Gözümüzü açaq...

 

 

Bu sözü hər kəs özü istədiyi kimi qəbul edə bilər - həm məcazi, həm də həqiqi mənada! Yetər ki, gözümüzü açıb, ətrafa diqqətlə, ağlın diktəsiylə və soyuq başla baxaq. Haqsızlığı görməzliyə vurmayaq...

 

Nə edək ki, bəziləri proseslərə, sadəcə, baxır, heç nəyin fərqinə varmadan yaşayır. Elə başa düşülməsin ki, görə bilmir, görür, həm də yaxşı görür, amma özünə əziyyət vermək istəmir. Hadisələrə ömründə bir dəfə də olsun yaşadığı şəhər və ya rayonun kandarından kənara addım atmayan qonşusundan eşitdiyi “ağıllı təhlillər”, yaxud qeybətlər səviyyəsində yanaşır. Məsələni çox uzatmadan demək istədiyim odur ki, gözümüzü açıb ətrafa yaxşı-yaxşı baxaq, reallığı anlamağa, dərk etməyə çalışaq.

 

Bu gün dünya, ən cırtdan ölkədən tutmuş, böyük imperiyalara qədər ya hərbi, ya da soyuq müharibə dediyimiz ideoloji savaş meydanında mübarizə aparır. Hər dövlət beynəlxalq arenada öz nüfuzunu, mövqeyini qorumağa cəhd edir və bunun üçün nələrə əl atmır?! İmperiya maraqlarından əl çəkməyən, daxilində yaşanan ictimai təlatümü, polis zorakılığını, irqi qarşıdurmanı tənzimləyə bilməyən ölkələrin dünyanı idarə etməyə və ya “dünyada demokratiyanı”, “insan hüquqlarını” qorumağa çalışması, bəşəriyyətə ağalıq etmək məqsədilə müharibələr, qarşıdurmalar coğrafiyasını genişləndirən, təqribən 6 milyon yəhudinin qanını tökmüş ölkənin bu gün başqa bir ölkəni uydurma “soyqırımda” qınaması, qanı hələ qurumamış günahsız Xocalı sakinlərinin qətliamında bilavasitə iştirak edən və bunu dünyaya fəxrlə bildirən fərdin ədalətdən, insanlıqdan danışması, yaxud özünü söz və informasiya azadlığının etolonu elan etmiş, sözdə obyektivlik, qərəzsizlik kimi prinsipləri rəhbər tutan, əslində isə böyük pullarla istədiyi ictimai-siyasi hadisəni istədiyi kimi yayımlayan nəhəng xəbər kanalları utanmadan başqalarını ali prinsiplərə riayət etməməkdə təqsirləndirməsi indi adi hal alıb və belə də olmalıymış anlamına gəlib.

 

Bütün bunlar gözümüzün qarşısında yaşanır. Eyni gündə, 24 apreldə dini, dili, mədəniyyəti, tarixi kimi əqidəsi və məsləki də müxtəlif olan iki məkanda - Türkiyə və Ermənistanda yaşanan hadisələr və dünyanın bu hadisələrə münasibəti bir çox mətləblərdən xəbər verdi. Dünyaya barış, sülh mesajı göndərən, tarixindən qürurlanmaqla başını dik tutan Türkiyə Çanaqqala savaşının, məramı-məqsədi yalnız öldürmək, oğurlamaq olan, yalançı gözyaşları axıtmaqla saxtalığa, terrorçu əməllərə yola açan ermənilər isə qondarma “soyqırımın” ildönümünü qeyd etdi. Bəli, qlobal siyasi proseslər fonunda yaşanan qütbləşmə özlüyündə beynəlxalq ictimaiyyətə nələrisə deyir, eyni zamanda, həm də ondan xəbər verir ki, əksər ölkələr yaşananlara insanlıq, demokratiya və humanizm prinsiplərindən deyil, məhz qutbləşmənin diktə etdiyi prizmadan yanaşır. Özü də bu cür yanaşma yalnız siyasi deyil, iqtisadi, sosial, mədəni, hətta idman sferalarında özünü açıq şəkildə büruzə verir.

 

Haşiyə: Azərbaycan yeni sınaq qarşısındadır. Tarixin möhtəşəm, önəmli və çoxşaxəli idman tədbiri sayılan I Avropa Oyunları ölkəmizdə keçiriləcək. Qitənin 6 mindən çox idmançısı 20 növdə və 253 dəst medal uğrunda yarışacaq. Bundan əlavə, Avropa Oyunları 12 idman növü üzrə “Rio-2016” Yay Olimpiya Oyunlarına vəsiqə qazanılması mənasında önəmlidir.

 

Deməli, iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları gərgin və maraqlı mübarizə, unudulmaz anlar vəd edir, amma yalnız idman prinsipləri baxımından deyil.

 

I Avropa Oyunları:

 

Beynəlxalq münasibətlər sistemidir. Azərbaycan yalnız qitə idmançılarını deyil, oyunları yaxından izləmək üçün ölkəmizə gələcək dövlət rəsmilərini, aparıcı ölkə nümayəndələrini, beynəlxalq qurumların və əlbəttə, Olimpiya hərəkatının nüfuzlu şəxslərini qəbul edəcək. Bu isə çoxtərəfli əlaqələrin, qarşılıqlı əməkdaşlıq münasibətlərinin istər rəsmi, istərsə də qeyri-rəsmi şəkildə reallaşması üçün zəngin imkanlar deməkdir. Avropa Oyunlarında qurulacaq münasibətlərin gələcəkdə müxtəlif istiqamətlər üzrə inkişafını proqnozlaşdırmaq isə elə də çətin deyil.

 

Təbliğat işinin düşünülmüş proqram əsasında qurulmasıdır. Oyunlar ərzində Azərbaycan uzun illər xalqımıza qarşı yürüdülən soyqırım siyasəti, tarixi torpaqlarımızın işğalı, 1 milyondan çox soydaşımızın qaçqınlıq həyatı yaşaması, bir sözlə, əsl həqiqətlərin, real faktların obyektiv şəkildə Avropa ictimaiyyətinin diqqətinə çatdırılması kimi əlverişli imkan əldə edəcək. Bu isə təbliğatçılıq işinin təşkilində kifayət qədər önəmli və effektli imkanlar yaradacaq.

 

Bir fakta diqqət yetirək: Avropa Oyunlarının təşkilat komitəsi yarışla bağlı qitənin aparıcı ölkələrində təqdimat mərasimləri təşkil edir, həmin dövlətlərin rəsmi qurumları ilə görüşlər keçirilir və həmin görüşlərdə Azərbaycanın siyasi, iqtisadi, mədəni, idman və digər sahələrdə qazandığı uğurlardan bəhs edən videoçarxlar nümayiş olunur, tədbir iştirakçılarına ölkəmizin zəngin tarixi keçmişi, milli dəyərləri barədə məlumat verilir, onlara üzərində dövlətçilik ənənələrimiz, milli atributlarımızın əks olunduğu suvenir və jurnallar hədiyyə edilib. Bu isə ölkənin təbliği, həmçinin respublikamıza olan beynəlxalq marağın daha da artması baxımından olduqca əhəmiyyətlidir.

 

Milli mədəniyyətimizin, adət-ənənəmizin qitə miqyasında təqdimatıdır. Avropa Oyunları ərzində ölkəmizə gələcək minlərlə qonaq Bakının qədimliyi, həmçinin milli dəyərləri özündə əks etdirən tarixi muzeylər, eksponatlarla, milli musiqimiz və zəngin mətbəximizlə tanış olmaq imkanı əldə edəcək. Avropalı turistlər üçün xüsusi turlar təşkil olunacaq ki, bu da ölkəmizin tanıdılmasına səbəb olacaq. Etiraf edək ki, bədnam və bədxah qonşularımız xalqımıza və çoxəsrlik mədəniyyətimizə məxsus bir çox dəyərləri, o cümlədən, musiqimizi, milli musiqi alətlərimizi, hətta mətbəximizi belə mənimsəyir, dünyaya özününkü kimi təqdim edir. Bu mənada, sahib olduğumuz dəyərləri əyani şəkildə nümayiş etdirmək imkanlarımız olacaq.

 

Turizm potensialının artırılması deməkdir. Təcrübə göstərir ki, Olimpiya oyunları, dünya və qitə miqyaslı yarışları qəbul edən ölkələr turizm potensialını da artırmağa, coğrafi imkanlarını, təbii resurslarını geniş təqdim etməklə əcnəbilərin maraq dairəsinə düşürlər. Azərbaycan da istisna olmayacaq, ölkəmizə gələcək qonaqlar və minlərlə azarkeş gördüklərindən məmnun qaldıqca, bura yenidən səfər etmək arzusunda olacaqlar. Bu, təbii ki, respublikamızın turizm imkanlarının daha da artmasında, turizm əməkdaşlığının yeni istiqamətlərinin işlənib-hazırlanmasında mühüm əhəmiyyət kəsb edəcək.

 

İqtisadi maraqların təmin olunmasına geniş zəmin yaranacaq. Zəngin təbii sərvətlərə malik Azərbaycan daim aparıcı ölkələrin marağında olub. Müstəqilliyini bərpa etdikdən sonra ölkədə bu sahədə də köklü islahatlar aparıldı və davamlı, dinamik inkişaf tempinə nail olundu. Respublikamızın önəm verdiyi sosial iqtisadi siyasətin prioritetlərindən biri də sərbəst bazar münasibətlərinin, dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır. Avropa Oyunlarının Bakıda təşkili iqtisadi maraqların təmin olunması, ölkədə fəaliyyət göstərən şirkətlərin, iş adamlarının səmərəli faydalı əməkdaşlıq münasibətləri qurması, yeni iqtisadi partnyorlar qazanmasına təkan verəcək. Unutmayaq ki, qitəmiqyaslı yarış özü ilə minlərlə istehlakçının ölkəmizə səfər etməsi deməkdir. Deməli, uğurlu reklam siyasəti aparmaqla təkcə turnir ərzində deyil, ondan sonra da iqtisadi əlaqələri davam etdirmək mümkündür.

 

İdman infrastrukturunun daha da inkişafıdır. 23 illik müstəqilliyi dövründə 200-dən çox atletlə yay və qış olimpiadalarında iştirak edən Azərbaycan idmançıları Olimpiya oyunlarında 26, Avropa və dünya çempionatlarında 2000-ə qədər medal qazanıb. Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşan Azərbaycan qısa zamanda müasir standartlara cavab verən yeni idman mərkəzlərinin tikilməsini, əvvəlki komplekslərdə təmir, bərpa işlərinin aparılmasını da uğurla həyata keçirdi. Arenalar ölkə idmanının yüksələn xətt üzrə inkişafına təkan verməklə yanaşı, idmanın təbliğinə, yeni atletlərin formalaşmasına zəmin yaradacaq.

 

Qeyd olunan və müxtəlif sahələr üzrə diqqəti cəlb edən inkişaf istiqamətlərini önəmli yarışı qəbul edən hər ölkənin və ya hər şəhərin timsalında görmək olar. Bunun üçün uzağa getmək lazım deyil. İnternetdən yararlanmaqla Olimpiya oyunları, dünya və Avropa çempionatlarını təşkil etmiş ölkələrin inkişaf statistikasına nəzər salmaq kifayətdir.

 

Məsələn, 2006-cı il qış Olimpiya oyunlarını qəbul etmiş İtaliyanın Turin şəhəri:

 

- qısa zaman ərzində formalaşmış yeni şəhər infrastrukturu və dinamik inkişaf tempi ilə dünyanı heyrətə saldı;

 

- şəhərin turizm potensialı olimpiada dövründə, yəni üç həftə ərzində 1,5 mln. dollara çatdı. Müqayisə üçün deyək ki, bütövlükdə 2005-ci ildə bu rəqəm 2,5 mln. təşkil edirdi;

 

- yarış üçün tikilmiş arenalar və idman kompleksləri hazırda istər turistlər, istərsə də yerli əhali üçün istirahət mərkəzləri kimi fəaliyyət göstərir;

 

- şəhərin iqtisadi imkanları, əvvəlki illərlə müqayisədə, nəzərəçarpacaq dərəcədə artdı.

 

2012-ci il yay Olimpiya oyunlarını qəbul etmiş İngiltərənin London şəhəri:

 

- ölkə iqtisadiyyatına 15 mlrd. dollar qazanc gətirdi;

 

- iqtisadiyyatın müxtəlif sahələrində yeni əməkdaşlıq müqavilələri imzalandı;

 

- ölkəyə turist axını əvvəlki illərlə müqayisədə təxminən 25-30 faiz artdı;

 

Futbol üzrə 2014-cü il dünya çempionatını qəbul etmiş Braziliya:

 

- silsilə təqdimat mərasimləri keçirməklə yerli şirkətləri dünyaya tanıtmaq imkanı qazandı və hazırda məhz həmin şirkətlərin ölkə büdcəsinə verdiyi xeyir milyardlarla ölçülür;

 

- yeni xarici investorlar cəlb etməklə ağır durumda olan ölkə iqtisadiyyatının inkişafına güclü təkan verdi;

 

- ölkə ərazisində fəaliyyət göstərən otel, restoran və ofislərin öz işini müasir dünyanın tələb etdiyi prinsiplər üzərində qurmasına, beynəlxalq iş təcrübəsi əldə etməsinə nail oldu.

 

- ötən illərlə müqayisədə önəmli turnirlər ərzində və yarışlardan sonra ölkəyə gələn turist axınında 40 faiz artım müşahidə olundu.

 

Bu siyahını uzatmaq da olar. Lakin I Avropa Oyunlarına qayıdaraq əminliklə demək mümkündür ki, ölkəmizin önəmli turniri təşkil etməklə əldə edəcəyi qazanc yalnız yuxarıda sadalananlarla bitmir. Bura texniki yayım imkanlarını, möhtəşəm idman yarışını təşkil edən dövlətimizin dünya siyasətində tutduğu sülhpərvər və barış mövqeyini, həmçinin qitəmiqyaslı tarixi turniri yüksək səviyyədə keçirməklə təşkilatçılıq bacarığını, dövlətçilik ənənələrini və formalaşan imicini də əlavə etsək, söhbətin hansı dividentlərdən getdiyini anlamaq çətin deyil.

 

Təəssüf ki, istər xaricdə, istərsə də ölkə daxilində Avropa Oyunlarının nüfuzuna xələl gətirməyə, turniri baykot etməyə çağıran qüvvələrə rast gəlinir. Özü də hansı üsullarla - beynəlxalq təşkilatlara müraciətlər ünvanlamaqla, əcnəbi qonaqlar arasında qərəzli təbliğat aparmaqla, “siyasi məhbuslar” pərdəsi ilə kimlərinsə adından yararlanmaq və onlardan siyasi alət kimi istifadə etməklə. Sual olunur: həmin qüvvələr nəyə nail olmaq istəyir?

 

Sizcə, özlərinin dediyi kimi, insan hüquqlarının qorunmasına və ya demokratiyanın təmin olunmasına? Əsla. Məqsəd birdir, Avropa Oyunlarının təşkilatçılığı işində problemlər yaratmaq və bununla da Azərbaycanın artan nüfuzuna kölgə salmaq! Həmin qurumlar bu məqsədlə dünyanın müxtəlif ölkələrində toplantılar təşkil edir, konkret proqramlar hazırlayır və məkrli niyyətlərinə çatmaq üçün müxtəlif aparıcı informasiya vasitələrinin köməyindən və “milli” qüvvələrdən yararlanmağı planlaşdırırlar.

 

Onların iyrənc çağırışına cismən Azərbaycanda yaşayan, ancaq nə milli mənliyi, nə milli əqidəsi, nə də vətənpərvərliyi olanların züy tutması günümüzün acı reallığıdır. Xaricdən himayə olunan və birbaşa erməni diasporuna sadiqliyi ilə seçilən həmin qərbyönümlü təşkilatların, yaxud ayrı-ayrı fərdlərin aldıqları pullar hesabına görülən işlər birbaşa Azərbaycan əleyhinə yönəlmiş hərəkətlərdir.

 

Vəziyyət o yerə çatıb ki, onlara artıq təkcə biz yox, nüfuzlu beynəlxalq təşkilatlar da cavab verməyi lazım bilir. Avropa Olimpiya Komitəsinin İnsan Haqları Koalisiyasının sərt münasibəti qarayaxma ilə məşğul olanların qulağında hələ uzun müddət cingildəyəcək.

 

O ki qaldı demokratiya və insan hüquqlarının qorunmasına, təcrübə göstərir ki, istər Avropa, istərsə də dünyanın aparıcı idman qurumları hər hansı yarışı müəyyən ölkəyə həvalə etməzdən öncə ciddi araşdırma aparır və lazımi zəmanət aldıqdan, həmin dövlətdə sabitliyin, humanizm və söz azadlığının, vətəndaş həmrəyliyinin mövcudluğuna əmin olduqdan sonra qərar verir.

 

Azərbaycan bu günə kimi, irili-xırdalı, 500-dən çox beynəlxalq yarışa ev sahibliyi edib. Möhtəşəmliyi ilə seçilən I Avropa Oyunları istər nüfuzu, istərsə də iştirakçıların sayı baxımından ən önəmlisidir. Təşkilatçısı olduğu bütün idman tədbirlərini ən yüksək standartlara uyğun şəkildə keçirən Azərbaycanın bu sınaqdan da alnıaçıq çıxacağı şübhəsizdir. Bax, bədxahları da əndişələndirən, narahat edən budur.

 

Ancaq əbəs yerə. Həmin qüvvələr nə qədər narahat olsalar da, Azərbaycan nəinki I Avropa Oyunlarını, eləcə də ardınca İslam Həmrəylik Oyunlarını, Şahmat olimpiadasını və daha neçə-neçə məsul və nüfuzlu idman tədbirlərini örnək ola biləcək tərzdə keçirməklə, dostları sevindirib, düşmənlərə gözdağı olacaq.

 

Rövşən Raqifoğlu

525-ci qəzet.- 2015.- 2 may.- S.10-11.