Elmira xanımın dostları
Dostluq çağdaş
zamanın sıradan çıxarmaqda olduğu dəyərlərdən biridi.
Bir az dərin fikirləşəndə başa
düşürsən ki,
deyəsən elə
“dost” sözünün özü
də mənasını
dəyişib.
Əgər müasir insan üzünü belə görmədiyi minlərlə
adamla sosial şəbəkələr vasitəsiylə
“dost” ola bilərsə və bu anlayış sadəcə foto bəyənmək, nəyəsə
şərh yazmaq kimi qavranırsa... bütün bunları düşünəndə adamın
ürəyi sıxılır.
Hələ hisslərin ibtidai gözəlliyinin, kövrəkliyinin
itməsini, paxıllığın
artmasını demirəm,
dinamik zamanda canlı ünsiyyətin azalmasından danışmıram. İndiki dövrdə
kiminsə hansısa xoş bir hadisəyə
ürəkdən sevinməsini
görəndə təəccüblənirsən.
Bu mənada millət vəkili, əməkdar jurnalist, Dövlət mükafatı laureatı
Elmira Axundovanın kitabı
adamı elə ilk olaraq adı ilə cəlb edir: “Dostlarımın gözəl cizgiləri”. Kitabı oxuduqca bu adın
nə qədər dəqiq seçildiyini, ümumi ruhu ifadə etdiyini görürük. Çünki Elmira xanım bir çox müsahibələrində,
çıxışlarında da dediyi kimi
məhz yaxşını
görməyə çalışır,
oxucularına da “gözəl cizgiləri” göstərmək istəyir.
Kitabdakı üç - “Portretlər”,
“Resenziyalar”, “Esselər”
- bölümlərində
yer alan məqalələri, esseləri
oxuduqca adama bir anlıq elə gəlir ki, Elmira Axundova hamını tanıyır.
Və bu “hamı” sözündə heç
bir mübaliğə
yoxdur. Görünür lap yeniyetməlik, gənclik illərindən
mühitin, cəmiyyətin
içərisində olması,
müxtəlif xarici ədəbi orqanların müxbiri kimi çalışması, həm
də zəhmətkeşliyi,
işgüzarlığı bu məsələdə xüsusi rol oynayıb. Amma hər halda
cəmiyyətin ən
fərqli, müxtəlif
qütblərdə duran
adamlarını tanımaq,
onlar haqda dəqiq, mənalı, dərin yazılar yazmaq üçün sadəcə istedad, intellekt deyil, xarakter və daxili zənginlik də tələb olunur. Bunu da Elmira xanımın
təkcə yazılarında
yox, tədbirlərdəki
davranışında, çıxışlarında
da müşahidə etmək olar.
Ötən il Azərbaycan Yazıçılar
Birliyinin Qurultayındakı
çıxışı da
bu mənada düşündürücü, yaddaqalan idi. Yüzlərlə qələm
adamının toplaşdığı
Qurultayın tribunasından
hər kəsə müraciət edən, mətbuatın, ədəbiyyatın
bu günü ilə bağlı problemləri bölüşən
xanım nələrinsə
düzələcəyinə, nələrisə dəyişməyin
mümkünlüyünə inanır və “Dostlarımın gözəl
cizgiləri”ni oxuduqca
o da aydın olur ki, Elmira Axundova bu dediyim “dəyişmə,
yaxşılaşma” yolunda
öz üzərinə
düşəni də
dəqiq bilir. Görünür, təbiətindən gələn bir məqam da onun
fəaliyyətinə, həyatına
təsir edir. Bu da susa bilməməkdi. Gördüyü
naqisliklər haqda da susa bilmir, onları dilə gətirir, təkrar-təkrar deməklə
düzəltmək istəyir.
Amma bundan daha gözəli
odur ki, yaxşını da, maraqlını da, qeyri-adini də görəndə susmur.
Və sadəcə haqqında yazdığı adama, yaxud kitabın, tamaşanın, əsərin
müəllifinə xoş
olmasıyçün yox,
kütləni bu hadisəyə cəlb etmək, cəmiyyətin diqqətini yönəltmək
üçün danışır.
Mətbuat Şurasının sədri
Əflatun Amaşov kitaba yazdığı geniş və çox maraqlı ön sözdə Elmira xanımın özünün
gözəl cizgilərindən
bəhs edir. Onun kitaba
bağlılığını, musiqi duyumunu, ziyalı xarakterini, dostlarına münasibətini,
özünə, qələminə
sadiqliyini, dəqiq müşahidələrini ifadə
etmək, sözə çevirmək istedadını,
mərdliyini, zəhmətkeşliyini
vurğulayır. Və ön
sözü oxuduqca bir anlıq çaşırsan, bütün
bunların qadın haqda yazılmasına təəccüblənirsən. Çünki nədənsə adama elə gəlir ki, çətin işləri
görmək üçün
təbiət kişiyə
daha böyük güc verib. Amma Elmira xanımın bioqrafiyası
qadına aid olunan “zəif, gücsüz” bəzən hətta “çətinlikdən, zəhmətdən
qorxan” kimi ifadələri inkar edir. Təkcə elə “Heydər
Əliyev. Şəxsiyyət və zaman” çoxcildlik roman-tədqiqatın
arxasındakı zəhməti
təsəvvürə gətirmək
yetər.
Esselərindən birində Elmira xanım
jurnalistika peşəsi
haqda yazır: “Jurnalist peşəsi - peşəkar
yararlılığa daimi
imtahandır. O, hər dəfə təmiz vərəqdən
başlamalıdır, zira
əgər o, dezinformasiya
verməyi, ya yalan söyləməyi özünə rəva görərsə, nə məşhurluğu, nə
onlarla gurultulu məqaləsi jurnalistin reputasiyasını xilas edə bilməyəcəkdir”.
“Dostlarımın gözəl
cizgiləri” kitabında
müəllifin məhz
yuxarıda gətirdiyim
prinsiplərə sadiqliyini,
reputasiyasına arxalanıb
qərəzli, zəif
yazmağı özünə
rəva görmədiyini
açıq-aydın hiss etmək
olar. Və o da aydındır
ki, hər dəfə təmiz vərəqdən başlamaq
(bu ifadənin həqiqi və məcazi mənasında) öz işinin bilicisi üçün çətin deyil. Eyni zamanda maraqlı
olan budu ki,
illər, istər
Sovet dövrünün
sərt qanunları, isərsə də müstəqilliyin gətirdiyi
azadlıq Elmira xanımın
qələminə, üslubuna
o qədər ciddi təsir etməyib. Hazırkı söz azadlığı həvəskarları,
azadlıq sözünün
mənasını yanlış
qəbul edənlər
üçün bu xanımın yazılarındakı
kübarlıq, səviyyə
örnək ola
bilər.
Kitabın xüsusən də “Portretlər” və “Resenziyalar” fəsillərinə
daxil edilmiş yazıları oxuyanda müəllifin söz səxavətinə heyran qalırsan. İndiki dövrdə gözəl
cizgilərdən, həm
də bu qədər səxavətlə,
ürəkgenişliyi ilə
yazmaq?! Bax bu təəccüblüdür...
Amma onu da etiraf
etmək lazımdı
ki, bu esselərin
bəzilərində Elmira xanımın
avansları da hiss olunur. Sanki haqqında
yazdığı adamı,
(əlbəttə hamını
yox) bir az da çox sevindirmək,
həvəsləndirmək, onu daha gözəl
işlərə sövq
etmək üçün
Elmira xanım xoş sözlərin sayını
artırır. Ancaq elə
bunun özü də onun özünəməxsusluğundan,
ürək açıqlığından
xəbər verir.
Elmira Axundovanın istər bu yeni kitabını
- “Dostlarımın gözəl
cizgiləri”ni, istərsə də bura daxil edilməmiş
başqa yazılarını,
məqalələrini oxuyanda
onun maarifləndirmək
həvəsini, arzusunu
duymaq olar. Əslində, ilk baxışdan hamını narahat edən məqamları yazır, deyir. Məsələn, elə yaxın vaxtlarda “525-ci qəzet”də işıq
üzü görən
“Plagiat epidemiyası və unutqanlığımız
haqqında... “ məqaləsində Elmira xanım plagiatlarla bağlı narahatlığını
bildirir, kimlərinsə
başqasının zəhmətini
utanmadan öz adına çıxarması
haqda fikirlərini bölüşürdü. Nədənsə
bu problem hamını
narahat eləsə də, bu haqda
çox az
danışılır. Amma Elmira xanımın
yazısından sonra bir növ bu
məsələyə diqqət
cəlb olundu. Bir sözlə, məncə,
Elmira Axundova qələminin
əsas vəzifəsi
cəmiyyətin diqqətini,
fikrini lazımi nöqtələrə, mövzulara
cəlb etməkdi.
Bu mənada Xalq
yazıçısı Anarın
“LİK Azerbaydjana” üçcildliyi
haqda yazdığı
məqalələr xüsusi
vurğulanmalıdır.
Elə bu kitaba daxil
edilmiş başqa bir yazısında, “Yaddaş yerinin qoruyucu” essesində Elmira xanım Anar müəllimin təvazökarlığından
“şikayət” edir, “təvazökarlığın da
bir əndazəsi olmalıdır” - deyir. Və illər sonra yəqin elə təvazökarlıq
üzündən “LİK” kimi
qeyri-adi, möhtəşəm
bir işi cəmiyyətə təqdim
etməyən, az qala gizlədib
heç kəsə göstərməyən Anar
haqda yenə Elmira xanım yazır. “Azərbaycanın gözəl
SİMAsı” nı oxucuya tanıtmaq, geniş ictimaiyyətə anlatmaq istəyir, özü bildiyi, duyduğu, anladığı şəkildə.
Bu da əslində
elə ziyalılığın
təcəssümüdür ki, insan bəyəndiyi,
təsirləndiyi əsəri
hamıya oxutmaq, tanıtmaq istəyir.
“Dostlarımın gözəl cizgiləri” kitabını bütöv əsər də adlandırmaq olar. Buradakı ən fərqli yazılarda müəllifin özünün də cizgiləri, ömrü, həyat, zəmanə, insanlıq, gənclik haqda düşüncələri əks olunub. Yazıların hər biri haqda ayrıca danışmaq, onların məziyyətindən xeyli söz açmaq olar. Amma indi Elmira xanımın təhlil etdiyi, araşdırdığı mövzuları, insanları, hadisələri yenidən yazmaq niyyətində deyiləm. Çünki kitab haqda ən gözəl sözü elə kitabın özü deyir...
Sadəcə son olaraq müəllifin zövqü haqda da bir neçə söz demək istərdim. Kitabın dizaynından, poliqrafik səviyyəsindən tutmuş, yazıların düzülüşünə, fotoların seçiminə qədər hər şeydə zövq hiss olunur, qadın səliqəsi duyulur. Və nədənsə əminəm ki, bunların hamısıyla müəllif şəxsən özü məşğul olub. Əlbəttə, ilk öncə vurğulanmalı olan məqalələrin, esselərin səviyyəsidir, dərinliyidir, amma bununla yanaşı o maraqlı yazıların necə təqdim olunması da şərtdir. Xüsusən də əgər müəllif qadındırsa... Elmira Axundova kimi ziyalı, zövqlü, kübar qadındırsa...
PƏRVİN
525-ci qəzet.- 2015.- 9 may.- S21.