İstiqlal yolunun
şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət
xadimləri
Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik
uğrunda daima mübarizə aparıb. Ötən əsrin
əvvəllərində ölkəmizdə
milli azadlıq hərəkatı daha da gücləndi.
Azərbaycanın demokratik qüvvələri,
mütəfəkkir şəxsləri,
siyasi xadimləri yurdumuzun mütəqilliyi,
millətimizin azadlığı
uğrunda mübarizəyə
qoşuldular. Rusiya imperiyasının dağılması Azərbaycanda
müstəqil dövlət
qurmaq üçün
şərait yaratdı.
1918-ci il mayın 28-də
Azərbaycan Demokratik Respublikası - Xalq Cümhuriyyəti elan edildi.
Xalqımızın bir çox ziyalıları, görkəmli
şəxsiyyətləri Demokratik
Respublikanın yaradılmasında,
onun inkişafında müstəsna rol oynayıb, müstəqillik
yolunda əllərindən
gələni əsirgəməyiblər. Bu onların həyatı bahasına başa gəlsə də, bir çox təqiblərə məruz
qalsalar da, öz amallarından vaz keçməyib, xalqın rifahı üçün çalışıblar.
Xalqa və dövlətçiliyə
bir nümunə olan həmin ziyalıların bəzilərinin
həyat və fəaliyyət yollarını
daha dərindən araşdırıb təqdim
edirik. Bu yolda əsas bələdçimiz, qaynağımız
isə Prezident Kitabxanası, həmçinin
Milli Kitabxananın zəngin məlumat bazasıdır.
Nəsib
bəy Yusifbəyli
Azərbaycanın görkəmli dövlət
və siyasi xadimi Nəsib bəy Yusifbəyli Azərbaycan
Xalq Cümhuriyyətinin
banilərindən və
hökumət başçılarından
biri olub. O, 1881-ci ildə Gəncə şəhərində ziyalı
ailəsində anadan olub. Orta təhsilini Gəncə
gimnaziyasında alıb.
Gəncə klassik gimnaziyasını
bitirdikdən sonra
1902-ci ildə Odessa Universitetinin
Hüquq fakültəsinə
daxil olan Nəsib bəy Yusifbəyli təhsil almaqla bərabər, həm də milli azadlıq hərəkatına qoşulub,
azərbaycanlı tələbələrin
“Həmyerlilər” təşkilatının
rəhbərlərindən birinə çevrilib.
Universitetdə baş verən
hadisələrə görə
tədris ocağı
bağlanır, fəal
tələbələr ciddi
təqiblərlə üzləşirlər.
Beləcə, N. Yusifbəylinin təhsili yarımçıq
qalır. O, çar
xəfiyyələrinin təqibindən
yaxa qurtarmaq üçün 1906-cı ildə
Krımın Bağçasaray
şəhərinə köçüb,
böyük tatar mütəfəkkiri və
publisisti İsmayıl
bəy Qaspıralının
“Tərcüman” qəzetində
çalışmağa başlayır.
İctimai-siyasi mövzulu məqalələri
ilə oxucu auditoriyası qazanan Nəsib bəy Yusifbəyli Qaspıralının
qızı Şəfiqə
xanımla (1886-1975) ailə
qurub. Bu nikahdan Niyazi və Zəhra adlı iki övladı olan Nəsib bəy buradakı təqiblərdən yaxa qurtarmaq üçün İstanbula köçüb,
publisistik fəaliyyətilə
bərabər, həm
də “Türk dərnəyi” cəmiyyətinin
təşkili ilə məşğul olub. Bir il sonra Vətənə dönüb, Gəncə şəhər bələdiyyəsində
çalışıb. 1911-ci ildə “Mədrəseyi-ruhaniyyə”
məktəbində çalışıb,
“Molla Nəsrəddin”
jurnalına və qəzetlərə məqalələr
göndərib, “Müsəlman
xeyriyyə cəmiyyəti”,
“Müsəlmanların maariflənməsi
cəmiyyəti”, “Aktyorlar
cəmiyyəti”nin fəaliyyətində
yaxından iştirak edib. Bu zaman Məmməd Əmin Rəsulzadə ilə tanış olub və ictimai-siyasi
fəaliyyətə başlayıb.
Bu illər ərzində, sözün həqiqi mənasında, Nəsib bəy qısa bir ömrə sığmayan ictimai-siyasi
işlər görüb.
Mirzə
Fətəli Axundovun anadan olmasının 100 illiyi münasibətilə
Gəncədə Azərbaycan
dilində ilk kitabxana təsis edib. “Türk Sosial-Federalist İnqilabi Komitəsi” adı ilə fəaliyyətə başlayan təşkilatın
əsasında qardaşı
Həmid bəy Yusifbəyli, Ələkbər
bəy Rəfibəyli,
Ələsgər bəy
Xasməmmədovla birlikdə
“Qeyrət” təşkilatını
yaradıb. Azərbaycanın taleyində son dərəcə
mühüm rol oynayan Gəncə Milli Komitəsinin sədri kimi fəaliyyət göstərib.
Nəsib bəyin həyatında 1917-ci il öz mühüm hadisələri
ilə iz qoyub. Belə ki, fevral burjua inqilabından sonra dərin siyasi-hüquqi təfəkkür
sahibi olan Nəsib bəy “Türk Ədəmi-Mərkəziyyət”
partiyasını yaradır.
1917-ci ilin aprelində
Bakıda keçirilən
Qafqaz və həmin ilin mayında Moskvada keçirilən Rusiya müsəlmanları qurultaylarında
iştirak edib. 1917-ci ilin iyununda
Türk Ədəmi-Mərkəziyyət
partiyası M.Ə.Rəsulzadənin
rəhbərlik etdiyi
“Müsavat” partiyası
ilə birləşir,
yeni partiya “Türk Ədəmi-Mərkəziyyət
firqəsi Müsavat” adlandırılır. Yusifbəyli bu
partiyanın oktyabrın
26-31-də Bakıda keçirilən
və Azərbaycanın
siyasi həyatında böyük hadisəyə
çevrilən 1-ci qurultayının
hazırlanmasında və
keçirilməsində fəal
iştirak edib, partiya proqramının müəlliflərindən biri
olub, onun mərkəzi komitəsinin
üzvü seçilib,
Gəncə şöbəsinə
rəhbərlik edib.
Rusiya Müəssislər Məclisinə
Gəncədən üzv
seçilən Nəsib
bəy Yusifbəyli
1918-ci il aprelin 22-də elan olunan Zaqafqaziya Demokratik Federativ Respublikasının xalq maarifi naziri təyin edilib. Həmin il
mayın 27-də Tiflisdə
yaradılan Milli Şuranın üzvü olan Nəsib bəy, Fətəli xan Xoyskinin təşkil
etdiyi Hökumət Kabinetində də məhz xalq maarifi və dini etiqad naziri
vəzifəsini icra edib. Nazir olduğu müddətdə
Nəsib bəy daim xalqın inkişafı, maariflənməsi
üçün əlindən
gələni edib.
1918-ci il mayın 28-də Azərbaycan
Milli Şurasının
Tiflisdə kecirilən
iclasında Azərbaycanın
dövlət müstəqilliyi
haqqında Akt- İstiqlal bəyannaməsi
qəbul edilib. Yusifbəyli İstiqlal bəyannaməsini
imzalayanlardan və müstəqilliyin lehinə
səs verən 24 Milli Şura üzvündən biri olub. Azərbaycan Xalq Cümhuriyyəti
qurulduqdan sonra Fətəli xan Xoyskinin təşkil etdiyi 1-ci hökumət kabinəsində Yusifbəyli
maliyyə və xalq maarifi naziri
vəzifəsini, Xoyskinin
2-ci və 3-cü hökumət
kabinələrində də
xalq maarifi və dini etiqad
naziri vəzifələrini
tutub. Nəsib bəy nazir
olduğu zamanlarda ölkədə bir çox yeniliklərə imza atıb. Nazirliyin həyata keçirdiyi ilk tədbirlərdən biri Azərbaycan dilinin dövlət dili elan edilməsi olub. Bu vəzifəni
həyata keçirmək
üçün isə
təhsil sistemini milli zəmin üzərində tamamilə
yenidən qurmaq və Azərbaycan dilini mükəmməl bilən ixtisaslı milli kadrlar yetişdirmək
tələb olunurdu.
Məhz buna görə N.Yusifbəylinin
təqdimatı ilə
hökumət 1918-ci il avqustun 28-də Azərbaycan məktəblərinin
milliləşdirilməsi haqqında
qərar qəbul edib. Xalq Maarifi Nazirliyinin
səyləri nəticəsində
artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda
dövlət hesabına
637 ibtidai və 23 orta ixtisas təhsili
məktəbi fəaliyyət
göstərib. 1919-cu ilin
mart ayında yeni hökumətin rəhbərliyinə
keçdiyi üçün
Nəsib bəy xalq maarifi və
dini etiqad naziri vəzifəsindən
kənarlaşsa da, bu sahəni diqqətdən kənarda qoymayıb. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət istefaya gedəndən sonra yeni hökumət təşkil edən baş nazir Nəsib bəy Yusifbəyli daxili işlər naziri vəzifəsini də icra edib. 1920-ci ilin martına qədər dünyanın
böyük dövlətləri
Azərbaycanın istiqlaliyyətini
tanıyıb, çoxminli
ordu formalaşdırılıb,
Nəsib bəyin təklifi ilə Bakı Dövlət Universiteti açılıb,
100 nəfər azərbaycanlı
gənc xaricdə oxumağa göndərilib,
torpaq islahatı haqqında qanun layihəsi hazırlanıb,
Azərbaycanın milli
pulu dövriyyəyə
buraxılıb. Azərbaycan müəllimlərinin
III Qurultayının keçirilməsində
də Nəsib bəyin xüsusi rolu qeyd olunmalıdır.
Parlamentdə daxili və xarici siyasət haqqında hökumət proqramı ilə çıxış edən Nəsib bəy Yusifbəyli bildirib ki, hökumətin xarici siyasət sahəsində başlıca məqsəd və vəzifəsi böyük dövlətlərin Azərbaycanın istiqlaliyyətini tanımasına nail olmaq, ölkənin ərazi bütövlüyünü qoruyub saxlamaq, daxili siyasət sahəsində isə iqtisadiyyatı dirçəltmək, əhalinin sosial rifahını yaxşılaşdırmaq, demokratik azadlıqları, o cümlədən, söz, mətbuat, yığıncaq və sair azadlıqları təmin etməkdir. Milli hökumətin Tiflisdən Gəncəyə gəlişinin ilk günlərindən aktiv milli təhsil siyasəti və quruculuğuna girişən maarif naziri, böyük ziyalı Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Xalq Maarifi və Dini Etiqad Nazirliyinin strukturu təsdiq edilir, ölkədə fəaliyyət göstərən bütün maarif və mədəniyyət ocaqları, məktəblər onun tabeçiliyinə verilir. Nəsib bəyin maarif sahəsində atdığı ilk addımlardan biri yüksək vəzifələrə azərbaycanlıları irəli çəkməsi olub. Qaynaqlar göstərir ki, 1918-ci ilin təkcə avqust ayı ərzində azərbaycanlıların sıx yaşadığı Gəncə, Şuşa, Cavanşir, Zəngəzur qəzalarının xalq maarifi müfəttişliyində çalışan milliyyətcə erməni və rus rəhbər maarif işçiləri vəzifələrindən azad edilib, onların yerinə milli kadrlar təyin olunub.
1918-1919-cu illərdə Gəncə Müəllimlər Seminariyası milliləşdirilib, Bakıda darülmüəllimin və darülmüəllimat, Nuxada darülmüəllimin açılıb, Zaqatala, Ağdam və Şuşada belə müəssisələrin yaradılması qərara alınıb. Milliləşdirilən məktəblərdə ümumi türk tarixi, təlim rus dilində olan tədris ocaqlarında həftədə 3-4 saat Azərbaycan dili keçirilirdi. Orta təhsilin milliləşdirilməsi reallaşdırılıb, Abdulla Şaiqin təşəbbüsü ilə bütün dərslər rus dilində keçilən Bakı I realnı məktəbində Azərbaycan dili üzrə üçaylıq kurs açılıb.
Bir tərəfdən, elmi və pedaqoji kadrlar hazırlamaq üçün ali və orta ixtisas məktəbləri açılıb, o biri tərəfdən nəşriyyat-tərcümə komissiyasının köməyi ilə dərsliklər hazırlanıb çap etdirilib. Həmin dövrdə “Türk əlifbası və ilk qiraət”, “Türk qiraəti”, “Yeni məktəb”, “Rəhbəri-sərf”, “Tazə elmül-hesab”, “Ədəbiyyat dərsləri”, “Son türk əlifbası”, “Hesab məsələləri məcmuəsi”, “Rəhbəri-cəbr”, “Milli qiraət”, “Müntəxəbat”, “Türk ədiblərindən nümunələr” və digər dərsliklər nəşr olunub.
Lakin həyat Nəsib bəyə bu işləri davam etdirməyə imkan verməyib. 1920-ci ilin martına qədər baş nazir vəzifəsində çalışmış Nəsib bəy Yusifbəyli aprel çevrilişindən sonra Parlamentin axırıncı iclasından qayıdıb ailəsi ilə son görüşündə: “Fələk məni çox yüksəltdi. Fəqət indi mən dünyanın ən bədbəxt insanıyam”, - söyləyib. Həmin il may ayının əvvəllərində Nəsib bəy Yusifbəyli ölkədəki xaos və özbaşınalıqdan istifadə edən quldurlar tərəfindən qətlə yetirilib. Nəsib bəyin Xalq Cümhuriyyətinin qurulmasındakı tarixi xidmətlərindən danışarkən Məmməd Əmin Rəsulzadə hələ 1929-cu ildə yazırdı: “Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formulə etmək şərəfi mərhum Nəsib bəyindir... Bu, Nəsib bəy ismini (adını) Azərbaycan tarixində ölməz və unudulmaz bir isim halına qoymaq üçün kafidir...”
(Ardı var)
Samirə
QULİYEVA
525-ci qəzet.- 2015.- 9 may.- S.24.