Elçinin nağıl dünyası
BU, HƏR YAŞDA İNSAN ÜÇÜN
KAMİLLİK AÇARIDIR
Xalq yazıçısı Elçin elmi-nəzəri,
publisistik ədəbiyyatlarda haqqında ən
genişçalarlı monoqrafiya, esse və məqalələr
yazılan çağdaş ədəbiyyatımızın
görkəmli nümayəndəsidir. Bu mənada
onun yaradıcılığı ilə bağlı yeni fikir
söyləmək olduqca çətindir. Elçinin
məhsuldar qələmi, ədəbi janrların, demək
olar ki, hamısında imzasını uğurla təsdiq etməsi
yazıçını daim diqqət mərkəzində
saxlayır. Bizim diqqətimizi isə bu dəfə
onun son illərdə yazdığı nağıllar silsiləsi
cəlb etdi.
Elçinə qədər M.F.Axundzadənin,
Ə.Haqverdiyevin, Y.V.Çəmənzəminlinin, Süleyman
Rəhimovun, İlyas Əfəndiyevin, Səməd Vurğunun
yaradıcılığında zaman-zaman şifahi xalq ədəbiyyatı
nümunələrinə müraciətlər olunub. Lakin
Elçin daha fərqli yolla gedərək,
yaradıcılığının binasını folklordan
inşa edib. Ədəbi genezisi
“Sarıköynəklə Valehin nağılı”ndan, “Geriyə
baxma, qoca”dan boy atan bir sənətkar üçün məncə,
təbiidir. Çoxcəhətli
yaradıcılığı etibarilə nağılvari hekayələr
ustası olması da bunun bariz göstəricisidir. Bir sözlə, Elçinin bədii irsi şifahi
xalq ədəbiyyatı ənənələri üzərində
qurulmuşdur. Habelə bu ənənə
novator keyfiyyətlərlə özünəməxsus şəkildə
daim yenilənib, zəngin ədəbi-bədii dəyər və
bəşəri ideyalar qazanıb. Onun
2009-2012-ci illər arasında yazdığı nağıllar
silsiləsi bunun təsdiqidir. Müəllifin
2014-cü ildə “Təhsil” nəşriyyatında çap
olunan “Yeni hekayələr” kitabında 16 nağıl yer
alıb. Bu nağıllar bəzən
“uşaq nağılları” təəssüratı
doğursa da, əslində həm də böyüklər
üçün nağıllardır. On
altı nağılın hər biri dərin müdriklik ifadə
edən didaktik roman tutumuna malikdir. Belə ki, kitabdakı
ilk nağıl - “Qoca palıdın nağılı”nda
yazıçı qoca palıdın timsalında uzun
ömür sürmüş, dünya
bağçasının hər üzünü
görmüş qoca adam təəssüratı
yaradıb. Onun ağac dili ilə söylədikləri
bir romanlıq mövzudur. Lakin Elçin
öz müşahidələrini, yazıda qarşıya
qoydugu məqsədini lakonik şəkildə, qısa
süjetlə addımlayaraq, oxucunun fikrini dolaşdırmadan
ifadə edən sənətkar olduğu üçün,
burada da qələminin xarakterinə sadiq qalaraq, demək istədiklərini
nağıl dili ilə - aydın, sadə, yığcam şəkildə
çatdırır. Elçinin
nağılları həm də folklor nağıllarından
novator xüsusiyyətlərinə görə fərqlənir.
Ənənəvi nağıllardakı sehr
burada insan əlinin dəyişdirdikləri ilə əvəz
olunub; Qoca palıdı nəriltiylə “Elə bil burda
heç vaxt heç bir ağac bitməmiş” kimi kəsib,
doğrayıb məhv edən insan əli idi. “Məhkum Qaysı ağacının
nağılı”nda qaysını həftəbecər
ağaca dönüşdürən də insan - bioloq əli
idi. Oleandrın dünyadan həzz alaraq
yaşamasına səbəb də insan- bağban idi. Elçinin nağıllarında folklor
nağıllarına məxsus atributlar da ixtisarla işlədilib.
Nağıllara məxsus tanış sonluq
burada fəlsəfi yekunlaşdırma ilə əvəz
olunub. “Tarzənin və köhnə tar ilə təzə
tarın nağılı”nda sonluqdakı “Amma o yeni tar da əvvəlki
kimi çalınmadı və Tarzən fikirləşdi ki,
Usta daha qocalıb, yaxşı tar düzəldə bilmir,
başqa yaxşı, cavan usta tapmaq lazımdır” ifadəsindəki
fəlsəfi yekunlaşdırma heç bir gələn yeni,
köhnənin yerini tuta bilməz gerçəyidir. Əslində köhnə ilə yeni müqayisə
də edilməməlidir. Burada Tarzənin ata yadigarı
olan tarın sədəflərini sökdürüb,
özünü isə saraydakı taxta-tuxtalara tay
eləməsi insanın əslindən, kökündən
sürətlə uzaqlaşmaq, qopmaq istəyindən
qaynaqlanır. Həmçinin
nağılların hər birində dünyanın faniliyi,
insanın vəfasızlığı, zaman və məkan vəhdətinin
pozulması yazıçını narahat edir.
Ümumiyyətlə, insanı hər yönü ilə
təqdim etmək Elçin
yaradıcılığının təbii xislətidir. Çünki
Elçin nədən yazırsa yazsın, əsas qayəsi
insanın daxili aləmini, psixologiyasını, mənəvi təlatümlərini
olduğu kimi əks etdirməkdir. İnsanda
insanı kəşf etmək istəyi
yazıçının ümum
yaradıcılığını bir- biri ilə sintezləşdirir.
Məsələn, əgər “Bir görüşün tarixcəsi”
povestində Mirzoppanın əslində elə də pis adam olmadığını, onun da daxilində
bir insanlıq işartısının mövcudluğu
göstərməyə çalışırdısa,
nağıllarda yaşı bilinməyən qarğanın bir
ev bənövşəsinə yaxşılıq etmək istəyi
də, yaxud bağbanın söyüd çubuğuna odun
parçası olan oleandrı bərkitməsi də əslində
xeyirxahlığı, humanizmi əks etdirirdi. Baxmayaraq
ki, qara qarğa sonda yenə də qüssəyə
düçar olur, bağbanın söyüdü qorumaq
üçün bərkitdiyi odun söyüdün məhvinə
səbəb olur. Eləcə də povestdə
Mirzoppa Məsməxanımın gününü göy əskiyə
çevirir.
Elçin
nəinki bədii əsərlərində, hətta tənqidi
məqalələrində belə insana bir şeyi təlqin
edir: Ey insan, özünə güzgü tut! Tut ki, orada “Usta
daha qocalıb, yaxşı tar düzəldə bilmir,
başqa yaxşı, cavan usta tapmaq lazımdır” demək
yerinə bəlkə, mən tarzən ata yadigarıma
düzgün dəyər versəydim, o da məni ucaldar, həqiqi
sənətkar edərdi deyə düşünəsən. Yaxud bənövşə sürahinin üstündə
təkcə qaldığı üçün
darıxırdı. Onda gördüyü
təbiət gözəlliyindən doymayaraq daha fərqli mənzərələri
görmək istəyi yaranmışdı. Bənövşə bu istəyinə
çatdı. Lakin hər əsrarəngizliyin, kama çatan arzunun bir “nalbahası”
olmalıdır gerçəyi bənövşəni
ömürlük soyuq bir dibçəyə yoldaş elədi.
Qarğaya “mən səndən küsmüşəm,-dedi. - Sənə görə yuvamı itirdim...” sözləri
insanın özündən küsməli olduğunu göstərir.
Ehtirasının qulu olmaq həmişə
insanı yerindən, yurdundan edir.
Habelə Elçinin nağıllarında təzadlı
bir nüans da var; Öz-özüylə danışmaq,
dünyanın gərdişini düşünmək. Üsyan etmək
istəyi və bunu bacarmamaq.
“Göy
göyərçin soruşdu:
- Sən
nə edirsən?
- Mən
söhbət edirəm!
Göy
göyərçin təəccüblə o tərəf-bu tərəfə
baxırdı:
- Sən
kiminlə söhbət edirsən?
- Özümlə!”
Zeytun ağacı olan Muxtar (bu adı ona özü
qoymuşdu) daim öz-özüylə danışır,
düşünürdü. Onu nə təklik
qorxudur, nə də canlı bir məxluqa ehtiyac duyurdu.
Öz barının hər il boşuna məhv
olmasından da narahat deyildi, həyatın axarı ilə
razılaşmışdı. Amma əlbəttə
ki yazıçı onun nə haqqında
düşündüyünü sirr saxlamaqla, əslində
onun özünüdərkində də bir insani
narahatlıq-təzad olduğunu eyhamla işarə edir.
Ümumiyyətlə, Elçinin bütün əsərlərində
bir uyğunluq, ardıcıllıq, sistemlilik var. Bu həm də
yazıçının vaxt amilini dəyərləndirməsini
göstərir. Məkan - zaman anlayışı, bu məkan
və zamana sığmayan insanın həyəcanlarını
bir bötüv halında təsdiqləmək
yazıçının bədii təxəyyülünün
intəhasızlığını göstərir. O, bir
yazıçı-tədqiqatçı kimi buna nail olur. Bəs yazıçı zaman, məkan və
insanı necə vəhdətləşdirməyə, bir zəncirin
halqası kimi birləşdirməyə nail olub?
Cavabı belədir: Azadlıq verərək. “Muxtar
kişinin və Göy Göyərçinin
nağılı” ndakı Muxtar - zeytun ağacıdır və
bu adı ona görə özünə seçib ki, muxtar ərəbcə
“müstəqil” deməkdir və o adını doğrultmaq
üçün özünü azadlığa öyrəşdirib.
Yazıçı da nağıldakı zeytun
ağacını məhz səhrada yetişdirməklə
azadlığın sərbəstlik və genişlik olan yerdə
mümkün olduğunu demək istəyir. “Bu dünyadakı üç min ildən artıq həyatında
Muxtar kişini darıxdıran bir şey yox idi, təkcə
yaraşıqlı gödək dayaqlara bərkidilərək,
onu dövrəyə almış o nikel zəncirdən
başqa”. Mahiyyətini ehtiva edən
azadlıq həmişə fəxarət doğurur. Necə ki, Göy Göyərçin daim
özüylə söhbətdə olan möhtəşəm
dostu (Muxtar) ilə fəxr edirdi.
Nağıllar bir
növ arzulara bənzəyir. Sonu həmişə
yaxşı qurtarır. Xeyir şər
üzərində qələbə çalır. Elçinin nağıllarındakı xeyirin qələbəsi,
əsasən, təhtəlşüurda gedir. Arzulara gəlincə isə bildiyimiz kimi, Elçin həssas
yazıçıdır. Həmişə
insanın arzu və istəklərinə bir müdrik
sığalı ilə əl gəzdirir. “Arzunun
nağılı”nda da Arzunun öz adının arxasınca
uçmasını göstərməklə, insanın
arzularına doğru yol almağının tərəfdarı
olduğunu bildirir.Yəni alın yazısını alın təri
müəyyən edər. Arzu illərlə
əlinə keçən kardon parçalarından
özünə qoşa qanad düzəltdi ki, qoz
ağacının üstündən uçsun. Nəhayət arzusuna çatdı. “Üzmək
istəyən Ağ Qovağın nağılı”nda da əzəli-əbədi
arzusu dənizə qovuşmaq olan qovaq dənizə
qovuşduğu zaman ölümünü hiss etsə də,
xoşbəxt idi. Çünki arzusuna
çatmışdı. Arzudan o yana
yol yoxdur zatən.
Ənənəvi nağıllardakı göylərdən
gələn ilahi qüvvəni, Simurq quşu kimi rəmzləri
Elçinin nağıllarında da görmək olur. Göy Göyərçin
(göy göyərçinin rəngi deyil, rəmzi təyinatlılığıdır),
Şeyxin daim açıq səmaya baxaraq dua etməsi, hətta
gözlərinin göy olması, Arzunun asimana qovuşması
kimi detallar yazıçının göylər aləmindən
elektrikləndiyini, oradakı sirri-xudanı kəşfə
çalışdığını açıqca ifadə
edir. “Şeyx, adətən, gözlərini
yumub dua edirdi, amma hərdən Səma Şeyxi səsləyirdi
və bu zaman Şeyx gözlərini açıq göyə
zilləyirdi. Göy bəzən
açıq-aydın olurdu, bəzən qara buludlar göy
üzünü örtürdü, amma bunun fərqi yox idi,
çünki Şeyx hara baxdığını bilirdi - Səma
ancaq Şeyxin hiss edə biləcəyi bir eyhamla onu səsləyirdi
və Şeyx də həmin səmtə baxırdı”
(“Bütün dərdlərdən azad qoca Şeyxin
nağılı”). Lakin bu göylərin
ahənrüba cəzbi yazıçını reallıq
kontekstindən uzaqlaşdırmır, onun realist
görüşlərini üstələyə bilmir. Necə ki nağılın sonunda Şeyx ancaq Allah dərgahına-
göylər aləminə sığınmaqdan bezir, bomboz
keçən həyatının sonunun da boz rəngdə
puçluğunu qəbul etmir. Anlayır
ki, “hərənin də bir sevinci” olmalıdır. İnsan qəmi, sevinci ilə qoşa yaşayanda dəyərli
ömür sürmüş olur. Və
heç də qayğısız, bütün dərdlərdən
uzaq yaşamaq xoşbəxtlik deyil. İnsan
fani bəşərin töhfəsidir. Və
səadəti özü aramalıdır.
Elçinin nağıllarını sənətkarlıq
xüsusiyyətləri baxımından da xarakterizə etmək
istəyirəm. Nağıllarda atributivləşmiş
giriş yoxdur. Qeyri-adi bir güc gəlib
subyekti xilas etmir, divlər, əjdahalar, fövqəlgücə
sahib qəhrəmanlar da yoxdur burada. Sonda göydən
üç alma da düşmür. Bu nağıllar fəlsəfi, ədəbi-bədii
hikmətamiz hekayələrdir. Burada
psixoloji essevarilik də var. Məsələn, insanların
günahı bacarıqsızlıqlarının nəticəsidir
(“Bütün dərdlərdən azad qoca Şeyxin
nağılı”) ifadəsi psixoloji təhlil xarakteri
daşıyır. Digər tərəfdən,
nağıllarda mətləbin - dağlar, daşlar,
ağaclar, sular, heyvanlar və bitkilərin timsalında ifadə
olunması yazıçının təbiətin öz əslini
azdan-çoxdan qoruyub saxlamasındakı gücə söykənişidir.
Və ənənədən gəlmə bir
metod var ki, insana aid hərəkət və davranışlar
digər canlıların üzərinə
köçürüldükdə onun fəlsəfi-poetik
çaları böyüyür. Bəlkə
də ona görə yazıçı daha çox insana xas
duyğu və düşüncələri təbiətin, digər
canlıların üzərinə köçürüb.
Həmçinin Elçinə məxsus Bakı
ətrafı kəndlərin portretini cızma məharəti
nağıllarda daha da xüsusiləşərək, ən
incə, zərif detallara varma ustalığı ilə əvəzlənib.
Nağılların dili uşaq dilini xatırladır. Sadə cümlələr, bəzən təkrarlanan ifadələr, təbiətin təsviri, hətta kitabda hər nağıla uyğun şəkillərin verilməsi də bu əsərləri uşaqların sevimlisinə çevirməklə, onların körpə duyum-düşüncəsinə xariquladə bir yol açır. Mən bu nağılların əksəriyyətini uşaqlara danışdım. Onlar saf düşüncəsi, uşaq məntiqi ilə hətta nağıllar haqqında fikir yürütdülər. Ən maraqlısı Arzunun nağılı oldu onlar üçün. Çünki uşaqlar artıq öz gələcək arzuları haqqında düşünməyə başladılar. Arzunun isə haçansa geri dönəcəyini dedilər. Hətta kürən dələnin getdiyi ağappaq yerin onların dili ilə desək, “Allah babanın yanı” (əbədiyyət evi) olduğunu da bəsit şəkildə anladılar.
Bildiyimiz kimi, altmışıncılar ədəbiyyata küll halında kamil sənətkarlar olaraq gəldilər. Bu mənada altmışıncıların layiqli nümayəndəsi olan yazıçı-dramaturq Elçinin didaktikası əsl hikmət dünyasıdır. Ona görə də bu nağıllar hər yaşda insan üçün kamillik açarı rolunu oynayır.
P.S. Çoxdan düşündüyüm bu yazını məhz Xalq yazıçısı Elçinin doğum günü ərəfəsində bitirməyim də elə bir nağıl təsiri bağışlayır. Buna görə də fürsətdən faydalanıb sevimli yazıçımızı ad günü münasibətilə ürəkdən təbrik edir və yaradıcılıq şövqü arzulayıram.
Rübabə SAHİB
525-ci qəzet.- 2015.- 9 may.- S.19.