Görüş - (hekayə)

 

 

İsti avqust günlərindən biri idi.

 

Əlində diplomat çantadan başqa bir yükü olmayan Kamal, Bakının çox əzəmətli görünən aeroportunun qarşısında taksidən düşüb aerovağzala daxil oldu. Onun Moskva şəhərinə uçacağı reysin qeydiyyatı gedirdi.

O, qeydiyyat üçün növbəyə dayanmış adamlara yaxınlaşdı. Diplomatı yerə qoyub uçuş üçün biletini cibindən çıxardı. Bu zaman ona elə gəldi ki, növbədə dayananlardan bir nəfər qadın ona baxır. Kamal qadına ötəri nəzər saldı. Lakin onu tanımadı. Fikərləşdi ki, yəqin qadının baxışı təsadüfü olub.

 

Bir azdan aerovağzalın diktoru sərnişinləri təyyarəyə minməyə dəvət etdi. Kamal trapla qalxıb təyyarənin salonuna daxil oldu. Sarı saçlı, mavi gözlü, ağappaq gözəl üzü olan, sərv kimi boylu-buxunlu, ağappaq kofta və çox qısa, mavi mini yubka geymiş bələdçi qız Kamala yaxınlaşıb, onun biletinə baxdı və yerini ona göstərdi. Kamal diplomatı oturacağın altına qoyub əyləşdi.

 

Üç nəfərlik oturacaqda artıq iki nəfər əyləşmişdi. Yaşı altmışı ötmüş bir qadın illüminatorun qarşısında oturmuşdu. Orta oturacaqda təxminən qırx yaşlarında qara, qıvrım saçları olan orta boylu, iri qara gözləri, qaraşirin sifətli, dolğun əndamlı qadın oturmuşdu. Kamal onu görən kimi yadına düşdü ki, bu qeydiyyat zamanı ona baxan qadındır. O, fikirləşdi ki, adam adama baxar. Burda qeyri-adi bir şey yoxdur. Təyyarə nərildədi və böyük sürət götürüb havaya qalxdı. Bir azdan bələdçi qız sərnişinlərə sərin limonad paylamağa başladı. Ortada oturan qadın başı aşağı öz zənbilində nəyisə axtarmaqla məşğul olduğu üçün onun limonad fincanını Kamal aldı və ona müraciət etdi:

 

- Qonşu,  buyurun, sərin limonad için.

 

Qadın başını qaldırdı, limonad fincanını onun əlindən qəbul etdi, diqqətlə onun üzünə baxdı və incə bir təbəssümlə dilləndi:

 

- Çox sağ olun, Kamal müəllim.

 

Kamalı elə bil elektrik cərəyanı vurdu. Az qala fincan əlindən düşəcəkdi. Titrəyən əlindəki fincan çalxalandı və bir neçə damcı limonad həm onun, həm də qadının paltarının üstünə töküldü. Qadın tez əlindəki dəsmalla hər ikisinin üstünə tökülən limonad damcılarını silib, quruladı. Sonra həyəcandan özünü itirmiş Kamalın üzünə baxıb dedi:

 

- Tanımadınız, Kamal müəllim? Axı biz iki il altı ay dörd gün bir yerdə işləmişik.

 

Kamal bir anlığa fikrə getdi. Yadına saldı ki, on səkkiz il bundan əvvəl rayon partiya komitəsi onu geridə qalan bir idarəyə müdir təyin etmişdi. Kamal həmin idarədə iki il yarım işləmiş, idarəni qabaqcıllar səviyyəsinə çıxarmış, sonra başqa vəzifəyə təyin olunmuşdur. Ancaq qadını yadına sala bilmədi. Axı nə üçün bu qadın onunla birlikdə işlədiyi ili , ayı, hətta günü belə yadında saxlamışdı?

 

Kamal yanında oturmuş yaraşıqlı qadına bir də baxıb, pərt halda soruşdu:

 

- Siz onda, o idarədə hansı vəzifədə işləyirdiniz?

 

- Mən sizin katibəniz idim Kamal müəllim.

 

Kamal bir də fikrə getdi. Bəli, o zaman Kamalın iyirmi doqquz yaşı vardı.

 

Həqiqətən o zaman o idarədə arıq, qıvrım saç, balaca (Kamalın fikrincə) bir   qız katibə işləyirdi. Qızın iyirmi yaşı olardı. Heç nə ilə diqqət çəkən qız deyildi. Qızın yaşını dəqiqləşdirmək üçün Kamal bir də soruşdu:

 

- Siz onda neçə il idi ki, o idarədə işləyirdiniz?

 

Qadın dərindən bir köks ötürüb cavab verdi:

 

- Mən orta məktəbi qurtarıb, işlərimi ali məktəbə verdim. Lakin fizika fənnindən imtahandan kəsildim və rayona qayıtdım. Atam sizdən əvvəlki müdirlə tanış idi. Məni həmin idarəyə gətirdi və müdir məni katibə vəzifəsinə götürdü. Həmin müdirlə iki il işlədim. O müdir orta yaşlı, dazbaş, yekəqarın, çox kobud, söyüşcül bir adam idi. Hər gün idarədə işçilərlə dalaşır, mənasız tələbkarlıq edirdi. İdarədə iş getmir, planlar dolmurdu, rayon rəhbərliyi onu iclaslarda danlayırdı. Sonra siz gəldiniz. Hər şey dəyişdi.

 

Qadın başını aşağı salıb fikrə getdi. Kamal səbirsizliklə sual verdi:

 

- Xahiş edirəm danışın, sonra nə oldu.

 

Qadın davam etdi:

 

- Siz işləri qaydaya saldınız, idarədə mehribanlıq, işgüzarlıq yarandı. Planlar dolmağa başladı. Sizin haqqınızda respublika qəzetlərində tərifedici yazılar çıxdı. Hər şey yaxşı idi. Bircə pis o idi ki, siz məni görmür, bir qız kimi, bir qadın kimi hiss etmirdiniz. Mən isə sizə vurulmuşdum. Siz həm yaraşıqlı kişi, həm də bacarıqlı müdir kimi məni valeh etmişdiniz. Yaş fərqimizdə çox deyildi. Cəmi doqquz yaş. Hər dəfə mən sizin kabinetinizə girəndə, yəni sənəd gətirəndə, çay gətirəndə əllərim əsir, yanaqlarım qızarıb yanır, dodaqlarım səyriyirdi. Siz isə bir dəfə də olsun başınızı qaldırıb mənim üzümə baxmır, mənim keçirdiyim hissləri duymurdunuz. Bircə dəfə başınızı qaldırıb üzümə baxsaydınız, yəqin ki, məni qollarınız arasında görərdiniz...

 

- Qadının səsi titrədi, hiss olunurdu ki, qəhər onu boğur. Kamal da təsirlənmişdi. O, bu qadının adını belə yadına sala bilmirdi. Bu dəfə Kamal qadını tələsdirmədi. Hiss edirdi ki, qadının ürəyi doludur, o ürəyində illərlə gəzdirdiyi bu nakam sevgi haqqında ancaq ona danışa bilərdi. Kamal qadını dilləndirmək üçün soruşdu:

 

- Xanım, sizin adınızı yadıma sala bilmirəm.

 

- Görürsünüzmü, Kamal müəllim, siz heç mənim adımı da yadınızda saxlamamısınız. Mən isə uzun illər sizin adınız dilimdə, məhəbbətiniz ürəyimdə yatıb-durmuşam. Mənim adım Rahilədir.

 

- Hə, xatırladım Rahilə xanım. İnanın ki, sizin hisslərinizdən xəbərim olmayıb. Başım idarə işlərinə, planların dolmasına qarışıbmış...

 

Rahilə davam etdi:                                                           

 

- Bir dəfə sizin kabinetinizə hansısa qəzetdən, yüngül yay paltarında iki qız gəlmişdi. Siz selektorla məndən çay istədiniz, üç nəfər üçün. Mən çayı gətirəndə siz o qızlarla nə isə danışıb gülürdünüz. Mən çayları stolun üstünə düzüb, birtəhər otaqdan çıxdım. Qısqanclıq hissləri mənə əzab verirdi. O qızlar sizin otaqdan çıxıb gedənə kimi ağladım. Siz qızları mənim otağımdan yola saldınız, onlarla əl verib görüşdünüz və öz otağınıza qayıtdınız. Mən iş gününün sonuna kimi ağladım. Gecəni də yata bilmirdim. Həmin gecə sizi səhərə kimi öz yatağımda, özümü isə sizin qucağınızda hiss elədim. Səhər açılanda gözlərimi açmaq istəmirdim. Qorxurdum ki, siz çıxıb gedərsiniz...

 

Onu yenidən qəhər boğdu. Əlində tutduğu dəsmalla üzünü-gözünü quruladı. Bu zaman təyyarə bələdçisi onlara yaxınlaşıb isti kofe payladı. Rahilə kofe fincanını əlində tutub xeyli fikirləşdi, sonra kofedən iki qurtum alıb sözünə davam etdi:

 

- Mənim sizə qarşı olan hisslərimi idarənin əksər işçiləri bilirdi. Lakin siz o qədər ciddi, zabitəli adam idiniz ki, işçilər buna əhəmiyyət vermirdilər. İdarədə işləyən gənc mühəndislərdən biri məni istəyirdi. Öz qohumlarımdan da məni istəyən vardı. Mən isə onları sizinlə müqayisə edirdim. İstəyirdim ki, mənim gələcək həyat yoldaşım sizə bərabər olsun və ya heç olmasa sizin keyfiyyətlərinizin əlli faizi onlarda olsun. Lakin mənim nəzərimdə onlar sizdən qat-qat geri qalırdılar.

 

Bir dəfə sizin həyat yoldaşınızı mağazada gördüm. Ona paxıllığım tutmadı. Yaxşı mənada ona həsəd aparırdım ki, sizin kimi gözəl insan olan əri var. Ona həmişə xoşbəxt olmağı arzulamışam.

 

Qadın yenə susdu. Kamal əlində soyuyub buza dönmüş kofedən içib titrək səslə soruşdu:

 

- Bəs sonra nə oldu, Rahilə xanım?

 

- Siz məzuniyyətə getdiniz, siz qayıdana kimi mənim gözüm qapıda, qulağım telefon zəngində qaldı. Siz bir dəfə də zəng etmədiniz. Mən isə hər gecə sizin xəyalınızla yatıb, sizin xəyalınızla dururdum. Siz məzuniyyətdən qayıtdınız. İdarə işçilərinin hərəsinə bir hədiyyə almışdınız. Mənə də Qara dəniz sahilində qaya qırağında olan "Qaranquş yuvası" (rusca "Lastoçkino qnezdo") kafesinin kiçik maketini bağışladınız. Bu mənim üçün dünyada ən qiymətli hədiyyə oldu. Mən bu hədiyyəni on səkkiz ildir ki, sizdən əziz xatirə kimi özümlə gəzdirirəm.

 

Qadın aşağı əyildi və çantasından həmin kafe binasının maketini çıxarıb Kamala göstərdi.

 

Kamal çox mütəəssir olmuşdu. Onu belə böyük məhəbbətlə sevən qadını, sevən bir qızı o, görməmişdi, duymamışdı.

 

Qadın soyumuş kofedən içib sözünə davam etdi:

 

- İki il altı ay dörd gündən sonra sizi başqa idarəyə müdir təyin etdilər. Mən iki gün evdə oturub ağladım, işə getmədim. Mənim beynimə dolmuşdu ki, siz məni təzə müdir olduğunuz idarəyə işə dəvət edəcəksiniz. Lakin bu da baş vermədi. Üçüncü gün işə çıxdım. Sizin yerinizdə təzə müdir oturmuşdu. Bu qırmızı sifət, kök, əlli-əlli beş yaşlarında bir kişi idi. Bir azdan o cır səslə (selektorla yox) məni öz otağına çağırdı və dedi:

 

- Aaz, dünən işdə niyə yox idin, axırıncı dəfə olsun, bir də işdən qalsan səni qovacam. Get mənə çay gətir.

 

Mən öz otağıma qayıdıb xeyli ağladım. Sonra işdən çıxmaq haqqında ərizə yazıb gözləməyə başladım. Yarım saatdan sonra təzə müdir məni bir də çağırdı:

 

- Aaz çay nə oldu?

 

Mən içəri girib dedim:

 

- Müdür, mən çayçı deyiləm, işdən isə özüm çıxaram, bu da ərizəm.

 

Müdir bir anlıq özünü itirdi:

 

- Nə oldu aaz, əvvəlki müdirə çay vermirdin?

 

- O, başqa, siz başqa, - deyib ərizəmi stolun üstünə atıb otaqdan çıxdım.

 

Evdəkilərin təkidinə baxmayaraq başqa işə getmədim. Bir ildən sonra məni özümdən on altı yaş böyük bir kişiyə ərə verdilər. Yəqin başa düşdünüz ki, burada heç bir məhəbbətdən söhbət gedə bilməzdi. Mənim birinci və sonuncu məhəbbətim siz idiniz. Mən sadəcə evimizdən çıxıb getmək xatirinə kim olur-olsun ərə getməyə razılıq vermişdim. Sonra eşitdim ki, siz böyük bir vəzifəyə təyin olunaraq Bakıya köçmüsünüz. İndi məni yaşadığım rayona bağlayan heç nə yox idi. Mənim ərim bizim rayondan olsa da, pul qazanmaq üçün Moskvaya getmiş, orada bir rus qadını ilə evlənmiş və bir qızı olmuşdu. Öz dediyinə görə əvvəlki arvadından ayrılmışdı. Çünki onsuz da nigahları yox idi. İndi dəbdə olan bir ifadə var:  "Onlar vətəndaş nigahında olublar ". İndi mənim də bir oğlum var, on yeddi yaşının içindədir. O, vaxtdan Moskvada yaşayıram. Ərim pis adam deyil. Ancaq mənim üçün fərqi yoxdur. Ona qarşı heç bir hissim yoxdur. Elə-belə sadəcə yaşayırıq. Ona ərə gedən birinci gecəni gözümü yumub özümü sizə təslim etmişəm. Bir ay bundan əvvəl ərim məni Moskvadan yola salmışdı. İndi də yəqin ki, aeroportda qarşılayacaq. Rayonda olanda bəzi qohumlarımdan sizi xəbər aldım. Heç bir xəbər olmadı. Mən də Moskvada gözəllik salonunda işləyirəm. Deyilənlərə görə yaxşı mütəxəssisəm. Moskva elitasının xanımları mənim "qəbuluma" gəlirlər. Bax belə, Kamal müəllim. Təsadüf və ya taleyin qisməti bizi belə bir qeyri-adi şəraitdə, on min metr yüksəklikdə görüşdürdü. Həyatda olmasa da, təyyarə salonunda yan-yana oturduq.

 

Bu zaman salondakı radiodan bələdçi qızın səsi eşidildi:

 

- Hörmətli sərnişinlər, xahiş edirəm kəmərlərinizi bağlayın, təyyarəmiz Moskvanın Şeremetyeva hava limanına enməyə başlayır.

 

Rahilə ehmalca Kamalın qoluna toxundu:

 

- Bəs siz neynəyirsiniz, Kamal müəllim?

 

İki saatdan artıq bir zaman kəsiyində Rahilənin nakam məhəbbət dastanına qulaq asan Kamalın halı özündə deyildi. Doğrudur onun heç bir təqsiri yox idi. Qızın hisslərindən xəbəri olmamışdı. Yaxşı da ki, olmamışdı. Axı o vaxt Kamal evli idi və böyük oğlu artıq dünyaya gəlmişdi. Bütün bunları fikrindən keçirən Kamal dərindən bir köks ötürüb, yanında oturan, vaxtı ilə, bəlkə elə indi də, onu həyatından da artıq sevən bu yaraşıqlı qadına baxdı.

 

O inana bilmirdi ki, o zaman onun katibəsi olmuş o arıq, qıvrımsaç, çəlimsiz qız indi belə yaraşıqlı qadın olub.

 

O sözə başladı:

 

- Rahilə xanım, mən sizin mənə bəslədiyiniz o incə, zərif hissləri çox yüksək qiymətləndirirəm, sizə öz minnətdarlığımı bildirirəm.

 

Rahilə onun sözünü kəsdi:

 

- Kamal müəllim, mən sizi sevəndə sizdən heç bir minnətdarlıq gözləmirdim. Mən sizi sadəcə ürəkdən sevirdim.

 

Kamal sözünə davam etdi:

 

- Özümdən xəbərsiz sizə əzab verdiyim üçün sizdən üzr istəyirəm.

 

Rahilə yenə nəsə demək istəyirdi. Kamal ona imkan vermədi:

 

- Öz ürəyinizdəkiləri açıb mənə dediyiniz üçün çox sağ olun. Bu sizin mənəvi saflığınızı göstərir. O ki, qaldı mənim barəmdə, onu deyə bilərəm ki, mənim iki oğlum var. Biri Almaniyada oxuyur, o biri isə Bakıda onuncu sinifdə oxuyur. Özüm böyük bir firmanın biznes məsləhətçisi işləyirəm. Qırx səkkiz yaşın içindəyəm. İşlə bağlı Moskvada tez-tez oluram. İcazə versəniz gəlib sizə baş çəkərəm.

 

Gözləri yaşarmış Rahilə cavab verdi:

 

- Yox, Kamal müəllim, mən sizi xəyalımda olduğu kimi, əvvəlki təki yenə sevəcəyəm. Ancaq görüşməyin mənası yoxdu. Siz eləcə, mənim qəlbimdə qalın.

 

Təyyarə yüngül bir toxunuşla aeroportda yerə endi. Trap verildi. Adamlar təyyarədən çıxıb aerovağzala tərəf  gedirdilər. Bu zaman Rahilə ayaq saxladı.

 

- Yəqin ki, vağzalda ərim məni qarşılayacaq. Ona görə də burada vidalaşaq. Bunları deyib o, Kamalın qollarından tutub, pəncələri üstə qalxdı və onun o üzündən, bu üzündən öpdü, gözləri  yaşarmış halda çevrilib getdi. Kamal özünə gəlib nə baş verdiyini anlayanda Rahilə artıq aerovağzalın içində idi. Kamal da təsirlənmişdi. Gənc qızın nakam məhəbbəti onu kövrəltmişdi. O, dəsmalını çıxarıb gözlərini sildi və inamsız addımlarla aerovağzala tərəf irəlilədi...

 

Teymur Muğanlı

525-ci qəzet.- 2015.- 6 may.- S.8.