Uzaq-yaxın keçmişimiz: Laçındakı su dəyirmanları...

 

 

Laçın rayonunun inzibati ərazisi Şəlvə (kəndi) çayı, Alxaslı (kənd) çayı və Minkənd (kəndi) çaylarının izi ilə, yüksəkliklərdən, dağ ,dərə və yamaclardan süzülərək axan buz bulaqların izi ilə, bəzən də dağların silsilə-silsilə düzülüşü ilə, insan izlərinin açdığı cığırlarla ərazilərə bölunüb. Bu da ərazilərin onların istiqamətləri ilə müəyyən olunmuş xəritəsini cızıb.

 

Həmin çay suları dağların qoynundan süzülüb enərkən, yerin üst qatına çıxmış təbii sərvət olan mineral tərkibli, müalicə əhəmiyyətli buz bulaqlardan öz mənbəyini götürərək birləşib Böyük çay, daha sonra isə Həkəri çayını əmələ gətirir, daha sonra isə Araz çayına qovuşmağa tələsir.

 

Şəlvə və Minkənd çayları Laçın şəhərindən 10 kilometr məsafədəki Zabux kəndi yaxınlığında qovuşurlar. Sular sıldırımlı sal qayaları sanki rəhmə gətirmək üçün ayaqlarına dolanıb, ayaqlarını yalayır. Qayaların daş qəlbi isə bu hala əhəmiyyət də verməmiş kimi, özünü o yerə qoymur, sular bu haldan məyus olmuş kimi öz axarına qayıdır   yoluna davam edir.

 

Ağbulaq dağlarından mənbəyini götürən Alxaslı çayı Şeylanlı, Katos, Ağcakənd, Alxaslı, Qaraçanlı, Mişni, Sonasar, Hoçaz kəndlərindən keçərək Seyidlər kəndi yaxınlığında, "Qızıl evi" adlanan çayqovuşanda Şəlvə çayı ilə birləşir.

 

Yaz-yay aylarında üzünü görməyəsən bu çayların. Yaylaqlara, dağlara yağan yağış, sel suları qovuşaraq birə beş çoxaldığı üçün, həmin çayların suyu cilov çeynəyən kəhər atlardan betər olur. Sanki heç  həmin sakit, lal axan, yanan ürəkləri, susuzluqdan cadar-cadar olmuş dodaqları isladıb sərinlədən sular deyil bunlar...

 

Şəlvə çayı ipə-sapa yatmayanda Minkənd çayı sakitcə öz axarında olur, həlimliyi, şəffaflığı ilə elə bil ona yanıq verir.

 

Birdən də Minkənd çayının üzü dönür, halı dəyişir. Axı dağlara yağan yağışlar da sanki növbə ilə yağır. Ta qədimdən burada yaşayan insanlar əkinçiliklə məşğul olmuş, kol-kos basan əraziləri daşlardan təmizləyib yararlı hala salmış, əkin  üçün istifadə etmişlər. Sellərin, çayların bolluğu, dəyişkən xasiyyəti Laçında su ilə işləyən dəyirmanların yaranmasına rəvac vermişdi. Hər bir su mənbəyinin üstündə, yaşayış məntəqəsinin yaxınlığında əvvəllər bir və ya iki qonşu kəndin su ilə işləyən dəyirmanı olardı. İki- üç dəyirmanı olan kəndlər də vardı. Həmin kəndlər varlı hesab olunardı, camaatın güzəranı yaxşı keçərdi. Birdən-birə yox oldu su ilə işləyən dəyirmanlar...

 

Kəndlərimizin keçmişinə nəzər salanda məlum olur ki, Şəlvə dərəsi (Laçın rayonu, Hacısamlı kəndi, taxta zavoddan Qovuşaq kəndinə qədər olan ərazi) Hacı adlı bir varlının sahəsi olub. Burada onun döl-döşü, qohum-əqrəbası məskən salıbmış. Varlı-hallı, ədalətli bir bəy imiş. Onun özünə görə silahlı dəstəsi, əkin sahələri, mal-qarası, at ilxısı varmış. Dəlidağ silsiləsinin ətəkləri, Nərdivan, Mıxtökən dağlarında, Keşik dağında Hacının dəstəsi növbədə dururmuş, hansı tərəfdən yağı düşmən gəlsə, xəbər verərmiş.

 

Hacının nəvəsi, Qara Bayramın oğlu Süleyman yüzbaşının dövrünə  qədər burada üç su dəyirmanı olub. Süleyman yüzbaşı ədalətli insan, el ağsaqqalı kimi böyük hörmətə malik imiş. O, kənddə öz vəsaiti hesabına Qara Bayramın adını daşıyan iki su dəyirmanını təmir etdirmişdi. Qarabağdan, Bərdədən su dəyirmanı üçün daş sifariş vermiş və Şəlvə dərəsinə gətirtmişdi. 3-  su dəyirmanı isə Məşədi Əsədin adı ilə bağlıdır...

 

Taxılçılığın artmasına görə Şəlvə dərəsində - Muncuqluqda da su ilə işləyən yeni  dəyirman inşa edilmişdi. Qorğundağ, Sarıbaba  dağlarından axan Kalafalıq çayının üzərində Vağazın, Bozgüney, Kalafalıq kənd camaatı üçün "Məhəmmədəlinin dəyirmanı", Ərdəşəvi, Haqnəzər kəndlərinin camaatı üçün "Gülmalının dəyirmanı", Təzəkənd, Qozlu, İpək, Aybazar kəndlərinin camaatı üçün "Qara Məmmədin dəyirmanı", Pircahan, Seyidlər, Alıqulu kənd camaatı üçün Böyük çayın üstündə, körpünün yanında, Seyidlər kəndində, "Qızıl evi" adlanan ərazidə su ilə işləyən su dəyirmanları var idi.

 

Bu ucuz, səmərəli qurğulara indi yenidən maraq artmaqdadır. Muzeylərdə ancaq pərakəndə hissələrinə rast gəlmək olur su dəyirmanlarının.

 

Su dəyirmanının quruluşunu qələmə alıram ki, onu bərpa etmək istəyənlər, maraqlananlar bu haqda müəyyən bir təsəvvür əldə etsinlər. Su dəyirmanı üçün çayda, su axarında dəhnə basardılar, arx çəkib hündür tərəfindən dəyirmana enən nova calayardılar. Su arxı hazır olandan sonra dəyirmanın binasının qurulmasına başlanardı. El qeyrəti, el təəssübü çəkən oğullar tez bir vaxtda qollarını çirmələyib binanı inşa edərdilər, bir neçə gündə su dəyirmanının binası hazır olardı. Bundan sonra ən kiçiyi 4-5 metr uzunluğunda nov düzəldilərdi. Nov ağacı davamlı olmalı idi, bir neçə yerdən möhkəm olması üçün sağanaq bərkidərdilər ki, dağılmasın, su sızıb təzyiq aşağı düşməsin. Novun aşağı hissəsinin ucuna təzyiqi daha da artırmaq üçün dar lülə bağlayardılar.

 

Su dəyirmanı üçün daşları hazırlamağa bacarıqlı daşyonanlar cəlb olunardı. Onlar ərazini axtarıb, möhkəm, davamlı daşlar tapardılar, dəyirman daşlarının yerini müəyyən etdikdə elə oradaca daşlar yonulardı. Daşları dəyirmana gətirmək üçün xüsusi kirşə düzəldilərdi. Onun üstünə ağacların qol-budağından döşəyib hörülərdi, bağlanardı ki, daş sürüşüb düşməsin, kirşəni kələ, ata qoşub aparardılar. Beləcə daş, su dəyirmanın yanına gətirilərdi. Daşları dəyirmana qoşmaq üçün xüsusi çarmıx düzəldilərdi. Həmin dəzgah möhkəm ağacdan hazırlanardı ki, ağırlığa tab gətirə bilsin. Üst və alt daş dairəvi şəkildə olardı, qalınlığı 20 sm olmaqla, onu götürmək, yerini dəyişmək üçün yan tərəflərində oyuqlar açılardı, oyuqlara dəmirdən çiv yeridərdilər, çarmıxın qollarından asılmış, bərkidilmiş sığanaqların köməkliyi ilə daşlar bir-bir hərəkətə gətirilərdi. Yəni çarmıx dəzgahı dəyirmanın üst hissəsindən, millərdən asılardı ki, davamlı olsun. Dəzgahda, çarmıxda xüsusi sükan olardı ki, onu hərəkətə gətirən zaman yığılar, açılardı, üst dəyirman daşında nəm taxıl üyüdən zaman, xamırlama deyilən hal yaranardı. Onda həmin çarmıx dəzgahının köməyi ilə üst daş qaldırılardı. Xüsusi dişli çəkiclə, döyərək, təmizlənərdi.

 

Pər düzəltmək üçün şiş yonulub hazırlanardı. Şişin üst ucundan yarım metrdən bir 12 yuva açardılar, ona 8-10 santimetr enində, 1 metr uzunluğunda yonulub hazırlanmış taxta geydirilərdi, o biri ucuna dəmir sağanaq bərkidərdilər. Su anbarı, yaxud da "donuzluq" deyirdilər buna. "Donuzluq" deyilən yerdə novun qarşısında şişi, onun üstündə pəri quraşdırırdılar. Şişi yerdə, daban ağacının üstünə oturdurdular. Daban ağacının tən ortasında şişin ucu oturmaq üçün yuva - oyuq açılar, həmin yuvaya bir ədəd yumru diyircək qoyulardı... Şiş diyircəyin üstündə olardı ki, su pəri hərəkətə gətirən zaman, təzyiqə dözərək sərbəst işləyə bilsin. Daban ağacında xüsusi kərt yeri, oyuq açılar, ağac taxılardı ki, uc hisəsindən qaldırıb-endirmək asan olsun, sürəti artıra və azalda bilsinlər.

 

Pərin üstündə dəzgah qurmaq üçün 4 möhkəm ağacdan sütun basdırılardı. Dəzgahın üstündə dəyirmanın alt daşı yerləşdirilirdi. Alt daşın ortasında yuvacıq olurdu. Şişin ucu alt daşın ortasında yuxarı çıxarılır, xüsusi yer haca olurdu ki, ora dəmir ucluq salınıb üst daş şişə bərkidilsin, həmin dəmirin yanları boş olduğundan taxıl oradan alt daşın üstünə tökülər, hərəkətə gələn zaman üst daş taxılı əzib un halına salardı.

 

Daşların kənarına kərxota düzəldilirdi ki, "ard unu" dolduqdan sonra un təhnəyə axıb gedə bilsin. "Ard unu" daşın ətrafına dolan artıq una deyirdilər. Kərxotanı daşın kənarına düzəldirdilər ki, un kənara dağılmasın. Təhlükəsizliyi onun qarşı tərəfində un yeşiyi qoyulurdu ki, üyüdülən un həmin yeşiyə axıb dolsun, oradan isə un sahibi kisələrə yığa bilsin.

 

Taxıl təhnəsi dəzgahın üstünə bərkidilirdi. Onun tutumu 100-200 kiloqram həcmində olurdu. Alt hissəsi maili düzəldilirdi ki, taxıl təhnəsinin altında dənlik qoyula bilsin. Azaltmaq və çoxaltmaq üçün onun xüsusi sükanı olurdu.

 

Dəyirmana gətirilən dən üçün şahad - üyütmə haqqı alınardı. Hər 100 kiloqrama 2 küccə haqq verilərdi. "Küccə" canaqdır, ağacdan düzəldilən ölçü qabıdır, 2 kiloqram taxıl tutur. Dəyirmanda mütləq buxarı qoyulardı. Yoldan ötən, dəyirmanda xeyli ləngiyən adamlar, qonaq gəlsəydi, mütləq dəyirmançı, yaxud da dən sahibi ocaq qalayıb buxarıda kömbə, fətir bişirərdilər. Dəyirmanda işlətmək üçün ağacdan düzəldilmiş təhnə olardı ki, onda xəmir yoğrulardı. Buxarının kənarında olan sal daşa xəmirdən hazırlanmış kündələr təndirə yapan kimi yapardılar. Bişib hazır olan kömbə, yaxudda fətiri mis dövrədə ortaya gətirərdilər. Kömbənin, fətirin tən ortasını oyub ora nehrə yağı qoyardılar, yağ çörəyin canına hopandan sonra yeməyə başlayardılar.

 

Pər olan yerə ona görə "donuzluq" deyərdilər ki, ora qaranlıq və  səs-küylü, çox darısqal olduğu üçün girib çıxmaq çox çətin olardı. Vahiməli olduğuna görə belə deyərdilər, yəni donuzda ora girib-çıxmaqda çətinlik çəkər.

 

Dəyirmana üyütmək üçün aparılan taxıl, buğda, arpa və qarğıdalı dəni qabaqcadan hazırlanmalı idi. Taxıl xəlbirlə ələnər, təmizlənər, günün qabağında xeyli qurudulardı, toxunma kisələrə, cuvallara yığılardı, ulaqlara yüklənib dəyirmana daşınardı.Payız ayları tədarük olunardı ki, qışa hazır olsun.

 

Su dəyirmanında üyüdülmüş un həmişə qidalılığa görə və sağlamlıq baxımından həmişə əhəmiyyətli hesab edilib.

 

Su ilə işləyən dəyirmanlarda üyüdülən unu çörək bişirmək üçün analarımız birinci ələkdən keçirərdilər ki, kəpək çörəyə qarışmasın, kəpəyi toyuq-cücəyə, itə yal bişirərdilər.

 

Taxıl nəm olduqda dəyirmanın daşları xəmir bağladığından işləməzdi. Dəyirmanın işçisi onu təmizlədikdə fasilələr yaranardı. Ona görə də heç vaxt nəm taxılı dəyirmana aparmazdılar.

 

Yüzillər boyu həyatımızda, məişətimizdə xüsusi yer tutmuş su dəyirmanları elmi texnikanın inkişafı ilə əlaqədar sıradan çıxıb, onun ayrı-ayrı hissələri müasir dövrdə, təəssüf ki, yalnız muzey eksponatına çevrilib. Ancaq heç şübhəsiz, su dəyirmanları yuxarıda sadaladığım bir çox səmərəli cəhətlərinə görə yenə də bərpa oluna, insanlara bundan sonra da xidmət göstərə bilər.

 

Nemət BƏXTİYAROĞLU

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

525-ci qəzet.- 2015.- 5 may.- S.8.