt keçdikcə yavaş-yavaş müştərilərə alışdı, dayanacaqda təzə tanışlar, təzə “iş yoldaşları” tapdı. İçərilərində keçmiş raykom işçiləri, mühəndislər, həkimlər vardı.

 

...Maşının şüşəsinin tıqqıltısına fikirdən ayrıldı. Xariciydilər. Gombul balacaboy kişi və arıq ortaboylu qadın. Əllərində bir neçə dolu paket vardı. “Pliz, pliz” deyib arxa sağ qapını açdı. Qadın başa saldı ki, şəhərə tərəf gedəcəklər. Metronun qarşısından hərlənib “Moskva” prospektinə çıxdı. Güzgüdən gördü ki, kişinin ovurdları işləyir. “Bunlar da möhkəm yeyirlər”. Paketdən eşələyib çıxaranda yediyinin paxlava olduğunu gördü. Əslində amerikalı paxlavanı çeynəmir, az qala bütöv-bütöv udurdu.

 

Balaca gecəqondu evləri fırlanıb qadının göstərişiylə yeni tikilmiş, hündür binanın qarşısında maşını saxladı. Qadın əlində hazırladığı bir şirvanı - on min manatı ona uzadıb “sah oll” dedi. Düşüb qapını açdı. Kişinin ovurdları hələ işləyirdi. Paketləri darta-darta birtəhər qapıdan çıxdı, sonra qadın da düşdü. “Sənkyü” deyib binanın girişinə tərəf getdilər. Maşına oturub, evə tərəf sürdü.

 

Gecəqonduda yaşayırdılar. Atası o vaxt maldan-qoyundan satıb yeddi min manat düzəltmişdi, evlənəndən iki ay sonra almışdılar. İki otağıydı - iç-içə. Balaca mətbəxi, bir maşının zorla yerləşdiyi həyəti vardı. Həyətin girəcəyindəki darısqal hamam-tualeti sonradan özü tikmişdi. Zavodda ev növbəsindəydi. Bir dəfə təkotaqlı mənzil verirdilər. Almadı. Üç uşaqla birotaqlıda necə yaşayacaqdı. “Bir az da dözərəm, amma üçotaqlı alaram”. O döz, bu döz - hökumət dağıldı, zavod bağlandı, ev növbələri də getdi arxivə (hərdən yadına düşəndə özünü qınayırdı, heç olmasa o vaxt birotaqlını alsaydı).

 

Qapıya çatanda siqnal verdi, arvadı çıxıb darvazanı açdı. Adətən günortalar maşını qapıya salmazdı. İndi çörək yeyib bir az yatmaq istəyirdi. Arvadı darvazanı bağladı. Gözü onun üzündəydi.

 

Arvadına hərbi həkimlə söhbətini danışdı. Sifətinə işıq gəldi. Mətbəxdə naharını edib, arxa otağa keçdi. Otağın kiçik pəncərəsi qonşunun həyətinə açılırdı. Qab-qazan taqqıltısı, su şırıltısı, uşaqların səs-küyü çətin ki yatmağa imkan verəydi. Amma bu dəfə nədənsə sakitlik idi. Ola bilsin arvadı xəbər göndərmişdi. Qonşular arvadının “vergili” olduğunu bilirdilər.

 

Arvadı əvvəllər zavodun uşaq bağçasında tərbiyəçi işləyirdi. Sovet vaxtında uşaq bağçasında əsasən Leninlə bağlı kitablar olardı. Hökumət dağılana yaxın kimsə İrandan kiril əlifbasında yekə şriftlərlə yazılan dini kitablar gətirib beş-altı nüsxəsini də bağçaya bağışlamışdı. Zavodun dayanmasıyla bağçanın da qapısına qıfıl vuruldu. Arvadı da İrandan gələn kitablardan bir-ikisini götürüb evə gətirdi. Arvadının saatlarla oturub o kitabları oxumağı, ona qəribə gəlirdi. Hərdən Qurandan, Məhəmməd peyğəmbərin həyatından danışırdı. Kafirlərin yerinin cəhənnəm olduğu barədə danışdığı rəvayətlər canına üşütmə salırdı. Belə məqamlarda nədənsə yadına arvadının cehiz gətirdiyi sandıqda büküb saxladığı partiya bileti düşürdü. On iki il Kommunist Partiyasının üzvü oldu, hər ay maaşından filan qədər partiyanın büdcəsinə keçirdi. Rus qoşunları Bakıya girib əliyalın insanları qanına qəltan elədiyi 20 Yanvar qırğınından sonra hamı kimi o da partbileti atmaq istədi. Sonra fikrindən daşındı. O, günahı partiyada yox, Qorbaçovda görürdü. Düşünürdü ki, Qorbaçov istəsəydi, vaxtında erməniləri yerində oturda, qırğınların qarşısını ala bilərdi. Buna görə də bileti atmadı, amma bir gün Yeltsin qərar verib partiyanın fəliyyətini dayandırdı. Amma o yenə də partbileti atmadı. Kommunistlərin geri dönəcəyinə ümid edirdi. Bu boyda ölkənin sakitcə dağılacağına inanmırdı. Əvvəl arvadının dinə marağını da ötəri sayırdı. Amma yavaş-yavaş dini kitablar artmağa başladı. Arvadı indi evdə də başına yaylıq örtürdü. Ara-sıra evə gələndə qonşu arvadları evlərində görərdi. Sonra evdə tanımadığı başqa qadınlar da görünməyə başladı. Bir gün arvadı hər şeyi açıb danışdı. Ağ əmmaməli nurani bir qocanın yuxusuna girdiyini, ona işım-işım işıldayan, qızıl camda nəsə verdiyini, səhər ayılandan sonra özündə qeyri-adi əlamətlər hiss etdiyini söylədi. O, arvadında əmələ gələn qəribə dəyişiklərin izahını tapmağa çalışır, bunu işsizliklə, pulsuzluqla, kasıbçılıqla bağlayırdı. Əvvəl-əvvəl arvadına bərk hirslənmişdi, tapşırmışdı ki, heç kimin həyatına qarışmasın, bir də evə yad adamları buraxmasın.

 

Bir gün İslam onu çayçıya dəvət elədi. Məşhədə gedib gələndən sonra içkini tərgitmiş, elə bil bir az da oturuşmuş, ağırlaşmışdı. Tez-tez məscidə gedir, qısa saqqal saxlayırdı. Əvvəlki yeyib-içən, deyib-gülən İslamdan əsər-əlamət qalmamışdı. İslam cani-dildən onu inandırmaq istəyirdi ki, belə vergi hər insana qismət olmur, Allah-Təala bunu özünün düz, halal bəndəsinə əta edir. “Heç olmasa, qonum-qonşunun diləyini tutsun, onları naümid geri qaytarmasın, savabdı”. İslam ondan icazə istəyirdi. Onun özünə də yol göstərirdi. “İçkini tərgit, Haca get, partbileti də tulla. O evdə haram hər şey yasaqdı”.

 

İslam nə illah eləsə də, onu razı sala bilmədi. Amma bir müddətdən sonra özü arvadında qeyri-adi nəsə olduğuna inanmağa başladı. Bir dəfə arvadı gecəki yuxusunu danışıb ortancıl qızlarının xəstələnəcəyini söylədi. İki həftədən sonra doğrudan da qızı həkimə aparası oldu. Gün-gündən arıqlayırdı, çörək yemirdi. Həkimlər qızın böyrəklərinin birinin sıradan çıxdığını, təcili əməliyyat lazım olduğunu söylədilər. Başqa iki həkim də belə dedi. Bundan sonra o, arvadında hansısa qeyri-adiliyin olduğuna inanır, bir az da ona qorxuyla baxırdı.

 

...Gözünü açanda arvadı otağın küncündəki dolabın içində nəsə axtarırdı.

 

- Maşallah, yaxşı yatdın ha.

 

Saat beşə qalırdı. Əl-üzünü yuyub otağa qayıtdı. Stolun üstündə bir stəkan çay və sarı rəngli balaca qadın çantası vardı.

 

- Bu nədi?

 

- Qızlar maşından tapıb.

 

- Açmısız?

 

- Açmışdılar, bağlayıb qoydum bura.

 

Çantanın ağzını açıb içindəkiləri bir-bir çıxarıb stolun üstünə düzdü. Arvadı ayaq üstə durub baxırdı. Qızlar qapının ağzında boy-boya verib stola tərəf boylanırdılar. Ortancıla baxıb gülümsədi. Daraq, kredit kartı... On yeddi dənə, sancağa keçirilmiş şax yüzlük dollar, iki əlliminlik, bir neçə onminlik və minliklər.

 

İlk gözünün qabağına gələn amerikalı gombul kişinin işləyən ovurdları oldu.

 

- Bayaq ər-arvad amerkanlar minmişdi. Onların olacaq. Evlərini tanıyıram.

 

Qızlar qapının ağzından çəkildilər. Arvadı stəkanı götürüb:

 

- Soyuyub, aparım dəyişim - dedi.

 

“Speys”də beşin xəbərləri gedirdi. Anonsları Bakıya gələn Qarabağ ermənilərindən başladılar. Sabah sentyabrın 11-də geri qayıdacaqdılar, Qarabağ Azadlıq Təşkilatı onların gəlişinə etiraz piketi keçirmiş, əvvəldən görüşə razılıq verən müxalifətçilərin bəziləri görüşdən imtina eləmişdilər.

 

Çayı içib çanta əlində evdən çıxdı. Darvazanı açıb maşına oturdu. Maşını həyətdən çıxarandan sonra düşdü ki, darvazanı bağlasın. Arvadı çöldəydi - darvazanın bir tayını çəkdi və ərinin eşidəcəyi səslə öz-özünə “Ürəkli adama oxşamırlar” pıçıldadı. Arvadın buz kimi soyuq sözləri elə bil süzülüb bayaqdan içini bürümüş istiliyə yayıldı. O istiliyin nə olduğunu da elə bil indi anladı. Ürəyinin dərinliyində fikirləşirdi ki, o gombul kişi, yox, o arıq qadın qapılarında onu görcək sevinəcək və on yeddi yüzlüyün heç olmasa birini sancaqdan çıxarıb ona verəcək, o da səhər tezdən gedib hərbi həkimlə behləşəcək. İndi arvadının bu sözlərindən sonra elə bil o istilik çəkilib getdi, beyninə küt bir ağrı gəldi.

 

Maşını metronun yanındakı dayanacaqda saxladı. Cəmi üç maşın vardı. Adətləriydi, müştəri gözləyəndə salonun çox qızmaması üçün qapıları açıq qoyub yaxınlıqdakı ağacın altında söhbət edərdilər. Akiflə “Həkim” onu görən kimi ayağa qalxdılar. Birinci Akif dilləndi:

 

- İki amerikan gəlmişdi, deyəsən səni gəzirdilər, vizitka da qoydular. Tərcüməçiləri vardı. Dedi ki, bayaq burda qırmızı “Jiquli”yə oturublar, arvadın sumkası deyəsən maşında qalıb, şofer də qara bığlı balacaboy adam olub. Bildik ki, sən olassan. Barı sumkada bir şey varmı?

 

Cavab verməyə imkan tapmadı. “Həkim” dilləndi:

 

- Olmasa o boyda kişi durub bura gəlməzdi ki! Amerikan hər xırda şeydən ötrü özünə əziyyət verməz. Yəqin sumkada bir min dollar olub. Sənə də azı bir yüzlük verərlər. Cığallıq eləmə, bir qonaqlıq səndə.

 

- Maşındadı, aparıram verməyə. Mindən çoxdu.

 

Akif vizitkanı uzatdı.

 

- Adresi bilirəm - dedi, amma vizitkanı da aldı. İngiliscəydi. “Cim” sözünü rahat oxudu, soyadı dəqiq oxuya bilmədi. Vizitkanın arxasında sxem də vardı, yaşadıqları binanın 11-ci mərtəbəsinə bir ox qoyulmuşdu.

 

- Qonaqlığı unutma ha!

 

Bilirdi ki, elə belə əl çəkən deyillər:

 

- Arxayın olun, yüz versələr qonaqlıq məndə.

 

Maşına oturub, “Baksovet”ə tərəf sürdü. Gecəqonduları fırlanıb bayaqkı binanın qarşısında saxladı. Dəmir hasarlı binanın qapısına yaxınlaşıb, vizitkanı göstərdi. Qara geyimli hündürboy gözətçi gözucu vizitkaya baxıb otağına qalxdı. Telefonla kimləsə danışıb ona “Liftə gir, 11-ə qalx. Gözləyirlər” - dedi. Maşından çantanı götürüb yuxarı qalxdı.

 

Dəhlizdəki iki qapının biri yarıyacan açıq idi. İçəridən səs gəlirdi. Yaxınlaşıb qapını bir az da araladı. Bayaqkı gombul kişi onu görən kimi “pliz, pliz” deyib qucağındakı qıvrımtüklü iti sığallaya-sığallaya dəhlizin əks tərəfinə keçdi. Sakitlik çökdü. Bir neçə dəqiqədən sonra kişinin getdiyi tərəfdən bayaqkı qadın çıxıb ona yaxınlaşdı. Çantanı uzatdı. Alıb açdı, içinə göz gəzdirdi, sonra sancağı çıxarıb dollarları saydı. “Duz” - dedi. Əlindəki şax əskinaslara işarə etdi:

 

- “Cim iit alacaq”.

 

Sonra pulları çantanın içinə qoyub əlini uzatdı:

 

- Sah ool. Minneddar-am!

 

Gombul kişi bayaq getdiyi tərəfdən çıxıb yenə qucağındakı iti sığallaya-sığallaya ona tərəf ötəri gülümsəyib otağa keçdi. Ovurdları yenə işləyirdi.

 

Keyləşən kimi oldu, arvadın arıq, qırışlı əllərini buraxıb qapıdan çıxdı. Liftin düyməsini basdı. Əvvəl arvadının, sonra ortancıl qızının sifəti gəldi gözləri önünə. Daha sonra ağacın altında söhbət edən sürücü tanışlarını düşündü. Fikirləşdi ki, gərək danaydı. Kim sübut eləyə bilərdi ki, mənim maşınımda qalıb. Bayaqdan bəri ilk dəfə ağlına gətirdiyi bu fikirdən əti çiməşdi.

 

Liftin qapısı açıldı və balaca bir it iki dəfə hürüb ayaqlarını iyləməyə başladı. Diksindi. İtin xaltasından tutmuş oğlan istehzayla “qorxma, qorxma” söylədi. Həyət qapısının lap ağzında “CİP” dayanmışdı, qapıdan zorla çıxdı. Maşına oturub şəhərə sarı sürdü.

 

“Bunlardan bizə xeyir gəlməz”. Son illər tez-tez siyasi mübahisələrə qoşular və həmişə də Sovet hökumətinin, rusun namını heç kimə verməzdi. Amerikanın neftimizə tamsındığını, yalnız öz xeyrini güddüyünü sübut eləmək üçün dəridən-qabıqdan çıxar, misallar-nümunələr gətirərdi. İndi ömründə ilk dəfə rastlaşdığı amerikalılar gümanını daha da dərinləşdirmişdi. Nəsə dostlarla söhbətləşməyi, ürəyini boşaltmağı gəldi. Metroya sarı döndü. Ağacın altındaydılar.

 

Sevincək ayağa durdular. Akif soruşdu:

 

- Babat oldumu? Bir şey verdilərmi?

 

- Hə - dedi - yüz verdilər.

 

- Gedirik də başımızı açmağa? - bunu isə “Həkim” söylədi.

 

- Maşını qoyum, gedək.

 

- Deyəsən vurmağın gəlib? - Akif dedi.

 

Maşını darvazanın ağzında saxladı. İçəri salmağa həvəsi yoxuydu. Qapıdan girəndə arvadı “nətər oldu” soruşdu.

 

- Sən dediyin oldu.

 

Ayaqqabılarını soyunub birbaşa yataq otağına keçdi. Dolabı açıb lap üst gözdə qəzetə bükülü pullardan on dənə onminlik sayıb cibinə qoydu. Qalanını büküb əvvəlki yerində gizlətdi.

 

Ayaqqabılarını geyinəndə arvadı soruşdu:

 

- Gedəsi oldun?

 

- Yəqin gec gələcəm. Uşaqlara qonaqlıq verməliyəm.

 

Arvadının sifətindən hirsləndiyi bilinirdi.

 

Akif artıq qapıdaydı. Onun maşınına oturdu.

 

- Maşını qoymursan?

 

- Yox, içmiyəcəm. “Həkim”lə vurarsan.

 

Hərdən oturduqları balaca kafeyə gəldilər. Çöldəki stollar boşuydu. Oturub kabab sifariş etdilər. On dəqiqə keçməmiş “Həkim” də gəldi. Vaqif uşaq həkimiydi. Buna görə ona “Həkim” deyirdilər. Tibb universitetini bitirmişdi. Bir-iki il işləyəndən sonra dolanışıq yoxdu deyə biznesə qoşulmuş, təyyarəylə bir-iki dəfə xaricə gedib mal gətirmiş, İslam kimi zərər eləyib xalturaya keçmişdi.

 

Akif isə universitetin Tarix fakültəsini dəb vaxtlarında bitirmiş, bir müddət akademiyanın Tarix İnstitutunda işləmişdi. Sovet dağılanda müdafiə eləməyə hazırlaşırdı. Sonra elm-filan yaddan çıxdı. O da beş ildən artıqdı ki, çörək pulunu maşından çıxarırdı.

 

Birinci qədəhi onun, ailəsinin, xəstə qızının sağlığına içdilər. Sonra içməyənin - Akifin, sonra “Həkim”in sağlığına badə qaldırdılar. Araq şüşəsi dibinə yaxınlaşırdı. Ürəyindən sağlıq demək keçdi.

 

- İstiyirəm öz sağlığımıza, öz xalqımızın sağlığına içək. Mən həmişə demişəm ki, Amerikadan bizə xeyir gəlməz. Bu gün öz sözümə bir daha inandım. Kim olsaydı, min yeddi yüz dollara görə çıxarıb yüz dollar verərdi. Amma bunlar bir şirvan da vermədilər. Həm də mənə elə baxırdılar ki, elə bil dədələrinə borcum var. Rus olsa verərdi, nemes də verərdi, - bir az durdu, əlləriylə gicgahını ovxalayıb - erməni də verərdi, amma amerikan vermədi - dedi.

 

“Həkim”lə Akif mat-mat bir-birinə, sonra süfrədə soyuyan quyruq, lülə kabablarına baxırdı. O isə danışırdı:

 

- Qınamayın, dostlar! Mən qonaqlığı sözümün düzlüyünə əmin olduğum üçün verirəm. Allah yetirəcək, uşağı aperasiya elətdirəcəm. Hərdən öz-özümə deyirdim ki, ömründə bir amerikan görməmisən, nə tanıyırsan onları? Bu gün gördüm və inandım ki, səhv etməmişəm. Bunlar soveti - gül kimi hökuməti dağıtdılar, bizi bir-birimizə qırdırdılar, işsiz-gücsüz qoydular, nökərə çevirdilər - özlərinə, öz xeyirlərinə görə. Gəlirlər, neftimizi aparırlar, bizi adam yerinə də qoymurlar. Barı Qarabağı qaytaraydılar. Malay, bir dənə də araq gətir.

 

Akif qurcuxdu, nəsə demək istədi.

 

- Dəymə, qoy doyunca içək bu gün.

 

...Kafedən çıxanda saat birə işləyirdi. Akif əvvəl onu, sonra “Həkim”i aparacaqdı. Darvazanın ağzında dayandılar. Maşının içində yenə bayaqkı sözlərini təkrarlayır, Amerikanın qarasına deyinirdi. Akif birtəhər onu dilə tutub maşından düşürə bildi.

 

- Bəlkə maşını mən salım həyətə? - Akif darvazanın qarşısında dayanan maşını göstərdi. Etiraz etdi. Ciblərini eşələyib maşının açarını axtardı. Tapa bilmədi. İçəriyə keçdi. Arvadı səsə oyanıb həyətə çıxmışdı.

 

- Maaşını saalmıram, qooy çöldə qalsın - kəkələdi.

 

Arvadı istədi desin ki, çöldə dəyib-dolaşan olar. Son vaxtlar oğurluq da çoxalmışdı - maşınların qabaq şüşələrinə, təkərlərinəcən oğurlayırdılar. Onun içəri keçib pal-paltarlı özünü yatağa saldığını görüb, bir söz demədi.

 

- Fikir eləmə, yaxşı olacaq. - Arvadı üzünü ona tərəf tutub danışırdı. Onu isə yuxu aparmışdı.

 

Səhər ayılanda başında küt ağrı vardı. Arvadı yerinin içində onunla üzbəüz oturmuşdu.

 

- Pis yuxu görmüşəm. Yekə-yekə binalar alışıb yanırdı.

 

- Maşına baxmısanmı?

 

- Baxmışam. Yerindədi.

 

- Qız neynir?

 

- Yaxşıdı. Nəsə olacaq, yaman qorxuram. İçmə, sən Allah, tərgit bu zəhrimarı.

 

- Tərgidəcəm, söz verirəm. Durub məscidə gedəcəm, tövbə edəcəm - deyib yorğanı başına çəkdi.

 

2003-cü il

 

Rəşad MƏCİD

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü

525-ci qəzet.- 2015.- 2 may.- S.14-15.