70 yaşlı qələbənin 91
yaşlı şahidi
Tarix onu oxuyub öyrənənlərdən
ötrü vur-tut xronologiya və statistikadan ibarətdir. Amma o tarixin
canlı şahidləri
Vətənin məğrurluğunu,
əzəmətini, vüqarını
şərəflə üzərində
daşıyır, qələbəyə
aparan yolu keçmişin qaranlığında
gözdən itməyə
qoymur, özləriylə
bərabər yaşatmağa
davam edirlər.
Ona görə
də tarixin əsl həqiqətlərini
onu yaşayanların dilindən öyrənmək
daha yaxşıdır. Haqqında söz
açacağım qəhrəman
Birinci Dünya müharibəsinin iştirakçısı,
91 yaşlı Rəşid
Qasımovdur.
Tarixin ən dəhşətli savaşında
bəzilərinə həyatda
deyil, yalnız yaddaşlarda yaşamaq, böyük itki olaraq yad edilmək
qismət olub. Onların ölməz
xatirələrini, müharibədə
göstərdikləri böyük
şücaətləri, əvəzsiz
fədakarlıqları isə
cəbhə yoldaşları
qədər heç kəs yaşadıb tarixin bir parçasına
çevirə bilməzdi.
1924-cü ildə Füzuli
rayonunun Böyük Pirəhmədli kəndində
anadan olan Rəşid Qasımov İkinci Dünya müharibəsinə 18 yaşında
- 1942-ci ildə gedib. O, Krım,
Kerç və Kuban istiqamətində gedən
döyüşlərdə iştirak edib. 1944-cü ildə Krımda faşist qoşunlarıyla ağır
mübarizələrin birində
ayağını itirdiyi
üçün döyüş
səngərlərini tərk
etmək məcburiyyətində
qalıb. Hazırda 91 yaşında
olan müharibə veteranı qazandığı
mükafatların hər
birinin indi də ona iştirak
etdiyi döyüşləri
xatırlatdığını deyir.
Müharibədən sonrakı illərdə doğma kəndində təsərrüfat işləri
ilə məşğul
olub, 88 yaşına kimi at belində gəzib. Müxtəlf vəzifələrdə çalışıb, təsərrüfatla
məşğul olub.
Rəşid kişi
16 il müdiri olduğu fermanın mal-qarasını hər il yaylağa - Füzulidən Ermənistanın
Sisyan rayonuna qədər özü aparırmış ki, ermənilər hər hansı bir hücum törətməsinlər.
Çünki döyüşlərdən, müharibələrdən çıxan
Rəşid kişinin
mərdliyi kənd əhalisi kimi, ermənilərə də
yaxşı məlum idi.
Doğma
Böyük Pirəhmədli
kəndinin işğalından
sonra - 1993-cü ildə
Rəşid kişi məcburi köçkün
düşmək məcburiyyətində
qalıb. Doğma el- obasını bir an belə unutmayan, torpaq, yurd itkisi
ilə barışa bilməyən Rəşid
kişi o vaxtdan bəri Göyçay rayonunun Xalidli kəndində məskunlaşıb. Doğma torpaqlara
qayıdacağı günü
səbrsizliklə gözləyən
müharibə veteranı
zəfər gününün
çox uzaqlarda olmadığını deyir.
O, Dağlıq Qarabağ
müharibəsini xatırlayaraq
bildirir ki, səngərlərə yollanaraq
hər Azərbaycan əsgərinə bir güllə verərdi. Hesab edir ki, bir
güllə bir düşmən deməkdir,
artıq israf etmək olmaz. Eyni zamanda o böyük qələbə üçün
hər bir azərbaycanlının buna
inanmasını vacib sayır. Çünki inam hər dərdin dərmanıdır,
deyir.
Vətənpərvər ruhda 8 övlad böyüdən Rəşid
kişiyə göyçaylılar
da böyük hörmət bəsləyir,
ağsaqqal kimi məsləhətinə daim
önəm verirlər. Rayonun icra
hakimiyyəti, kənd
icra nümayəndəliyi,
bələdiyyə orqanları,
eləcə də digər dövlət strukturlarının rəhbərləri
və əməkdaşları
vaxtaşırı qocaman
veterana baş çəkərək onun
səhhəti, məişət
qayğıları ilə
yaxından maraqlanırlar.
Rəşid kişiyə
göstərdikləri diqqət və qayğıya görə Göyçay rayon əhalisindən,
dövlət strukturlarının
nümayəndələrindən razılığını bildirir.
Xalqımızın göstərdiyi diqqət,
qayğı və hörmət onu yaşamağa daha da ilhamlandırdığını
deyən qocaman qəhrəmanımız məhz
Qələbə gününü
özünə doğum
günü kimi qeyd edir.
Nəvələrindən üçü Azərbaycan Silahlı Qüvvələrinin sıralarında zabit kimi ön cəbhədə vətənə şərəflə xidmət edirlər. Ümumiyyətlə, onun nəslindən çıxan 20-dən çox zabit hazırda Azərbaycan ordusunda çalışır, bir neçəsi isə yüksək xidmətlərinə görə general rütbəsinə qədər yüksəlib.
Rəşid kişinin mübarizələrlə, qələbələrlə zəngin həyat yolu təkcə övladlarına deyil, hər bir azərbaycanlıya, xüsusilə vətənpərvər ruhda yetişməkdə olan gənc nəslə örnək sayılmalıdır. Ona görə yox ki, Vətən uğrunda yaşamaq, ölməkdən daha şərəflidir. Ona görə ki, Vətən uğrunda ölməyə hazırsansa, deməli Vətən uğrunda yaşamağa da layiqsən. Rəşid kişi bunu İkinci Dünya müharibəsində şərəf və ləyaqətlə iştirak edərək, ölümün gözünə dik baxıb vətəninin, xalqının adını yüksəklərə qaldıraraq sübut edib. Bu amil bizi böyük qələbəyə - Dağlıq Qarabağa aparan yola daha da yaxınlaşdırır. Vətənin bütöv, işıqlı sabahı üçün ölməyə hazır yaşayanlarımız çox olsun!
Biz də Rəşid kişini 9 May - Qələbə günü münasibəti ilə təbrik edir, uzun ömür, cansağlığı, doğma Qarabağa yenidən qayıtmağı arzu edirik.
Ceyhun ABASOV
525-ci qəzet.- 2015.- 9 may.- S.30