Üç yaşlı əsir

 (Povestdən parça)

 

 

 

Hər ümidsiz işdə xeyli ümid var,

Qaranlıq gecədən səhər doğar.

 

Nizami Gəncəvi

 

...Batalyonun ancaq bir hissəsi hücuma keçirdi. Çox sürətlə irəli gedirdilər. Tankların, “BTR”lərin ağırlığı altında elə bil yer titrəyirdi. Bir saat sonra Naxçıvanikin ətəyindəydilər. Tanklar dayanıb kəndə sarı xeyli mərmi atdı. Düşmən tərəfdən təpki hiss olunmurdu. Görünür, bu qəfil hücumu gözləmirdilər. Komandir hər şeyi dəqiq hesablamışdı. Gözlənilməz hücum düşmənə toparlanmağa, əks hücuma keçməyə imkan verməmişdi. Saqqallılar - erməni yaraqlılarını camaat belə çağırırdı - dabanlarına tüpürüb kəndi tərk etmişdilər. Kənd sakinləri də ev-eşiyini qoyub qaçmışdı. Görünür xocalıların başına gətirdikləri müsibəti indi də azərbaycanlıların onların başına gətirəcəyindən, dəhşətli intiqam alacağından qorxmuşdular.

 

Komandir bir müddət kəndə girməyə icazə vermədi. Düşmən heç bir müqavimət göstərməməklə onları arxayın edib tələyə də sala bilərdi. Komandir erməni dilini bilən uşaqlardan dörd nəfər ayırıb kəndə kəşfiyyata göndərdi. Kəşfiyyata gedənlər bir saatdan sonra qayıtdılar. Kənd boşalmışdı. Komandir bu səhih məlumatdan sonra kəndə girib mövqe tutmağa icazə verdi. O, könüllülərə: - Unutmayın, saqqallılar hökmən geri qayıdacaqlar, - deyərək xəbərdarlıq etdi. - Bizim bu düşmən yuvasını əldə saxlaya bilməyimiz indi bizdən çox arxadakılardan asılıdır.

 

Könüllülər ikibir, üçbir kəndə səpələndilər. Kəşfiyyatçıların “kənd boşalıb” xəbəri yüz faiz inandırıcı olsa belə, onlara tanış olmayan küçələrlə getmək, həyətlərə, evlərə, elə belə, həyəcansız, qorxu-hürküsüz girmək mümkün deyildi. İnsan olanın içində daim bir qorxu, səksəkə var. Kim zəmanət verə bilərdi ki, evlərin künc-bucağında, kol-kosda, qayalıqda gizlənmiş düşmənin gülləsinə tuş gəlməyəcəksən. Sakitliyin, sükutun gətirdiyi qorxu hissi atışma zamanındakından daha güclü olur. Döyüş vaxtı bilirsən ki, düşmənlə üzbəüz atışırsan, sakitlikdə, sükutda isə düşmənin səni məhv etmək, yaxud sənin düşməni mühasirəyə salmaq üçün nə kimi plan qurulduğunun nigarançılığının hər dəqiqəsi bir il qədər uzundur.

 

Şahlar yol kənarındakı hasarın böyründə elektrik dirəyini görüb dayandı. Bu elektrik dirəyinin başından elektrik lampası asılmışdı. Yəqin elə buna görə dirəyə çıxıb-düşmək üçün ayaq yerləri düzəltmişdilər. Şahlar tez dirəyin başına çıxıb şərf kimi çiyninə atdığı üçrəngli Azərbaycan bayrağını oradan asdı. Dağlardan gələn meh bayrağı qanadlandırmışdı. Şahlar qürur hissilə bayrağa baxdı və ürəyində: “Kişi düz deyirmiş. Bir kərə yüksələn bayraq, bir daha enməz!”.

 

Şahlara elə gəldi ki, yetmiş dörd il qabaq deyilmiş bu fikir dağlarda əks-səda verdi:

 

- Bir kərə yüksələn bayraq, bir daha enməz!

 

Yellənən bayrağın altında dayanıb yaxına, uzağa baxdı. Sonra batmağa yuvarlanan günəşə, ağacların sıx yarpaqları arasına doluşmuş quşların cikkiltisinə qulaq asdı. Fikirləşdi ki, bu gözəlliklə atəş səsləri heç cür bir-biri ilə uyuşmur.

 

Yorulana qədər yaxına, uzağa baxdıqdan sonra yavaş-yavaş dirəkdən endi və bu zaman ağlayan uşaq səsi eşidib ətrafı dinşədi. Tək qalmışdı. Yoldaşları kəndə dağılışmışdılar. Səs getdikcə hönkürtüyə çevrilirdi, elə bil uşağın ətini kəsirdilər. Şahlar narahat oldu. Bu onlara qurulmuş tələ də ola bilərdi. Lakin getdikcə şiddətlənən uşaq səsinə dözmək, onun harayına səs verməmək, imdadına yetməmək onun üçün ağla sığışmayan, bağışlanmayan bir iş idi. Adamın sinirlərinə işləyən bu uşaq səsi artıq Şahların başına düşmüşdü, barmağı ilə qulaqlarını tıxayırdı, yenə də bu naməlum uşaq səsini eşidirdi. Fikirləşirdi ki, əgər bu saat o səsin ardınca getməsə, ömrü boyu o səsi başında daşıyacaq, imdadına yetmədiyi üçün o ağlayan, sızlayan, hönkürən, gah da bağırtıya, naləyə çevrilən səs heç vaxt onu tərk etməyəcək, sakit yaşamağa qoymayacaq.

 

Şahlar bir anda hasardan aşıb qonşu həyətə düşdü. Uşaq səsi kürsülü evdən gəlirdi. Bu kürsülü, üstü dəmir taxtapuşlu ev əsl azərbaycanlı, qarabağlı evlərinə oxşarıydı. Şahlar həyətə, kürsülü evə göz gəzdirə-gəzdirə fikirləşdi ki, eyni bölgədə yaşayan insanların mədəniyyəti biri digərinə təsir edib formalaşır, istər-istəməz azlıq çoxluğa qovuşur. Bütün Qarabağ camaatı qapısı gündoğana açılan kürsülü evlərdə yaşayırdı. Bu cür kürsülü evlər tikməyi Qarabağ erməniləri də mənimsəmişdilər, mətbəxlərindən bəhrələnmişdilər. Amma bir-birinə can deyib can eşitdikləri vaxtlar erməni axçiləri “dolma bizim ata-baba yeməyimizdir” deyəndə azərbaycanlı arvadlarının ərinmiş yağa atılmış ət tikəsi kimi cızdaqları çıxırdı:

 

- Az, axçi, insafınız olsun dayna, dolma heç sizin sözdü? Gəldiniz, gəlmədiniz, hər şeyimizə şərik çıxdınız də. Hələ hərdənbir ərlərimizi də ələ keçirirsiniz. Sən Allah nə istəyirsiniz eləyin, təki insafı-mürvəti unutmayın...

 

Uşaq səsi açıq pəncərədən gəlirdi. Şahlar ehtiyatlanıb avtomatını çiynindən aşırdı. Barmağını tətiyin üstünə aparıb qapıya bərk bir təpik vurdu. Təkgözlü qapı zərblə açılıb yan divara çırpıldı. Pəncərənin tül pərdələri çəkilmədiyindən otaq yarıqaranlıq idi. Şahlar bir an otağın ortasında donub qaldı. Həyatında birinci kərəydi ki, icazəsiz-filansız yad evə soxulmuşdu - özgə evinə. Başqa vaxt olsaydı, bu hərəkətini özünə bağışlamazdı. Ev iç-içə iki otaqdan ibarət idi. Səs də arxa otaqdan gəlirdi.

 

Şahlar çarpayının tən ortasında ağlamaqdan gözünün suyu burnunun seliyinə qarışmış yarıçılpaq uşağı gördü. Səsi başına düşən uşağın çox olsa, üç yaşı olardı. Onun Türkəri yaşdaydı. Bu erməni balası da onun Türkəri kimi qaragöz, qarasaç, amma yastıbaş, totuqsifət oğlan uşağı idi. Körpə qorxudanmı, ya qəfil tənhalığına son qoymuş, imdadına yetişmiş adama görəmi, səsini kəsmişdi. Şahlar ona doğru gələndə uşaq yenidən bağırtı ilə ağlamağa başladı. Rəhm hissi Şahlara güc gəldi:

 

- Ağlama, balaca, ağlama!

 

Avtomatını çiyninə aşırıb uşağı qucağına götürdü. Uşağın çılpaq yanbızına toxunanda başa düşdü ki, valideynləri onu yatılı qoyub qaçıblar. Şahlara görə onun ata-anasını qınamağa, məzəmmət etməyə dəyməzdi. Müharibədə hər şey bir anda baş verir, bəzən düşünməyə, qərar çıxarmağa belə macal tapmırsan.

 

Şahlar istər-istəməz evə göz gəzdirdi. Evdən nəsə götürmək, çırpışdırmaq barədə heç düşünmürdü də. Halallığı hər şeydən üstün tuturdu. Ancaq insan marağı özünü göstərirdi. Divardan yeləni ceyran-cüyürlü əsl Qarabağ xalçası asılmışdı. Şahların uşaqlığı bu cür xalçaların üstündə keçmişdi. Bu xalçanın tən ortasından iki nəfər gəncin böyüdülmüş şəkli asılmışdı. Şübhə eləmədi ki, şəkildən ona baxan bu cütlük evin sahibləri, qucağında gözünün yaşını axıdan uşağın valideynləridir. Şəkildəki kişi ondan üç-dörd yaş böyük olardı. Saqqalsızdı, uzun bakenbardı, iri burnu, nazik bığı, şabalıdı saçları vardı. Ona sığınmış xanımı xoşbəxtcəsinə gülümsəyirdi, özü də çox lətafətliydi və kişidən altı-yeddi yaş kiçik olardı.

 

Çarpayının üstündəki mələfəni götürüb uşağı ona bükdü. Geri qayıdanda istər-istəməz  bayaq içindən keçib getdiyi, qapısı artırmaya açılan otağa nəzər saldı. Gözü baş tərəfdəki çarpayıya sataşdı. Yataq yığışdırılmamışdı və əzik-üzüklüyündən, döşəkağına düşmüş ləkədən, bir cüt əski parçasından başa düşdü ki, cütlük kəndə atılan ilk mərmiyə kimi sevişirmiş.

 

Şahlar köks ötürdü. Düşündü ki, insan sevib-sevilmək, bolluca sevişmək, kam almaq üçün bu dünyaya gəlibsə, bəs bu bir-birini qırmaq, torpaq iddiası nə üçündür? Qəddarlıqdan, vəhşilikdən zövq almaq olarmı? Axı deyəsən yavaş-yavaş insanda insanlıq ölür... Belə getsə dünyanın axırıdı.

 

Uşağı doğma balası kimi bağrına basıb otaqdan çıxdı. Bu mərhəmətə baxmayaraq uşaq özünü yad insanın qucağında hiss etdiyindən ağlayır, sızlayırdı, içini çəkib hıçqırırdı. Bununla Şahların bağrına od salırdı. Yazıq körpə böyüklərin günahı üzündən əzab çəkirdi. Şahlar bilmirdi nə etsin. O yaşda uşağı başa salmaq, baş vermiş bütün bu olayların mahiyyətini anlatmaq ağlasığmayan bir iş idi.

 

Şahlar onu kiritməyə çalışdı:

 

- Sakit ol, balaca, sakit ol! Mən indi səninlə neyləyim? Kaş səsini eşitməyəydim, səni yalqız, ağlayıb-sızlayan görməyəydim. Hə... Atan qarşıma çıxsaydı yəqin ki, öldürərdim, ya da o məni öldürərdi. Bax, sevişəndən sonra ölmək, ya da kimisə öldürmək ağlagələsi iş deyil... Yaxşı, ağlama... Sakit ol, bax belə… Əgər atan qarşıma çıxsaydı, əyər atanı öldürsəydim yetim böyüyəcəkdin... Necə ki, bizimkilərdən çoxunu sizinkilər atasız qoyub. Amma hələ sənin ağzından süd iyi gəlir, günahsızsan, məsumsan. Ancaq gün gələcək böyüyəcəksən, ata-anan, müəllimlərin sənin o ağappaq beynini biz türklərə qarşı zəhərləyəcəklər. Bizi o qədər pisləyəcəklər ki, o qədər soyqırımdan danışacaqlar ki... İmkan tapıb soruşa da bilməyəcəksən, axı biz ermənilər bu türklərə nə pislik etmişik ki, bizi qırıblar? Yazıq bala, sən o boyda kin-küdurətlə necə yaşayacaqsan? Görəsən o kinli çağlarında səni qucağına alıb öz balası kimi əzizləyəni - məni xatırlayacaqsanmı... Nə bilim, bəlkə yanılıram, bəlkə səhvəm, sən böyüyüb adam balası olacaqsan. Kaş biləydim sənin atan nəçidi, nə sənətin sahibidir... Bizimkilərə qarşı hansı hoqqalardan çıxıb. Bəlkə elə Xocalı qətliamını törədənlərdən birisi də sənin atandır, balası? Əgər atanın əlləri günahsız xocalıların qanına batıbsa çox pis, balası, çox pis... Nə deyim, düzünü Allah bilir. Amma o xislət ki, sənin babalarında var, bu xəmir çox su aparacaq... Bir gün bu mənasız ədavətə son qoymasanız, bu işıqlı dünyada nə siz bir gün görəcəksiniz, nə də biz... Amma mən sənin necə də xoşbəxt olmağını, ata-anana qovuşmağını istəyirəm... Güllə atan olma ey, gül atan ol, balası. Onda adam balası kimi yaşayacaqsan. Allah da səndən razı qalacaq, bəndə də.

 

Bu yerdə pəsdən mızıldadı ki, uşaq daha da ovunsun:

 

Səhərin gülşən çağında,

Nə gəzirsən bağı, bülbül.

Oxudun, ağlım apardın,

Oldun mənə yağı, bülbül.

 

- Yox, çox insafsızsınız. Ə, bizim bu gözəllikdə mahnımızı da öz adınıza çıxarmısınız. Ağ eləməyin də, başı kinlə dolan, ürəyi sevgi ilə döyünməyənlər belə mahnı yarada bilməzlər heç.

 

Yadına Xocalı qırğını düşdü. Dostları ilə xocalıları xilas etməyə getmişdi. Meşəyə girəndə əvvəlcə kimsəyə rast gəlməmişdilər. Qəsdən hay-küy salmışdılar ki, düşmən gülləsindən orada-burada gizlənənlər varsa, qorxmayıb üzə çıxsınlar. Tez-tez səslənirdilər:

 

- Ə kim var burda? Qorxmayın, özünüzünkülərdi.

 

Yavaş-yavaş ağacların, qayaların arxasında gizlənmiş qız-gəlin, körpə uşaqlar görünməyə başlamışdı. Çoxusu ayaqyalın idi. Qəfil atəş səslərindən yataqdan durub hövlnak çölə atılmış bu zavallıların ayaqlarını don vurmuşdu. Onların bu halını seyr etmək dəhşət idi. Şahlar taqəti kəsilmiş bir ananın beş yaşlı oğlunu kürəyindən alıb qucağına götürmüşdü. Uşağın ayağını don vurmuşdu. Onu buşlatına bürümüşdü ki, uşaq heç olmasa özünə gəlsin. Uşağı da, anasını da maşına mindirib Ağdama yola salmışdı. Çünki hələ də xocalılar iki bir, üç bir meşədən çıxaraq Ağdama sarı gəlməkdəydilər, onlara kömək etməliydi...

 

Şahlar indi heç vaxt unuda bilmədiyi o faciəli günlərdən çətinliklə ayrılıb özünə gəldi və o məşum günlərin ağrı-acısını bir də yaşadığından az qaldı düşmən balasını qucağından yerə atıb ayaqları altına alıb çığnasın. Ancaq “Lənət şeytana! Lənət şeytana!” deyib hələ də içini çəkən uşağı sinəsinə sıxdı:

 

- Ağlama, balası, şükür elə ki, mən səninkilər kimi qəddar deyiləm... Ay körpə, sən hardan çıxdın qarşıma? Sən məni aciz-avara elədin. Kaş sən mən yaşda olaydın, çaxaydım gülləni başına.

 

İndi mən səninlə neyləyim, balaca? Səni elə burada, bu yolun qırağındaca atıb getsəm bağrın yarılacaq... Lənət şeytana, hardan sənə rast gəldim... Görən sənin başına gələn, Allah eləməmiş, mənim Türkərimin başına gəlsəydi sənin atan neyləyərdi? Mənim kimi qucağına alıb sakitləşdirərdimi, xəstələnməsin deyə mələfəyə bükərdimi, qayğısına qalardımı?.. Böhtan atmaq istəmirəm, balaca. Nə bilim, bəlkə, atan yaxşı kişidi. Bəlkə o da heç qan tökməyin tərəfdarı deyil... Amma sizinkilərin elə əməllərindən danışırlar ki, adamın damarlarında qanı donur.

 

lll

 

Kəndə səpələnmiş könüllülər hər dəlmə-deşiyi eşələyəndən, kol-kosa baş çəkəndən sonra bir yerə cəm olmuşdular. Komandir hər ehtimala qarşı tədbir görmüşdü, bir neçə post yaradıb, qarovula adamlar ayırmışdı.

 

Bəzi cavanlar öz şücaətlərindən danışırdılar. Toplaşanlara gəlib ən sonda qoşulan Şahlar idi. Dəstə Şahların qucağında uşaq görəndə arı pətəyinə döndü:

 

- Bu nədi, əsir götürməyə adam tapmadın?

 

- Adam olsaydı, siz də tutardınız, - deyə Şahlar cavab verdi.

 

 Hamının Dəllək deyə müraciət etdiyi, çal papağını həmişə gözlərinin üstünə basıb gopa basmağı, döşünə döyməyi sevən Dəllək Qənbər:

 

- Ə, indi bu gədəni neyniyəssən? - deyə Şahların qucağında yorulub yuxuya getmiş körpəni göstərdi.

 

Yazıq Şahlar elə bil məhkəmə qarşısında, müttəhim kürsüsündə əyləşmişdi.

 

- Nə bilim vallah. Adam bilmir neyləsin, nə desin... Biz hücuma keçəndə ata-anası bu yazıq uşağı qoyub qaçıblar.

 

- Ağla, ə. - Dəllək Qənbər Şahların ağzını əydi. - Gecənin yarısı, camaat yuxudaykən Xocalını şumlayan, arvad-uşağı əsir aparan, evlərini başına uçurdanların uşağıdı də.

 

- Ay dəllək, uşağın nə təqsiri var?

 

- Təqsiri yoxdu, apar böyüt bu ilan balasını! Yekəlsin, qoşulsun Suriyadan gətirdikləri saqqallılara, qırsın bizi.

 

Könüllülər onların bu söz güləşdirməsinə tamaşa edirdilər. Şahlar humanistliyinin qarşısında ona göstərilən bu münasibətdən tıncıxmışdı. O, bir addım irəli durub uşağı Dəllək Qənbərə uzatdı:

 

- Ala, götür apar, kəs bu körpənin başını!

 

Dəllək Qənbər bir addım geri çəkildi:

 

- Ə, mən baş kəsənəm? Ə, mən...

 

- Bəs onda baş-beynimi niyə aparırsan? Qəddarlıq da qannan gəlir, biz istəsək də qəddar ola bilmərik, neyləyək?

 

Bu vaxt qaya üstünə çıxıb durbinlə ətrafı müşahidə eləyən komandir onlara yaxınlaşdı. Şahların qucağında uyuyan erməni uşağını görüb bir an duruxdu:

 

- Hardan götürmüsən bu yazığı? - soruşdu.

 

- Evlərindən. Dirəkdən bayrağımızı asırdım, ağlamaq səsi eşitdim, gedib gördüm evin altında tək-tənha qalıb ağlayır.

 

Komandir:

 

- Yaxşı eləyib uşağı götürmüsən, - dedi. - Biz arvad-uşaqla döyüşmürük. Yəqin eşitmisiniz, dostumuz Fred Asif hər dəfə atəş əmri verəndə deyir ki, ya Allah, mənim atdığım mərmi nə qadına, nə uşağa dəyməsin.

 

Dəllək Qənbər yenə özünü saxlaya bilmədi:

 

- Komandir, - dedi, - elə belə ürək sahibiyik ki, başımıza bu oyunlar gəlir də. Vallah onların bizə etdiyi zülmü Allah da götürməz, amma biz götürürük.

 

- Doğrudur, Qənbər, amma hər kəs özünə oxşamalıdı. Hərənin öz adı olduğu kimi, hər xalqın da öz adı var. Heç bir xalqa pis demək olmaz. Hər yerdə qara camaata bir parça çörək lazımdır. Ancaq avam camaatı qorxu altında saxlayan, öz məkrli niyyətini həyata keçirmək üçün alətə çevirən cəlladlar var. Bütün zamanlarda bu belə olub.

 

Şahların bərk-bərk sinəsinə sıxdığı uşaq qımıldanıb gözlərini açdı. Əvvəl heç nə anlamayıb key-key ətrafa baxdı. Doğma sifətlər görməyib əvvəl solmuş dodaqlarını büzdü, sonra ağlamağa başladı. Özünə-sözünə sahib olmayan, köntöylükdə ad çıxarmış Sarı Əvəz (hamı ona sadəcə Sarı deyirdi) Şahlara bozardı:

 

- Ə, Şahlar, bilmirəm, bu it küçüyünü hardan tapıb gətirdin də. Qardaş, bura uşaq bağçası döyül ey?

 

Heç kəsdən, o cümlədən, Şahlardan səs çıxmadı. Sarı Əvəz üzünü komandirə tutdu:

 

- Komandir, Troyalılar atın qurbanı olduğu kimi, biz də bu saat bu erməni dığasının qurbanı olacayıq. Sən elə bilirsən saqqallılar sərhədi aşıb gediblər Ermənistana? Ə, sarıqulaqlar (rusları nəzərdə tuturdu), qoyarlarmı onları geri çəkilsinlər, onları üstümüzə qızışdırıb salan o rus generalları deyillərmi? Vallah bir də gördün erməni adıyla ruslar özləri hücuma keçdilər.

 

Komandir susurdu. Acı da olsa, doğru sözə nə demək olardı. Öz humanistliyinin “günahını” yaşayan Şahlar yazıq-yazıq dilləndi:

 

- Komandir, indi mən bu dilsiz-ağızsızı neyləyim? Aparım atım öz xarabalarına, bağrı çatlayıb ölsün?

 

Komandir qətiyyətlə:

 

- Nəbadə! Belə vicdansız işlər bizim şənimizə yaraşmaz. Otur mənim UAZ-ıma, uşağı apar evinizə, sonra görək neyləyərik. Bəlkə onlardan bizimkilərlə əlaqə saxlayan tapılacaq, qaytararıq özlərinə.

 

Şahlar elə bil yazıqlaşdı:

 

- Komandir, düzü bilmirəm anam bu işə necə baxacaq. O Mikoyan köpəkoğlu Stalinin saqqızını oğurlayıb, ermənilər 48-də anamgili Dərələyəzdən, dədə-baba yurdlarından çıxarıb göndəriblər Azərbaycana. Bütün ömrü boyu o köçürülmədən danışıb. Bir gözü ağlayıb , bir gözü gülüb. Anam onda on səkkiz yaşın içindəymiş...

 

Komandir:

 

- Narahat olma, anan müəllimə adamdı, savadlı qadındı, səni başa düşər, Şahlar. İndi özün fikirləş, bu uşağa görə biz bir belə adamı qurban verə bilmərik axı. Səni yaxşı tanıyıram, Allah eləməmiş, ölüm-itim olsa, özünü bağışlamazsan, - dedi.

 

Şahlar razılaşdı:

 

- Elədir, komandir.

 

- Onda, haydı, Allah amanında, - deyə komandir sürücüsünü səslədi, - fotoqraf!

 

Fotoqraf ayaması ilə tanınan Şafa lap uşaqlıqdan şəkil çəkməklə məşğuldu. Ermənilərlə dava başlayanda bazar başındakı balaca köşkünü bağlayıb, fotoaparatını da götürüb qoşulmuşdu könüllülərə. Həmişə avtomat silahı çiynində, fotoaparatı sinəsində olardı. Lazım bildiyi anlarda döyüşçü yoldaşlarının şəklini əbədiləşdirirdi. Deyirdi ki, ə, adamdan qalan elə bu şəkillər olacaq.

 

Bəlkə də Şafa haqlıydı, çox şəhidin başdaşına elə onun çəkdiyi şəkillər həkk olunmuşdu.

 

İndi əsgərlərin arxasında cömbəlib əlindəki çubuqla yerdə cürbəcür fiqurlar çəkən fotoqraf dərhal yenindən qalxıb qabağa gəldi.

 

- Eşidirəm, komandir.

 

- Şafa, Şahları kəndlərinə apar. Uşağı yerbəyer eləyib qayıdarsınız.

 

- Komandir.

 

- Eşidirəm.

 

- Əvvəl icazə ver, Şahlarla bu uşağın şəklini çəkim?

 

- Nəyə görə, neyləyirsən?

 

- Göndərəcəm BMT-yə, baxsınlar, görsünlər bizim adamlığımızı, - deyib aparatını hazırlayıb Şahlara sarı yönəltdi: - Ə, qaş-qabağını tökmə, bir balaca gülümsə... Uşağı da düz tut... Bax belə. Hə, şəkliniz hazırdı, iki ədəd çıxaracam, birini sənə verəcəm, birini də BMT-yə göndərəcəm. Niyə elə baxırsan, inanmırsan?

 

Şahlar gülümsədi:

 

- İnanıram, Şafa, gedək.

 

- Oldu. Otur maşına.

 

Şahlar tez uşaq qucağında maşına oturdu.

 

lll

 

Artıq çoxdan təqaüdə çıxmış Qaratel müəllimə heç də, Şahların düşündüyü kimi onu qəzəblə qarşılamadı. Doğrudur, darvazadan qucağında uşaq içəri girən Şahları görəndə bir an yerində donmuşdu, ancaq arxadan gələn fotoqraf Şafanı görəndə artırmadan düşüb ona:

 

- Xoş gəlmisiniz, - deyib qonaqpərvərlik göstərdi. Onu həyətdəki tut ağacının altındakı böyük taxta oturmağa dəvət elədi. Bundan sonra Şahların nigarançılıq içində qucağında tutduğu uşağı ondan alıb:

 

- Bu kimin uşağıdı belə? - soruşdu.

 

Şahlar taxtın küncündə oturub başına gələni qısaca anasına danışdı. Gözləri eləcə anasının gözlərinə tuşlanıb qalmışdı. Tufan gözləyirdi: - “Ə, sən bilmirsən bunların babaları bizi yurdumuzdan didərgin salıb? Bizə qalıb adamlıq? Türklüyümüzü başımıza qaxınc eləyən bu məlunların uşağının mənim evimdə nə ölümü var? Səndən soruşuram...”

 

Ancaq belə olmadı, əksinə, Şahların qucağında mısmırığını sallayıb oturmuş uşağı qucağına alıb ermənicə adını soruşdu:

 

- Sergey, - deyə uşaq solmuş dodaqlarını büzərək cavab verdi.

 

Qaratel müəllimə onu ovutmaq üçün əzizlədi:

 

- Nə qəşəng adın var sənin. Nə gözəl balasan. Bəs sənin ananın adı nədi?

 

- Siranuş - deyə uşaq ağlamağa başladı.

 

Qaratel müəllimə onu çox çətinliklə sakitləşdirə bildi.

 

Bu üç yaşlı əsirdən bundan artıq nə öyrənmək olardı. Qaratel müəllimə ağlamasın deyə hələlik uşağın atasının adını soruşmadı.

 

Gültəkin Türkərin paltarından gətirib Sergeyə geyindirdi. Türkər də gəlib Sergeyin yanında dayanmışdı. Bir-birinə oxşarlıqları çox idi.

 

Təzəcə çay içirdilər ki, maşın səsi gəldi. Qaratel müəllimə:

 

- Gələn atandı, - dedi.

 

Şahlar çaydan bir qurtum alıb:

 

- İndi tufan qopacaq, - dedi.

 

Qaratel müəllmə qətiyyətlə:

 

- Heç bir tufan-zad olmayacaq, dünyanın hər yerində uşaq şahdı, hansı millətdən olursa olsun, o pakdır. Hələ heç bir günaha batmayan mələk kimidir, - dedi.

 

Maşın səsi yaxınlaşıb darvazanın ağzında susdu. Qasid kişi darvazanın balaca qapısını açıb içəri girdi. Əvvəlcə Şafayla görüşüb xoşgəldin elədi, sonra bir ay üzünü görmədiyi Şahların alnından öpdü və elə bu an Türkərlə oynayan oğlan uşağını gördü:

 

- Şafa, sənindir? - soruşdu.

 

- Yox.

 

- Bəs kimin uşağıdı?

 

- Əsirdi.

 

- Nə əsir, ə. Uşaqdan da əsir olar?!

 

Şahlar yazıq anasına danışdıqlarını indi də bitdə-bitdə atasına söyləyəsi oldu. Danışa-danışa fikirləşirdi ki, əgər bir həftə kənddə qalsa gərək bu əhvalatı hamıya bircə-bircə danışsın.

 

Qasid kişi birdən şaqqanaq çəkib güldü, yarızarafat, yarıgerçək dedi:

 

- Gəlsənə bunları, - tutun dibində oynayan uşaqları göstərdi, - sünnət elətdirək. O uşağın adını da dəyişək, müsəlman kimi böyüsün.

 

Elə bu vaxt “bala” qapıdan sol qıçını Gülablı döyüşündə itirmiş qonşuları Salehin əvvəl qoltuq ağacları, sonra da özü girdi içəri. Dərhal ona yer göstərdilər. Saleh Şahlarla, Şafayla görüşüb hal-əhval tutandan sonra tut ağacının altında torpaq eşən uşaqlara baxdı və üzünü Qasid kişiyə tutdu:

 

- Ay qonşu, - dedi, - adını da dəyişə bilərsiniz, pülüyünü də kəsib ata bilərsiniz, amma damarlarındakı erməni qanını dəyişə bilməzsiniz. Erməni qızı almış bizim bəzi vəzifəlilərimiz ağsaqqal qaynatalarını xəlvətcə sünnət elətdirib, pasportlarını dəyişib müsəlman adı qoydular, amma yastı başlarını, iri burunlarını, ən əsası, qanlarını dəyişə bilmədilər. Gora gedənə qədər başına fırlanım sözünü deyə bilmədilər, pırlanım dedilər.

 

Bu sözlərdən məlum oldu ki, qonşuları Salehin qulağı darı dəlirmiş. Araya pərtlik çökmüşdü. Qaratel müəllimə fikirləşdi ki, hələ harasıdı bu. Bu saat kəndə hay düşəcək, dərdlilər, əhvalat azarkeşləri axışacaqlar qapılarına. Ermənilərdən soruşa bilmədiklərini, üç yaşlı erməni balasına sahib çıxdıqları üçün onlardan soruşacaqlar. Hamı dərdini başına alıb gələcək onun üstünə. Ağsaçlı Fəsti arvad, əri Pəhləvan kişi gəlib deyəcəklər, hanı bizim Cahidimiz, neçə ildi itkin düşüb, nə öldüsü bilinir, nə qaldısı, üç uşağı başsız qalıb. Sonra Qəzənfər, Alı, Əmirxan, Zavta arvad, birdimi, ikidimi, ay başına dönüm, dul qalmış Tamara, meyitini götürə bilmədiyimiz, düşmən tərəfdə qurd-quşa yem olan Fəqanın havalanmış, özünü-sözünü bilməyən ata-anası, daha kimlər, kimlər gələcək. Yerə-göyə sığmayan dərdləriylə gələcəklər... Ancaq nə olur-olsun, insanlığı itirmək olmaz. Ona görə sakit səslə dedi:

 

- Saleh, bilirsən ki, biz də onların əlindən olmazın zillət çəkmişik. 48-də bizi yurdumuzdan qovdular. Bizi əvvəlcə Sabirabadın düzünə, sonra bir neçə ailə ilə Qarabağa - bu Qaraqaşlı kəndinə gətirmişdilər. Qaçqın-koçkün həyatı yaşayıb özünə gün-güzaran qurmağın nə demək olduğunu ancaq qaçqın olan bilər. Amma indi ata-anasından aralı düşmüş bir əlcə tifilə nə deyəsən, neyləyəsən. Günahsız bir körpədi...

 

Saleh yerində qurcalandı, əsəbdənmi, ya nədənsə kəsik qılçası xəfifcə titrəyirdi:

 

- Qaratel müəllimə, - dedi, - bu kənddə hamımız əlifbanı sizdən öyrənmişik. Sizə ehtiram göstərmək bizim borcumuzdur.

 

- Çox sağ ol.

 

- Dərd burasındadır ki, ermənilər bizim kimi düşünmür. Yazıçı-şairləri belə millətini bizə qarşı nifrət üstə kökləyir, hətta bəziləri əlinə silah alıb uşaqları qırmağı ilə fəxr edir, törətdiyi cinayəti yazıb çap etdirir. Mən başa düşmürəm, bizə bu rəhm, mərhəmət hissi hardan gəlir?

 

- Qurandan, ata-babalarımızın mərdliyindən, kişiliyindən.

 

- Qaratel müəllimə, amma bu cür saf düşüncə bizə çox vaxt baha oturub. Çünki qarşı tərəf bizim saflığımızdan yararlanır...

 

- Doğru deyirsən, ancaq...

 

- Müəllimə, bağışla məni, sözünüzü kəsirəm.

 

- Buyur, buyur.

 

- Bilirsən, bizim tarix müəllimimiz Qara müəllim nə yazıb?

 

- Yox. Məqalədi?

 

- Xeyr, bir bənd şeir yazıb.

 

- Bu Qarabağ dərdi hamını şair elədi də.

 

- Doğru deyirsən. Qara müəllim elə bil bu erməni körpəsini görüb yazıb ey...

 

Qaratel müəllimə bu ağır söhbətdən tıncıxmış halda:

 

- Saleh, ürəyimi üzmə, söylə görüm Qara müəllim nə yazıb, - dedi.

 

- Yazıb ki:

 

Nişan aldım, əlim əsdi,

bilməm niyə atmadım,

O, düşmənin körpəsiydi,

mən günaha batmadım.

 

Gedib gördüm evim yanıb,

balamı da qəhr edib,

Düşündüm ki, zalımlıqda

mən yağıya çatmadım...

 

Eyni anda hamının nəzərləri artıq Türkərə isnişməkdə olan Sergeyə dikildi.

 

- Çox təsirlidi, - Qaratel müəllimə dedi. - Bir dəfə Nizami Gəncəvinin “Xeyir və Şər” hekayətini səhnələşdirmişdim. Di gəl ki, nə qədər izah edirdim, başa salırdım, uşaqlardan heç biri Şər rolunu oynamaq istəmirdi. Mən onda başa düşdüm ki, heç kəs bu dünyaya şər ruhda gəlmir, onu şərə çevirən mühit olur, murdar düşüncəli, şovinist, aqressiv insanlar olur...

 

Saleh başını tərpətdi:

 

- Elədir, elədir. Haqlısınız. Allah mərdimazara lənət eləsin.

 

-Amin, - bunu da Qasid kişi dedi.

 

Gültəkin yaxınlaşıb stolun süfrəsini dəyişdi:

 

Saleh getmək üçün qoltuq ağaclarına əl atmaq istəyəndə qoymadılar.

 

Mustafa Çəmənli

525-ci qəzet.- 2015.- 9 may.- S.28-29.