Yalan dünyanın gerçək həqiqətləri

 

 

İmzaların və üslubların əlvanlığı ilə cazibədar görünən çağdaş ədəbi prosesdə özünəməxsus yeri, dəst-xətti olan müəlliflərdən biri yazıçı, publisist, şərqşünas alim və tərcüməçi Fazil Güneydir. Mən onun imzasını 70-ci illərin ortalarından “Kirpi” jurnalında (və digər mətbuat orqanlarında) çap olunan felyeton, hekayə və məqalələrindən tanıyıram.

 

Hərçənd ki, Fazil Abbasov 60-cı illərin ortalarından etibarən çap etdirdiyi həyat ətirli, duzlu-məzəli hekayələri ilə tanınmağa başlamışdı. Mən sonralar onun Qarabağ problemlərinə həsr olunmuş “Qara qan” romanı haqqında “Sıyrılmış qəzəb” adlı məqalə yazdım, romanın AYB-nin “Natəvan” klubunda təqdimatını aparmalı oldum. Fazil Güneylə şəxsən tanış olanda təəccüb etdim ki, bu sakit, təmkinli, astagəl hətta bir qədər qaraqabaq adamda bu qədər yumor hissi haradandır? Ərəb dili və ədəbiyyatı üzrə ciddi mütəxəssis olan Fazil daha çox Şərq müdriklərinə bənzəyir. “Qara qan” kimi sərt tarixi romandan sonra onun “Yalanın gerçəkliyi” (2014) adlı hekayə, esse və povestlərdən ibarət kitabı ilə tanışlıq məndə belə bir əminlik yaratdı ki, Fazil Azərbaycan gülüş mədəniyyətinə yaxından bələd bir yazıçıdır. Fazilin gülüşü də olduqca ciddi, sərt və sarkastik xarakterdədir. Yalnız kamil adam və böyük millət özünə gülə bilər.

 

Gülmək adi vərdiş deyil, qəhrəmanlıqdır. Gülüşün kökündə mənəvi eybəcərlik yatır, budağında gözəllik bitir. “Yalanın gerçəkliyi” janr çox çeşidliyi, gülüşün yumoristik, satirik hətta sarkastik formalarından ustalıqla istifadə edən istedadlı yazıçı qələmindən çıxmış kitabdır. Fazil Güney bizi əhatə edən, çevrəsində yaşadığımız aləmə istehza və kinayə ilə baxır. Sanki “Ay yazıq dünya, nəyin var sənin?!” deyir. Sən yükdaşıyansan, gətirdiyimi aparırsan. Fazilin estetik idealı olduqca aydındır. O 70 yaşında da içindəki uşaq aləmini, uşaq təbəssümünü qoruyub saxlayır. O, eybəcərliyi gülüşlə qarşılayır, onunla əylənir, ona yazığı gəlir. Fazildə qəribə bir yazıçı inadkarlığı var. O oxucunu heç nəyə məcbur etmir, daha doğrusu F.Güney təzyiq etmir, təsir edir və oxucu bu təsirdən çıxa bilmir, daha doğrusu çıxmaq istəmir. Bunu kitaba daxil olan əsərlərin məna və məzmunu yaxşı əks etdirir.

 

“Reality in Lie” kitabları, əsərlər fərqli mövzularda olsalar da, onların leytmotivi vətənpərvərlik, mənəvi saflıq, təmiz sevgi duyğularıdır.

 

Seçmələr arasında romantik, fəlsəfi əsərlərlə yanaşı, sarkazmla yazılmış “Yalanın gerçəkliyi” povestində “Amazon”, “Cənnəti də pulla almaq istədi”, “Nostalji” hekayələrində yazıçı qəhrəmanlarının iç dünyasını, iç üzünü açmaq üçün düşündürücü satiradan, “Qloballaşma dərsi”, “Artıq kişi necə hayıf aldı?” hekayələrində islahedici yumordan istifadə etmişdir. “Kirvəlik borcu” adlı ikihissəli hekayə ən böyük dərdimiz olan Qarabağ müharibəsinə həsr olunmuşdur.

 

“Amazon” hekayəsi ədəbiyyatımızda işlənməmiş orijinal bir tərzdə yazılmışdır: magistr qız sevdiyi ailəli müəllimini götürüb qaçır. Bəli, maşınına mindirir, qapıları bağlayıb yüksək sürətlə paytaxtın küçələrindən keçib, şəhərdən çıxır, sevdiyi kişini Nabrandakı villasına aparır... Bu orijinal olay həm də orijinal tərzdə yazılmışdır. Müəllif novellanın qaçırılma səhnəsi ilə başlamır. Qəhrəmanlardan birinin işlədiyi, digərinin oxuduğu Elmi Tədqiqat İnstitutunda xəbər yayılır ki, bəs Tərlanı götürüb qaçıblar. Bu adı həm kişilər, həm qadınlar daşıdığı üçün çoxları çaş qalır, polis bölməsinə tələsən Tərlanın arvadını da burada çaşqınlıqla qarşılayırlar. Təkcə qaçırılanın adına görə yox, iki uşaq atası olan müəllimini qaçıran qız polis rəisinin ərköyün qızıdır. Bir sıra imkanlı məmurların övladları kimi Maya da yüz min dollarlıq “CİP”-də gəzir, xoşu gələn hər şeyi alır. Bu dəfə isə o, vurulduğu iki uşaq atası olan müəlliminə sahib olmaq iatəyir. Onu qaçırmaqdan başqa yol görmür.

 

Maya yüngül əxlaqlı, quşbeyin, savadsız qız deyil, o, həmişə yaxşı oxumuş, elmə, biliyə, öyrənməyə can atmışdır. Maya cəsarətli qızdır, oğlanlar da, qızlar da ondan çəkinirlər, sözü üzə deyəndir. Buna görə də ona Amazon ayaması vermişlər. Amazon bugünkü azəri türklərinin əcdadı sayılan Az tayfası, bu tayfadan çıxmış, əslən şumer olmuş İbrahim Peyğəmbərin atası, İncil və Qurani-Kərimdə adı çəkilən Azər haqqında, Qafqaz amazonları mifi haqqında, bir sözlə, tarixin hələ yazılmamış qaranlıq qatlarına baş vuraraq elmi iş yazır. Sovet dövründən qalma alimlərinə deyirdi ki, xarici ölkələrdə çoxları Azərbaycanı tanımır, bizləri “qara rus” adlandırırlar. Niyə əsl kökümüzlə bağlı faktlar əsasında tariximizi yazmırdınız, Moskvanın göstərişi ilə əfsanələr uydururdunuz?

 

 

 

Müəllifin yaratdığı bu surət ədəbiyyatımızda digər qadın surətlərinə bənzəmir, öz orijinallığı ilə fərqlənir. Eyni sözləri “Yalanın gerçəkliyi” povestindəki obrazlar haqqında da demək olar.

 

...Əsərin qəhrəmanının adı Mütəd olsa da, xasiyyətinə və görünüşünə görə insanlar ona Mürtəd deyirlər. O həm zahiri, həm də daxili aləmi ilə unikal bir varlıqdır; zahirən nə qədər eybəcərdisə, daxilən bir o qədər iyrəncdir. Onun içindəki çirkinliklər sifətində əks olunmuşdur. Maraqlı burasıdır ki, Mürtədin ata-anası, qardaş- bacıları zahirən yaraşıqlı, daxilən saf, təmiz, doğruçu insanlardır. Mürtədin isə nəfəsi yalanla gedib-gəlir. Onun həyatda sevdiyi, uğrunda çalışdığı tək şey pul-paradıır, mal-dövlətdir. Sovet rejimi dağılandan sonra müstəqilliyin ilk illərində, ölkənin qarışıq dönəmində o, yalanla, aldatmaqla, ucuz alıb baha satmaqla varlanmışdır. O dövrümüzün tipik “iş adamıdır”.

 

Mürtədin öz fəlsəfəsi vardır: dünya yalansız mövcud ola bilməz, cəmiyyəti yalansız təsəvvür etmək belə, mümkün deyil. İnsan doğulub ağlı kəsəndən yalanla üzləşir, yalanla böyüyür. Həm də onu öz doğmaları - ata-anası, böyük bacı-qardaşları edirlər, uşağı yalana öyrədirlər. Mürtəd yalanın təsnifatını da sistemləşdirmişdir: yalanın rəngi, dadı, qoxusu, çəkisi vardır: yalan, qırmızı yalan, şirin yalan, acı yalan, üfunətli yalan, yüngül yalan və s. O, “Yalanın ziddiyyəti və vəhdəti” adlı əsər də yazırdı.

 

Bəs necə olmuşdur ki, gözəl bir ailədə Mürtəd kimi pislikləri özündə birləşdirən  əcaib bir insan böyüyüb boya-başa çatmışdır? Bunun suçu onun valideynlərindədir. Altı uşağı olan valideynlər yeddincini istəmirlər. Onun dünyaya gəlməməsi üçün ana müxtəlif dərmanlar içir. Əslində ana bətnində əkiz oğlan bəsləyirmiş. Uşağın biri məhv olur, Mürtəd isə səsini içinə çəkib anasının qarnından bərk-bərk yapışır, düşməyib sağ qalır. Hələ ana bətnində onu öldürmək istəyən qadının - hələ üzünü görmədiyi anasının qorxulu səsi Mürtədin təhtəl -şüurunda əbədi iz salır. Zəhərli dərmanlar onun sifətini, öldürmək qorxusu isə içini eybəcər hala salır. Doğulandan sonra böyüdükcə onun insanlara nifrəti də böyüyür, hiyləgər, qorxunc bir insan olur. Onun iblisanə əməllərini, yalanlarını görüb duyanlar isə adəti üzrə susurlar. Lakin onun növbəti və ən böyük və dəhşətli yalanı isə, özü də bilmədən öz əleyhinə, gerçəkliyə çevrilir.

 

“Cənnəti də pulla almaq istədi” hekayəsinin qəhrəmanı səlahiyyət sahibi olan məmur - polis şefi Məstəliyev bir sübh çağı yuxudan oyana, əl-ayağını tərpədə, gözlərini aça bilmir, yumulu gözünə əzrayıl görünür, yastığının altındakı tapançasını belə, götürməyə hey-hərəkəti olmur. “Cırt-pırt eləmə, sonun yetişdi” deyən Əzrayıl onu siçan ölüsü kimi götürüb göylərə aparan bir boruya tolazlayır. O dünyada Məstəliyevi savab və suç işlərinə görə mələklər sorğu-sual edirlər. Məlum olur ki, o, aldığı rüşvətlər hesabına məscidləri təmir etdirir, xeyriyyə işlərinə pul ayırır, axundlara, mollalara pul verib, cənnətə düşmək üçün dua oxutdururmuş. Amma o dünyada onun yeri nə cənnətlik, nə də cəhənnəmlik olmadığı üçün təkrar yerə qaytarılmasına qərar verilir. Məstəliyev təkrar bu dünyaya qayıtmaq istəmir. Deyir ki, artıq onun vəzifəsini satıblar, arvadı ehsanını veribdir... Təzədən bu dünyaya “qaytarılan” Məstəliyev depressiyaya düşür, Maştağadakı Çıldağın baş dağlayıcısını, dəlixanadan həkim briqadasını Məstəliyevin villasında yerləşdirib gizlincə müalicəyə başlayırlar. Şefin obyektlərdən pul yığan əlaltısı ona təskinlik verir ki, qorxma, sirr burada qalacaq, sən əvvəlki kimi kabinetinə gəl-get, biz işləri aparacağıq. Bil ki, sən tək deyilsən, səndən yuxarıda da, aşağıda da başı xarab olanlar öz kabinetlərində oturublar.

 

Bu hadisədən sonra Məstəliyev xeyriyyə işlərinə, mollalara ayırdığı pulu kəsib rəislərinə verdiyi pulların üstünə qoyur ki, sussunlar, onu yerindən tərpətməsinlər.

 

Gerçəkliklərə söykənən “Ruhların görüşü” elmi-fantastik hekayə əsasən Avropa tarixdən öncələrdən - Troya, Etrus dönəmlərindən qalmış türk izlərinə həsr olunmuşdur. Bu izləri Avropada günümüzə qədər qalmış toponimlər, hidronimlər, oykonimlər, insan adları sübut edir.

 

“Mahnıların suçu yok” povesti əsl melodramdır. Orta məktəbin son sinfində oxuyan Nədimə məhlələrindəki özündən on yaş böyük gənc şair-jurnalisti sevir. Qız ali məktəb tələbəsi olduqdan sonra sevdiyi oğlanla nişanlanır, sonra evlənirlər. Bir qızları olur. İncəsənət Universitetinin tələbəsi olan Nədimə təhsilini başa vurduqdan sonra sənət pillələri ilə yüksəlmək, dəbdəbəli geyinmək, zəngin həyat sürmək istəyir. Bir vaxtlar şeirlərinə pərəstiş edib sevdiyi Sönməz bunları ona verə bilmir, ailə Nədimənin toylardan qazandığı pullarla dolanır. Nədimə ona edilən təkliflərə, əvvəlcə, boyun əymir, amma kapitalizmin sərt qaydaları, şirnikdirici həyat tərzi onu düz yolundan sapdırır, başqa müğənnilər kimi zəngin yaşamaq həvəsi gözlərini qamaşdırır, ona edilən təkliflərə təslim olur. Sonda Nədimə ərini, qızını atıb gedir, pərəstişkarlarından zəngin birisinin təklifini qəbul edir.  Yazıçı bunu dövrümüzün təəssüf doğuran acı həqiqəti kimi işləyir.

 

Qarabağ müharibəsindən bəhs edən “Kirvəlik borcu” hekayəsində iki ayrı-ayrı olaydan söhbət açılır. Bunların bir başlıq altında verilməsinə səbəb hər iki hekayətdə ermənilər keçmiş azərbaycanlı kirvələrini ölümün pəncəsindən qurtarır, təmas xəttindən keçmələrinə kömək edirlər. Əsərdə sərt boyalarla təsvir edilmiş ermənizm neofaşizminin törətdiyi bizə məlum dəhşətlərin fonunda bu detalların verilməsi əcnəbi oxucularda müəlifin yazdıqlarının gerçəkliyinə şübhə yeri qoymur, onun obyektivliyinə inam yaradır.

 

Qeyd edim ki, “Yalanın gerçəkliyi”nin ingiliscə variantı “Reality İn Lie” adı ilə ABŞ-da nəşr edilmişdir. Xüsusi olaraq vurğulamaq istərdim ki, ədəbi nümunələrimizin əcnəbi dillərə tərcümə edilməsinə böyük ehtiyac vardır. Azərbaycan dünyada neft-qaz ölkəsi kimi, Qafqazın aparıcı dövləti kimi tanınır. Xalqımızın incəsənəti, musiqisi, digər sənət növləri Heydər Əliyev Fondu tərəfindən dünyada, xüsusilə Avropada geniş təbliğ edilir. Amma bunları ədəbiyyatımız haqqında demək çətindir.

 

Çağdaş ədəbiyyatımızın ən gözəl nümunələrinin, o cümlədən, ədəbi tənqid və ədəbiyyatşünaslıq əsərlərinin əcnəbi dillərə tərcüməsinə ciddi ehtiyac vardır.

 

F.Güneyin özünəməxsus fərdi lirik-satirik üslubu var. Kitaba daxil olan “Yalanın gerçəkliyi” povesti və “Cənnəti də pulla almaq istədi” hekayəsi Mirzə Cəlil, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, Mir Cəlal kimi klassik hekayənəvislərin sətiraltı mənalar kinayə, lirik yumoristik vasitələrlə zəngin lirik-satirik üslubi ənənələri müasir dövrdə yaşadan bədii-fəlsəfi əsərlərdir. Söylədiyim poetik və estetik keyfiyyətlər sayəsində Fazil Güneyin əsərləri maraqla oxunur, ona estetik zövq və hikmətli fikirlər bəxş edir.          

 

Nizaməddin Şəmsizadə

525-ci qəzet.- 2015.- 9 may.- S.27.