Qarayaxma üzrə peşəkar təşkilatlar

 

RUSLAN ATAKİŞİYEV: "MÖTƏBƏR TƏDBİRLƏR HESABINA AZƏRBAYCANA SƏFƏR EDƏN ƏCNƏBİLƏRİN SAYI DAHA DA ARTIR"

 

Əgər idmanın müxtəlif növləri üzrə qitəmiqyaslı olimpiya oyunları deyil, qarayaxma üzrə beynəlxalq yarışlar keçirilsəydi, yəqin ki, ilk pillələrdə "Freedom House", "Human Rights Watch", "Amnesty İnternational", Milli Demokratiya İnstitutu kimi beynəlxalq təşkilatlar qərarlaşardı.

 

Çünki hazırda statuslarından istifadə edən belə qurumlar sürətlə inkişaf edən dövlətlərin ev sahibliyi etməyə hazırlaşdığı mötəbər tədbirlərə, xüsusilə idman yarışlarına kölgə salmaq üçün "peşəkarlıqla" məkrli fəaliyyətlərini davam etdirirlər. Yaxın tarixə nəzər salsaq Azərbaycan kimi Rusiya və Qətərin də təzyiqlərə məruz qaldığını xatırlamaq olar. Hələ 2012-ci ildə paytaxt Bakı "Avroviziya" mahnı müsabiqəsini təşkil etməyə hazırlaşarkən xarici dairələr avropalıların tədbirlərə qatılmaqdan imtina etməsi üçün Azərbaycanın imicinə zərbə vurmağa başlayıblar. İnsan hüquq və azadlıqları sarıdan Azərbaycanı problemli ölkə kimi təqdim edən "Freedom House", "Human Rights Watch", "Amnesty İnternational", Milli Demokratiya İnstitutu kimi təşkilatlar müsabiqəyə marağı sıfıra endirərək tədbirin başlamadan bitməsi üçün əllərindən gələni ediblər.

 

Bəlkə də onlar bəzi avropalıların Azərbaycana səfərinin qarşısını ala biliblər, lakin ümumilikdə sözügedən təşkilatların fəaliyyəti gözlədikləri nəticəni vermədi. Ölkəmiz "Avroviziya" mahnı müsabiqəsini uğurla təşkil edərək qonaqlara xoş xatirəyə çevriləcək maraqlı anlar yaşadıb.

 

Xronoloji ardıcıllığa uyğun olaraq növbəti tədbir 2014-cü ildə keçirilən Soçi Qış Olimpiya Oyunları və Braziliyada Futbol üzrə Dünya Çempionatı idi. Həmin ərəfədə həm Rusiya, həm də Braziliya beynəlxalq dairələrin təzyiqlərinə məruz qalıb, fundamental dəyərlərin pozulduğu ölkələr kimi təqdim olunub.

 

Dünyanın bir çox dövlətlərində hər iki yarışa  "boykot" çağırışları müşahidə olunub. Nəticədə isə bütün təzyiqlərə rəğmən bu yarışlar da uğurla təşkil olunub, Rusiya və Braziliya iqtisadiyyatı idman və turizm sektorundan gələn maddi vəsaitlərlə daha da zənginləşib.

 

Növbədə isə Bakı 2015 Birinci Avropa Oyunlarıdır. Azərbaycan 3 ildən də az bir vaxtda söz verdiyi kimi hazırlıqları tamamlayaraq olimpiya məşəlinin Bakıya çatacağı günü gözləyir. Lakin dövlətimizi ləkələməyə çalışan məkrli qüvvələr anti-Azərbaycan kampaniyası hazırlayaraq sistemli şəkildə fəaliyyətlərini davam etdirirlər. Niyə? Nə üçün? Məgər Azərbaycanın problemləri onları çoxmu narahat edir? Əgər belədirsə, o zaman ünvanı səhv salıblar.

 

Bütün problemlərin mərkəzində işğalçı Ermənistan dayanır. Beynəlxalq dairələr Azərbaycan xalqına kömək etmək istəyirlərsə, Dağlıq Qarabağ torpaqlarının işğaldan azad olunmasına, 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün pozulan hüquqlarını bərpa edilməsinə, Xocalı, Qaradağlı kimi erməni vəhşiliyinin nəticəsi olan soyqırım aktlarının günahkarlarının cəzalandırılmasına çalışsınlar. Onlar bütün bunların əvəzinə ermənilərə haqq qazandıran, Ermənistanın kəşfiyyat orqanlarına işləyən vətən xainlərini müdafiə edirlərsə deməli problem Azərbaycanda deyil, məhz həmin təşkilatların özündədir.

 

Digər beynəlxalq əhəmiyyətli tədbir isə 2018-ci və 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatlarıdır.

 

Məlum məsələdir ki, Rusiyadakı yarışların baş tutmaması üçün çalışanların artıq ciddi bir səbəbi var. Lakin Qətərdə təşkil olunacaq Dünya Çempionatının özəlliyi isə yeni bir məkanda - Yaxın Şərq regionunda və xüsusilə müsəlman dövlətində keçirilməsidir. Qərbin və Amerikanın islamafob dairələri illər əvvəl İslam dünyasına qarşı nifrət kampaniyasının əsasını qoyublar.

 

Təsadüfi deyil ki, mötəbər tədbirin maddi imkanlarla satın alındığı, insanların kobud şəkildə istismar edildiyi haqda nağıllar bu yarışların da baş tutması üçün aparılan kampaniyanın əsas şüarlarına çevrilib.

 

Artıq Dünya Çempionatına ev sahibliyi etmək üçün alternativ ölkə də tapılıb. Avstraliya Qətərin əvəzinə yarışları keçirməyə hazır olduğunu bildirib. Təbii ki, futbol üzrə Dünya Çempionatına tarixdə heç vaxt ev sahibliyi etməyən Avstraliyanın bu canfəşanlığını başa düşmək olar.

 

"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə İşçi Qrupun üzvü, politoloq Əliməmməd Nuriyevin sözlərinə görə, Birinci Avropa Oyunları ərəfəsində beynəlxalq təşkilatlar və onların rəhbərləri çalışırlar ki, Azərbaycanın adına ləkə salsınlar.

 

O qeyd edib ki, ona görə də bəzi xarici dairələr ölkəmizə qarşı apardıqları qara kampaniyanı daha da genişləndirməyə çalışırlar:

 

"Anti-Azərbaycan kampaniyasına qoşulan təşkilatların sayı durmadan artır. Lakin ölkəmizə qarşı mənfi ictimai rəy formalaşdırmağa çalışan qüvvələrin mənfur niyyətləri Avropa Oyunları zamanı tamam iflas edəcək. Mötəbər idman bayramına qatılmaq üçün Azərbaycana gələcək olan avropalıların gözündə ayrı bir mənzərə canlanacaq və ölkəmiz nümunəvi bir məkan kimi yadda qalacaq. Bu zaman beynəlxalq ictimaiyyət ədalətsiz, qeyri-obyektiv əsaslarla fəaliyyət göstərən qurumları yaxşı tanıyacaq. Çünki onların yaratmağa çalışdıqları ictimai rəy sabun köpüyü effektini verəcək".

 

Politoloq hesab edir ki, Azərbaycan günü-gündən inkişaf edir, güclənir və qlobal məsələlərə təsir imkanlarını artırır:

 

"Beynəlxalq dairələr də bu reallığı dərk edirlər. Əgər Dağlıq Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulması üçün beynəlxalq qurumların fəaliyyəti heç bir nəticə verməsə, Azərbaycan məcbur olacaq ki, öz imkanlarından istifadə edərək erməni təcavüzünün qarşısını alsın. Ona görə də erməni lobbisinin təsiri ilə xarici dairələr hərəkətə gətirilir, ölkəmizin nüfuzunu aşağı salmaq üçün təzyiq vasitələri işə salınır. Biz çalışmalıyıq ki, anti-Azərbaycan qüvvələrinin məkrli niyyətlərinin üstünü açıb öz imkanlarımız daxilində dövlətimizə qarşı təşkil olan təxribatları, təhdidləri sıradan çıxaraq".

 

Ölkə daxilində də erməni lobbisi ilə öz fəaliyyətlərini həmahəng tutan qüvvələrin olduğunu təəssüflə qeyd edən Ə.Nuriyev bildirib ki, qərəzli fəaliyyət göstərən yerli və xarici təşkilatlar həm də çalışırlar ki, Azərbaycanla Avropa dövlətləri və ABŞ-ın əlaqələrinə mənfi təsir etsinlər:

 

"Azərbaycanın uzun illərdir bu dövlətlərlə siyasi və iqtisadi baxımdan əməkdaşlıq münasibətləri var. Ona görə də hesab edirəm ki, fəaliyyətlərini məkrli niyyətlər üzərində quran qüvvələr Azərbaycan-ABŞ, Avropa İttifaqı və digər dövlətlərlə mövcud əlaqələrinə təsir edə bilməyəcəklər. Bu münasibətlər çox ciddi təməl üzərində qurulub. Xüsusilə regional iqtisadi məsələlər baxımından Azərbaycanla ABŞ-ın böyük əlaqələri var.

 

Diqqət yetirsək, Bakı-Tbilisi- Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu, "Cənub Qaz Axını" layihələri Sovetlər Birliyindən tamam fərqli məkanın yaradılmasına xidmət edir. Azərbaycan hər zaman atdığı addımlarda xarici ölkələrlə qurduğu əməkdaşlıq əlaqələrinə sadiq olduğunu göstərir, etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Birləşmiş Ştatlarda da Azərbaycanın apardığı uğurlu və ardıcıl siyasət maraqla qarşılanır və bu əlaqələri pozmaq deyil, daha inkişaf etdirmək haqqında daim düşünülür. Bu da erməni lobbisini narahat etməyə başlayır və bəzi dairələri hərəkətə gətirərək təsir imkanlarını sınaqdan keçirirlər".

 

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı-ekspert Ruslan Atakişiyev hesab edir ki, Avropa Oyunları kimi mötəbər bir yarışın Azərbaycanda keçirilməsi müsbət qiymətləndirilməlidir. Bu Avropa Olimpiya Komitəsinin və ona üzv dövlətlərin ölkəmizə olan etimadının göstəricisidir.

 

Bu o deməkdir ki, Azərbaycan o səviyyədə inkişaf edib ki, beynəlxalq idman qurumları belə bir tarixi hadisənin təşkilatçılığını məhz bizə həvalə edir. Təbii ki, bu elə də sadə məsələ deyil. Belə bir tarixi idman hadisəsinə ev sahibliyi etmək üçün ölkəmiz az müddətdə çox uğurlu yol keçib. Dövlətimizin uğurlu şəkildə apardığı idman siyasəti nəticəsində Azərbaycan beynəlxalq idman qurumlarında olan mövqeyini günü-gündən möhkəmləndirir.

 

Çünki bundan əvvəl ölkəmiz idmanın müxtəlif növləri üzrə Avropa və dünya çempionatlarını yüksək səviyyədə təşkil etməklə beynəlxalq qurumların diqqətini özünə cəlb edə bilib. Bu mənada hesab edirəm ki, Azərbaycan ilk dəfə keçiriləcək Avropa Oyunlarını da yüksək səviyyədə təşkil edəcək və dünya idman ictimaiyyətini  növbəti dəfə heyrətləndirəcək. Bu günə qədər görülən işlər bizim ölkə olaraq nə qədər doğru yolda olduğumuzu bir daha sübut edir. Oyunların yüksək səviyyədə keçirilməsi ölkəmizin dünyada daha yaxından tanıdılmasında əvəzsiz rol oynayacaq, Azərbaycanın turizm potensialını daha da üzə çıxaracaq.

 

Avropa Oyunları idman yarışı olsa da, Azərbaycanın təbliğatı, beynəlxalq aləmdə nüfuzunun artması, etibarlı tərəfdaş imicini möhkəmləndirməsi baxımından böyük hadisədir. Tədbirə qatılan qonaqlar ölkədə gedən inkişafla yaxından tanış olacaq və yaxın gələcəkdə də turist kimi səfər etmək haqqında planlar quracaqlar. Bu cür yarışlar, mötəbər tədbirlər hesabına Azərbaycana səfər edən əcnəbilərin sayı ildən-ilə artır. Bu ölkə iqtisadiyyatının neft sektorundan asılılığının azaldılması üçün böyük imkanlar açır. Xüsusilə turizm sektorunda görülən işlər nəticəsində Azərbaycanın qeyri-neft sektorunun yüksələn xətt üzrə inkişaf etdiyini görürük".

 

R.Atakişiyev qeyd edib ki, təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində də mötəbər tədbirlər keçirilən zaman müxtəlif qara kampaniyaların aparıldığının şahidi oluruq:

 

"Bakı 2012 - Avroviziya, Soçi 2014 - Qış Olimpiya Oyunları, Braziliya 2014  - Futbol üzrə Dünya Çempionatına qarşı təşkil olunduğu kimi Bakı 2015 - Birinci Avropa Oyunları, Rusiya 2018 və Qətər 2022 - Furbol üzrə Dünya Çempionatlarına qarşı beynəlxalq dairələrin kampaniya şəklində hücumları davam edir, qərəzli və qeyri-obyektiv bəyanatlar verilir, təşkilatçı dövlətlərə qarşı şər və böhtan yağdırılır.

 

Yəni, bu cür hallar hər zaman baş verir, bunun sırf Azərbaycanla əlaqəsi yoxdur. Çünki qeyri bir ölkənin təşkil etməyə hazırlaşdığı yarışı ola bilsin ki, başqa dövlətdə keçirmək, iqtisadi faydalarından yararlanmaq arzusundadır. Və yaxud da məsələyə təkcə iqtisadi deyil, eyni zamanda siyasi aspektdən də yanaşmaq lazımdır. Yəni, beynəlxalq əlaqələr sistemində aparıcı dövlətlər arasında maraqların toqquşması və ziddiyyətlərin yaranması nəticə etibariylə bu cür anti-təbliğatların aparılmasına gətirib çıxara bilər.

 

Sözügedən beynəlxalq təşkilatlar isə sifarişçi ölkələrdən aldığı maliyyə vəsaitləri qarşılığında səbəbindən asılı olmadan mötəbər tədbirin həmin ölkədə keçirilməsini əngəlləmək üçün qarayaxma kampaniyası aparırlar".

 

Ceyhun Abasov

525-ci qəzet.- 2015.- 7 may.- S.4.