Jurnalistikanın
prinsiplərinə necə əməl olunur?
Nəşrə başlayan hər bir qəzet
qarşısına məqsəd qoyur. Və bu məqsədə
çatmaq üçün dünya təcrübəsinə
söykənən jurnalistikanın prinsiplərinə əməl
etməlidir.
Bəs, görəsən jurnalist qəbul olunmuş
prinsiplərə əməl edirmi? Birmənalı cavab
verib "edir" və ya "etmir" demək düzgün
olmazdı. Jurnalist var ki, öz
yaradıcılığında prinsiplərə söykənir,
jurnalist də var ki, prinsiplərdən qaçır,
özü istədiyi kimi hərəkət edir. Onun məqsədi qarayaxmaq, faktı özünə
sərf elədiyi kimi oxuculara çatdırmaq, lazım gələndə
şərh etmək, bir sözlə, aranı
qızışdırmaqdır. O, bununla yalnız öz
çevrəsinin "hörmətini" qazana bilər.
Prinsip
(latın sözü olub "əsas",
"özül", "başlanğıc", "əqidə")
dərk edilmiş, rəsmiləşdirilmiş fəaliyyət qayda-qanunu,
jurnalistika fəaliyyətinin metodoloji əsası deməkdir. Jurnalistikanın prinsipləri dedikdə onun nəzəri
və əməli işinin əsasları nəzərdə
tutulur.
Sovetlər Birliyi dövründə jurnalistikanın
prinsipləri Kommunist Partiyasının prinsiplərinə,
ideologiyasına tabe idi. Partiyalılıq müəyyən sinfin
mətbuatının mahiyyətini, onun siyasi istiqamətini
müəyyənləşdirirdi. Qeyd edək
ki, mətbuatın partiyalılıq prinsipi ilk dəfə
K.Marks və F.Engels tərəfindən irəli
sürülmüşdür.
F.Engels yazırdı ki, "Partiya mətbuatının
vəzifəsi hər şeydən əvvəl mübahisə
aparmaqdan, partiyanın tələblərini əsaslandırmaqdan,
inkişaf etdirməkdən, düşmən partiyanın
müddəalarını rədd və təkzib etməkdir".
Mətbuatın partiyalılığı
uğrunda mübarizə aparan V.İ.Lenin "Partiya təşkilatı
və partiya ədəbiyyatı" məqaləsində bu məsələni
geniş şərh etmişdi. O, həmişə qeyd
edirdi ki, burjuaziya öz məqsədlərini pərdələmək
üçün mətbuatın "partiyasızlığı"
prinsipini irəli sürürdü.
Azərbaycan
jurnalistləri də yetmiş il
partiyalılıq prinsipinə söykənərək əsas
prinsiplərdən uzaq düşmüşlər. "Mətbuatın gücü partiya rəhbərliyindədir"
ideyası da elmi kommunist nəzəriyyəsinin
carçısı olmuşdur. Bir sözlə, bu deyilənlərdən
belə nəticəyə gəlmək olar ki, Sovet
dövründə kütləvi informasiya vasitələrinin
partiyalılığı kommunist mətbuatı haqqında
Lenin təliminin əsas prinsiplərini təşkil edirdi...
Hazırda gündən-günə inkişaf edən
müstəqil Azərbaycan jurnalistikasının prinsipləri
KİV-in azadlığına əsaslanır. KİV
haqqında qanunun 1-ci maddəsində göstərilir ki, Azərbaycan
Respublikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların
qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq,
ötürmək, istehsal etmək və yaymaq hüququna
dövlət tərəfindən təminat verilməsinə əsaslanır.
Dövlət deyəndə Azərbaycan
Respublikasının Konstitusiyası nəzərdə tutulur.
Konstitusiyanın 47 və 50-ci maddələri
fikir və söz azadlığına təminat verir.
İndi də dünya təcrübəsinə söykənən
prinsipləri qısa da olsa nəzərdən keçirək.
Obyektivlik. Obyektivlik hər bir jurnalistin, xüsusilə
də xəbər yazan jurnalistin yazılarında
özünü göstərməlidir. Bəzən
insanların gözü qarşısında baş verən hər
hansı bir hadisə barədə jurnalistlər oxuculara
obyektivlikdən uzaq, təhrif olunmuş halda çatdırırsa,
bu nəinki jurnalisti, qəzeti də gözdən salır.
Hətta, hadisəni bilərəkdən
özünə sərf elədiyi kimi təqdim edən
jurnalist oxucunu çaşdırır, ona hörmətsizlik
edir. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov çox
haqlı olaraq qeyd edir ki, həqiqəti tapmaq üçün
gündə azı beş qəzet
oxumalısan. Bəziləri hökumətin
gördüyü işi bütövlükdə pisləyir, bəziləri
tamamilə tərifləyir. Vətəndaşlar
ortaq mövqe axtarmalı, düzgün məlumatı özləri
üçün ayırd etməlidirlər. Əslində isə qəzetlər bütün məsələləri
tam şəffaf obyektiv təqdim etməlidirlər.
Müxalifət qəzetində çalışan
jurnalistdən soruşanda ölkədə gedən quruculuq
işlərindən niyə yazmırsınız, xəbərsizsiniz,
ancaq tənqid edirsiniz, problemləri qabardırsınız. Cavabı belə olur: iqtidar
qəzetləri inkişafdan yazır, nöqsanlara toxunmur, biz də
məcburuq nöqsanlardan yazaq. Odur ki, bugünkü mətbuatı
bəzən şərti olaraq ağ və
qaraya bölürlər. Onu da qeyd edim ki, iqtidar
mətbuatının informasiya siyasəti digər mətbuatdan
fərqlənsə də, hər halda ölkədəki
inkişafla yanaşı, nöqsanları da göstərməlidir.
Kütləvi informasiya vasitələrinin rəhbərləri
ilə görüşündə (dekabr, 2001) Prezident Heydər
Əliyev bu xoşagəlməz halla bağlı demişdir:
"Dövlət mətbuatı yalnız iqtidarı təbliğ
etmək, iqtidarın qanunlarını, qərarlarını
şərh etmək yolu ilə getməməlidir. O da bizim
bütün işlərimizdə olan nöqsanları,
qüsurları aşkara çıxarmalıdır, tənqid
etməlidir... Bu cəmiyyətdə hər şey aşkar
olmalıdır... Hər kəs bu cəmiyyətin
nöqsanlarını aradan qaldırılmasına,
iqtidarın fəaliyyətindəki nöqsanların aradan
qaldırılmasına kömək etməlidir". Məlumdur ki, "Hər şeyin
yaxşılığını, ya fənalığını
ancaq tənqid sayəsində meydana qoymaq olar" (Əli bəy
Hüseynzadə).
Nə yaxşı ki, müstəqil
adlandırdığımız qəzetlər var. Həmin qəzetlərdə
Azərbaycandakı inkişafla yanaşı, nöqsanlara da həsr
olunmuş yazılar çoxluq təşkil edir. Jurnalistikanın
mühüm məqsədi obyektivlikdir, söz yox ki, bu da peşəkarlığın
meyarıdır.
Kəsəsi, jurnalist yazılarında obyektiv
olmalıdır, çünki obyektivlik həqiqətdir, həqiqəti
deməkdir.
Platonun fəlsəfəsini tənqid edən Aristoteldən
soruşandakı "Nə üçün müəllimini
tənqid edirsən?", filosofdan "Mən
müəllimimi sevirəm, amma həqiqəti ondan da çox
sevirəm" cavabını eşitmişlər.
Dəqiqlik. Jurnalist verdiyi informasiyanın dəqiqliyinə
əmin olmalıdır. Yaxşı
olardı ki, informasiya bir və ya iki qaynaqdan təsdiqini
tapsın. Onu da etiraf edək ki, dəqiqliyi
təmin etmək jurnalist üçün bir o qədər də
asan deyil. Bəzən jurnalist məhdud
çərçivədə işləməyə məcburdur.
Vaxt çatmır, informasiyanı təcili
redaksiyaya göndərməlidir, birinci olmağa
çalışır. Belə vəziyyətdə
tələsgənliyə yol verilir. Bu da səhvlərin
mənbəyinə çevrilir. Hər
halda informasiyanı birinci vermək lazımdır, amma gərək
əziyyətə qatlaşıb səhv buraxmayasan.
"Filankəs Azərbaycanı tərk elədi",
"Filankəs vəzifəsindən getdi", "Filankəsin
oğlu gecə barında atəş açdı" və
sair bu kimi informasiyalar sonralar təsdiqini tapmır. Jurnalist kimlərdənsə eşitdiyini, dəqiqləşdirmədiyi
informasiyaları qəzet səhifələrinə
çıxarmaqla oxucular arasında çaşqınlıq
yaradır. Hər halda ideal dəqiqliyə nail olmaq
çətin olsa da, jurnalist ona
çalışmalıdır.
Biz mətbuatdan söz açanda çox vaxt Amerika və
Qərbi nümunə kimi göstəririk. Hətta, yeri gələndə,
Amerika jurnalisti Yucin Qudvindən nümunə də gətiririk:
"Amerika jurnalistləri bir çox problemlərə
baxışlarında fərqlənirlər, buna baxmayaraq,
onların, demək olar ki, hamısı dəqiqliyi və
düzgünlüyü öz peşələrində əsas
meyar hesab edirlər". Düzdür, nümunə
gətiriləsi faktlar olsa da, bəzən özlərinin
yaratdıqları qayda-qanunlar öz maraqlarına qurban verirlər.
Amerikanın İraqa hücumunu yada salaq. O
vaxt İraq müharibəsindən yazmaq səlahiyyəti ancaq
CNN-ə verilmişdi. Jurnalistlər də
dövlət mənafeyindən çıxış edərək
Amerikaya haqq qazandırırdılar. Onlar
auditoriyaya müharibədən dəqiq informasiya
çatdıra bilirdilər, hansı obyekt bombalandı, nə
qədər texnika məhv edildi və s. Lakin əsl həqiqət
bu idi ki, İraqda kütləvi qırğın silahı yox
idi. Bax, bu informasiya sonralar ictimaiyyətə
məlum oldu və İraq həqiqətlərini dərk etməyə
başladılar.
Jurnalistikaya dair beynəlxalq və Azərbaycanın qəbul
etdiyi sənədlərdə göstərilir ki, hadisənin
işıqlandırılması zamanı qeyri-dəqiqliyə
və diqqətsizliyə yol vermək
bağışlanılmazdır. Yalana, xüsusilə də
bilərəkdən yol vermək olmaz, "Yalanın ən
böyük düşməni həqiqətdir"
(İmmanuil Kant).
Vicdanlılıq. Dəqiqliyə yaxın olsa da, aralarında fərq var.
Deyək ki, hər hansı hadisə fakta əsaslanmış
və dəqiq ola bilər, amma vicdanlı
olmaya bilər. Vicdanlı jurnalist yalnız hadisəyə
dəxli olan faktlara müraciət etməlidir. Vicdanlı olmaq o deyil ki, hadisəni dəqiq xəbərləmisən,
əsas odur ki, onu necə xəbərləmisən. Əsas faktı yox, ikinci dərəcəli faktı
qabarda bilərsən.
Azərbaycan mətbuatının ağsaqqalları Nəsir
İmanquliyev və Şirməmməd Hüseynovun vaxtilə
birgə yazdıqları məqalədə deyilir ki, hər
bir xəbərin əsasında yalnız məsələyə
dair faktlar durmalıdır. Çünki müxtəlif
məsələlərə dair faktlardan yazılan xəbər
faktlar, rəqəmlər yığınağına
çevrilir və çox sahəyə toxunduğu
üçün müəyyən bir məsələ haqqında
aydın təsəvvür vermir.
Dünyada
vicdan rahatlığından yaxşı nə ola
bilər? Vicdanı təmiz olanlar adam
arasına çıxmaqdan qorxmur. Onu da qeyd edim ki, cəmiyyətə
vicdanla xidmət
edən peşəkar jurnalistlər daha çoxdur. Onlar çox yaxşı dərk edirlər ki,
"Vicdanın səsi bütün qanunların üstündədir"
(Mahatma Qandi).
Qərəzsizlik. Qərəzsiz olmaq üçün qərək
vicdanlı olasan, yalana yol verməyəsən və əlində
olan faktları yalnış göstərməyəsən.
Yanlışlığa yol verilibsə, etiraf
edib düzəltməlisən. Peşəkar Jurnalistlər
Cəmiyyətinin Etik Koteksində çox aydın
yazılıb: "Buraxılan səhvləri tez və
bütövlükdə düzətmək
lazımdır". Amma təəssüf ki, bəzi
yazılarda qərəzliliyin şahidi oluruq. Qazanc xatirinə, qəzetlərin satılması
xatirinə yalan uyduran jurnalistlərin bir qismi açıq-aşkar
qərəzli mövqedən çıxış edirlər.
Bu da narazılıq doğurmaya bilməz.
M.Ə.Rəsulzadə "Mətbuat azadlığı" məqaləsində
yalan, qərəzli mətbu orqanlar barədə
yazırdı: "Öz xeyirləri üçün cürbəcür
yalanlar, qərəzli qara fitnəkarlıq və iftiralar dərc
edən mətbuat pozğun mətbuatdır, nəşrdir. Bu cür ədəbiyyat ancaq və ancaq pul qazanmaq
naminə nəşr olunur, onların puldan başqa qayələri
yoxdur".
Məsələn, müxtəlif istiqamətli iki qəzetin
eyni hadisə haqqında dərc etdiyi xəbərdə, birinin
qərəzliyi aydın görünür. Onlardan biri
şəhərdə yol ötürücülərinin tikilib
istifadəyə verilməsini tıxacların aradan
qaldırılmasına kömək edəcəyini yazırsa,
digər qəzet isə "yenə xalqın pulu göyə
sovruldu" kimi ifadələrlə qərəzliyini biruzə
verir. 2015-ci ilin iyun ayında Bakıda I
Avropa Oyunlarının keçirilməsinin vaxtı
yaxınlaşdıqca bəzi qəzetlərdə qərəzli
yazıların sayı da artır.
Jurnalistikada qərəzsizlik kimi tələb etik
baxımdan da çox mühüm əhəmiyyət kəsb
edir. Qərəzli yazı bəzən jurnalistləri məhkəmə
qapılarına aparır. Bir sıra kütləvi
informasiya vasitələri rəhbərləri belə hesab
edirlər ki, mətbuata savadlı, prinsipal adamlar gəlməli
və cəmiyyətə obyektiv, qərəzsiz viclanla xidmət
etməlidir. Məncə heç bir şərhə
ehtiyac yoxdur. Jurnalistikanı qeyri-peşəkarlardan
təmizləmək lazımdır. Əli
Həsənov qeyri-peşəkarların mediaya doluşub fəaliyyət
göstərməsini kəskin tənqid edərək
demişdir ki, qeyri-peşəkarların çox olduğu yerdə
peşəkar jurnalistlər onların arasında itib-batır.
Medianın nüfuzunu, tendensiyasını,
gündəlik media ilə bağlı ictimai rəyi məhz
bu qeyri-peşəkar jurnalistlər formalaşdırır.
Bir tərəfdən peşəkar jurnalistlərin
sayını artırmalıyıq, onların səviyyəsini
yüksəltməliyik, digər tərəfdən
qeyri-peşəkarların yolunu bağlamalıyıq,
onları media sahəsindən təmizləməliyik.
Keçən əsrin sonlarında Amerika mütəxəssisləri
ölkədə medianın vəziyyətini öyrənib belə
nəticəyə gəliblər. "Los-Anceles Tayms"in
keçirdiyi sorğuya görə, amerikalıların 17 faizi
belə hesab edir ki, mətbuat və televiziya öz vəzifələrini
lazımi səviyyədə yerinə yetirirlər. On il əvvəl isə bu rəqəm 30 faizi təşkil
edirdi.
Mediaya
olan inamın azalmasını öyrənən amerikalı
jurnalistlər 1997-ci ildə Əlaqədar Jurnalistlər Komitəsi
yaradaraq, görüşlər, seminarlar keçirib, redaktor və
jurnalistlər arasında sorğular aparıb doqquz əsas
prinsip müəyyən etmişlər:
l
Jurnalistikanın ümdə vəzifəsi həqiqəti
üzə çıxarmaqdır.
l Hər
şeydən öncə jurnalistika vətəndaşlara
münasibətdə loyal olmalıdır.
l Məlumatların yenidən yoxlanılması qaydası jurnalistikanın mahiyyətidir.
l Jurnalistika praktikası ilə məşğul olanlar işıqlandırdıqları subyektlərdən asılı olmamalıdır.
l
Jurnalistika müstəqil monitorinq gücü kimi
çıxış etməlidir.
l
Jurnalistika ictimai tənqid və kompromis üçün
forumun mövcudluğuna çalışmalıdır.
l
Jurnalistika mühüm olan məlumatları maraqlı və
müvafiq surətdə çatdırmağa
çalışmalıdır.
l
Jurnalistika xəbərin mükəmməl olmasını və
münasibliyini saxlamalıdır.
l
Jurnalistika praktikası ilə məşğul olanlara şəxsi
vicdanlarının diktəsi ilə hərəkət etmək
imkanı verilməlidir (Jurnalistlərdən jurnalistlərə.
Bakı, 2007).
Qeyd olunan prinsiplərə qanuna sayğı, insana sevgi,
bəşəri dəyərlərə üstünlük
kimi dəyərləri də əlavə etmək olar. Prinsiplərin
sayının çox olması əsas deyil. Əsas odur ki, gərək insanın vicdanı olsun
ki, onlara vicdanla da əməl etsin. Çünki
"Vicdan ən ali qanundur" (Alfons
Lamartin), o heç vaxt aldatmır. Onu da bildirim
ki, jurnalistlərin fəaliyyətini yalnız prinsiplər ilə
deyil, həm də ölkədə qəbul olunmuş qanunlar
tənzimləyir.
Sonda demək istəyirəm ki, demokratik ənənələrin
yeni yarandığı bir cəmiyyətdə
yaşayırıq. Belə bir cəmiyyətdə mətbuatın
rolu getdikcə artır. Odur ki, hər bir
jurnalist öz peşəsinə hörmətlə
yanaşmalı, övladı olduğumuz Vətənin mənafeyini
yad təsirlərdən qorumalıdır.
Akif RÜSTƏMOV
BDU-nun dosenti
525-ci qəzet.- 2015.- 7 may.- S.2.