Uşaqlar üçün yazanda...

 

 

Bu yaxınlarda AMEA-nın Ədəbiyyat İnstitutunda "2014-cü ilin ədəbi yekunları" mövzusunda keçirilmiş müşavirədə dinlənilən məruzələri vaxtaşırı oxucuların diqqətinə çatdırmaq niyyətindəyik. Həmin silsilədən olan daha bir məruzəni təqdim edirik.

 

Uzun müddətdir ki, uşaq ədəbiyyatı və onun problemləri, müasir durumu, perspektivləri ilə bağlı məsələlər ədəbi gündəmə gəlməyib. Uşaq ədəbiyyatı bədii keyfiyyət dəyərinin demək olar ki, ədəbiyyatşünaslığımızın nəzəri-elmi araşdırılmasına çevrilə bilməyən sahələrdəndir. Halbuki, bir çox dünya ədəbiyyatlarında bu elə bədii əsərlərin meydana çıxması və yayılması ilə əlaqəli təhlil obyektinə çevrilib dəyərləndirilir.

 

Etiraf edim ki, keçən il 2014-cü ilin ədəbi yekunlarında uşaq ədəbiyyatı mənə həvalə olunanda tərəddüd etdim, ilk olaraq beynimdən keçən "olmayan ədəbiyyatla bağlı axı mən nə məruzə edə bilərəm" fikri oldu. Amma məsələnin mahiyyətinə vardıqda bu ədəbiyyatın səviyyəsini, keyfiyyət dərəcəsini nəzərə almadan deyə bilərik ki, bu gün uşaq ədəbiyyatının müxtəlif janrları, xüsusilə poeziya və nəsr sahəsində dinamika (düzdür, bu daha çox mövcud material əsasındadır) hiss olunmaqdadır. Son dövrlər bu istiqamətdə bir çox tədbirlərin həyata keçirilməsi, qərarların verilməsi az qala qəflətdə olan bu sahəyə marağı artırmışdır.

 

Xüsusilə, 2008-ci ilin noyabrında Bakıda Türk xalqları Beynəlxalq uşaq ədəbiyyatı konqresinin keçirilməsi, Prezident İlham Əliyevin fərmanı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə əlaqədar bu sahədə bir canlanma başladı, yeni-yeni əsərlər yazıldı, uşaq ədəbiyyatının problemləri gündəmə gəldi, əfsuslar olsun ki, davamlı olmadı. Son dövrlər akademik İsa Həbibbəylinin təşəbbüsü ilə uşaq ədəbiyyatı və onun çağdaş durumu, problemləri, perspektivləri ilə bağlı məsələlərin yenidən gündəmə gətirilməsi xüsusilə, bu ədəbiyyatın ilk dəfə olaraq ayrıca müstəqil bir sahə kimi 2014-cü ilin ədəbi yekunlarında yer alması, 2015-ci ilin yanvar ayında çağdaş uşaq ədəbiyyatımızın problemləri ilə bağlı elmi müşavirənin keçirilməsi bu sahəyə qayğı və diqqətə əyani sübut ola bilər.

 

Uşaq ədəbiyyatımızın tarixinə, XIX əsrdən başlayaraq formalaşma, təkamül mərhələlərinə nəzər salsaq bu ədəbiyyatın maraqlı inkişaf yolu keçdiyinin şahidi olarıq. Bu inkişafın A.A.Bakıxanov, S.Ə.Şirvani, R.Əfəndiyev, M.T.Sidqi  və b. ilə başlayan ilkin ibtidai mərhələsi, XX əsrin əvvəllərində maarifçilik, məktəb islahatının gücləndirilməsi, uşaq mətbuatının inkişafı yönümündə F.Köçərli, A.Şaiq, A.Səhhət, S.S.Axundov kimi klassiklər yaradıcılıqları ilə milli uşaq ədəbiyyatımızın inkişafına təkan vermiş, sonrakı mərhələlərdə ənənələrdən bəhrələnərək uşaqlar üçün yeni sənət nümunələri yaradan M.Rzaquluzadə, M.Seyidzadə, X.Əlibəyli, Teymur Elçin, E.Mahmudov, N.Abdullayev, T.Mahmud, T.Mütəllibov, İ.Tapdıq, H.Ziya, M.Günər, Z.Xəlil, R.Yusifoğlu, Ə.Quluzadə, Q.İsabəyli kimi şair və yazıçılarımız bu ədəbiyyatın layiqli davamçılarına çevrilmişdilər.

 

Bəs bu gün yola saldığımız 2014-cü ilin yekunlarına rəğmən çap olunan şair və yazarlarımızın şeir, hekayə və povestləri fonunda uşaq ədəbiyyatının səviyyəsi nə dərəcədədir? Qeyd edim ki, uşaq ədəbiyyatımızı təmsil edən şair və yazıçılarımız içərisində həm yaşlı nəsil Z.Xəlil, İ.Tapdıq, F.Sadıq, R.Yusifoğlu, O.Rza, Ə.Quluzadə, Q.İsabəyli, M.Namaz, İ.İmanzadə, F.Tanrılı, Ə.Əlioğlu, İ.İsaq həm də orta və cavan nəsil nümayəndələrini: G.İbrahimova, S.Nuruqızı, R.Yusifqızı, A.Bünyadzadə, G.Almaz, Ə.Laçın, E.Məmmədova və b. görmək mümkündür. Bu il üçün əldə etdiyimiz materiallar, bədii nümunə və mətnlər, xüsusilə, uşaq ədəbiyyatının inkişafı yönümündə atılan addımlar bu ədəbiyyatın yox dərəcəsində olmaq fikrini alt-üst edir.

Bu gün uşaq şeirləri, hekayə və povestləri "Ədəbiyyat qəzeti", "Azərbaycan", "Ulduz", "Nasir", "Göyərçin", "Oyuncaq" jurnalları və d. mətbu orqanların səhifələrində yer alır, ayrı-ayrı nəşriyyatlarda uşaq yazarlarımızın əsərləri çap olunur. "Göyərçin", "Günəş", "Oyuncaq" jurnalları, "Tumurcuq", "Savalan" qəzetlərində məktəbəqədər və məktəb uşaqlarında mütaliə qabiliyyətini formalaşdıran, onlarda oxu vərdişlərini inkişaf etdirən, bilik və bacarıqlarını, ətraf aləmlə bağlı informasiyalarını möhkəmləndirən maraqlı yazılar, şeir və hekayələr də çap olunur. Keçən il bu sahədə atılan uğurlu addımlardan biri Xalq yazıçısı Anarın təşəbbüsü ilə Azərbaycan Yazıçılarının XII qurultayı ərəfəsində çap olunan "Azərbaycan uşaq ədəbiyyatı antologiyası" oldu. Kitabın poeziya bölməsində İ.Tapdıq, F.Sadıq, Z.Xəlil, R.Yusifoğlu, Q.İsabəyli, Ə.Quluzadə, İ.İmanzadə, Ə.Əlioğlu, O.Rza, A.Əlizadə, Əziz Musa, M.Namaz, B.Fərman, Zaur Həkim, Mahirə Abdulla, Adil Cəmil, Vaqif Bəhmənli, Qərib Mehdi, İnqilab İsaq, İbrahim Yusifoğlu, Sevinc Nuruqızı, Gülarə Munis, Sərvaz Hüseynoğlu, Qəşəm Nəcəfzadə, Mikayıl Yanar və b. bədii nümunələri yer almışdır. Düzdür, müəlliflərin çoxluq təşkil etdiyi poeziya bölməsində çap olunan əsərlərin hamısı eyni səviyyədə deyildir.

 

Belə ki, ömrünün və yaradıcılığının böyük bir hissəsini bu sahəyə sərf etmiş İ.Tapdıq, Z.Xəlil, R.Yusifoğlu, Ə.Quluzadə, Q.İsabəyli kimi təcrübəli şairlərlə yanaşı, orta və cavan nəsli təmsil edən S.Hüseynoğlu, S.Nuruqızı kimi müəlliflərin uşaqda ətraf aləmlə bağlı müəyyən anlayış formalaşdıran, onların təəccübünə səbəb hadisə və situasiyalar yaratmaq, kiçik oxucuları tərbiyə edən, məlumatlandıran, ətraf mühit, heyvan və bitkilər haqqında iti müşahidə üzərində qurulan canlı, aydın təsvirlər, təbiətlə bağlı ətraflı və dolğun bilgilər verən maraqlı nümunələri verilmişdir. Əfsuslar olsun ki, kitabda istər yaşlı, istərsə də cavan nəsli təmsil edən bir çox müəlliflərin mövzusu dağınıq, primitiv, bəsit, müasir uşağın səviyyəsindən aşağı olan, poetiklikdən məhrum, yerli-yerində işlənməyən sözlərlə yüklənmiş, qafiyə xətrinə ölçülüb-biçilmiş nümunələri üstünlük təşkil edir. Kitabda təbiət, ayrı-ayrı heyvan və bitkilərin keyfiyyətləri haqqında balaca oxucuda təsəvvür və anlayış yaradan, ana yurda, torpağa bağlılıq, vətənpərvərlik ruhunda yazılmış şeirlər əsasən mövzuya müasir baxımından deyil, ənənəvi yönümdən yanaşmada aktuallığını qoruyub saxlayır.

 

Bu da yeni antologiyada yer alan şeirlərin doxsan faizinin illər öncə yazılması ilə bağlıdır.

 

İ.Tapdığın şeirlərindəki ritmika, ahəng, səs çalarları, qısa, dolğun cümlələr, söz oyunları, Z.Xəlilin təbiəti predmetli, obrazlı şəkildə ifadə etmək, iti müşahidə qabiliyyəti, uşaqlarda ətraf mühit haqqında geniş təsəvvür oyatmaq qabiliyyəti, R.Yusifoğlunun bədii mətni görüntü və təsvirlə məhdudlaşdırmaq deyil, onda müəyyən əxlaqi fikir formalaşdırmaq, eyni zamanda uşağı düşündürmək, maraqlandırmaq, diqqətini gerçəkliyin müxtəlif tərəflərinə yönəltmək ustalığı baxımından bu təcrübəli şairlərin şeirlərinin böyük tərbiyəvi əhəmiyyəti vardır.

 

Uşaqla ünsiyyətdə ən vacib, zəruri məsələlərdən biri gerçəkliyi, ətraf aləmi uşaq kimi görmək, dərk etmək bacarığıdır. Fakt, hadisə, müəyyən anlayışlar o zaman uşaqda maraq yarada bilir ki, məzmuna uyğun təsvir yarana bilsin, bu həm uşağın təəssüratlarını möhkəmləndirsin, həm də məzmunla, canlandırılan obrazla bağlı aydın təsəvvür formalaşdıra bilsin. Antologiyada eyni məfhum, predmet, obrazla bağlı şeirlər çoxluq təşkil edir. Aydınlıq yaransın deyə iki şairin iki eyni şeiri ilə fikrimizi ümumiləşdirə bilərik.

 

Rəngi qara,

 

Gözləri ,

 

Ağacdələn...

 

Təpəsinin

 

Düz ortası

 

Qırmızıdır

 

Lələkləri

 

Pırpızıdır

 

Budaqları

 

Dələr hərdən

 

Ağacdələn.  

 

(Z.Xəlil)

 

Şeirdə müəllif ağacdələnin real təsviri əsasında obrazı canlandırmış, bu varlıq haqqında kiçik oxucuda təsəvvür yaratmağa çalışmışdır. İkinci şeirdə isə ağacdələn təsvir edilmir, təqdim olunur.

 

Peşəsini

 

Gözəl bilir

 

Ağacdələn

 

Çox çalışıb,

 

Az dincəlir

 

Ağacdələn.

 

 (O.Rza)

 

Bu təqdimat obrazla uyğunlaşmır, ağacdələn obrazını əyaniləşdirmək üçün bu təmtəraqlı misralar heç bir poetik effekt yaratmır. Obraza xas əlamətlərin, tipik detalların seçilməməsi, məzmunun məna və fikirlə uzlaşmaması, şeirdə bədii məntiqi itirib. Elə bu səbəbdəndir ki, "ağacdələnin çox çalışıb, az dincəlməsi", "vəzifəsinin bildirçini sevindirmək, sığırçına yuva vermək olması", "yaxşılığın əvəzini istəməməsi" kimi qeyri-dəqiq, obrazla uyğunlaşmayan, üst-üstə düşməyən fikirlər ağacdələnin poetik obrazının yaradılmasında heç bir müsbət keyfiyyəti ilə yadda qalmır.

 

Kitabda müəlliflərin nəvələrə həsr etdikləri şeirlər də üstünlük təşkil edir. Lakin bu məzmunda yazılmış əksər şeirlərin əsas qüsurlu cəhəti fərdi hisslərin ümumiləşə bilməməsi, xarakteri, uşaq psixologiyasını və yaxud obrazı konkret bir məqamla konkretləşdirə bilməməkdir. Ümumi sözlər, gəlişi gözəl ifadələr, nəvəyə hədsiz məhəbbət, sevgi hissinin izharı baba-nənə, nənə-nəvə münasibətlərini, bağlılıqlarını səciyyələndirə bilmir.

 

Antologiyanın poeziya bölməsində uşağın təfəkküründən aşağı səviyyədə olan şeirlərə də rast gəlmək mümkündür ki, uşağa bu cür yanaşma tərzi və onu təqdim müasir uşağın psixologiyasına, təfəkkürünə tamamən ziddir.

 

Gördü Aynur həyətdə,

 

Ot içində topları.

 

Gözəldir, qırmızıdır...

 

Cəld bir qaba topladı.

 

 

 

Anasına göstərib,

 

Dedi: - bax, top yığmışam

 

Bacımla oynamağım,

 

İndi olacaq asan.

 

 

 

Yox, qızım, o almadır,

 

Silkələyib yel baba.

 

Sən də gedib yığmısan,

 

Hamısını bir qaba.

 

(Şəfəq Sahibli)

 

Şeirdə bənzəyənlə bənzədilən arasında yaradılan assosiativ bağlantı formal xarakter daşıdığından tərəflər arasındakı bədii-məntiqi keçid alınmamışdır.

 

Gerçəkliyə münasibətdə, müəyyən varlıqların tanıdılmasında obrazın uşaq təfəkkürünə uyğun açılması və səciyyələndirilməsi vacib şərtdir. Uşağın şahidi olduğu hər hansı bir hadisə və yaxud gördüyü əşya və ya predmet haqqında obyektiv təsəvvür yaratmaqda təsvir üsulunda birbaşa şərh deyil, obrazlı qavrayış tələb olunur. Obrazlılıq bəzən bir-biri ilə əlaqəsi olmayan tərəflər arasında da assosiativ bağlantı yaradır, bu isə uşağın müxtəlif predmetlər arasında oxşarlığı, bənzərliyi tapmaqda, təfəkkürünü formalaşdırmaqda, onda müəyyən estetik hiss oyatmaqda yardımçı olur.

 

Bu mərcan xoruza bax,

Qırmızıdır, aldır o.

Uzaqdan elə bil ki,

Yeriyən tonqaldır o...

 

(Mikayıl Yanar)

 

yaxud:

 

Tamaşadı,

Baxanların

Gözü doymayır

Dəcəl dolu

Özü çalıb,

Özü oynayır.

 

(Sərvaz Hüseynoğlu)

 

Antologiyada Eyvaz Zeynalov, Gülzar İbrahimova, Ağanənə Seyidqızı, Hicran Hüseynova, Rəfiqə Məmmədova, Aygün Bünyadzadə, Münəvvər Tapdıqova, İradə Aytel, Günel Almaz, Əfsanə Laçının hekayə və nağılları nəsr bölməsində yer almışdır. Kitabda Eyvaz Zeynalovun "Baba və nəvə", Gülzar İbrahimovanın "Evin kişisi", Aygün Bünyadzadənin "Bir damla su", "Şirniyyat atan silahlar", "Tort", Əfsanə Laçının nağılvari "Kloun", "Kolba" hekayələri nəsr nümunələri içərisində seçilənlərdəndir. Uşaqlarda xeyirxah əməllər aşılamaq, onlarda yaxşını pisdən ayırmaq vərdişi yaratmaq, tərbiyə etmək, uşağı öz əməlləri ilə düşündürmək cavan yazarlardan Əfsanə Laçının antologiyaya daxil olan iki əsəri üçün səciyyəvidir. Müəllifin "Qoğal" nağılının süjetini xatırladan "Kloun" hekayəsi bu cəhətdən müasirliyi ilə seçilən maraqlı nümunələrdəndir.

 

İndi isə bir az da uşaq yazarlarımızın 2014-cü ildə çap olunan və əldə etdiyimiz kitabları haqqında danışaq. Ötən il İ.İmanzadənin "Mən atamın oğluyam" (Bakı, "Yeni Poliqrafist", 2014), M.Əhmədin "Çəmənli xalça" (Bakı - "Elm və təhsil", 2014), "Anamın laylaları" (Bakı, "Elm və təhsil", Bakı- 2014), İ.İshaqın "Şeirlər" kitabları, Q.İsabəylinin "Aclıq dərsi" (Bakı, Şirvannəşr, 2014), R.Yusifqızının "Zamanın əsirləri" (Bakı, "Altun kitab", 2014) nəsr əsərləri çap olunmuşdur. Əldə olunan şeir kitablarının əsas mövzuları ənənəviliyi ilə diqqət çəkir: vətənə, torpağa məhəbbət hissi, təbiət təsvirləri, heyvan və bitkilər haqqında nəzm nümunələri, nəvə sevgisi və s. İ.İmanzadənin şeirlər kitabında vətənə bağlılıq, vətənpərvərlik, müstəqil dövlətin atributları, yurd həsrəti, doğma torpağa məhəbbət hissi aşılayan nümunələr toplanmışdır. Kitabda ana yurda həsr olunmuş "Ana yurdum", "Azərbaycan bayrağı", "Gerbim, himnim, bayrağım" və d. bu xüsusda yazılan silsilə şeirləri birləşdirən ortaq cəhət bədii təsvir, ifadə tərzi, intonasiya çalarları və obrazların eyniyyət təşkil etməsi, daha çox tərənnümvari tərzdə yazılmasıdır.

 

Vətənə, el-obaya bağlılığı, yurd itkisini, ağrısını yaddaşda ilişib qalan xatirələrin seçilmiş poetik detalın fonunda psixolojiləşdirmək şairin kitaba daxil edilən "Ayselin arzusu", "Xarıbülbül" şeirləri üçün səciyyəvidir. Bundan əlavə İ.İmanzadənin təbiət məqamlarının təsvirə gətirilməsində, detal və predmetlərin təfərrüatlı təqdimi, uşaqlarda müəyyən bir hadisə və yaxud obraz haqqında aydın təsəvvür yaratmaq, təbiəti sevdirmək və öyrətmək, uşaq aləminin zənginləşməsi, estetik zövqünün formalaşması "Ulduzlar", "Günəş", "Günəbaxan", "Tumurcuq", "Kəpənək", "Göbələk", "Alça", "Qaratikan" qısa, lakonik poetik miniatürlər üçün xarakterikdir.

 

Mahmud Əhmədin 2014-cü ildə çap olunmuş "Anamın laylaları" və "Çəmənli xalça" kitablarında toplanan şeirlərin əsas mövzusu ata-anaya məhəbbət hissi, övlad qayğısı, böyüklərə hörmət, ana laylası, yurdumuzun gözəllikləri, təbiətin rəngarəng fəsilləri haqqındadır. Poetiklikdən məhrum, tərənnümün üstünlük təşkil etdiyi bu şeirlərdə hədsiz dərəcədə söz, ifadə təkrarlarına, gəlişi gözəl söz və cümlələrə rast gəlmək mümkündür.  Pafos, gurultu, tribunluq, publisistik ton əsasən vətənlə bağlı şeirlərdə daha aparıcıdır. Ana laylası, uşaqlıq xatirələrin çözülməsində yaddaşa qayıdış öz ənənəvi təsvir hissini itirir, qeyri-səmimi təsir bağışlayan bu dönüş, hətta bəzi məqamlarda şairin özü üçün məlum olmayan bu qayıdışın primitiv, bəsit şəkildə verilməsi heç bir maraqlı keyfiyyəti ilə yadda qalmır.

 

Ötən il bir neçə müəllifin hekayə, nağıl və povestləri həm kitab halında, həm də "Ədəbiyyat" qəzetində, "Göyərçin", "Nasir", "Oyuncaq" jurnallarında Q.İsabəylinin "Bulud", "Alim", "Bağban", "Alça", "Toxluq", "Atam", "Köçərilər" hekayələri, "Boz cücələrlə məşhur oğrubaşı Qara pişiyin ölüm-dirim savaşı" nağılı, R.Yusifoğlunun "Fatehin rəsmləri", "Ulduzlar", "Palıd ağacının nağılı", F.Tanrılının "Bilmirəm", "Torpağın ətri", A.Bünyadzadənin "Səyahətçi Soxulcan Şirinabadda", E.Məmmədovanın "Ayı və Arı", "Zibil qabının arzusu", "Sehirli konsert", "Zənci qar adamı", G.Almazın "Göyərçin" jurnalında silsilə hekayələri çap olunmuşdur ki, bu nümunələr nəsr əsərlərinin keyfiyyətinin nəzmə nisbətdə yüksək olduğunu göstərir. Bunların içərisində müasirliyi və mövzusunun aktuallığı, daha doğrusu müasir uşağın təfəkkür tərzinə, gerçəkliyi dərketmə imkanlarına, estetik zövqünə təsir edəcək, ətraf aləmdə baş verən hadisələrin sosial problemlərin iştirakçısına çevrilən uşağın müxtəlif situasiya və olaylarda mənəvi aləmini açan əsərlər də az deyildir.

 

Q.İsabəylinin "Aclıq dərsi" əsəri bu cəhətdən seçiləndir. Hekayə müharibənin fəci ovqatını insan, uşaq aləmində doğurduğu sarsıntıları əyaniləşdirmək baxımından maraqlı nümunələrdir. Yazıçı kiçik hekayədə Qarabağdan, Xocalıdan didərgin düşmüş bir ailənin on yaşlı övladı Elatın mənəvi-ruhi  iztirablarını mücərrəd aclıq məhfumunun fəlsəfi qatında ümumiləşdirə bilmişdir.

 

Aydın üslubu, dilinin şirinliyi, kinayə, yumor hissinin aparıcılığı ilə seçilən Q.İsabəyli yaradıcılığı çox zaman süjeti orijinal təsvir üzərində qurmaq, obrazı dolğun, hərtərəfli canlandırmaq bacarığı ilə seçilir.

 

Yazıçının hekayələri nəyi isə birbaşa təlqin etmək hissindən uzaqdır, təlqin olunan fikir süjetin məntiqi axarından doğur. Bu xüsusilə yazıçının "Bağban", "Köçərilər" hekayələri, "Boz Cücələrlə məşhur oğrubaşı Qara pişiyin ölüm-dirim savaşı" nağılı üçün xarakterikdir. Folklor üslubu bütün komponentləri: təsvir, ifadə imkanları, təhkiyə üsulu ilə bu yaradıcılıqda aparıcı yer tutur. Yaradıcılığında müsbət cəhətlərlə yanaşı, ötən il çap olunan hekayələri ilə bağlı Q.İsabəyli üslubuna xas nöqsanlı cəhətləri də qeyd etmək istərdik. İlk növbədə bu yazıçının dilinə hədsiz dərəcədə sərbəstlik verməsi ilə bağlıdır ki, bunu da sarkazm, kinayə, yumorla zəngin olan, ictimai-siyasi məsələlərə alleqorik şəkildə toxunulan, cəmiyyətin, insanlığın nöqsanlı tərəflərini açan "İt, eşşək, Allah", "Toxluq", "Atam" hekayələrində sezmək mümkündür. Hətta bu əsərlərin hansı uşağın yaş səviyyəsinə nəzərdə tutulduğu aydın deyil.

 

Uşağın aldığı informasiya böyüklərdən fərqli olaraq ilkin informasiyadır. Böyüklərdə oxuduğu hər hansı bir əsərin mənfi və yaxud müsbət tərəflərini analiz etmək imkanı olduğu halda, uşaq üçün canlandırılan hər hansı bir hadisə real əsası olan fakt, gerçəklik, dəqiqlik tələb edir. Yazıçı uşağın yaş səviyyəsini, ətraf aləmi dərketmə, qavrama imkanlarına uyğun olaraq reallığın istər müsbət, istərsə də mənfi tərəflərini elə dillə ölçüb-biçilmiş tərzdə ifadə etməlidir ki, bu uşağın beynini qarışdırmasın, onda ikrah hissi yaratmasın. Minilllik tarixi olan ədəbiyyatımızda, söz yaddaşımızda ana obrazı, paklıq, gözəllik rəmzi, kult, dəyər etalonudur. Üzü "Qurani-Kərim"dən tutmuş, "Cənnət anaların ayaqları altındadır", "Kitabi-Dədə-Qorqud" da tanrı haqqına, dərgahına yüksələn ana haqqı bu müqəddəs varlığa verilən ən ali dəyərdir. Lakin yazıçı "Atam" hekayəsində anaya tam fərqli, deyərdim ki, ananın dəyərlər sistemindəki yerinə, roluna tam yanlış mövqedən baxmış və əks şəkildə canlandırmışdır. Düzdür, müasir ailə-məişət münasibətləri, sosial qayğılar, günümüzün aktual mənzərəsi fonunda bu cür hadisələrlə rastlaşmaq mümkündür. Lakin bunu bizcə uşaq üçün mövzuya çevirmək doğru deyildir.

 

Təcrübə göstərir ki, müasir uşaq ədəbiyyatının elmi-fantastik janrda nailiyyətləri də az deyildir. Müasir təhsil sisteminin xarakterinə uyğun olaraq uşaqlarda elmə, təhsilə maraq oyatmaq, onların müxtəlif elm sahələrində bilik və bacarıqlarını formalaşdırmaq, elmi kəşflər və ixtiralarla bağlı bilgilərini möhkəmləndirmək, gələcək və bu gün arasında əlaqə və bağlılıqların qurulmasında, uşaqları məlumatlandırmaq, düşündürmək, tərbiyələndirmək istiqamətində bu janrın imkanları genişdir. Elmi-fantastik janrda yazılan əsərlərə müasir uşaqlar daha çox maraq göstərir. Müasir uşaq nəsrində bu sahədə əsərləri məktəblilər tərəfindən sevilə-sevilə oxunan müəlliflərdən biri də Reyhan Yusifqızıdır. Yaradıcılığında əsasən elmi-fantastik üsluba üstünlük verən Reyhan xanımın əsərlərində müasir elmin nailiyyətlərindən danışılır, kainat, təbiət, yer kürəsi, tarix, coğrafiya, astronomiya, riyaziyyat və s.elm sahələrinə aid maraqlı bilgilər verilir, uşaqlarda elmi biliklərə yiyələnmək, müasir elmin nailiyyətləri ilə məlumatlanmaq vərdişi aşılanır. R.Yusifqızının elmi-fantastik üslubda yazılan "Zamanın əsirləri" povesti yazıçının "Yaşıl gözlü qız" povestinin davamı olaraq qələmə alınmışdır. Əsərdə "Daş dövrü"nə düşən Rüstəm və Kənanın  rastlaşdıqları, şahidi olduqları hadisələrin fonunda müəllif kiçik oxucuları həmin dövrün təbiəti, insanları, iqlimi, insanların yaşam tərzi və inancları ilə tanış edir. Hadisələrdə uzunçuluğa getmir, ifrata varmır, bir-birindən maraqlı hadisələr, başqa bir aləmə düşmüş uşaqların hər an vəhşi təbiətlə üz-üzə dayandıqları, heyvanlarla qarşılaşmaları oxucuda maraq doğurur. Əsər dinamikdir. Hadisələr sakit axarla davam etmir. Xüsusilə "Hücum" səhnəsi uşaqların vaşaqla, vəhşi pişiklə qarşılaşmaları və heyvana xas əlamətlərin təfərrüatlı verilməsi maraq doğurur. Müəllifin insanlığın mahiyyəti, dəyəri haqqında dolğun mühakimələri düşündürücüdür.

 

Yeri gəldikcə müəllif uşaqların təbiətlə bağlı bilgilərini möhkəmləndirir, ayrı-ayrı heyvanların xüsusiyyətləri, təbiət hadisələri, mağaranın yaranma səbəbləri və həyatı, elmi sirlər, filosofların, alimlərin elmi ixtiraları ilə bağlı maraqlı və tutarlı məlumatlar verir.

 

Bu cəhətdən əsərin "Savanna", "Mamontlar", "Böyük çay", "Orta Paleolit", "Möcüzə" hissələri maraq doğurur.

 

Lakin əsərin müəyyən yerlərində müəllif ifrata varır, təbiiliyi pozur. Reyhan xanımın ətraf aləm haqqında kifayət qədər maraqlı bilgiləri insanları və qəbilə həyatının təsvirində özünü doğrultmur. Bu insanların görüntüsü, danışığı, geyimi, münasibətləri dövrün ahənginə uyğun canlandırılmır. Bəzi məqamlarda mağara insanları daha çox müasir insan təəssüratı oyadır. Lakin buna baxmayaraq əsər uşaqların maraq dairəsini genişləndirmək, elmi biliklərini, ayrı-ayrı elm sahələri ilə bağlı bilgilərini möhkəmləndirmək baxımından maraqlı əsərlərdəndir.

 

Beləliklə, 2014-cü ilin yekunları ilə bağlı uşaq ədəbiyyatı haqqında fikirlərimizi aşağıdakı qənaətlərimizlə ümumiləşdirə bilərik.

 

1.Uşaq ədəbiyyatının ayrı-ayrı janrları üzrə əldə olunan materiallara əsasən nəsr sahəsində bədii-estetik, ideya-mövzu axtarışları, dinamika, müasir mövzulara maraq nəzmə nisbətdə daha aparıcı olmuşdur.

 

2.Şeir nümunələrində bədiiliyin zəif olması, mövzuların ənənəviliyi və müasir uşağın tələbatları ilə üst-üstə düşməməsi 2014-cü ildə çap olunan şeir kitablarında toplanmış nümunələrin çox hissəsinin təkrar nəşr  səbəbindəndir ki, bu da uşaq tələbatını ödəmir.

 

3. Nəsr əsərlərində çox zaman obrazın uşaq yaşına uyğun olmayan problemlə, qayğılarla yüklənməsi, dilin qüsurlu olması bədii materiala oxucu marağının zəif olmasına gətirib çıxarır.

 

 4. Nəsr əsərlərində dolğun məzmunlu, cəlbedici xarakterin yaradılmaması, yadda qalan uşaq obrazının olmaması. Hansı ki, bu problem yalnız milli ədəbiyyatımızda deyil, ayrı-ayrı xalqların uşaq ədəbiyyatında da müasir mərhələdə yaşanılan problemlərdən biridir.

 

5. Bədiilikdən uzaq, aşağı səviyyədə olan əsərlərin dövriyyəyə buraxılması ədəbi-nəzəri araşdırmanın olmamasından irəli gəlir. Tənqidin bir çox sahələrində olduğu kimi burada da rəyləndirmə sənət meyarlarından çox fərdi münasibətlərə köklənir.

 

Hesab edirik ki, gəldiyimiz qənaətlər uşaq ədəbiyyatımızın ümumi vəziyyəti, müasir durumu və yaşadığı obyektiv və subyektiv səbəbləri ortaya qoyur. 2014-cü ilin, xüsusilə uşaq poeziyası və dramaturgiyası sahəsində böhranlı vəziyyət ümid edirik ki, qarşıdakı illərdə öz həllini tapacaq və uşaq ədəbiyyatının inkişafında, təkmilləşməsində müəyyən rol oynayacaq, bu sahədə dəyərli nümunələr gündəmə gələcək.

 

Günay QARAYEVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2015.- 7 may.- S.8.