Müstəqillik dövrü ədəbiyyatşünaslığımız
elmi-ədəbi təfəkkür işığında
Müstəqillik
dövrü ədəbiyyatşünaslığının
ilk çərəyinin tamamlanmasına iki ildən də az vaxt qalır.
AMEA Nizami
adına Ədəbiyyat İnstitutunda
akademik İsa Həbibbəylinin rəhbərliyi ilə son iki
ildə geniş vüsət alan ədəbi-elmi canlanma və
yenilənmə ədəbiyyatşünaslarımızın
yaradıcılığına da qüvvətli təsirini
göstərməkdədir. Müasir Azərbaycan ədəbiyyatşünaslığında
gedən köklü dəyişikliklərin və baş verən
sanballı yeniliklərin mahiyyətini akademik İsa Həbibbəylinin
"Böyük ədəbiyyatşünaslıq
uğrunda" analitik məqaləsindəki
aşağıdakı mülahizələri sərrast ifadə
edir: "...Azərbaycançılıq üstündə
köklənmiş sistemli ədəbiyyatşünaslıq
elmi ölkəmizdə dövlət müstəqilliyi bərpa
edildikdən sonra tam olaraq geniş şəkildə inkişaf
etməyə başlamışdır. Bu mənada
konkret tarixi özünüifadə kimi müstəqillik
dövrü Azərbaycan ədəbiyyatşünaslığı
XX əsrin səksəninci illərinin ikinci yarısından
başlamış və davam etmişdir. ...Fikrimcə,
XXI əsrin başlanğıcından müstəqillik
dövrü Azərbaycan ədəbiyyatşünaslığında
irəliləyiş və inkişaf qaçılmaz bir prosesə
çevrilmişdir".
Bu ədəbi-mənəvi
oyanış və yüksəlişin öncüllərindən
biri filologiya elmləri doktoru, professor Asif
Rüstəmlidir. Tanınmış alimin bu
yaxınlarda işıq üzü görmüş
"Müdriklik mücəssəməsi" (Bakı,
"Elm və təhsil", 2014) kitabı söylədiklərimizi
təsdiq etməkdədir. 40-a yaxın ədəbi-elmi
məqalənin yer aldığı bu monumental kitab
çağdaş ədəbiyyatşünaslığımızın
mahiyyətini və səviyyəsini uğurla əks etdirir.
Əgər kitaba daxil olan bəzi məqalələrin həcminin
50-100 səhifəyə yaxın olduğunu nəzərə
alsaq, onda söhbət açdğımız ədəbi-elmi
mənbənin ehtiva dairəsinin miqyas və
hüdudlarını təsəvvür etmək müşkül olmaz.
"Müdriklik mücəssəməsi" kitabı
eyniadlı möhtəşəm məqalə ilə
başlanır. Bu məqalə Azərbaycan
xalqının dahi oğlu, ümummilli liderimiz Heydər
Əliyevə həsr olunmuşdur. Yüksək
elmi professionallıqla yazılmış bu məqalənin
üslubunu elmilik və obrazlılığın uğurlu
sintezi səciyyələndirir. Professor Asif Rüstəmli
özünəməxsus sənətkarlıq və məharətlə
tədqiqatın əvvəlindəcə dahi şəxsiyyətin
yaddaqalan və unudulmaz obrazını cızmağa nail olur;
müəllif Heydər Əliyevin "yüksək natiqlik məharəti,
geniş erudisiyası, ensiklopedik biliyi, dərin analitik zəkası,
müdrik və uzagörən strategiyası, çevik
taktikası, polad məntiqi, sarsılmaz iradəsi, müstəsna
idarəçilik istedadı, peşəkar diplomatik manevrləri
ilə əfsanələşərək fenomenal şəxsiyyətlər
Olimpində" qərar tutmasını xüsusi
vurğulayır. Dünyanın
görkəmli ictimai-siyası xadimləri planetar miqyaslı
siyasətçi Heydər Əliyevi hələ onun
sağlığında "canlı əfsanə",
"dahi şəxsiyyət", "siyasət ustadı"
adlandırırdılar.
Professor Asif Rüstəmlinin öz elmi-fəlsəfi təhlilləri
əsasında yaratdğı Heydər Əliyev obrazı
özünün monumentallığı və həyatiliyi ilə
seçilir. Alimin düşüncə və mülahizələri
həmişə konkret faktlara, hadisə və proseslərə
söykənir. Məsələn, ulu
öndərin məşhur çıxışlarından
birini təhlil edərkən, o öz fikirlərini xüsusən
tarixi əhəmiyyət daşıyan və gələcəyə
ünvanlanan məsələlər üzərində cəmləşdirməyə
çalışır.
"Azərbaycançılıq hissiyyatını gənclərdə
yaratmaq lazımdır". Dahi öndərin bu kəlamını
təhlil edərək, müəllif belə nəticəyə
gəlir: "Azərbaycançılıq hissiyyatı - Azərbaycanı
sevmək, onun yüksəlişi yolunda çalışmaq və
mübarizə aparmaqdır. Heydər Əliyevin
elmi-nəzəri irsində Azərbaycançılıq
hissiyyatı - Azərbaycan xalqının tarixi keçmişi
ilə yanaşı onun çağdaş dövrünü,
yeniləşən və yüksələn
bugününü də tam və geniş mənada əhatə
edir".
Ümumən, "Müdriklik mücəssəməsi"
tədqiqatında ulu öndərin dövlətçilik fəaliyyətinin
milli-humanitar siqləti və mahiyyəti uğurla
açılmışdır. Alim dahi rəhbərin
iki minillik Azərbaycan mədəniyyətinin və söz sənətinin
zəmanəmizin mənəvi ehtiyaclarına xidmət etdirilməsində,
onların dünya miqyasındakı əhəmiyyətinin və
şöhrətinin yüksək səviyyədə etiraf
olunmasındakı misilsiz zəhmətlərini elmi cəhətdən
ümumiləşdirməyi bacarmışdır. İki minillik Azərbaycan mənəviyyatının
və mədəniyyətinin öyrənilməsində,
onların müasir ictimai-siyasi-mədəni sistemlərə və
sivilizasiyalara məlum edilməsində,
yaxınlaşdırılmasında Heydər Əliyev qədər
əməyi və xidmətləri olan ikinci bir şəxsi təsəvvür
etmək çox çətindir.
Təkcə "Müdriklik mücəssəməsi"
məqaləsində deyil, sonrakı məqalələrdə
də Heydər Əliyev dühasının Azərbaycan XX əsrindəki
rolu və mövqeyi vurğulanır. Bu cəhətdən, kitabdakı
"Dövlətçiliyimizin və demokratiyamızın ilk
müəllimi", "Məhəmməd Əmin Rəsulzadə
və Cəfər Cabbarlı: qovuşan və ayrılan
yollar", "Azərbaycan" qəzetinin Gəncə
dövrü", "Azərbaycan" qəzetinin Bakıya
köçməsi", "Zamanın söz
kürsüsü" kimi məqalələrdə ötən
əsrin ictimai-siyasi və mədəni tərcümeyi-halını
yazan böyük Azərbaycan oğullarının cəsarətindən
bəhs edilir. Azərbaycanın müstəqilliyinə və
azadlığına aparan yolun nə qədər
enişli-yoxuşlu, qanlı-qadalı olduğunu və nə
qədər mərd-mübariz olsalar da, əsrin əvvəllərindəki
istiqlal fədailəri ilk Azərbaycan Demokratik Cümhuriyyətini
cəmi 23 ay qoruya bildiklərini biz ürək
ağrısı ilə oxuyur, xatırlayırıq.
"Müdriklik mücəssəməsi"
kitabında "Cabbarlı dünyası" adı
altında verilmiş məqalələr də özünəməxsusluğu
və rəngbərəngliyi ilə seçilir. "Cəfər Cabbarlı
Cümhuriyyət dönəmində", "Cəfər
Cabbarlı repressiyalar məngəsində", "Cəfər
Cabbarlı və türk mifologiyası", "Qarabağ
"1905-ci ildə": Tarixi gerçəklik və bədii
həqiqət", "Cəfər Cabbarlının
"Əfqanıstan" pyesi
barədə", "Cabbarlışünaslığın
inkişaf mərhələləri" kimi məqalələr
elmi-nəzəri yanaşmanın və təhlilin
orijinallığı ilə diqqəti cəlb edir.
Müəllif
hələ "Məhəmməd Əmin Rəsulzadə və
Cəfər Cabbarlı: qovuşan və ayrılan yollar" məqaləsinin
girişində vurğulayır ki, XX yüzilliyin əvvəllərində
Azərbaycan ədəbi-ictimai mühitinin iki görkəmli
nümayəndəsi - M.Ə.Rəsulzadə və
C.Cabbarlının imperiyaya qarşı mübarizə illərində,
Cümhuriyyət dövründə bir-biri ilə yaxın
münasibətlərinin, yaradıcılıq əlaqələrinin
araşdırılması ədəbiyyat tariximizin
açılmamış səhifələrindədir və
şübhəsiz ki, çağdaş oxucu auditoriyası
üçün bu mövzu geniş və müstəsna əhəmiyyət
kəsb edir. C.Cabbarlı haqqındakı bütün məqalələrində
böyük sənətkar
yaradıcılığının həmişə
açılmamış tərəflərinə və cəhətlərinə
üstünlük verən müəllif bu yazısında da
C.Cabbarlı şəxsiyyətinin az məlum
olan keyfiyyətlərindən söz açır.
Məsələn,
onun bu mülahizəsi diqqətəlayiqdir:
"Yaradıcılığında daha çox rəmzlərə
üstünlük verən sənətkar "Gülzar"
hekayəsi ilə Azərbaycanın işğal faktını
ilk dəfə bədii ədəbiyyata gətirmişdi. Əsərlərində Sovet gerçəkliyinin
"qırmızı qaranlıqlar"ını
böyük ustalıqla təsvir edən sənətkar milli
müqavimət hərəkatının azadlıq uğrunda
mübarizəsini verməkdən də çəkinməmişdir".
M.Ə.Rəsulzadə cavan həmkarının
yaradıcılığına həmişə yüksək
hörmət və həssaslıqla yanaşmış,
C.Cabbarlı yaradıcılığındakı ən
mühüm uğur və yenilikləri öz vaxtında dəyərləndirməyə
çalışmışdır. Kitabda göstərildiyi kimi,
C.Cabbarlı dramlarını "Azərbaycan
dramaturgiyasında mühüm bir mərhələ"
adlandıran görkəmli dövlət və ədəbiyyat
xadimi "Çağdaş Azərbaycan ədəbiyyatı"
əsərində yazırdı: "Od gəlini"ni Cəfər,
"Çeka" həbsxanasından çıxdıqdan
sonra yazmışdır... Bu əsərdə atəşpərəst
Azərbaycanın müsəlman-ərəb istilasına
qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini
çapıb aparırlar. Neft dövlətin malı elan edilir, Ərəbistana
daşınır. Azərbaycanlıları islam
dinini qəbul etməyə məcbur edirlər.
Xalq üsyan edir. Gənc Elxan sevgilisinin baş
örtüyündən düzəltdiyi bir bayraqla meydana
atılır. Müdhiş bir mübarizədən
sonra onu tuturlar, edamına qərar verirlər. Dar ağacının altında onu şəhadət
kəlməsini oxumağa məcbur edirlər. O isə
"Bütün dünya desə də, mən demərəm
"La ilahə illəllah!" - deyə
hayqırır.
Mənzərənin rəmziliyi göz
qabağındadır. Tamaşaçılar üçün "ərəb"
və "islam" sözləri yerinə "rus" və
"kommunizm" sözlərini qoymaq mənanı
aktuallaşdırmaq üçün kifayətdir." Bu fikirlərin qiyməti ölçüyə gəlməz
dərəcədədir. Çünki
qeyd etdiyimiz düşüncə və yanaşma hansısa
bir tənqidçinin sərbəst fikirləri deyil. C.Cabbarlının böyük və təcrübəli
müasirinin, onun yaradıcılığına və
dünyagörüşünə yaxından bələd olan
qüdrətli bir insanın mülahizələridir. Kitabın müəllifi də C.Cabbarlı
yaradıcılığının tematikasını və
simvolikasını uğurla açan bu cür yanaşma və
təhlillərə yer verməklə C.Cabbarlı sənətinin
orijinal estetik keyfiyyətini və təkrarsız xüsusiyyətini
nəzərə çarpdırmaq istəmişdir.
"Cəfər Cabbarlı Cümhuriyyət dönəmində"
və "Cəfər Cabbarlı repressiyalar məngəsində"
məqalələri də yeni fakt və sənədlərlə
zənginliyi nöqteyi-nəzərindən ciddi maraq
doğurur.
C.Cabbarlının bədii dünyasının və irsinin zənginliyini
nümayiş etdirən, oxucuya məlum olmayan yeni-yeni əsər
və əlyazmalarından xəbər verən bu məqalələrdə
biz, eyni zamanda, böyük sənətkar
yaradıcılığının əbədiyyən itirilmiş nadir
nümunələrindən də xəbər tuturuq.
Bu
nöqteyi-nəzərdən "Cəfər Cabbarlı
repressiyalar məngəsində" məqaləsini dərin
iztirablarla, ürək ağrıları ilə oxuyuruq:
"... Az. ÇK əməkdaşları və XI
Qırmızı Ordunun Xüsusi Şöbəsinin hərbçiləri elm, təhsil, ədəbiyyat, mədəniyyət,
incəsənət adamlarını, ictimai-siyasi xadimləri həbs
edərkən, mənzilləri axtarıb qiymətli əlyazmaları,
sənədləri müsadirə edərkən protokola
"Heç nə aşkar edilmədi" yazıb sahibinə
qol çəkdirsələr də, əslində millətə
və mədəniyyətə ciddi zərbə vuran qarətçilik
və talançılıq aksiyasını həyata
keçirirdilər. Axtarış zamanı
aparılan əlyazmaların siyasi mahiyyət kəsb etmədiyi
məlum olandan sonra da, o sahibinə geri qaytarılmırdı.
C.Cabbarlının "Bakı müharibəsi",
"Araz çayı" pyeslərinin, onlarla lirik, satirik
şeirlərinin, hekayələrinin günümüzə gəlib
çatmaması bu varvarizmin təəssüfdoğurucu nəticəsidir.
Heyiflər olsun ki, Cümhuriyyətin süqutundan sonra da Azərbaycan
xalqına qarşı "xüsusi idarə"lərin,
"Çeka"ların təməlini qoyduğu mənəvi
terror ənənəsi uzun onilliklər inkişaf etdirilmiş
və təkmilləşdirilmişdir".
Kitabda C.Cabbarlının tamamilə yeni obrazı ilə
qarşılaşırıq. Bu obraz Sovet
dövründə böyük sənətkarın sosialist
realizminin banisi kimi məlum olan məşhur obrazını
kökündən inkar edir. Çeka əməkdaşları
tərəfindən olmazın işgəncələrə məruz
qalan, amma öz əqidəsindən imtina etməyən, milli
istiqlal fədaisi C.Cabbarlı ilə Sovet ədəbiyyatının
banisi kimi şöhrətlənmiş Cabbarlı arasında
yerlə-göy qədər fərq var.
C.Cabbarlı haqqındakı tədqiqatlar təkcə
yeni fakt və sənədlərlə zənginliyi cəhətdən
diqqəti çəkmir. Böyük sənətkarın
bir sıra əsərlərinin yeni yozumu və oxunuşu da
elmi cəhətdən çox qiymətlidir. Məsələn,
"Qarabağ "1905-ci ildə": Tarixi gerçəklik
və bədii həqiqət" məqaləsində biz məşhur
pyesin yeni təhlili ilə üz-üzə gəlirik. Müəllifin söylədiyi kimi, C.Cabbarlı
mövzunu hərtərəfli öyrənmək
üçün arxiv sənədlərini nəzərdən
keçirmiş, Qarabağa - Tuğ kəndinə,
Şuşaya, Ağdama getmiş, qırğının
iştirakçılarını və zərərdidələrini
dinləmişdi.
1918-ci ilin qanlı mart günlərində ermənilərin Bakıda Azərbaycan türklərinə qarşı törətdikləri ağlasığmaz vəhşiliklərin, soyqırımın canlı şahidi olmuş sənətkar erməni xislətindəki hiyləgərliyin, xəyanətkarlığın, fəndgirliyin, nankorluğun, qəddarlığın, barbarlığın, simasızlığın bütün təzahür formalarını açıq və ya üstüörtülü şəkildə "1905-ci ildə" tarixi dramında əks etdirmişdir. Tədqiqatda çox doğru olaraq, C.Cabbarlının 30-cu illərin siyasi ab-havasını çox gözəl görən və duyan bir sənətkar kimi 25 il əvvələ - 1905-ci ilə qayıdaraq erməni-müsəlman qırğınını mövzu seçməsi müəllifin böyük cəsarəti kim dəyərləndirilir. Ümumən, "1905-ci ildə" " tarixi dramının təhlilinin elmi cəhətdən son dərəcə dərin və yüksək səviyyədə alındığını qeyd etməliyik.
Doğru olaraq, bu əsərin Üzeyir Hacıbəyovun "Əsli və Kərəm", Nəriman Nərimanovun "Bahadır və Sona" əsərlərinin ideya-estetik davamı olduğunu vurğulayan müəllif türk Baxşı ilə erməni Sonanın, eləcə də erməni Baxşı ilə türk Sonanın izdivacını qeyri-mümkün hesab edir. "1905-ci ildə" tarixi dramındakı bu milli və mənəvi yenilməzlik pafosu öz dövründə bir çox müasirlərinin diqqətini cəlb etsə də, sonralar Sovet ideologiyası əsərin məhz bu estetik keyfiyyətlərini dəyərləndirməyə və təbliğ etməyə imkan verməyib.
(Ardı var)
Yaşar QASIMBƏYLİ
525-ci qəzet.- 2015.- 7 may.- S.7.