Amerikasayağı demokratiya və ya beynəlxalq
hüquq
"Heç kəs Azərbaycanla diktat dili ilə
danışa bilməz".
İlham
Əliyev
Məşhur bir deyim var, demokratiya heç də mükəmməl
sistem deyil, amma hələ ki, bəşəriyyət ondan
yaxşısını icad eləməyib. Təəssüf
ki, son zamanlar Qərbin, xüsusən, Amerikanın tutduğu
mövqe və atdığı addımlar bu deyimin məhz
birinci müddəasını haqlı çıxarır.
Çünki bu dairələrin nümayiş etdirdikləri
mövqe demokratiyaya qarşı, az qala,
bütün dünyada əks reaksiya doğurur.
İllər ötür, tarix yenilənir, dünya dəyişir,
amma insanlar mahiyyətcə olduğu kimi qalır. Ermənilər
dünənki kimi, bu gün də havadarlarının
tapşırıqlarını yerinə yetirərək
"Böyük Ermənistan" xülyalarının
ardınca qaçırlar. Azərbaycan isə nə
dünən, nə bu gün, nə də sabah
hər hansı bir dövlətin təsir dairəsinə
düşməyib, düşmür və düşməyəcək.
Heç bir halda Azərbaycan xalqı, Azərbaycan
dövləti Qərb və Amerika dairələrinin
tapşırıqları yerinə yetirilməyəcək.
Çünki biz ermənilərdən fərqli
olaraq öz müstəqilliyimizi qanla qazanmışıq.
Bu yolda minlərlə şəhid vermişik.
Heç kəs "bu torpaq artıq sənindir"
- deyib də, bizi Qafqazlara yerləşdirməyib. Bu torpaqlar əzəldən Azərbaycan
xalqının Vətəni, yurdu olub, onun
yandırdığı ocaq ətrafında
işıqlanıb.
Dövlət başçısı İlham Əliyev
çıxışlarında dəfələrlə bildirib
ki, heç kəs Azərbaycanla diktat dili ilə danışa
bilməz.
Ölkəmizə qarşı qərəzli və riyakar
kampaniya aparan qüvvələrin Azərbaycanın yüksək
imicinə, dünyada artan nüfuzuna xələl yetirmək
istədiyini deyən Prezident dövlətimizin heç vaxt
xaricdə yerləşən hansısa quruma xoşa
gəlmək üçün addımlar
atmadığını qeyd edib.
Ölkə rəhbəri vurğulayıb
ki, Azərbaycan bütün nailiyyətlərinə təkbaşına
çatıb və bu yolda qara kampaniyalara, əsassız təzyiqlərə
də məruz qalıb. Lakin onlarda
heç nə alınmayıb və bundan sonra da
alınmayacaq.
Bu gün
hazırladıqları hesabatlarda məkrli şəkildə
Azərbaycanı insan hüquqlarının pozulduğu ölkə
kimi təqdim etməyə çalışan "Freedom
House", "Amnesty İnternational", "Human Rights
Wathc", Milli Demokratiya İnstitutu kimi xaricdən himayə
olunan və erməni lobbisinin maraqlarına xidmət göstərən
beynəlxalq statuslu təşkilatların aldığı
növbəti tapşırıq Bakıda keçiriləcək
Birinci Avropa Oyunlarına kölgə salmaqdır. Lakin ictimai rəydə özlərini ifşa etdiklərindən
artıq bu qurumların apardıqları qara piar
kampaniyasının heç bir təsir gücü qalmayıb.
Merkantil maraqlara xidmət göstərən bu təşkilatlar
özlərinin qərəzli fəaliyyətlərinə o qədər
aludə olublar ki, öz ölkələrində, gözləri
qarşısında baş verən qanlı hadisələri,
polis zorakılığını, qaradərililərə və
müsəlmanlara qarşı etnik və dini zəmində həyata
keçirilən qeyri-insani münasibətləri görməzdən
gəlirlər.
Halbuki dünya ictimaiyyəti xüsusilə son günlər
Birləşmiş Ştatlarda baş verən hadisələrdən
kifayət qədər məlumatlıdır.
Bu təşkilatlar ABŞ-ı, eləcə də Qərb
dövlətlərini guya sivil hüquqların qorunduğu
ölkələr kimi təqdim etməyə
çalışırlar. Amma real vəziyyət bütün bunların tamamilə
əksini söyləyir. Hazırda Amerikanın
bir sıra ştatlarında yaşanan iğtişaşlar,
kütləvi etiraz aksiyaları bu ölkədə demokratik dəyərlərin
ayaqlar altına salınıb tapdalandığını,
ümumu nəzarətin hüquq-mühafizə
orqanlarının əlindən
çıxdığını deməyə əsas verir.
Qərb və Amerikanın yaratdığı islamafobiya
və ksenofobiya dalğası onların gözləntilərini
doğrultmayaraq əks nəticələr verməyə
başlayıb. Terroru müsəlman və qaradərililərlə əlaqələndirməyə
çalışan, qeyri-xristian dövlətlərdə insan
hüquq və azadlıqlarının kobud şəkildə
pozulmasını iddia edən, bir sıra regionlarda
qarşıdurma məkanları yaradaraq qlobal təsir
imkanlarını artırmaqla silah-sursat və hərbi texnika satışından
külli miqdarda mənfəət əldə edən
dövlətlər, bu gün özləri qarşıdurma və
inqilab meydanlarını xatırladırlar.
Artıq Amerikanın Cənubi və Şimali Karolina,
Arizona, Missuri və Meyirlend kimi ştatlarında
hüquq-mühafizə orqanlarına inam qalmayıb. Vətəndaşlar
polis əməkdaşlarının öz vəzifə səlahiyyətlərini
kobud şəkildə aşdıqları, yalnız etnik və
dini mənsubiyyətinə görə günahsız
insanları qətlə yetirdikləri üçün
üsyan qaldırırlar. Onlar əvvəlki
tək dinc aksiyalarla hər hansı bir müsbət nəticə
əldə edəcəklərinə inanmadıqlarına
görə dağıdıcı etiraz yürüşləri
ilə hökuməti polis zorakılığının
qarşısını almağa çağırırlar.
Con Kerri
erməni təəssübkeşi kimi
Hələ
ötən əsrin sonlarında, Sovet İttifaqının
süqutu ərəfəsində ABŞ-ın o vaxtkı
prezidenti Ronald Reyqan Mərkəzi Kəşfiyyat İdarəsinə
tapşırıq verir ki, düşmən (oxu - əleyhdar,
ABŞ-ın dediyi ilə oturub-durmayan!) cəbhəsinə
daha təsirli zəhbə vurmaq üçün yeni təyinatlı
baza hazırlansın və onlara yetərli maliyyə
resurslarının ayrilması təmin edilsin. Bu
tapşırıqla ABŞ-da vətəndaş cəmiyyəti
institutları kütləvi mübarizə arenasına
çıxarıldı və "demokratiya batalyonu"nun
ön cəbhəyə sürülməsinə start verildi.
Beləcə, indiyə qədər tankların və
topların həyata keçirdiyi missiyanı qeyri-hökumət təşkilatları
üstlənməyə başladılar.
NED,
MDİ, "Fredoom House" "Amnesty İnternational",
"Human Rights Watch", adı və abreviaturası göz
qamaşdıran digər neçə-neçə təşkilatlar
"insan haqları, demokratik dəyərlər" pərdəsi
altında "düşmən ovuna" çıxaraq
qeyd-şərtsiz ABŞ-ın maraqlarına uyğun siyasət
yeritməyən ölkələrə və hakimiyyətlərə
qarşı mübarizəyə qalxdılar. Qısa
müddətdə bu "demokratiya fondları" kəşfiyyat
strukturlarının ayrılmaz bir qoluna çevrildilər.
Təsadüfi deyil ki, 2004-cü ildə prezident
Corc Buş ABŞ Konqresinə müraciət edərək hərbi
xərclərdən daha çox 3-cü sektora yetərli maliyyə
yardımı istədi.
Artıq xeyli müddətdir həmin o "demokratiya
batalyonu" üzünü Azərbaycana çevirib. Bu
yaxınlarda Birinci Avropa Oyunları ərəfəsində Azərbaycana
qarşı aparılan qara kampaniyanın ABŞ-ın dövlət
katibi Con Kerrinin Konqresdəki ofisindən idarə olunduğuna
dair faktlar aşkar olunub. Amerikalı siyasətçi
Azərbaycan ictimaiyyətinə 1992-ci ildə
"Azadlığa Dəstək" Aktına edilən 907-ci
düzəlişin müəllifi kimi tanışdır.
Bu qərarın qəbul olunmasıyla müstəqilliyini
yenicə bərpa edən Azərbaycana ABŞ-ın birbaşa
maliyyə yardımları dayandırıldı.
Hesab etmək olar ki, bununla Azərbaycan öz müstəqillik
tarixi ərzində Con Kerrinin ədalətsiz mühakiməsinə
görə ilk sanksiya aləti ilə üzləşib. Əvəzində
işğalçı Ermənistana və Dağlıq
Qarabağ separatçılarına bu günə qədər
Birləşmiş Ştatlar hərtərəfli kömək
göstərməyə davam edir. Əgər
haqq-ədalət deyilən mexanizmlər işlək vəziyyətdə
olsaydı Dağlıq Qarabağı işğal edərək
separatizm adı altında Azərbaycan torpaqlarını öz
əsarəti altında saxlayan Ermənistan bilavasitə
Amerikanın dəstəyindən məhrum olar və iqtisadi
problemlər məngənəsində çarpışaraq
illər əvvəl zəbt etdiyi əraziləri geri
qaytarmağa məcbur olardı.
Ona görə də bu qərarın qəbul
olunmasında iştirak edən konqresmenlər Con Kerri qədər
beynəlxalq hüquq qarşısında məsuliyyət
daşıyırlar. Lakin biz 20 il əvvəl olduğu
kimi indi də beynəlxalq hüququn qiymətləndirmə
meyarı kimi 2-ci dərəcəli olduğunu, milli
maraqların daha üstün nöqtədə
dayandığını müşahidə edirik.
Ona görə də hesab etmək olar ki,
"Azadlığa Dəstək" adı altında pərdələnən
akt həqiqətdə işğala dəstəyi özündə
əks etdirir.
Çünki işğalçı Ermənistanın,
legitimliyi olmayan separatçı rejimin əvəzinə məhz
erməni təcavüzündən əziyyət çəkən
Azərbaycan çətin dövrdə ABŞ-ın maliyyə
yardımlarından məhrum olub.
Həmçinin
bu qərarın qəbul olunmasıyla ağızdolusu insan
haqlarının müdafiəsindən danışan Birləşmiş
Ştatlar fundamental azadlıqlar adına ən böyük
haqsızlıqlardan birinə imza atıb. Söhbət ən ali haqları - doğma
torpaqlarda yaşamaq və mülkiyyət hüquqları
pozulan bir milyondan artıq qaçqın və məcburi
köçkünün taleyindən gedir. Hansı ki, Con Kerri və onun
kimilərdən ibarət bir qrup demokratın
apardığı amerikasayağı siyasət nəticəsində
erməni təəssübkeşliyinin qurbanı olub.
Ötən
il üzə çıxan faktlara görə,
Con Kerrinin erməni təəssübkeşliyinin tarixi bir az da
əvvələ gedib çıxıb.
Hələ senator olarkən Kerri 1990-cı ildə ermənilərin
Azərbaycanda kütləvi şəkildə
qırıldığını iddia edərək bir qrup həmkarı
ilə bərabər onların Dağlıq Qarabağda
statusunun möhkəmləndirilməsi üçün
keçmiş Sovet İttifaqının sonuncu rəhbəri
Mixayıl Qorbaçova yazılı müraciət edib.
Bundan bir neçə gün sonra isə Bakıda 20
Yanvar faciəsi törədilib. Demək ki, Azərbaycana
qarşı qanlı faciələrin, soyqırım
aktlarının, işğal və təcavüzün həyata
keçirilməsində ermənilər qədər Con
Kerrinin də əli var. Çünki bu məktub
Dağlıq Qarabağın ermənilər tərəfindən
işğalının həyata keçməsinə bəhanə
rolunu oynayıb.
Hərçənd
müharibə qığılcımları bundan 2 il əvvəl özünü göstərməyə
başlayıb. O vaxtlar ermənilərin kompakt şəkildə
yerləşdirildiyi kəndlərdə azərbaycanlılar
ayrıseçkiliyə məruz qalır, qatı millətçilik
zəminində amansızlıqla qətlə yetirilirdi. Lakin nəinki həmin dövrdə, habelə tarix
boyu azərbaycanlılar heç bir xalqa, topluma qarşı
qatı millətçilikdən qidalanan hərəkətlərə
yol verməyiblər. Əfsuslar olsun ki,
haqsız və ədalətsiz dünya Con Kerri kimi erməni
lobbisinin təsiri altında olan siyasətçilərin
ucbatından baş verən hadisələrə görə əsas
günahkar qismində bəşəri dəyərlərə
hörmətlə yanaşan, böyük əqidəli
xalqın sahib olduğu dövlətləri hədəfə
alır. Qədim dövlətçilik ənənələrinə
malik Azərbaycan isə bütün çətinliklərə
qalib gələrək Amerikanın maliyyə yardımları
olmadan belə ayağa qalmağın mümkün olduğunu
qısa müddət ərzində keçdiyi müqayisəyəgəlməz
sürətli inkişaf yolu ilə sübuta yetirib. Ermənilər kimi yurd-yuvası olmayan köçəri
xalqlar isə tarix boyu başqa dövlətlərin
tapşırıqlarını yerinə yetirməklə
özlərinə gün ağlamağa
çalışıblar.
Con Kerri
anti-Azərbaycan təbliğatının rəhbəri kimi
Təəssüf doğuran məqam isə odur ki,
hakimiyyətə qarşı müxalif mövqe tutan şəxslər
əsl həqiqətləri ictimaiyyətin diqqətindən
yayındırmaq üçün müxtəlif formalarda qərəzli
fikirlər səsləndirirlər. Lakin onlar Con Kerrinin həqiqətən
də ermənipərəst mövqeli siyasətçi
olduğunu, dövlət katibi olmazdan əvvəl erməni
lobbisi ilə sıx əlaqələr qurduğunu, uydurma erməni
soyqırımının ABŞ-da qəbul olunması
üçün fəallıq
göstərdiyini, Azərbaycanın əleyhinə isə
müxtəlif təşəbbüslərlə
çıxış etdiyini inkar edə bilmirlər. Əllərində heç bir dəlil-sübut
olmadan Azərbaycanı, eləcə də Türkiyəni
müxtəlif sərsəm iddialarla ləkələməyə
çalışan dairələr və onların ölkədaxili
əlaltılarından fərqli olaraq biz əsl həqiqətləri
faktlardan öyrənirik. Əvvəla,
"Dağlıq Qarabağ Respublikası"
sözünü işlədən yeganə yüksək
çinli dövlət məmuru olan Con Kerri Senatda ermənilərə
dəstək qrupunun üzvüdür. Xarici
Əlaqələr Komitəsinin sədri kimi o, dəfələrlə
ermənilərin maraqlarına cavab verən mövqe
nümayiş etdirib. Dövlət katibi
2004-cü ildə uydurma erməni soyqırımının
bütün dünyada tanınması üçün ölkə
başçılarına müraciət edib.
Bundan əlavə, o, Senatda Ermənistan üçün
daimi ticarət tərəfdaşı statusunu nəzərdə
tutan 1557 saylı layihənin müəllifidir. Deyəsən,
samanlıqda iynə axtaran şəxslər bununla milli
maraqlara zərbə vurduqlarının fərqində deyillər.
Belələri dövlət katibi Con Kerrinin
2009-2013-cü illərdə Konqresdə Xarici Əlaqələr
Komitəsinin rəhbəri olduğunu, daha sonra ofisinin Robert
Menendez və Bob Korker tərəfindən idarə edildiyini dilə
gətirərək əslində özlərini bir qədər
də dolaşığa salırlar. Çünki
Con Kerrinin köhnə vəzifəsindən ayrılması o
demək deyil ki, dövlət katibinin digər aşağı
instansiyalara nəzarət etmək, müvafiq
tapşırıqlar vermək ixtiyarı yoxdur. Həmçinin onu da qeyd edək ki, R.Menendez də sələfi
kimi Konqresdə ermənilərin ən sadiq dostlarından
biridir. O, Dağlıq Qarabağdakı separatçı
rejimin "müstəqilliyi" ilə bağlı ermənilərə
təbrik mesajı da göndərməyi yaddan
çıxarmayıb. Müntəzəm olaraq 1915-ci il hadisələrinin "soyqırım"
kimi tanınmasına dair qanunvericilik təşəbbüsləri
ilə çıxış edən Menendez Qarabağ məsələsində
də ermənilərin tərəfini tutmağa davam edir.
"Tünd
sirkə"
Qısası, Con, Rob və ya
Bob tərəfindən idarə edilməsindən asılı
olmayaraq, bu gün ölkəmizin suverenliyini şübhə
altına almaq, onun dünyada artan nüfuzuna kölgə salmaq
arzusuyla hərəkətə keçmiş anti-Azərbaycan
qüvvələr məhz Qərbdən, okeanın o
tayından idarə olunur. Amma söz var, sirkə
nə qədər tünd olsa, öz qabını
sındırar. Bu məkrli siyasət ilk
növbədə bumeranq kimi onların öz imicinə zərbə
vurur. Uzağa getməyək, hələ ötən əsrin
ortalarında - 1963-cü ildə ABŞ-ın o vaxtkı
prezidenti Con Kennedi Almaniyaya səfəri zamanı Berlində
yüz minlərlə şəhər sakininə üz tutaraq
alman dilində "Mən berlinliyəm" dedi və o,
böyük sevgi və alqışlarla qarşılandı.
Təxminən
40 il sonra - 2002-ci ildə ABŞ prezidenti
kimi Berlinə gedən Corc Buşu isə alman xalqı bu
şüarla "salamladı":
"Buş, sən berlinli deyilsən!" Əslində, bu, alman
xalqının,ABŞ dövlətinin,
Ağ evin yürütdüyü siyasətə etirazı
idi. Təsadüfi
deyil ki, son illər dünyada anti-Amerika əhval-ruhiyyəsinin
güclənməsi tendensiyası ABŞ-ın özündə
də etiraf olunur. Hələ 2005-ci ildə ABŞ
Konqresinin Baş Nəzarət İdarəsinin hesabatında
bildirilirdi ki, dünyada Amerika əleyhinə əhval-ruhiyyə
güclənməkdədir və bu, ABŞ-ın milli
maraqlarını təhlükə altına alır. O vaxt hesabat
"Vaşinqton post" qəzetində çap olunmuş və
böyük əks-səda yaratmışdı.
Hesabatda bildirilirdi ki, "bu yaxınlarda keçirilən
ictimai rəy sorğusu göstərdi ki, anti-amerikanizm
bütün dünyada geniş yayılmaqda və dərinləşməkdədir. Belə
anti-Amerika əhval-ruhiyyə xaricdə yaşayan
amerikalılara qarşı yönəlik terrorizmə dəstəyin
artmasına gətirib çıxara bilər". Sənəddə qeyd olunurdu ki, dünyada
anti-amerikanizmin güclənməsi keçirilən hərbi əməliyyatların
dəyərini və səmərəliliyini azaldır,
ümumi siyasi məqsədlərə çatmaq
üçün ABŞ-ın digər dövlətlərlə
birləşmək imkanlarını xeyli daraldır.
Bununla yanaşı, beynəlxalq ictimaiyyətin
ABŞ-ın işgüzar xidmətlərinə və
mallarına marağı da azalmaqdadır. Konqresin
Baş Nəzarət İdarəsi hesabatında Prezident
Administrasiyasını ABŞ-ın beynəlxalq aləmdə
imicinin gücləndirilməsi üçün bugünədək
xüsusi strategiya işləyib hazırlamamaqda tənqid
edirdi.
O vaxtdan bu yana Ağ Evin siyasətində
müsbətə doğru nə dəyişib ki? Təbii ki,
HEÇ NƏ!
Hacı İBRAHİMOV
525-ci qəzet.- 2015.- 6 may.- S.2;5.