Vətən qayğılı şair

 

 

 

Abbas Abdulladan yazmaq istəyirəm. Sözləri ilmə-ilmə toxuyan, 60-cı illərin əvvəllərindən başlayaraq, şeirimizdə türkçülüyümüzü davamlı şəkildə əks etdirən, şeirlərindəki fikir genişliyi ilə, ciddi həyat həqiqətləri ilə duyğu düşüncələrimizi cilalayan, ovxarlayan Abbas Abdulladan.

 

Ukrayna ədəbiyyatından çoxsaylı tərcümələr etmiş, Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə əmək sərf etmiş bir şair haqqında yazmaq istəyirəm.

 

"Vətən", "yurd" sözü şirinmi, acımı? Abbas Abdulla səmimidir: "Acılarıyla da şirindir Vətən" - deyir.

 

Üzünü Vətənə tutur: "Sən varsan, yerim var, göyüm var", "duman olub düzlərinə çöysümüşəm, ayağına sürünmüşəm ana yurdun" etiraf edir:

 

Bu Vətən elə ağır bir yük ki,

Yaş artdıqca onu daşımaq şirinləşir.

 

Xalq yazıçısı Anar müəllim haqlı olaraq türkçülüyü türk xalqlarının ortaq mənəvi-mədəni dəyəri azərbaycançılığın məhək daşı kimi qəbul edir. Abbas Abdullanın da türkçülüyünün doğulduğu torpağın ab-havasından, körpəlikdən eşitdiyi dilin dadından-duzundan gəldiyini qeyd edir. Bu fikirlərə qoşularaq düşünürəm ki, türkçülüyə daxil ən gözəl keyfıyyətləri: haqq sevərliyi, mərdliyi, mübarizliyi, el-oba birliyini qorumağı, dövlətçiliyə bağlı olmağı, rəmzlərimizə sayğılı yanaşmanı, darda-çətində birləşib bir olmağı - bax bu gözəl keyfiyyətləri biz layiqli şəkildə yaşatmalıyıq. Bu dəyərlərdən uzaqlaşmaq azərbaycançılığımızı zəiflədə bilər...

 

Abbas Abdullanın yaradıcılığı elə bu dəyərlərin qabarıqlığı ilə diqqətimi çəkir. Hələ gənclik illərindən müdrikləşən şairimizdir Abbas Abdulla. Hər halda, yaradıcılığı mənim bu fikrə gəlməyimə əsas verir. O, hələ gənclik illərində yazırdı:

 

Elimə, obama canım sadağa,

Üzümü; sürtdüyüm ana torpağa,

Daha qarışmağa tələsirəm mən.

 

Yenə o illərdə qayğılı-qayğılı bizə - oxuculara üz tutur:

 

...Özünə tor qurma öz əllərinlə...

 

Abbas Abdulla yaradıcılığında ata, ana, oğul, torpaq mövzuları ayrıca yer tutur. Körpə ikən atasını itirib, illər uzunu bu həsrətlə yaşayıb. Haqlı olaraq atanın böyük qüvvə, arxa olduğunu düşünüb.

Bir şeirində atasına (burada baba), böyük bir qüvvəyə müraciət edir:

 

Torpağımız ölür, babam

Əlacı mənim onun başına

Sığal çəkəcək əllərimdə

Onun köksünü tapdamağa var ki,

İllərdir beyinlərdə

Ölüm yox, olum toxumu səpirəm

Bu üçləşən misralar kimi

Gəl, birləşək, babam, sən mən,

Bir ölüm ayağında olan torpağımız.

 

Bəli, onun yaradıcılığı daha dərin rişələrlə kökə, torpağa bağlıdır.

 

Torpağın üstünə sahib durmasaq, Torpağın altında küsər babalar.

 

Babaların ruhi həyatı, yaşamı bizdən asılıdır. Biz o ruhları incitdiyimizin fərqində deyilikmi?

 

Abbas Abdulla nəsillər arasında bağlılığı, milli yaddaşdan gen düşməyi belə mənalandırır:

 

Atalar bir yolluq unudulanda,

Oğullar qədər miskin olarmış.

 

Bu şeirlərdə ata, oğul, torpaq mövzusu birləşir, biz həyatın gerçəklikləri ilə üz- üzə qalırıq. Ata-oğul münasibətləri həssas bir sahədir. Oğul var atanın, babanın adını yaşadır, başını uca edir, oğul da var kor ocağa dönür, acı tüstüsü ilə ağladır o ocağa yaxın olanları.

 

Atan sənin insanlığın fövqündə durur,

Duymayanlar sonra duyar, hələ ki, sağam.

 

Başqa bir şeirində: "Səni tez-tez imtahana çəkəcək zaman" - oğluna müraciət edir.

 

Poemalarını xalq şeiri, dastan elementləri ilə zənginləşdirən Abbas Abdullanın əksər qoşmaları da ustadnamə yerindədir.

 

Hətta ustadnamə formasında olmasa belə, məzmunca ustadnamə kimi qəbul ediləcək yüzlərlə şeirin müəllifidir.

 

Mövzuları da ürəkdən-ürəyə süzülüb gəlir:

Göylər kimi təmiz ürəyimiz var,

Süfrədə halal duz, çörəyimiz var.

Zəhər qatılmasın, diləyimiz var,

Qoy ağız dadına Kəpənəkçinin!

 

Borçalı torpağının yetirmələrini xatırladım... Abbas vətənin sərhədlərindən kənarda qalan torpaqlarımızın taleyinə görə yenə narahatdır.

 

Şair üzünü Azərbaycan təbiətinə tutur, təbiət gözəlliklərini zərgər dəqiqliyi ilə görə bilir:

 

Hələ açılmayıb qızıl qönçələr,

Elə bil zər yatır boğça içində.

 

Abbas Abdulla maraqlı bədii-fəlsəfı düşüncəsini oxucularla bölüşür:

 

Çoxdu bu yerlərdə Koroğlu dağı,

Koroğlu dərəsi eşitməmişik.

 

...Son məlum hadisələrdən çox qabaq yazılan, lakin bugünün, dünənin, sabahın sözü olan, tarixi hadisələri ümumiləşdirən misraları götürək:

 

Dilim bacarmayan işi

Əlim görəcək,

Torpağım görəcək.

 

Əlbəttə, bu inamı doğrultmaq da bizdən - bu torpağın, vətənin övladlarından asılıdır. Onun yaradıcılığından oğuz türkünün, tərəkəmənin mübarizliyini, qorxmazlığını, haqsıza əyilməzliyini göstərən bir nümunə:

 

İlan xisləti var tərəkəmədə,

Hər kəs yaxşı bilsin, payını alsın.

sən onu haqsız tapdala,

Sıçrayıb o səni gözündən çalsın.

 

Yaxud Abbasın elində-obasında gördüyü-götürdüyü başqa bir dəyər:

 

Yad önündə biri sınsa,

Salam verməz ona kimsə.

Məclislərdə böyük dinsə,

Kiçik dinlər Faxralıda.

 

Biz bu köklərlə, dəyərlərlə böyüməliyik... Mən onun forma-məzmun cəhətdən zəngin, oxucunu düşündürən, seçilən, sevilən şeirlərindən birinə müraciət etmək istəyirəm.

 

Əlləriniz qardaş da olar, bacı da,

Əməlləriniz dadlı da olar, acı da

Əlləriniz bir-birinə bənzər, qardaşım,

Əməlləriniz çeşid-çeşid.

 

Abbas Abdullanın sevgidən, həsrətdən yaranan şeirləri çox kövrək notlarla zəngindir, bədii tutumu ilə seçilir.

 

Hər gün sənsizliyə açıldığından,

Yol çəkən gözümün kökü saralar

Ümidim havadan asıldığından,

Dərdimə dözməyib hava qaralar.

 

Abbas müəllimin son kitablarından olan "Urum-Krım arası" masamın üstədir. Şair şeirlərində yurdu, vətəni, şirin, zəngin ana dilimizi ona sevdirən rəhmətlik anasını xatırlayır: " tökərsən aşına, o çıxar qarşına" atalar sözünün qarşılığı olaraq anam: "edən bular", bir "ay oğul, dərdim Urum-Krım arası bəlli" deyərdi...

 

Şair bu ərazidə aparılan imperiya siyasətindən, sürgünlərdən, soyqırımdan yazır:

 

Adı dəyişdirilən

Obalara verilən əcnəbi adları,

Qürbət ellərdə dünyaya göz açıb

 

Ana yurda dönmək istəyən övladları

Gördünmü,

Söylə:

Burası Urum-Krım arası.

 

"Konya" şeirində böyük fikir adamı Rumi ilə söhbətləşir:

 

Xoşbəxtliyimdə bədbəxtlik,

Bədbəxtliyimdə bəxtiyarlıq,

Yardım et mənə,

Bu ikilikdən qurtulum.

"Ya olduğum kimi görünüm,

Ya göründüyüm kimi olum".

 

"İzmir-mart -1990" şeirində üzünü Əli Yavuz Akpinara tutaraq Azərbaycanın dərdlərini yazır:

 

Göz önündə şəhidlər

Qaldılar sağlar kimi

Yer dözər göy inildər

Ağlaram ağlar kimi.

 

Bəxtimiz qaralandı,

Bakımız yaralandı

Məzarlar sıralandı

Köksündə dağlar kimi.

 

Şairin şeirləri metaforalarla, bədii intonasiya ilə, öz yerinə düşən zəngin leksik vahidlərlə oxucunu özünə çəkir.

 

Abbas müəllimin "Erməni məsələsi ya oğru elə bağırır doğrunun bağrı yarılır" kitabı ilə tanış oldum.

 

Ermənilərin qaldırdığı yalançı soyqırım məsələsini tamamilə darmadağın edən dəyərli kitablardan biri.

 

Müəllif sənədlərə, canlı şahidlərin ifadələrinə əsaslanıb. Məncə, əlaqədar təşkilatlar bu kitabın çoxsaylı oxuculara çatdırılması, məktəblərimizdə yayılması, oxunması haqqında düşünməlidirlər.

 

Abbas Abdullanın poema yaradıcılığı ayrıca tədqiq olunacaq bir sahədir. Poemaların ictimai yükü, forma-üslub yeniliyi, sənətkarlıq xüsusiyyətləri öz tədqiqatçılarını gözləyir.

 

Ustad şairimizin 75 illiyi yaxınlaşır. Ümid edirəm ki, Abbas müəllimin yubileyi ədəbi ictimaiyyət tərəfindən yüksək səviyyədə qeyd olunacaq: kitabları çoxsaylı oxuculara təqdim olunacaq, ədəbi əlaqələrə, tərcüməçiliyə, çoxşaxəli fəaliyyətə sərf olunmuş əməyi layiqincə qiymətləndiriləcək.

 

 

Musa ASLANXANLI

 

525-ci qəzet.- 2015.- 6 may.- S.7.