Yaxşı tanıdığım “Sual”
Ötənlərdə başqa bir saytda “Sarıköynəklər
oxuyurdu” adlı köşə yazmışdım. Yazı sosial
problemlərdən bəhs
edirdi. Bəndəniz
şəhərin artan
hay-küyündən, maşınların
aramsız siqnallarından
narahatlığını bildirirdi...
Şərhlər bölümündə “Sual”
ləqəbli birisi “Ədəbiyyat qəzeti”ndən
niyə çıxarılmağımın
səbəbilə maraqlanırdı
və belə bir kobud, həm
də sarsaq sual verirdi: “Yaxşısı budur, “Ədəbiyyat qəzeti”ndən
niyə qovulduğunu yazasan...” “Köçən yurd yerlərimiz” yazısına
isə başqa mız qoyurdu: “Bu nə addı, yurd köçməz, insanlar yurddan köçər”. Əslində mənim işim birinci sualla bağlıdı. Amma ikinci
sualla ilgili deyim ki, mən
inşa yazmıram, yazıçı assosiativ
cümlələr qurmalıdır.
Nəsə.
Keçək “Sual”ın sualına.
Əvvəla, demək istəyirəm
ki, mən səni yaxşı tanıyıram. Kimliyini bir
azdan açıqlayacam.
İndi isə pritçafason bir misal çəkim.
Stəkanı yarıbayarı su
ilə doldurub birinə verirlər və soruşurlar ki, burda nə
qədər su var? O cavab verir ki, stəkan
yarımçıqdı. Həmin stəkanı
başqasına verib, sualı təkrarlayırlar.
O da qayıdıb deyir ki, burda
su yoxdu ki. Üçüncüyə də eyni suyu və sualı
verirlər. O isə
deyir: Allah köməyiniz
olsun, stəkan dopdoludur.
Birinci halda, insan yarımçıq və mənəviyyatca kasıb, ikincidə tamahkar, üçüncü
də isə tox və müdrikdir.
Bu misalla “sual” işarəsinə oxşayanın
arasında birbaşa paralellik olmasa da, “hərə öz əxlaqına görə mülahizə
yürüdür” deyimi
hər ikisinə yarayır.
Başqa pritça da deyim, lap yerinə düşsün. Qədim zamanlarda bir məmləkətin padşahı
qiyamçıların yanına
araşdırmaçılar göndərir.
Həmin
adamlar oradakı qiyamçılarla əlbir
olub bir arayış hazırlayır
və hökmdara gətirirlər. Hökmdar arayışı
oxuyur və görür ki, hər şey qəsdən onun əleyhinə yazılıb.
İstehzayla gülür
və deyir: “Hər şey yaxşıdı, amma bir yerdə vergül çatışmır”.
İndi bu “Sual”da o böyük-böyük
məsələləri qoyub,
mənasız suallar verir.
Bu da belə. Keçək mətləbə.
Bilirsən səni hardan tanıyıram? Metroya bir mindik, ikimiz də “Sahil”də çıxacaqdıq.
İşimlə maraqlandın, mən
də cavab verdim ki, bu
yaxınlarda köçəcəyik,
çünki binamız
təmirə dayanır.
Onda sən şeytani təbəssümlə
güldün: “Adamı
çıxarmaq istəyəndə
əvvəlcə belə
deyirlər. Çıxdınızsa, çətin qayıdasınız”.
Dedim ki, sərəncam verilib, qayıdacağıq. Sən
yenə də güldün, mənim ciddi-cəhdlərimə baxmayaraq
istehzayla aralanıb getdin...
Bilirsən səni hardan tanıyıram?
Tanışlardan biri, sənə
də, mənə də alicənablıq edən adam
işdən çıxanda
sevinirdin və üzündəki həmin
şeytani təbəssümlə
soruşdun: “Sən bilən onu niyə işdən çıxarıblar?” Cavab
verdim ki, niyəsini bilmirəm, amma mərd adam idi.
Bizim kisəmizdən getdi.
“Nə kisə!?-
dedin, - kisə
onun özündəydi.
Elə yaxşı elədilər, ölənə
kimi orda oturub altına yığmayacaqdı ki...”
Bilirsən, səni hardan tanıyıram?
Azərbaycanın hansıca bir uğurunu görəndə,
yoldaşlarının sevincinə
baxanda içdən qəzəblənirsən, amma
nə qədər istəsən də, hisslərini gizlədə
bilmirsən. Çünki xəbis, alçaqqəlbli,
paxıl birisən.
Ona görə ki, bu həyatda özünə yer tapa bilməmisən.
Heç
o dünyada da tapa bilməyəcəksən.
Sənin
hərtərəfli cavabını
da orda verəcəm.
Hələliksə bu yetər.
Elə bilirəm ki, sualına cavab verdim. Qane eləmirsə, mənim
istefamla bağlı saytlara axtarış verib yetərincə məlumat yığa bilərsən.
Amma hamı
sənin kimi deyil.
Şərhlərin birində təxminən
belə yazılmşdı:
Çox sağ
olun, oxudum, zövq aldım. Çoxdandı ki, belə yazılar oxumurduq, əllərinizə
sağlıq...
Sən də sağ ol, qardaşım!
Sənsə “sual” yadında
saxla: Yaxşılar az, amma
güclüdülər, pislər
çox, ancaq zəifdilər: sənin təki. Sizin kimilərin gücü
kol dalından vurmağa çatır.
Atdıqlarınız da
bumeranq kimi özünüzə qayıdır:
sadəcə hər şeyin əzəl-axırı
var...
Gördün, tanıdım səni,
a sarsaq!..
Elçin Hüseynbəyli
525-ci qəzet.- 2015.- 9 may.- S.22.