Mirzə İbrahimov şəxsiyyəti -
necə varsa...
(Əvvəli
ötən sayımızda)
Cənubdakı ədəbiyyatın nümayəndələri
M.İbrahimovu özlərinin yolgöstərəni, müəllimi
sanırdılar. Çünki Mirzə müəllim cənubda
yaranan ədəbiyyata, onun yeniləşməsinə
güclü təsir göstərmiş, onların mayakı,
yolgöstərəni olmuş, orada bir məktəb
yaratmışdı.
Bunu yazıçıya gələn məktublar, Mirzə
müəllimin özünün müntəzəm olaraq
onlarla yazışmalarından da görmək
mümkündür. Rəhim Dəqiq məktublarında onunla
dostu, həmkarı, ən başlıcası müəllimi
kimi dərdləşir. Ötən əsrin səksəninci
illərində İranda "imperialistlərin satqın
nökərləri"nin Azərbaycanın
tarixi binalarını, kitabxanalarını uçurub məhv
etməklə onlara sonsuz nifrət bəslədiklərini
ürək ağrısıyla yazırdı.
R.Dəqiq Azərbaycan xalqının tarixinə, mədəniyyətinə
edilən qəsdləri bildirməklə sanki Mirzə müəllimdən
kömək istəyirdi. Cənub ədəbiyyatı problemi,
kitabların ana dilində çapı, xalqın azadlıq,
müstəqillik arzuları Mirzə müəllimi
bütün həyatı boyu narahat edib. Rəhim Dəqiq
məktublarının birində yazırdı:
"Sizin əsərləriniz İran xalqlarının
nicatına və xoşbəxtliyinə səbəb olan parlaq
bir hərəkətdir. Yazılarınızda mübarizə
yolları bədii halda göstərilib, bütün dərdlər
göstərildiyi kimi onun mübarizə yolları dəxi
çox aydın və düzgün olaraq xalqımıza
çatır. Burada həm mübariz
xalqımız sizin yazıları bir qurtuluş yolu hesab edir və
gənc yazıçılarımız ədəbi bir məktəb
qəbul edib, öz yaradıcılıqları yolunda irəli
hərəkət edirlər. Əlimizdə
olan əsərləriniz bizim inkişaf yolumuzun
mayakıdır. Bəli, fəxrimiz, hörmətli
ustadımız, həqiqəti inkar etmək olmaz... Azərbaycan yazıçısının əsərləri
İran xalqlarına unudulmaz tarixi bir ərməğandır.
Habelə, yazıçı və şairlərimizə
düzgün ədəbi və ictimai parlaq bir məktəbdir.
Yaxın gələcəkdə hətta, Şərq ölkələrində
yaşayanlar bu məktəblə aşina olub
xalqımızın dünya yazıçısına iman gətirib
deyəcəklər: "Mirzə müəllim bizim də ədəbi
ustadımızdır! Böyük insan dünya
xalqlarınındır". Gələcək
günə mən varlığımla inanıram. Əziz və böyük ustadım!"
Foto-albomda M.İbrahimovun ədəbi-ictimai fəaliyyəti,
xarakterinin özəllikləri həssaslıqla işlənmişdır. Yazıçının əsərləri
üzərində yaradıcılıq axtarışları
aparması, mövzunu, həyatı dərindən öyrənməsi
barədə fikirlərinin oxuculara belə bir formada təqdim
olunması təsəvvürümüzü genişləndirir.
Burdakı mətnlər, fotolar,
özünün və müasirlərinin xatırlamaları Mirzə
müəllimin ictimai xadim, yazıçı-vətəndaş
obrazının canlandırılmasına yönəlmişdir.
Onun ədəbiyyat haqqındakı fikirlərilə
tanış olan hər kəs yazıçının həyat və
yaradıcılığından çox dəyərlər əxz
edər. Oxuduğum bu parça, güman edirəm ki, öz təravətini,
aktuallığını bu gün də itirməyib:
"Keçdiyim həyat yolu və uzun illərin mütaliəsi
nəticəsində aldığım ədəbi-estetik tərbiyə
məni belə bir həqiqətə
inandırmışdır ki, sənətkar hazır sxemlərdən
nə qədər uzaq olsa, o qədər yaxşıdır...
ancaq ürəyinin səsinə qulaq asan, ürəyini həyəcanlandıran,
fikrini məşğul edən məsələlərdən
yazan, həm də özünü sıxmadan, zorlamadan, dəbdə
olan heç bir cərəyanın və poetik formanın qəlbinə
girmədən yazan sənətkarların əsərlərində
həmişə səmimiyyət adlanan böyük və
gözəl bir keyfiyyət olur".
M.İbrahimov yazırdı ki, sənət əsəri sənətkarın
kəşfidir, yaradıcı fikrin məhsuludur, yəni həyat
onu heç vaxt hazır şəkildə təqdim etmir, onu sənətkar
xəyalı yaradır. Uzun illərdən sonra
yazıçının əsərləri haqqında fikir və
mülahizələrinin yeni nəslə, ümumən oxuculara
ötürülməsi bütün mənalarda ibrətamizlik
nümunəsidir.
Mirzə İbrahimov özünün
açıqfikirliyi, dərin məzmunlu, milli mənafelərin
ifadəçisi olan çıxışları ilə
böyük hörmət və nüfuz qazanmışdı. O, milli
varlığımızın parlaq siması, böyük bir
zamanın qəhrəmanı olub. Bunu bəlkə
də bir neçə xarakterik, bənzətmə və təsvir
vasitələrilə ifadə etmək asandır. Lakin ən azından ötən əsrin 30-cu illərindən
ömrünün sonlarına qədər M.İbrahimovun
ictimai həyatda fədakar əməyi,
çalışmaları heç vəchlə unudulan deyil.
Onun Azərbaycan dilinin dövlət dili olması ilə
bağlı Azərbaycan KP MK-ya 20 iyul 1956-cı ildə
yazdığı müraciət, təkcə Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin sədri kimi deyil, həm də
bir ziyalı, vətəndaş kimi ana dilimizə canı,
qanı ilə bağlılığının ifadəsi idi.
Yazıçı həmin dövrdə
ittihamlara, təqiblərə baxmayaraq nazirliklərdə, idarə
və təşkilatlarda sənədləşmələrin
Azərbaycan dilində aparılmasına nail oldu. Milli mənafe uğrunda etdiyi mücadilələr
onu xalqın gözündə ucaltdıqca bədxahların mənəvi
zərbələri ondan yan keçmədi. Bir zamanlar bütün şüuru ilə
bağlı olduğu ictimai həyatdan
uzaqlaşdırıldı. Mirzə müəllim
belə vaxtlarda ruhunu əzən sarsıntıları,
ağrıları kimsəylə bölüşmədən,
səbrlə, təmkinlə ürəyində yaşadı.
Əsərlərinin uğurundan qısqanclıq
keçirən "dostlarının" əməlindən
təəssüflənən yazıçının ürəyində
baş qaldıran ağrılarını sənət
dostlarına yazdığı məktublardan da
görürük. Bu da onu deməyə
imkan verir ki, yazıçı ömrünün
eniş-yoxuşları, həyatının keşməkeşləri
necə var, eləcə də xatırlanıb.
M.İbrahimov hər zaman oxucularla təmasdaydı. Elə ona
görə də yazırdı ki, oxucu məktubları
yazıçını zəmanə ilə, müasirləri
ilə bağlayan qırılmaz teldir. Bu
telin bizə gətirdiyi səslər təmiz və pak, səmimi
və mehriban səslərdir. Oxucu məktubu ədəbiyyatın
taleyi üçün yanan, onun nailiyyətlərini öz mənəviyyatının,
öz ruhunun qələbəsi sayan, qüsurları
üçün kədərlənən vətəndaş
ürəyinin səsidir...
Onun ədəbi-tənqidi məqalələri, yol qeydləri,
publisistikası yeniliyin, novatorluğun xalq həyatı ilə
bağlılığını ifadə etməklə,
bütünlükdə ədəbiyyatımızın
inkişafı yollarını açıb-göstərir. Yazıçının XX əsr
ədəbi prosesin, ictimai həyatın inkişafı ilə
bağlı fikirləri, əsərlərində bir sıra
problemlərin qoyulması, həlli məsələləri, hər
hansı bir obrazı, prototipi təsvir vasitələri ilə
yenidən tanışlıq, "konflikt seçmək və
qurmaqda" təcrübə və ondan bəhrələnməni
özünüifadə formalarında ustad məktəbi sanmaq
doğru olar.
Bir zamanlar Mirzə müəllimi bir insan,
yazıçı, ictimai-siyasi xadim kimi dəyərləndirən
rus yazıçıları ondan böyük ürəklə,
məhəbbətlə söhbət açırdılar. G.Markov yüksək
tribunalarda etdiyi çıxışlarında,
yazdığı məqalələrində
yazıçının "Madrid", "Gələcək
gün", "Böyük dayaq" əsərlərinin
ideya-mahiyyətini açmaqla ədəbiyyatımızın
dəyərli nümunələri olmasından iftixarla bəhs
edirdi.
Məni bu kitabda duyğulandıran yazılardan biri ustad
yazıçının özünün ədəbiyyat, həyat
məsələləri barədə müdrikanə fikirlərindən
sonra Azad Şərifin onunla söhbəti oldu. Burda Mirzə
müəllimə olan münasibət,
yazıçının, belə deyək, həyatdan
küskünlüyü, qədir-qiymətin bütün
ölçüləri açıq-aydın ifadə olunub.
M.İbrahimov necə yaşayıbsa, mühiti
onu necə duyub dərk edibsə, eləcə də təqdim
olunub. Heç nəyi artırıb-əskiltmədən,
şişirtmədən, onun ictimai-ədəbi taleyi, fədakar
çalışmaları, ürək yanğıları
qarışıq çalarlardan, bayağılıqdan kənar,
öz rəngində və qədərində verilib. Yəni,
Mirzə İbrahimov necə varsa...
Yazıçı
Cəmil Əlibəyovla dərdləşdiyi məqamların
birində dediyi sözlər Mirzə müəllimin bəlkə
də vaxtilə ona edilən haqsızlıqlardan, ürəyində,
düşüncəsində daşıdığı
yükə tab gətirməməsindən
yaranmışdı: "Çox arzu edirəm ki, kaş kimsəsiz,
qalın bir meşəyə çəkilib, ömrümü
orada başa vuraydım..." Həyatını canı qədər
sevdiyi xalqından əsirgəməyən, ondan güc alan ədibi tənhalığa, "qalın
bir meşəyə çəkilib", tərki-dünyalığa
qovan nə imiş? Əlbəttə,
başını aşağı salıb öz işi ilə
məşğul olduğu, o taylı-bu taylı Azərbaycanın
yaralarına məlhəm axtardığı vaxtlarda və
sonrakı yüksəliş illərində kimlərinsə
onu ictimai-mədəni cəmiyyətdən ayırmaq
ehtirasları onu belə bir fikri səsləndirməyə
vadar etmişdi. "Bir saatı min günə
bərabər sarsıntılarla keçib. İçi ilə tək qalıb. Zaman-zaman
daxilindəki tufanlar qabarıb, şahə qalxıb və o
sakit bir guşə axtarışına başlayıb,
gerçəkliklə qeyri-gerçəklik arasında qərib taleyini
yaşayıb. Bu, həqiqətdir, acı həqiqət! Və o, əbədi xoşbəxtliyini görə
bilmədi. Xalqının azadlıq nəşəsini
yaşamaq dövrü üçün ömrü vəfa etmədi",
- deyən C.Əlibəyov haqlı idi.
M.İbrahimov dövrünün nəhəng bir gəmisinin
sərnişinləri arasında ictimai xadim, ədəbiyyat
adamı kimi aydın görünürdü. Bu insan hər
zaman həqiqətin tərəfində olub, sözündə,
əməlində, ictimai fəaliyyətində bir məqsədə
xidmət edib. Xalqını sevib, çətin zamanlarda
böhtanlara şər-xataya məruz qalan bir çox
ziyalını, Səməd Vurğun, Fatma Qədri, Mirzağa
Əliyev kimi insanları repressiyanın caynaqlarından
qoparmış, qaranlıqlardan aydınlığa
çıxarmışdı.
Foto-albomda ömrünün ixtiyar çağlarında
Mirzə müəllimlə aparılan müsahibələr
olduqca maraqlıdır və insanı çox
duyğulandırır. Mirzə müəllim söhbətlərində
taleyüklü məsələlərə həssaslıqla
yanaşmış, suallara səmimi cavablar vermişdir.
"- İndi arxivlər qaldırılır, bir-bir sənədlərə
baxılır və xalqın gözündə mələk
görünənlərin bir çoxunun paxırları
açılır. Bu baxımdan özünüzü rahat hiss edirsinizmi?
- İnsan dünyaya bir dəfə gəlir. Mən özümü bu
barədə tam arxayın hiss edirəm. Heç
bir sənəddə mənim imzama rast gəlməzsiniz.
Buna görə xalqın gözünə dik baxıram..."
"... O ki qaldı uzun müddət Sovet yazıçısı kimi təqdimatıma, unutmayın ki, mən hər şeydən öncə Azərbaycan torpağının oğluyam. Xalqımın varlığı, dili, tarixi, həyatı, mübarizəsi və taleyi hər zaman məni düşündürüb... "
Doğrudan da "etiraf səmimiyyətin açarıdır". Mən bu etiraflarla yaxşı-yaxşı tanış oldum və mərhum yazıçımızın olduqca səmimi, müdrikanə fikirlərindən bu gün də təsirləndim. Bir daha anladım ki, o özünü heç zaman xalqdan ayrı təsəvvür etməmiş, bütün şüurlu həyatı xalqın taleyi ilə bağlı olmuşdur.
"Mirzə İbrahimov ədəbiyyatımızda unikal hadisədir", - deyən Xalq yazıçısı Ç.Abdullayevin bu fikirlərini də səsləndirməyə bilmirəm: "Mirzə İbrahimov Azərbaycan ədəbiyyatının neçə nəslini bir-biriylə bağlayan canlı bağdır. Ola bilsin ki, müxtəlif insanlar tərəfindən birmənalı qarşılanmır, bununla belə onun Azərbaycan ədəbiyyatının inkişafında oynadığı mühüm rolu danmaq olmaz. Üzeyir Hacıbəyov və Səməd Vurğun kimi Azərbaycanın böyük oğullarının başı üstündə qara buludlar dolaşarkən məhz Mirzə İbrahimov çıxış edərək hamının qarşısında onları "Azərbaycan xalqının vüqarı" adlandırmışdı... Mirzə İbrahimovun həyatı heç zaman yüngül, qayğısız olmamışdır. Onun taleyi çox mürəkkəb bir dövrün maraqlı, lakin faciəvi, dramatik hadisələrilə zəngin olmuşdur. Lakin heç nə onu sındıra bilməmişdir. Bütün bu qalmaqallar içərisində o əsl sənətkar kimi yaşayıb-yaratmış və öz xalqının layiqli oğlu olmuşdur".
İllərlə yüksəlişdə qərar tutan, böyük səlahiyyətlərə, imtiyazlara sahib olan Mirzə müəllim imkanlarından xalqın mənafeyi naminə çalışdı, onun mədəni yüksəlişini varlığında, əməlində, əsərlərində, dərin, müdrikanə çıxışlarında uzaqlara daşıdı. Harda oldusa, milli kimliyimizə işıq saldı, Azərbaycan ədəbiyyatını, ədəbi-mədəni incilərimizi başqa ölkələrdə tanıtdı.
Mirzə İbrahimovun çoxçeşidli ədəbi yaradıcılığı, ictimai-siyasi fəaliyyəti olduqca səmərəli olub. Bu albom-kitabda onun uğuru, uğursuzluğu, bir sözlə, məhsuldar çalışmaları necə varsa, eləcə də təqdim olunub. Bir ömrün dinclik tapmadığı enişli-yoxuşlu yollarda nəfəs dərmədən, "qıçları yorulub qıc olana qədər" irəliləyən insanın ədəbi taleyi, vətəndaş ömrü təbii ki, məhsuldar və rəngarəng olmalı idi.
M.İbrahimov addım-addım qət etdiyi həyat yollarında belə bir ölməzlik, əbədiyaşarlıq qazanıb.
Şəfəq Nasir
525-ci qəzet.-
2015.-5 may.- S.6.