Miniatürlər
Nurbala baba bulağı göstərir
Atamın dediyinə görə, qayınatası rəhmətlik
Nurbala babanın kənddə dəyirmanları
və çoxlu torpaq sahələri varmış. Fərasətli kişi imiş.
Elə bu səbəbdən də kəndin ən gözəl qızını - Xatiməni
alıb, özünə
arvad etmişdi. Babam həm də hazırcavablığı və
baməzəliyi ilə
kəndimizdə və
ətraf kəndlərdə
tanınırdı.
Günlərin birində kəndin yuxarı başında Taxtara deyilən ərazinin alt tərəfində
babam və şərikləri əkdikləri
taxılı, o zaman texnika olmadığından,
əllə-oraqla biçirlərmiş. Günün adamı
qarsıyan vaxtı onlar tez-tez susadıqlarından,
babamı bir neçə dəfə Taxtara bulağına su dalınca göndərirlər. Bəhanələri də bu olur
ki, guya bulağın yerini ancaq o bilirmiş. Əslində, bulağın yerini
onlar da bilirmişlər. Sadəcə,
əkin sahəsindən
xeyli uzaqda olan bulağa gedib, su gətirmək
günün istisində
müşkül bir iş imiş.
Nurbala baba bir söz demədən
su bardağını
götürüb yola
düşür. Ətraf meşəlik, bulağa
gedən yol isə kol-kosun içindən keçir.
Nəhayət, o, nəhəng fıstıq
ağacının dibindən
şırıltıyla axan
bulağa çatır.
Doyunca içib, əl-üzünə, boyun-boğazına
sərin sudan
vurur. Sonra bardağı dolduraraq, bulaqdan bir-iki addım aralanıb durur...
Bir azdan biçinçilər babamın
hay-harayını - "köməyə
gəlin!", "ay, öldüm!",
"tez imdadıma çatın!" nidalarını
eşidib, bulağa sarı cumurlar. Nəhayət, qaranəfəs bulağa çatırlar. Babamı sağ-salamat
görüb, çaşqınlıq
içində bir-birlərinə
baxırlar. Babam
onları çox intizarda qoymur:
- Hamı gəldimi?! Yaxşı-yaxşı və
birdəfəlik yadda saxlayın, bax, bulaq burdadır!
Mustafa ilə Musanın hekayəti
Musa Cəzahiroğlu göy
otluğa ikinci dəryazı çəkəndə
arxadan gələn səs onu saxladı. Dönüb baxanda
qarovulçu Mustafa Abdullaoğlunu
gördü. Onun gəlişi,
üzündəki sərtlik
Musanı heç açmadı. Mustafa atdan düşən kimi atın qantarğasını ağzından
çıxarıb, yüyəni
boynuna keçirərək,
onu göy otluğa buraxdı. Sonra üzünü hələ də dəryazı əlindən
yerə qoymayan Musaya tutdu:
- Xeyir ola, bu xarabanın böyüyü-kiçiyi
yoxdu bəgəm? Dəryazı elə həvəslə
çəkirsən ki,
sanki dədənin otluq sahəsidir.
- Dədəmin otluq sahəsi olsaydı, o boyda yolu zəhmət
çəkib gəlməzdim.
Bir də, iki damla
su götürməklə
dəniz qurumaz.
- Gəl mənimlə söz güləşdirmə,
- deyən Mustafanın
ağlına nə gəldisə, Musaya yaxınlaşıb, onun bir addımlığında
dayandı. - Bildiyimə
görə, yaxşı
güləşməyin var. Belə bir şərtim
olacaq: gəl səninlə güləşək.
Məni yıxsan, özüm otu səliqəylə biçib, kisələrinə
dolduracağam. Atını yükləməyinə
də kömək edib, səni canla-başla yola salacağam. İşdi
- şayəd, mən
səni yıxsam, hə, bax, onda iş qəlizləşir, dəryazını
əlindən alacağam
və atını da bir günlük
mənə verəcəksən.
Yazıq
atım bütün günü sahələri
gəzdiyindən, lap əldən
düşüb.
Musa çox gözəl
bilirdi ki, Mustafa olduqca gözəl, məlahətli səsə
malikdir. Bir zamanlar rəhmətlik
xanəndə Qulu Əsgərov kənddə
toyda olan vaxt onu dinləmiş,
hökmən Bakıya
gəlməsini dönə-dönə
demişdi. Mustafa da valideynlərini itirdiyindən, pulsuzluq ucbatından paytaxta gedə bilməmişdi.
Və
Musa burasını da anlayıb duyurdu ki, Mustafa həm də çox güclüdür. Amma gücünün
müqabilində fəndgirliyi
yoxdur. Kənddə yeganə pəhləvan
Həsən idi - sərbəst güləşin
fəndlərini bilirdi.
O da Bakıda
peşə məktəbində
oxuyanda Pirallahıya gedib, güləş dərnəyinə yazılmışdı.
Musa Mustafadan 4-5 yaş
kiçik olardı. Amma o da
fiziki cəhətdən
güclü idi.
Toylarda yaxşı "Qaytağı"
oynamağı vardı.
Bütün hallarda Mustafanın qabağından qaçmaq
olmazdı. Bunu Musa dərindən-dərinə duyub
hiss etdi. Könüllü məğlub olmaq
o demək idi ki, atla dəryaz
əldən gedəcəkdi.
Bu baş versəydi,
Musanı evdə Cəzahir dayının ağır tənbehi gözləyirdi. O, bütün
hallarda güləşməli
idi. Mustafaya bir söz demədən, əynindəkiləri
qurşağına qədər
soyunub, şalvarının
balaqlarını dizinə
qədər qatlayıb
yığdı.
Mustafa saymazyana, üzündə
razılıqdan doğan
təkəbbürlə pencəyini
soyunaraq, yaşıl otların üstünə
atdı. O, Musa kimi soyunmağı əhəmiyyətli
bilmədi. Fikrindən
keçdi ki, bir-iki dəqiqəyə Musanın kürəyini yerə qoyacaq...
O gün Mustafanın yaddaşında uğurlu gün kimi qalmadı.
Üç dəfə meydana
atılsa da - yıxılmağı ilə
əsla barışmırdı
- Musa onun hər dəfədə kürəyini
yerə vurdu.
Kişi kimi dediyinin üstündə durdu
Mustafa Abdullaoğlu. Dəryazı əlinə alıb, biçdiyi otu kisələrə dolduraraq,
Musanın atına yüklədi. Sonda onunla görüşüb,
əlini belinə vuraraq: - Halal olsun sənə! - deyib, otluğa
buraxdığı atına
tərəf getdi.
P.S. Bu yazını yazmamışdan
qabaq, Musa qəflətən
Haqqın dərgahına
qovuşdu. Allah ona rəhmət eləsin! Mustafa bu gün
həyatdadır. Ömrü
uzun olsun!
Xanəndə istəyinə nail olur
Xalq artisti, xanəndə Arif Babayev xarici ölkələrin birində
qastrolda olur. Boş vaxtlarda
ansambl üzvləri ilə şəhəri gəzməyə çıxan
xanəndə xatirə
şəkilləri çəkdirir.
O, hər dəfə şəkil çəkdirəndə,
nağaraçalan da yanında peyda olur.
Növbəti dəfə gəzintiyə
çıxanda bir qəlyanaltıya girirlər. Arada xanəndə
baxıb görür ki, hamının başı yeməyə qarışıb. Çölə
çıxıb, mənzərəli
bir yerdə şəklini çəkdirmək
istəyəndə, nağaraçalanın
səsini eşidir:
- Gözlə, Arif müəllim, gəlirəm!
Nağaraçalanın ona tərəf qaçdığını
görüb, deyir:
- A bala, zəhmət
çəkib gəlmə, mən bu dəfə
pasport üçün
şəkil çəkdirirəm.
Əkrəm Qaflanoğlu
525-ci qəzet.- 2015.- 7 may.- S.7.