Adı ünvanına qayıtdı - (Sənədli hekayə)

 

 

 

Abidə ucaldılandan bəri Vaqif müəllim hər gün - səhərlər , axşamlar da yolunu şəhər parkından salardı; parkın gözəgəlimli yerində qoyulmuş postament üzərindəki atasının görüşünə gələrdi saçlarına vaxtından əvvəl dən düşmüş oğul...

 

Çox vaxt yanında 6-7 yaşlarında bir oğlan uşağı da olardı, axı ağlıkəsən uşağın xahişini yerə salmağa ata necə qıyaydı?! Abidəyə yaxınlaşdıqca hər ikisinin, atanın da, dəcəl oğlan uşağının da çöhrələri ciddiləşib tutulurdu. Balaca Məmmədağa, ilin hansı fəslində olursa olsun, hər dəfə buraya gələndə mütləq tapıb gətirdiyi çiçək dəstəsini sakitcə abidənin ətrafına düzür oğlanın sifətindəki uşaq heyrəti donub qalırdı: heç belə cavan baba olar?...

 

Babasının hünər rəşadətindən Məmmədağanın bir elə xəbəri yox idi. O, təkcə burasını bilirdi ki, adını daşıdığı babasının onun kinolarda gördüyü davadakı faşistlərlə vuruşub, qəhrəmanlıq göstərib.

 

lll

 

16 mart 1944-cü il... Torpaq altdan baş qaldıran novruzgülünün sarı ləçəkləri ilk bahardan müjdə verəndə 24 yaşlı bir gəncin ömrünün bahar fəslinə faşist gülləsiylə nöqtə qoyuldu. Qürbətdə bir məzar qaldı, qərib bir məzar... Lakin onun adı qərib qalmadı. Uzaq İtaliya torpağında Məmmədağanın Vətən yolunda qəhrəmancasına ölümü adını ünvanına qaytardı, əbədiyyətə qovuşdurdu.

 

lll

 

Qarşımda bir qəzet var. İllər 1949-cu ilin 20 noyabrında keçmiş Dəvəçi rayonunda çıxan "Yüksəliş" qəzetinin səhifələrinə iz salıb. Rəngi saralmış bu qəzetin birinci səhifəsində Məmmədağa Nəzirovun şəkli verilib, tərcümeyi-halı dərc edilib. Onun tərcümeyi-halı da həyatı kimi qısadır.

 

Məmmədağa Həsənbəy oğlu Nəzirov 1920-ci ildə Dəvəçi qəsəbəsində doğulub. 1937-ci ildə Bakı Maliyyə Texnikumuna qəbul olunsa da, ailə vəziyyətinə görə bir ildən sonra təhsilini yarımçıq qoyub. Bankda mühasib köməkçisi işləyib. Çalışqanlıq təşkilatçılıq bacarığına görə Dəvəçi rayon komsomol komitəsinin şöbə müdiri vəzifəsinə irəli çəkilib. Ancaq bu vəzifədə bir il işləyə bilib -müharibə minlərlə yaşıdı kimi onun da arzularını ömrü kimi yarımçıq qoyub. Məmmədağa ərizə verərək könüllü cəbhəyə yollanıb.

 

lll

 

Məmmədağa Nəzirov ilk dəfə düşmənlə Beloserkovo şəhərindən bir qədər şərqdə - Medvin kəndində qarşılaşdı. Burda onların alayı da almanların güclü tank diviziyasının hücumunun qarşısını alırdı. İki gün ağır döyüşlər getdi. Çoxlu düşmən tankı yandırıldı. Lakin almanlar böyük qüvvə ilə hücum edib sağ sol cinahdan Məmmədağagilin alayını mühasirəyə aldı. Vəziyyət ciddi idi. Düşmənin əhatəsini yarıb mühasirədən çıxmaq lazım idi. Bunun üçün bir vzvod ayrıldı. Əsgərlərin içində Məmmədağa da vardı. Onlar faşistlərin Medvin kəndindəki mövqelərini top atəşinə tutmalı, yoldaşlarının mühasirəni yarıb çıxmalarına şərait yaratmalı idilər. Səhərdən axşamadək davam edən bu ağır təkbətək döyüşdə xüsusilə fərqlənən komandanlıq tərəfindən təşəkkür alanlar arasında Məmmədağa da var idi.

 

Sonradan M.Nəzirovun cəbhə yolları Xarkov, Jitomir Ukraynanın başqa şəhərlərindən keçdi. Krım uğrunda gedən döyüşlərin birində ağır yaralanan Məmmədağa əsir düşdü. Lakın o Krımdakı əsir düşərgəsində çox qalmadı, böyük bir dəstəni özü ilə qaçırıb Krımda yaradılan 8-ci Azərbaycan partizan dəstəsinə qoşuldu, bu dəstənin ən cəsur döyüşçülərindən biri oldu.

 

Tarix elmlər doktoru Qaraş Mədətovun "Azərbaycan oğulları Böyük Vətən Müharibəsi illərində.1941-1945-ci illər" (Elm-1965) kitabından sətirlər:

 

"1943-cü il dekabr ayının 30-da M.Nəzirovun rəhbərliyi altında 12 nəfər partizan Ay-Petri yaxınlığında faşist nəqliyyat karvanına hücum edib 1 avtomobili 23 faşisti məhv etmişdir.

 

1944-cü il yanvarın 2-də M.Nəzirovun Ə.Əliyevin komandası altında bir dəstə partizan Tatar-Osman Bahadır kəndləri arasında faşist nəqliyyatına hücum etmiş düşmənin iki yük avtomobilini, 42 əsgər zabitini məhv etmişdir".

 

1944-cü ilin əvəllərində ölkənin cənub rayonlarını azad etmək uğrunda başlanan müzəffər yürüş Krım partizanlarının mübarizəsinə yeni vüsət vermişdi.

 

Lakin bir dəfə növbəti əməliyyat zamanı Məmmədağa yenidən düşmənin əlinə keçdi. Əvvəlcə Polşada oldu, sonra onları Almaniyadakı Nohanmer həbs düşərgəsindən Şimali İtaliyaya gətirdilər. Məmmədağa Udne şəhərindəki azərbaycanlılardan ibarət əsir düşərgəsində tezliklə antifaşist təşkilat yaratdı. Bu təşkilata onunla birgə Həsən Nadirov başçılıq edirdi. Təşkilat yerli partizanlarla əlaqə yaradıb əsirlərin onlara qoşulması üçün çox gördü.

 

lll

 

1944-cü ilin yazı. Hər şey hazır idi. Əsirlərin tezliklə üsyan edib Triyest yaxınlığındakı Prosek qəsəbəsində partizanlara qoşulmasına az qalırdı.

 

14 mart gecəsi... Məmmədağa o gecə uşaq kimi sevinirdi. Axı onun, şöhrəti bütün İtaliyaya yayılmış öz sevimli eloğlusu - Mixaylo ilə görüşməsinə lap az qalırdı.

 

Nədənsə sevincli anlarında xəyalı insana həmdəm olur. Məmmədağanın da xəyalı o gecə quş kimi qanadlanmışdı. O, Vətənini düşünürdü, doğma Dəvəçini xatırlayırdı.

 

- Yəqin Dəvəçidə-doğma yurdda çiçəklər, otlar bahar həsrətiylə torpaq altdan baş qaldırır. İydə, badam ağaclarının budaqları bahar nəfəsiylə tumurcuq bağlayır. Hacaquyruq qaranquşlar doğma ellərə qayıdır. Darıxmayın, mən qayıdacağam, atam hey, üzünü doyunca öpmədiyim balam hey.

 

Lakin...

 

...Lakin o qayıda bilmədi. Əsirlərin arasındakı gizli xain düşərgənin rəisini xəbərdar etmişdi. Üsyanın başlanmasına bir neçə saat qalmış faşistlər üsyanın başçılarını-Məmmədağa Nəzirovu Həsən Nadirovu həbs etdilər.

 

Almanların hədsiz əzab işgəncələri Məmmədağanın, Həsənin iradəsini qıra bildi. Düşmənlər onlardan təşkilatın fəaliyyətinə dair bir söz olsa qopara bilmədilər.

 

  ... 16 mart, 1944-cü il... Çuxura düşmüş gözlər, sinələrə doğru əyilmiş başlar əli silahlı faşistlərin əhatəsində zirvəyə qonmuş qartal kimi məğrur iki gənc...

 

- Əbədiyyətə qovuşduğunuz o günü gözlərim önündə canlandırmaq istəyirəm... Faşistlər əsirlərin gözləri qarşısında igid həmyerlilərimizi güllələyərkən guya böyük humanistlik etmək istəmiş, onlara qara yaylıq verib gözlərini bağlamağı əmr etmişlər. Lakin Məmmədağa ilə Həsən düşmənin atəşini alman dilində bu sözlərlə qarşılamışdılar: "Biz Vətən yolunda ölümdən qorxmuruq. Yaşasın Vətən! Faşizmə ölüm!"

 

Sonra isə onların həmvətənlərinə doğma dildə dedikləri kəlmələr güllələrin səsinə qarışmışdı: "Vətənə qələbə ilə qayıdın! Bizi unutmayın!"

 

Uzaq Adriatik sahillərində o gün qərib əsgər məzarlarının sayı bir artdı. Bu həsrətdən Xəzərin şahə qalxdı dalğaları... Axı neçə-neçə oğluna, qızına niskillidir-həsrətlidir o dalğalar, indiyəcən yol gözləyir qumlu sahillər. Laylay demək, dalğalarının mavi pıçıltısında uyutmaq istəyir Mehdisini, Məmmədağasını, Həsənini ana Xəzər.

 

lll

 

Qürbətdə bir məzar qaldı, qərib bir məzar. Lakin Məmmədağanın adı qərib qalmadı. Adı ünvanına qayıtdı...

 

lll

 

...Yolda tanış olduğu əmi balaca Məmmədağadan ad-familiyasını xəbər aldı.

 

- Məmmədağa Nəzirov.

 

Tanımadığı əmi sonra ondan hansı məktəbdə oxuduğunu soruşdu.

 

Balaca Məmmədağa da qürur iftixarla:

 

- Məmmədağa Nəzirov adına Dəvəçi şəhər 1 saylı məktəbdə, - deyə cavab verdi.

 

Heyrətlənən əmi, Məmmədağanın onunla zarafat etdiyini zənn edib, gülümsədi.

 

- Necə? Məktəb sənin adını daşıyır?!

 

Məmmədağa isə ciddi halda:

 

- Yox, həmin Məmmədağa Nəzirov mənim babamdır, - dedi,- yaşadığımız küçə də elə babamın adınadır. Axı, babam qəhrəman olub.

 

Sonra isə balaca Məmmədağa inam və cəsarətlə əlavə elədi ki, böyüyəndə o da qəhrəman olacaq!...

 

Əmi bu dəfə şəksiz-şübhəsiz gülümsədi və Məmmədağa da sevindi ki, tanımadığı əmi onun bu sözlərinə qeydsiz-şərtsiz inanıb!...

 

Şabran

 

Aydın Tağıyev

525-ci qəzet.- 2015.- 8 may.- S.8.