Sözün közünü qoruyan şair

 

 

Ailəmizin 1988-ci il üçün abunə yazıldığı qəzet jurnalları bir-bir açıb vərəqlədim.

 

"Ulduz" jurnalının 6-cı sayında kiçik pəncərə önündə oturub məchul nöqtəyə diqqət kəsilən gənc şairin fikirlərini, düşündüyünü öyrənmək məqsədilə əvvəl şeirlərə göz gəzdirdim. Gənc şair Vaqifin şeir yazmaq sirlərini, gizli üsullarını deyil, sətiraltı fikirlərini öyrənmək duyğusu ilə onun gözəgörünməz hisslərinin içində olmaq, onu kəşf etmək istədim.

 

"Şəkil dünya" şeirindəki məntiq, fəlsəfə gözlərimi deyil, düşüncələrimi qamaşdırdı. Ədəbi qaydaların incəlikləri heyranlıq doğururdu. Məsələn, şair ürəyini şaxtadan partlamış nara bənzədirdi:

 

Gözə görünməz var, düşünmə ki, sən

Dünya divarını şəkil bəzəyir.

Mənim ürəyimin şəkli, məsələn,

Şaxtadan partlamış nara bənzəyir.

 

Gözə az görünər niyə görəsən,

İl müdam qəm izi gedər dərinə

Ayrılıq rəsmini görmək istəsən,

Bircə yol nəzər sal Xudafərinə.

 

Şeirin gözəlliyinə, cazibəsinə saflıq qatan müəllifin tarixin kölgəsində yazdıqlarını xəyala gətirmək 1988-ci ildə necə çətin olub. O vaxt qəlbləri, düşüncələri vəlvələyə salan bir şair boy verirmiş... Tarixi söküb söz incisi ilə poeziyaya gətirən şair:

 

Bir zaman qapını döyməmiş olmaz,

Tülkü cildindədi küləyin şəkli.

Sözsüz ki, gözünə dəyməmiş olmaz.

Sınıq pəncərədə küləyin şəkli!

 

"Rənglərin sirrini" öyrənmək marağımı islah edə bilmədim. Şairin poeziyasında görünməyən tarixi inci axtarışına davam etdim. 1988-ci ilin tənha "Ulduz"u saybasay daha da parlayırmış. "Ulduz"un ulduzlarını tanımaq üçün hər bir qələmə alınan şeirləri, hekayələri, ədəbi nümunələri zamanında oxumağa vaxt tapmayanlardan fərqliyik biz. İndiki gənclik. 20-ci əsrdən 21-ci əsrə əli qələmli yol gələn Vaqif Bəhmənlinin yaxşı şair olmasını onun "Ulduz"un foto pəncərəsindən görünən  nümunəsi nişan verirdi:

 

Niyə qayaların köksü çat olmuş,

Zaman məğrurluğu daşda sınayır.

Adicə küləkdən ikiqat olmuş

Ağacda yaltağın ruhu yaşayır.

 

Xoşbəxtliyin şəkli? Ən asan cavab,

Götür həndəsəni varaqla bir an;

Paralel xətlərə bax özün tap,

Hansıdı xoşbəxtlik, hansıdı insan?

 

Hirsin görsənişi, əməlli baxsaq,

İlantək qıvrılan qaşda yaşayır.

Ana zəhmətinin rəngi ağappaq,

Müqəddəsdi deyin başda yaşayır!

 

"Açılan sabahı" "ilk sevda ucalığı" zirvəsində iztirab çəkməyə aid edir. 20-ci əsrin gənc şairi Vaqifin qələmlə döyüşməsi o vaxt üçün ədəbi qəhrəmanlıq olub. Yazmaq bacarığı, tariximizi poeziyaya gətirməsi onun şair dəyərinə verilən qərardı. Yəni, Azərbaycana dəyən zərbələri sözə çevirib ədəbi-tarixi abidə yaratmağa nail olmuşdu.

 

Xəyanət bir adda, istək bir adda,

İlk sevda deyilmi açılan sabah?

Adama naz satır göydə bulud da,

Dünya tamaşadı, şəkildi, vallah!

 

Şair Vaqif Bəhmənlinin qələmə aldığı tarix, təkcə onun deyil, mənim, sənin, bizim tariximizdir. Tariximizi yazaraq, yurd yerlərimizin adlarını şeirlərində xatırladaraq Qələmlə qəhrəmanlıq qazanan ŞAİR ADAMın bunları yazması hər bir oxucusunu həyəcanlandırır. Yəni, tariximizə söykənib ədəbi nümunə fərqli mədəniyyət məktəbi yaratmışdı. Şair Vaqif biz gənclərə şeirlərinin qanadlarında Ulu Yurd yerlərimizə tamaşa etməyi öyrədib. Sözlə davranmaq, sözdən gözəl istifadə etmək sənəti 20-ci əsrin 1988-ci ilində 33 yaşlı gənc şairin qələm məhsullarında ədəbi doğmalıq yaradıb.

 

"Sənin nəyin var ki..." şeiri ilə gənc şair Vaqif Bəhmənli o vaxt (1988-ci ildə), kükrəyən oxucu duyğularına təvazökarlıq yağışı səpib. Vallah, onun şeirləri elə indiki gəncliyə ədəb, tərbiyə verir.

 

Neyləyir özünə eləyir adam,

Haqqın yolu kəsə, gəlib haqlayır.

Qarışqa evinə toxunma, atam,

Görmürsən, bir bölük külfət saxlayır?!

 

Seyid nəfəsidi sərçə nəfəsi,

Kəsəy tolazlama bayquş səsinə.

Vallah, bircə çəkim naləsi bəsdi

Sənə, uşağına, bütün nəslinə...

 

Ayrılığı öz adıyla çağıran o gənc şair sanki 1988-ci ildə tarixin ən gizli məqamları ilə tanışıymış. Şeiri oxuduqca Arazın geniş, gur sularının AYRILIQLARı xatırlanır. 33 yaşlı şair Vaqiflə bağlı ilk duyğum, ilk düşüncəm inanılmaz bir azadlıq, birlik ehtiva edir. Həsrətini çox çəkdiyimiz BİRLİK nəğməsini deyən şair Vaqif olub.

 

Qəmdən azad elə zərif ürəyi,

Ayrılıq sözünü bilmə ölüncə.

Sərhədlər boyunca min-min dirəyi,

Necə basdırmısan çıxart eləcə!

 

Qələmə basdırma keçdiyin yola,

Min yalan cücərdən dilini düzəlt.

Böyüklər önündə ikiqat olma,

Düzəldə bilərsən, belini düzəlt!

 

P.S:  XXI əsrin tanınmış şairi Vaqif Bəhmənli şeirinin ruhu sozalıb, təsiri dəyişib. Ən böyük arzum Qarabağ həsrətini köz kimi, od kimi, alov kimi sinəsində gəzdirən şairin Qələminin gücünü bütövlük nəğmələrinə sərf etməsidir.

 

Şəfəq MƏMMƏDOVA

525-ci qəzet.- 2015.- 5 may.- S.7.