Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə

 

 

 

Özümə gəldikdə mən elmdə məskun olanlardan biri deyiləm. Mən keçmişi sadəcə sevənlərdən və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm.

 

Konfutsi

 

(Əvvəli ötən şənbə sayımızda)

 

1956-cı ildə Nikita Xruşşov  Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayındakı gizli məruzəsində Stalinin şəxsiyyətinə pərəstişi amansız tənqidə məruz qoymaqla, özünün də fəal iştirak etdiyi 1937-38-ci illərin repressiyasının bütün günahını artıq qəbirdə uyumaqla özünü müdafiə etmək imkanı olmayan, vaxtilə kölə kimi xidmət etdiyi bir adamın üstünə yıxdı. Hindular özləri öldürmədiklərinin skalpını çıxartmırlar, yalnız özləri qətlə yetirdiklərinin skalpına sahib olurlar. Xruşşov isə özünün Ukraynada öldürdüklərinin də skalpından imtina edərək, onları da Stalinin xatirəsının üzərindən asdı.

 

Beş il sonra isə o, Hitler ordusu üzərində ilk böyük qələbə qazanıldığı, müharibədə dönüş nöqtəsi sayılan Stalinqrad döyüşü ilə məşhurlaşan bir şəhərin adını da dəyişdi. Stalinqradda Sovet qoşunlarının qələbəsi Sovet-alman cəbhəsində müharibənin gedişində əsaslı dönüşün başlanğıcı kimi məşhurlaşmışdı. Adını daşıyan döyüşdəki qələbəyə görə Stalinqrad əslində simvola çevrilmişdi. 6 iyun 1944-cü ildə Müttəfiq qoşunlarının nəhəng desantından sonra Normandiyadakı ilk böyük qələbə - burada almanlar bütün tanklarını itirmiş, 40 min alman əsgəri məhv edilmiş, 90 min isə əsir götürülmüşdü - Normandiya Stalinqradı adlandırılmışdı.  Məhz qələbə simvolu kimi Stalinqrad adını yaşatmaq olardı, çünki həmin döyüşün şərəfi ilə Stalinə olan cılız nifrətin heç bir əlaqəsi yox idi. Necə olur ki, Parisdə Stalinqrad küçəsi qalır, SSRİ-də isə bu adın üzərinə tabu qoyulur. Amerikanın inqilabdan əvvəlki 13 koloniyasında Böyük Britaniya kraliçalarının, kralının və digər xadimlərinin şərəfinə coğrafi adlar və şəhər adları var idi: Virciniya (ingilislərin ilk məskunlaşdığı ərazi, sonra isə koloniya ingilis kraliçası I Elizabetin “Bakirə” ləqəbinə görə belə adlanırdı),  Merilend (əri kral Uilyam Oranc ilə birlikdə İngiltərəni idarə edən kraliça Mariyanın şərəfinə), Pennsilvania (Uilyam Penn1681-ci ildə Amerikadakı bu əraziyə qrant almış, kolonistləri gətirib orada məskunlaşdırmış, öz adı və “meşə” sözündən ibarət olan həmin koloniyanı yaratmışdı), Pittsburq (Böyük Uilyam Pitt iki il Böyük Britaniyanın faktiki baş naziri olmuş, Yeddiillik müharibədə fransızları Hindistanda, Afrikada, Kanadada və dənizlərdə məğlub etmişdi) . Bu adlar inqilabdan sonra dəyişdirilmədi və indiyədək qalır. Amerikanlar ingilis ağalığına qarşı mübarizə aparsalar da, qəzəblərin adları dəyişdirmək yolu ilə söndürməyi məqbul hesab etmədilər.

 

Xruşşov barədə söhbət gedərkən Rusiyaya yarım il ərzində imperatorluq etmiş ağıldankəm III Pyotr yada düşür. Onun taxt-taca gəlmə ərəfəsində, 1761-ci ilin sonunda Yeddiillik müharibədə vuruşan Prussiyanın vəziyyəti çox ağır idi və kral II Fridrixi sonrakı ildə məhv olmaqdan yalnız tale xilas edə bilərdi. Bu da baş verdi. Onun xilası Rusiya imperatriçası Yelizavetanın 1762-ci ilin yanvarın 5-də ölməsi ilə gəldi. Bu vaxt Prussiyaya, Fridrixə sitayiş edən III Pyotr imperator oldu. O, müharibədən Rusiya ordularını geri çəkib, Fridrixə xidmət göstərmək məqsədilə rus ordusunun işğal etdiyi Prussiya ərazilərinin hamısını, heç bir təzminat almadan ona qaytardı. Mayın 5-də Fridrixlə sülh bağladı, onun vasitəçiliyi ilə Prussiya ilə onunla vuruşan İsveç arasında da 17 gün sonra sülh bağlandı. Prussiya kralı isə minnətdarlıq əlaməti olaraq onu öz dövlətinin hərbi zabiti rütbəsi ilə mükafatlandırdı. Rusiya yüksək dairələri bunu təhqir kimi qiymətləndirirdilər. İyunda isə nəinki Fridrixlə ittifaqa girdi, həm də əvvəlki müttəfiqi olan avstriyalıların Sileziyadan qovulmasında ona köməklik göstərdi. Bunlar azmış kimi, III Pyotr 18 min rus əsgərini Fridrixin sərəncamına verdi.

 

Xruşşov öz ölkəsinə xəyanət etməmişdi, sadəcə olaraq, ölkəsinin tarixinə təcavüz etmişdi. Hitler Stalinqrad adını tarixdən silmək üçün avantyura xarakterli bir cəhd etsə də, şəhərə hücumda çoxlu qurbanlar versə də, buna nail ola bilməmişdi. Xruşşov isə bir qələm cızması ilə Hitlerin arzusunu həyata keçirmişdi və əgər o, qəbirdən çıxa bilsəydi, yəqin ki, Böyük Fridrixə təqlid şəklində, düşmənlərinin “ 1 nömrəli kommunist” adlandırdığı Xruşşovu da hansısa bir alçaldıcı rütbə ilə mükafatlandırardı.

 

Xruşşovun böyük qüsurları ilə yanaşı müsbət işlərini də etiraf etmək lazımdır. Onun dövrü dövlətin vətəndaşa münasibətində “mülayimləşmə” illəri kimi qəbul edilir. Bu dövr ədəbiyyatda, incəsənətdə, kinoda müsbət dəyişikliklərə səbəb olmuşdu. KQB (Dövlət Təhlükəsizliyi Komitəsi)  Olimpdən salınmış, lakin tam məhv edilmədiyindən sonralar özünü daha güclü qaydada bərpa edə bilmişdi. Ölkədə xof xeyli azalmışdı. Kəndlilər amansız vergidən azad edilmiş, onların kəndi tərk etməsinə icazə verilmiş, şəhərlərdə kütləvi mənzil tikintisinə başlanmışdı.

 

Lakin Xruşşov daha çox özünün səfeh siyasəti və davranışı ilə xatırlanır. O, dövləti idarə etməyi mindiyi atı çapmaq hesab etdiyindən voyuntarizmi, subyektivizmi ilə fərqlənirdi. Rusiyanı, əsasən soyuq iqliminə baxmayaraq, bütöv qarğıdalı tarlasına çevirmək istəyirdi, BMT Ali Məclisində çıxış edərkən, ayaqqabısını çıxarıb tribunaya döymüşdü, Kuba böhranında dünyanı az  qala Üçüncü Dünya müharibəsinə sövq etmişdi. Xarici ölkələrə aylarla davam edən turist, əyləncə səfərinə çıxırdı. 1963-1964-cü illərin qışında müharibədən sonra ilk dəfə olaraq xalqı yenidən yarımaclıqla üzləşməyə gətirib çıxarmışdı.

 

Xruşşov hakimiyyətə gələndən azacıq sonra Krımı RSFSR ərazisindən çıxarıb, Ukraynaya bağışlamaqla, 60 il sonra Rusiya ilə Ukrayna arasında baş verən böyük münaqişənin əslində bünövrəsini qoymuşdu.Onun bu “əliaçıqlığı” da səbəbsiz deyildi, özünün Ukraynaya rəhbərlik edərkən repressiyalara canfəşanlıqla rəvac verməsinin xatırlanmaması naminə ukraynalılara verilən rüşvət xarakteri daşıyırdı.

 

Xruşşovun ölkəyə başçılıq etdiyi dövrün ən iyrənc səhifələrindən biri Novoçerkassk etiraz nümayişini yatırtmaq üçün kütləni güllələtməsi idi. Bu vaxt ölkəni ərzaq böhranı bürümüşdü, əhalinin ərzaq təchizatında fasilələr meydana gəlirdi. 1962-ci ilin mayında belə bir şəraitdə sonrakı ayın 1-dən ətin, ət məhsullarının, yağın qiymətinin az qala üçdə bir dəfə bahalanması barədə qərar verildi və həyasızcasına bunun “zəhmətkeşlərin xahişləri” əsasında edildiyi bildirildi.

 

1-2 iyun 1962-ci ildə Rostov vilayətindəki Novoçerkassk elektrovoz zavodunun fəhlələri və şəhərin digər sakinləri ağır sosial şəraitə görə tətil etdilər. Xruşşovun birbaşa göstərişi ilə nümayiş edən kütləyə atəş açılmaqla tətilə son qoyulduğundan, bu hadisə Novoçerkassk güllələnməsi adlanır. Rəsmi məlumata görə 26 tətilçi həlak olmuş, 87 nəfər isə yaralanmışdı. İyunun 1-dən 2-nə keçən gecə şəhərə tanklar və əsgərlər girmişdi. Məhz həmin əsgərlər şəhər icraiyyə komitəsinin binasının yanında nümayişçilərə atəş açdılar. Şəhər sakinləri ət əvəzinə bolluca güllə zərbəsi aldılar.

 

Xruşşov narazılıqları zor tətbiq etməklə yatırtmağın təcrübəli ustası kimi Mikoyanı digər rəhbər xadimlərlə birlikdə Novoçerkasska göndərmişdi. Təcrübə bu dəfə də onun köməyinə gəldi. Lakin sonralar o, günahı artıq həyatda olmayan Mərkəzi Komitə katibi Frol Kozlovun üstünə yıxmışdı. 1990-cı illərdə bu məsələ ilə əlaqədar Xruşşov, Mikoyan və Kozlov barəsində cinayət işi qaldırılmış, hər üçü artıq ölü olduğuna görə işə xitam verilmişdi.

 

Xruşşov isə həmin dəhşətli hadisəyə məhəl qoymayaraq, devrilənə qədər xalqı aclıqdan xilas etmək barədə yeni ideyalarından dəm vururdu, bunlardan biri qarğıdalının bütün ölkə ərazisində becərilməsi barədəki sərsəm fikir idi. O, güman edirdi ki, xalqı ərzaq əvəzinə xülyalarla da qidalandırmaq olar. Eksperimentlər isə ölkəyə olduqca baha başa gəlirdi.

 

Əlbəttə, 1937-38-ci illərin repressiyaları Sovet xalqına daha ağır zərbə vurmuşdu. Yuxarı eşelondakı repressiyalar hakimiyyət uğrundakı mübarizənin əks-sədası olmaqla yanaşı, bütünlüklə əsassız da deyildi. Uinston Çörçill özünün “İkinci Dünya müharibəsi” adlı altıcildlik fundamental əsərində o vaxtlar SSRİ-də hərbi müxalifətin mövcudluğunu və Stalinin onu dəf etdiyini yazır. Çoxlu hərbi xadimlər məhv edildi, lakin müharibə ərəfəsində olan ölkə üçün hərbi müxalifətin heç də kiçik təhlükə olmadığı da böyük bir sirr deyildir. Hətta Stalindən narazı olan böyük rus sərkərdəsi G.M.Jukov da özünün “Düşüncələr və xatirələr” adlı dərin tədqiqat əsəri sayılan kitabında həmin illərdə generallara və marşallara qarşı olan repressiya məsələsinə toxunmur, arbitr rolunda çıxış etməmək üçün bu məsələnin üstündən keçir. O, bu hadisələrin canlı şahidi olmaqla, nə baş verdiyindən yaxşı hali idi. Lakin repressiyanın qurbanlarının nəslindən olanlar, bu ağır itkilərinə görə Stalini bağışlamaq fikrindən çox uzaqdırlar.

 

Stalin sağlığında ölümündən sonra ona necə çox sayda ittihamlar yağdırılacağını bilirdi. V. M. Molotov yazıçı Feliks Çuyevlə söhbətində bildirmişdi ki, “Yadıma düşür ki, Stalin özü müharibə dövründə demişdi: “Mən bilirəm, ölümümdən sonra mənim qəbrimin üstünə zibil topası tökəcəklər. Lakin zaman küləyi onu amansızcasına sovurub yoxa çıxaracaqdır”. Yazıçı isə bunu “Molotovla yüz qırx söhbət” kitabında qələmə almışdır. Əcnəbi dövlət xadiminin “müasir avtomat təsəvvürünə uyğun gələn bəşər məxluqu hesab etdiyi “ Molotov yəqin ki, öz obyektivliyinə bu dəfə də xilaf çıxmamışdı. Stalinin öncəgörməsi düz cıxsa da, ideyası  tam həyata keçmədi, küləyin zibil qalağını yoxa çıxaracağı barədəki ümidi puç oldu. Qəbri üzərinə tökülən zibil topası, sağlığında Pamirdə öz adı ilə adlanan pik hündürlüyündə olduğundan, onu dağıtmaq üçün adi külək deyil, nəhəng siyasi və ya sosial kataklizm lazımdır, lakin onun hansısa bir vaxt mövcud olacağı ehtimalı da hələlik sıfra bərabərdir.

 

Stalinə ölkəsində yazılan odaların sayı- hesabı yox idi və bunlar da əsasən məddahlıqdan başqa bir şey deyildi. Lakin ona, əks cəbhədən olanlar da çox xoş sözlər ünvanlayırdılar. Çörçill Tehrandakı (noyabr 1943-cü il) və Yaltadakı (fevral 1945-ci il) konfranslar vaxtı verilən ziyafətlərdə onun haqqında çox tərifli sözlər söyləmişdi: “Mən səhər yuxudan qalxanda dua edirəm ki, Stalin yaşayır, salamatdır. Yalnız Stalin dünyanı xilas edə bilər”. 1959-cu ildə Stalinin ölümündən altı il sonra, onun 80 illik yubileyi münasibətilə Britaniya parlamentində çıxış edərkən demişdi: “Rusiya üçün böyük xoşbəxtlik onda idi ki, ağır sınaq illərində ölkəyə dahi və... sərkərdə Stalin başçılıq etmişdi. O, ən görkəmli şəxsiyyət idi”. Doğrudan da müharibə illərində o, təkcə sərkərdəlik etmirdi, həm də vuruşan və dəhşətlərlə üzləşən ölkəyə, xalqa rəhbərlik edirdi. Belə sınaq anında çoxları qorxudan titrəyir, qaçıb gizlənmək istəyir, yalnız böyük iradə sahibləri qartal kimi qanad açıb səmaya pərvazlanmaq cəsarəti tapır.

 

Repressiyalara tam əks mövqedə olanlar da yox deyildi. Hətta üç on illik keçəndən sonra həmin tufanın yenidən başlanacağına ümid bəsləyənlər də var idi. Onlar əsasən vaxtilə repressiya maşınında alət kimi çıxış edənlər idi, öz donosları ilə onun bəhrəsinin çoxalmasına kömək göstərmiş cılız məxluqlar idi. Məlum olmuşdur ki, təkcə Moskvadakı mərkəzi orqanlara çuğulçuların siqnalı şəklində 4 milyon ərizə daxil olmuşdu. Respublika, vilayət orqanlarına göndərilən böhtan dolu ərizələr də əlavə olunsa, bu rəqəm dəfələrlə arta bilər.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2015.- 9 may.- S.26.