Qoy desin oxucu, şairəm, ya yox...”

 

FƏXRƏDDİN TEYYUBUN ŞEİRLƏR KİTABI İŞIQ ÜZÜ GÖRÜB

 

Tanınmış şair Fəxrəddin TeyyubunKölgəm mənim yol yoldaşımkitabı çapdan çıxıb.

 

Kitabda müəllifin ayrı-ayrı illərdə yazdığı şeirləri toplanıb. Nəşrin redaktoru Zülfüqar ŞahsevənliDünya belə deyildi...” adlı ön sözdə Fəxrəddin Teyyubun yaradıcılığından söz açıb:

 

“Fəxrəddinin şeirlərində ənginelik, genişlik, ləngər, nəfəs tutumu, rənglərin variasiyası, uçmaq yanğısı, müqəddəs kədər, hər şey, hər şey var. Bu şeirlər kiməsə dərd, kiməsə təsəlli, ümid, kiməsə zülmətdən sıyrılan işıq kimidi bəlkə. Mənimçün isə bu poeziya çiçəkləri pıçıltı-pıçıltı açılan yaşıl bir adadır. Burda oxuyan təbiətdi. Bu şeirlərdə təbiətin gözəlliyi, sirri, sehri, gizlinləri bütün rəngləriylə üzə çıxır. Hiss edirsən ki, şair bu ağrını, əzabı ildırım, şimşək kimi içərisindən keçirib.

 

Bir şair kimi Fəxrəddinin qismətinə təbiətin dərdinə ağlamaq, körpə budaqları öz balası kimi əzizləmək, kol dibindəki boynubüküküryan bənövşənin şehli gözlərindən öpmək, bir ağac olub yolda bitmək, baharın yolunu gözləmək düşüb. Fəxrəddin cəmiyyət üçün az qala, bəlaya çevrilən “mənəm-mənəmlik” duyğusunu, başqasının sinirə bilməmək sindromunu bir çox şeirlərində ustalıqla verə bilib. Bəzən kükrəyən qəzəb, bəzən giley-güzar şəklində verilən bu misralar bir atanın öz övladına olan qınağına da bənzəyir:

 

Ucalıqda dağlara tən kişilər,

Günahların üstün örtən kişilər.

Hara getdi söz eşidən kişilər,

Yaman qaldıq uşaq-muşaq əlində.

 

Fəxrəddin Teyyubun bütün şeirlərində duyğulu, həssas bir ürək var. Anasına, bacısına, ömür-gün dostuna olan sevgisi qədər də vətəninə, dostlarına, bu yerə, bu göyə sevgisi, məhəbbəti var”. Z. Şahsevənli şairin bu kitabını “Ölə-ölə yazmayan, yaza-yaza ölən”, hər misranın başına pərvanə kimi dolanan, şam kimi əriyən, əriyə-əriyə kiriyən və təzədən kükrəyən, daşan, doğulan istedadlı şairin poetik uğurukimi dəyərləndirib.

 

S. MÜRVƏTQIZI

525-ci qəzet.- 2015.- 9 may.- S.16.