Azərbaycan multikulturalizmi Litvada
Xəbər verdiyimiz kimi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
layihəsi çərçivəsində
"Azərbaycan multikulturalizmi"
fənni yerli və xarici universitetlərdə tədris
edilir. Litva Pedaqoji Universitetində "Azərbaycan multikulturalizmi" fənnini
professor Rafael Həsənov tədris edir. Tədrisin gedişatı, tələbələrin
dərsə göstərdiyi
maraq və ümumiyyətlə, Rafael müəllimin
Litvadakı fəaliyyəti
ilə bağlı onun özü ilə söhbət etdik.
- Rafael müəllim, adamın qəfildən, müəyyən
bir dövr üçün başqa ölkəyə köçməsi,
yeni mədəniyyətə
uyğunlaşması bir
az çətin
olur. Litvada barədə ilk təəssüratlarınız
necədir?
- Əslində mən
başqa yerlərdə
yaşamağa öyrəşmişəm. İşimə görə bir neçə yerdə yaşamalı olmuşam.
Yemək
bişirmək və nəqliyyat vasitələrindən
istifadə kimi problemlər yaşamıram.
Mən artıq "köç həyatı" yaşayıram.
Amma yenə
də Litvaya gəldiyim ilk günlərdə
darıxırdım. Axırıncı dəfə Litvada Sovet dövründə olmuşdum, uzun müddət idi ki, bura gəlmirdim.
Hava çox soyuq idi, Vilnüsu yaxşı tanımırdım.
Lakin qısa müddətdən
sonra öyrəşdim,
burada azərbaycanlıları
və litvalıları
tanıdım. Gəldiyim gün
məni "Azərbaycan
multikulturalizmi" fənnini
tədris edəcəyim
universitetdən Loreta Çokiedze və Kestutis Şalaveyus qarşıladı və böyük diqqət göstərdilər. Buranın camaatı
da çox qonaqpərvərdi, istiqanlıdı
və başqa xalqlara qarşı hörmətcildi. Əvvəlcə Litvaya özüm tək gəldim. Bir aydan sonra isə
ailə üzvlərim
də gəldi yanıma, onlar da Litvanı çox sevdilər. Biz Azərbaycana həsr
olunmuş tədbirlərdə,
bayramlarda iştirak etməyə başladıq.
Azərbaycanın Litvadakı səfirliyi
bizim üçün
dayaq nöqtəsi oldu.
- Dediniz ki, Litvanı
axırıncı dəfə
Sovet dövründə
görmüşdünüz. Sizin gözünüzdə
Litva necə dəyişib? Sizi burda nə təəccübləndirdi?
- Vilnüs çox gözəl, maraqlı, yaşıllığı bol
və sakit şəhərdi.
Keçmiş Sovetlər dövrünün
ab-havası pozulmayıb,
əhalinin çoxsu rusca bilir. Amma buna baxmayaraq, burada qərb sistemi də qurulub. Məsələn, təhsil sistemində.
Yeni binalar tikilir, amma şəhər öz tarixiliyini qorumaqla, yeniliklərlə
də bəzənir.
Vilnüsun nəqliyyat sistemi çox rahatdı. Burada avtobuslar
və taksilər üçün ayrı xətlər var. İctimai
nəqliyyatda tələbələr
üçün xüsusi
endirimlər edilir.
Buranın mətbəxi çox zəngin və dadlıdır. Amma yenə də
gəldiyim ilk ay özüm
yemək bişirirdim və milli yeməklərdən
ötrü darıxırdım.
Ailəm
bura köçəndən
sonra, evdə artıq səbzili aş, yarpaq dolması bişməyə
başladı.
- "Azərbaycan multikulturalizmi"
fənninin Litva Pedaqoji Universitetində tədrisinin səviyyəsi,
dərsin aktuallığı
və tələbələrin
bu fənnə olan marağı sizi qane edirmi?
- "Azərbaycan multikulturalizmi"
fənni Mərkəzinin layihəsi çərçivəsində
artıq 7 xarici ölkə universitetində
tədris edilir. Bunlardan biri də Litva
Pedaqoji Universitetidir. Burada bu fənn Nizami
Gəncəvi adına auditoriyada tədris edilir. Maraqlı mühazirələrimiz keçir.
Mühazirələrdə müxtəlif ölkələrdən
20 tələbə iştirak
edir. Dərslər
interaktiv olur, dərsdə
tələbələrin Azərbaycan
multikulturalizmi, Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin yaranması
və fəaliyyəti, Azərbaycanda yaşayan etnik qruplar barədə məlumat verilir. Tələbələr Azərbaycanın
multikulturalizmi, tarixi, mədəniyyəti ilə
yaxından tanış
olurlar. Hər dərsin sonunda
tələbələr tərəfindən
maraqlı suallar səslənir və müzakirələr aparılır.
Bu fənnin tədrisi
Azərbaycan və Litvanın təhsil sahəsində olan münasibətlərinə müsbət
təsir göstərir
və əlaqələrini
daha da gücləndirir.
- Sizin "Etnik müxtəliflik və Azərbaycan multikulturalizmi"
adlı mühazirənizdə
iştirak etdik və dərsin səviyyəli keçdiyinin
şahidi olduq.
- Çox sağ
olun, mən bu fənnin tədris edilməsinin ideya müəllifi, Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
Dövlət müşaviri,
akademik Kamal Abdullaya və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə
öz dərin təşəkkürümü bildirirəm.
Firuzə
ABBASOVA
525-ci qəzet.- 2015.- 7 may.- S.2.