I Avropa
Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti
Şərait
Azərbaycanda Birinci Avropa
Oyunlarına gedən yol bəlkə də ilk dəfə Milli Azadlıq Hərəkatından
başladı. Xalq ayağa qalxdı, şəhid verdi,
qan bahasına öz azadlığını
bərpa etdi. Dünya ölkələri arasında
öz səsi, öz sözü oldu. Üçrəngli bayrağını dalğalandırdı, dövlət himnini səsləndirdi.
Ulu Öndər Heydər Əliyev xalqımızın
arzusu və tələbi ilə ikinci dəfə hakimiyyətə gəldi,
Azərbaycanın müstəqilliyini
möhkəmləndirdi, ölkədə
geniş miqyaslı islahatlar apardı, xalqın itən inamını özünə
qaytardı , daxili sabitlik yaratdı, elm və mədəniyyəti,
o cümlədən, idmanı
və bədən tərbiyəsini inkişaf
etdirdi.
Azərbaycanın artan nüfuzunu,
daxili sabitliyini görən
xarici dövlətlər ölkəmizə
küll-miqdarda sərmayələr
yatırtdı və bu da Azərbayan
dövlətçiliyinə inam hissini gücləndirdi
və müstəqilliyimizin
dayaqlarını
daha da möhkəmləndirdi.
1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkədə idmanın
və Olimpiya Hərəkatının hərtərəfli
və sürətli inkişafı təmin edildi. Sonrakı illərdə Prezident İlham Əliyevin təşəbbüsü və
tapşırığı ilə Bakıda və rayonlarda Olimpiya idman kompleksləri tikildi. Bu iş indi də uğurla
davam etdirilir, beləliklə, idmanın
və Olimpiya Hərəkatının inkişafı
dövlətin əsas
qayğılarından birinə
çevrilib.
Azərbaycan Milli Olimpiya Komitəsi tez bir zamanda xalqın
idman istedadına sahib çıxdı
və bu gün o gücü dünyaya göstərə bilir. Təsadüfi deyil ki, Azərbaycan indi dünyanın aparıcı
idman dövlətlərindən
birinə çevrilib.
Azərbaycan idmanı xalqımızın
milli sərvətidir.
Milli Olimpiya Komitəsi bu milli sərvəti böyük
qayğıkeşliklə qorudu
və gələcək
nəsillər üçün
sağlam genefondun əsasını yaratdı.
İdmançılarımızın Olimpiya oyunlarında qazandığı
qələbələr, dövlətimizin idmanın və Olimpiya Hərəkatının inkişafına göstərdiyi
qayğı
İlk
Avropa Oyunlarının Bakıda keçirilməsinə əsaslı şərait yaratdı.
İlk
Çoxdandır bir ifadə
- "Bakı-2015 Avropa Oyunları"
kəlməsi
qəlbimizi fərəh
hissi ilə doldurur. İlk Avropa Oyunlarının Bakıda
keçirilməsi bütün
dünya azərbaycanlılarını vahid bir ideya ətrafında sıx birləşdirir, onların
qürur mənbəyinə
çevrilir.
İlk Avropa Oyunları ifadəsində
ən
çox xoşuma
gələn
"ilk" sözüdür və bu "ilk" sözü əsas nitq hissəsi olan sadə sifətdir, Avropa Oyunlarının ilk dəfə
məhz Bakıda keçirildiyini özündə
ehtiva edir. Azərbaycan həmişə "ilk"-lərdən olub, ilk olmaqdan ötrü bütün sahələrdə
sosial bazanı möhkəmləndirməklə
demokratik, hüquqi bir dövlət kimi daim inkişafdadır.
İlk Avropa Oyunlarının keçirilməsi barədə
qərar 8 dekabr 2012-ci
il tarixində,
Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Avropa Oyunlarının hər dörd ildə bir keçirilməsi qərara alınıb.
Baş Assambleya iştirakçıları arasında
keçirilmiş gizli
səsvermə nəticəsində ilk Avropa Oyunlarının Bakıda
keçirilməsi barədə
qərar qəbul edildi və 12-28 iyun tarixləri arasında keçiriləcək oyunlarda Avropanın 49 ölkəsindən 20 idman növü üzrə 6000 -dən çox idmançı yarışacaq.
Bakıda
keçiriləcək birinci
Avropa Oyunlarına məsul olan Təşkilat Komitəsinə
Azərbaycanın Birinci
Xanımı, Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin
üzvü, YUNESKO-nun xoşməramlı
səfiri Mehriban Əliyeva sədrlik edir. Məhz bu seçim,
Avropa Oyunlarının
uğurunu şərtləndirən
əsas amillərdən
biridir.
Bakı
2015 Avropa Oyunlarının
rəsmi loqosu Alov, Su, əfsanəvi Simurq quşu, Xalı və Nar da daxil olmaqla, ev sahibi ölkənin
qədim və müasir mədəniyyət
və səylərini
formalaşdırmış beş başlıca elementi bir araya
gətirib. Loqo ölkəmizin təbii gözəlliklərini, mədəniyyətini və gözəl Bakımızın
xarakterik cizgilərini
təsvir edir.
2015 Avropa Oyunlarının rəsmi simvolları: Ceyran və nardır.
Bu cütlük Bakı 2015-in təbliğatında
brend rolunda çıxış edərək
bütün dünyada
birinci Avropa Oyunlarının simvoluna çevriləcək. Məhz böyük
təcrübənin və ölkəmizdə idmanın
inkişafına olan inamın nəticəsidir ki, iki ildən sonra Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcək.
Bəli, bu da yeni
bir "İlk" hadisə, böyük idman hadisəsi. Hələ qarşıda
Azərbaycanı daha böyük "İlk"lər
gözləyir.
Gözəllik və sağlamlıq
Birinci Avropa Oyunları yurdumuza bahar kimi gəlir.
Novruz bayramında
insanlar evin içini: yorğan-döşəyi,
köhnə mebelləri çölə
atıb yaz günəşinin
şüasında təmizlədikləri
kimi , bu gün də insanlar öz içlərində
köhnə fikirləri,
kini-küdurəti, qara
magiyaları atıb içlərini yeni bir nur işığı
ilə doldurublar. Şəhərə
təzə avtobuslar , taksilər gəlib, yollar, küçələr Birinci Avropa Oyunlarının reklamları ilə bəzədilib.
Şəhər başdan-başa abadlaşır, yeni idman sarayları
tikilib. Avropa Oyunlarının
şərəfinə şəhərdə
asfalt döşəmələr,
divarlar, evlər, damlar təzələnir, yol polisləri dünya standartlarına uyğun yeni biliklərlə təlimatlandırılır. Bakıda nəqliyyat infrastrukturu
yeniləşir, müasirləşir.
Yeni xidmət infrastrukturu yaradılır.
Şəhərimizdə aparıcı brend otellər öz
fəaliyyətini genişləndirir
və dünya standartlarına cavab verir.
Bütün bunlar insanlara xoş ovqat bəxş edir, onların əhval-ruhiyyəsini yaxşılaşdırır. Şəhərimizdə gedən yenidənqurma işləri insanların , necə deyərlər, qan dövranının tənzimlənməsinə kömək edir. Onlarda əsəb sistemi sakitləşir, psixoloji durum sabitləşir. Böyük bir sevinc hissi ölkə əhalisini ağuşuna alır. Azərbaycan xalqı möhtəşəm Avropa Oyunların açıq ürək, gülərüzlə qarşılayır.
Prezident İlham Əliyev aprelin 26-da qədim od məbədi Atəşgahda Birinci Avropa Oyunlarının məşəlini yandırdı. Birinci Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.
Həmin mərasimdə Prezidentin dediyi kimi, Azərbaycan əsrlər boyu sivilizasiyalararası, millətlərarası, dinlərarası dialoqun aparılması üçün öz imkanlarını ortaya qoyur. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələrinin birgə yaşaması, bir ailə kimi yaşaması dünya tarixində nadir təcrübədir. Beləliklə, Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir, qarşılıqlı anlaşmanın bərqərar olması üçün səylərini göstərməkdədir.
Çox gözəl deyiblər ki, idman sağlamlıqdır. Təkcə idmançıların deyil, həm də izləyənlərin, tamaşaçıların sağlamlığıdır. Artıq xalq öz qəhrəmanlarıını idmanda tapırsa, onun qələbəsinə sevinirsə, artıq bu xalqın mənəvi və fiziki sağlamlığını təmin edən əsas faktordur.
Birinci Avropa Oyunlarınıın ən başlıca əhəmiyyətinin biri də ölkəmizdə idmanın və bədən tərbiyəsinin kütləviləşməsi, millətin sağlamlığı uğrunda yeni bir hərəkatın başlanmasıdır.
Birlik və müdafiə
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ölkə vətəndaşları arasında birliyin daha da möhkəmlənməsinə stimul verir. Artıq burda sevinc birdir, hədəf göz önündədir. Oyunların izləyicisi, tamaşaçısı bütün dünyadır. Ölkə əhalisi idman bayramının ətrafında sıx birləşir, öz dövlətinə, Prezidentinə böyük həmrəylik nümayiş etdirir. Oyunun rəsmi simvolları seçilən Ceyran və Nar xalqımızın adət-ənənələrni, milli psixoloji xüsusiyyətlərini özündə əks etdirir. Ceyran Azərbaycan təbiətinin simvoludur, saflığın rəmzidir. İndi o bütün dünyanı gəzəcək. Xalq şairi Səməd Vurğun vaxtı ilə "O çöllər qızını ayırma bizdən" deyirdi. Təbiətə silah müdaxiləsi şairi incidirdi. İndi Azərbaycanda keçirilən və bütün dünya tərəfindən izlənilən və dəstəklənən Birinci Avropa Oyunlarının simvolu ceyrandırsa, demək, ölkənin dövlətçilik şüuru və təfəkkürü təbiətin də yeganə qoruyucusu və müdafəçisidir. Narın quruluşu birliyin, mətinliyin simvoludur. Fikir verin, onun dənəcikləri necə sıx birləşiblər. O qədər six birləşiblər ki, onların arasına yad cismin girməyi mümkün deyil. Dənələrin sıx birləşməsi bu gün Azərbaycan xalqının daxili birliyini və həmrəylini çox dəqiq ifadə edir. Nar Günəşi sevir, güclü və enerjilidir. Ceyran və Nar təbiətin göstəricisidir. Azərbaycan elə bir sivil ölkədir ki, bütün zamanlarda o təbiətlə həmrəydir və öz qüdrətini, insanpərvərliyini milli-mənəvi dəyərlərlə yanaşı, təbiətdən də alır.
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi bütün dünya azərbaycanlılarını sevindirir. Onların vətən, birlik, dövlətçilik duyğuları bir -biri ilə qaynayıb qarışır, Azərbaycan dövlətinin nufuzunun daha artmasına, möhkəmlənməsinə yönəlir. İdman fiziki güc nümayişinin ən sivil üsuludur. Bu mənada Azərbaycanda Birinci Avropa Oyunlrının keçirilməsi Qarabağ münaqişəsinin siyasi yolla həll olunması yolunda möhtəşəm bir addımdır. Azərbaycanın Birinci Avropa Oyunları sevgisi onun demokratik, qonaqpərvər, sivil, sülhsevər bir ölkə olmasını göstərən əsaslı bir faktdır. Dostun qapısını döyərlər. Dostun evinə qonaq gələrlər. Əgər böyük Avropa möhtəşəm oyunlarının Bakıda keçirilməsinə qərar verirsə, demək, ölkəmiz sevil, demokratik bir dünya ölkəsidir. Demək, burada təhlükəsizliyə, daxili nizam-intizama, dünya idman qanunlarına, oyunların yüksək səviyyədə keçirilməsinə böyük təminat var. Bütün bunlar Azərbaycanın hüquqi, siyasi, iqtisadi, sosial və mədəni cəhətdən müdafiəsinin daha da möhkəmlənməsinə səbəb olacaqdır. Birinci Avropa Oyunları Azərbaycanı qonaqpərvər, böyük mədəniyyət tarixi olan bir ölkə kimi bütün dünyaya tanıdacaq, dövlətimizin nüfuzu artacaq, ölkəmizə turist axınını, investisiya qoyuluşunu sürətləndirəcək.
Əxlaq
Bakıda keçirilən İlk Avropa Oyunları özündə böyük əxlaq dəyərləri nümayiş etdirir. Bu əxlaqın içində oyunlara qatılan ölkələrin milli -əxlaqi dəyərləri də iştirak edir. İdman bayramında xarici ölkələrdən gələn qonaqlar Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Ona görə də bu böyük idman bayramı həm də mədəniyyət və incəsənətin bayramıdır. Tarixən insan damarından, beynindən və təfəkküründən qopub gələn gücü çay selləri kimi məcraya salmaq, onu dəyərli və vacib məqsədlərə yönəltmək həmişə bəşəriyyətin ən birinci məqsədi olub. İllər keçir, insan gücü soyuq müharibələrə, qanlı döyüşlərə cəlb olunur, bu da insanlıq üçün çox ağır məşəqqətlər yaradır. İnsanın fiziki gücü başqa bir insanın məhvinə yönəlir.
Mənə elə gəlir ki, idman dünya pərakəndə güc zəlzələsindən xilas edilərək güc enerjisini vahid bir xəttə, idmana, Olimpiya oyunlarına yönəldə bilir. Bu, tarixin kəşfi, həm də qələbəsidir.
Bu mənada idman hər şeydən əvvəl əxlaqdır. İdman müharibəyə son deməkdir. Bakıda keçirilən Birinci Avropa Oyunları müharibənin, şərin dayaqlarını sarsıdır, bütün dünya ölkələrini vahid bir məcraya, idman sevincinə, sülhə yönəldir. Dünyada hamının anlaya biləcəyi bir dil- sülh, danışıq və barışıq dili var. Birinci Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan dünya dövlətləri ilə məhz bu dildə danışacaq. Hesab edirəm ki, bütün dünyada sülhə, əmin-amanlığa xidmət edən bu möhtəşəm idman bayramı da Qarabağ məsələsində də bizim haqlı olduğumuza öz töhfəsini verəcək, Azərbaycanın ərazi bötüvlüyünün təmin olunmasında mühüm rol oynayacaq.
Yuxarıda qeyd etdiyim kimi dövlətimizin idman siyasəti, Azərbaycanın dünyada tanıdılmasına, ölkəmizin siyasi, mədəni, iqtisadi qüdrətinin möhkəmlənməsinə, abadlaşmasına və xalqımızın sağlamlığına xidmət edir. Bu mənada Birinci Avropa Oyunları ölkəmiz üçün böyük tarixi əhəmiyyətə malikdir.
Qəşəm
NƏCƏFZADƏ
Qeyd: Məqalə Milli
Olimpiya Komitəsi və Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim etmək üçün
çap edilir.
525-ci qəzet.- 2015.- 7 may.- S.4.