I Avropa
Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti
İyunun 12-də bütün dünya idmansevərlərinin diqqəti
Bakıya yönələcək.
Həmin gün Odlar Yurdumuzun paytaxtında I Avropa Oyunları start götürəcək. 17 gün ərzində Bakıda əsl idman bayramı yaşanacaq. Avropanın ən
güclü idmançıları
qalib adı uğrunda mübarizə aparacaqlar. Belə bir mötəbər
yarışın ölkəmizdə
keçirilməsi hər
bir azərbaycanlı üçün qürur mənbəyi olmalıdır.
Buna kimi bir çox siyasi, iqtisadi, mədəni idman tədbirlərinə
peşəkarlıqla ev sahibi edən Bakı, bu dəfə də I Avropa Oyunlarında öz məharətini göstərməlidir.
I Avropa Oyunları “Köhnə qitə”nin 50 Milli Olimpiya Komitəsini birləşdirən Avropa
Olimpiya Komitəsi tərəfindən keçiriləcək.
12-28 iyun tarixləri
arasında keçiriləcək
Oyunlarda 50 ölkədən
20 idman növü üzrə 6000-dən çox
idmançı yarışacaq.
Tarixdə ilk Avropa Oyunlarının
keçirilməsi barədə
qərar 8 dekabr 2012-ci
il tarixində,
Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Avropa Oyunlarının hər dörd ildə bir keçirilməsi planlaşdırılır, növbəti
Oyunlar 2019-cu ildə baş tutacaq.
Baş Assambleya iştirakçıları
arasında keçirilmiş
gizli səsvermə nəticəsində 48 səsdən
38 səs ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) ilk
Avropa Oyunlarının
Bakıda keçirilməsi
barədə qərar
qəbul edilib. Bədxah qonşularımız Ermənistan
nümayəndələrinin səsvermədə iştirakdan
imtina etmələri belə, Bakının qələbəsinə əngəl
olmayıb.
Baş Assambleyanın
ikinci günü Bakı şəhəri və paytaxtımızın
idman qurğularının
təqdimatı ilə
başlayıb. Tədbirdə çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu oyunların
keçirilməsi ideyasının
tarixi barədə danışıb və Bakıda Avropa Oyunlarının keçirilməsinə
dəstək verib.
Hikker şəhərin nailiyyətləri,
Bakıya səfər
edənlərin müşahidə
etdiyi inkişafdan bəhs edib.
Bakıda keçiriləcək birinci
Avropa Oyunlarından məsul olan Təşkilat Komitəsi Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
ilə yaradılıb. Komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin
üzvü, YUNESKO və
İCESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədrlik edir. Bakı 2015 Avropa Oyunları
Əməliyyat Komitəsi
(BAOƏK) Təşkilat Komitəsinin
sədrinin qərarı
ilə yaradılıb.
BAOƏK-in baş icraçı
direktoru gənclər
və idman naziri Azad Rəhimov və baş əməliyyat direktoru Saymon Kleqdir. O, 8 oktyabr
2014 tarixində Avropa Oyunlarına hazırlıq
işlərinin təyin
olunmuş vaxtda tamamlanacağı barədə
bəyanat verib. Geridə qalan müddətdə həyata keçirilən
işlər də Saymon Kleqin verdiyi
vədin quru söz olmadığını
sübuta yetirib.
Oyunların startına 1 ay vaxt
qalsa da, Bakı demək olar ki, yarışa
tam hazırdır. Bu işdə isə ilk növbədə ölkə
rəhbərliyinin, dövlət
başçımız İlham
Əliyevin və Təşkilat Komitəsinə
rəhbərlik edən
Mehriban xanım Əliyevanın böyük
rolu olub.
Avropa Oyunları
üçün 4 obyekt
qrupu üzrə 18 yarış obyekti mövcuddur. Daimi idman obyektlərinin sayı 12-dir. Onlardan beşi - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi,
Bakı Atıcılıq
Mərkəzi və Olimpiya Stadionu yeni inşa edilib. Həmçinin Su Polosu Arenası, Çimərlik Arenası,
Basketbol Arenası, Dağ Velosipedi Veloparkı, eyni zamanda Triatlon və Velosiped yarışları üçün
nəzərdə tutulmuş
altı müvəqqəti
idman obyekti də yaradılıb.
İdmançıların məskunlaşacağı
Atletlər Kəndi
(Olympic Village) Bakının Nizami rayonunda yerləşir.Atletlər kəndi
13 binadan, üç və dörd otaqlı 16 müxtəlif
növ mənzildən
ibarətdir.
Heç şübhəsiz, bu cür mötəbər idman yarışlarında
açılış və
bağlanış mərasimləri
böyük maraq kəsb edir. I Avropa Oyunlarının açılış və
bağlanış mərasimləri,
eləcə də yüngül atletika yarışları Bakı
Olimpiya Stadionunda baş tutacaq. Bu arena Azərbaycanın beynəlxalq olimpiya təyinatlı ən böyük tamaşaçı
tutumlu stadionudur.
Bakının Böyükşor qəsəbəsində, Koroğlu
metrostansiyası yaxınlığında
yerləşir. Stadionun əsası
6 iyun 2011-ci ildə qoyulub. Mərasimdə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, FİFA prezidenti
Yozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin görkəmli
nümayəndələri, federasiya rəhbərləri,
futbol veteranları və digər qonaqlar iştirak ediblər.
Daxili sahəsi
120,830 kvadratmetr olan stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına
(İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat
normativlərinə uyğun
aparılıb. Stadionun layihələndirilməsi ilə bağlı ilkin işlərə
2008-ci ildən başlanıb.
Dövlət başçısı
metal gilizi rəmzi topun içərisinə qoyub. Prezident İ. Əliyev, FİFA və UEFA prezidentləri xatirə topunu imzalayıblar.
Bakı
Olimpiya Stadionunun sifarişçisi Azərbaycan
Respublikası Gənclər
və İdman Nazirliyi, baş podratçısı Dövlət
Neft Şirkəti
(ARNDŞ), subpodratçı isə “Tekfen İnşaat və təsisat A.Ş” olub. Prosedura uyğun şəkildə
layihə sənədləri
hazırlanıb və
müvafiq qaydada ekspertizadan keçirilib.
Stadion 2015-ci ilin
mart ayının əvvəlində
Bakı Olimpiya Stadionunun istismara hazırlığı ilə
bağlı akt imzalanıb və müvafiq icra hakimiyyəti tərəfindən
obyektin istismarına icazə verilib.
Sözügedən stadionla yanaşı,
azarkeşlər I Avropa
Oyunlarının həyəcanını
Milli Gimnastika Arenası, Bakı Su İdmanı Mərkəzi,
Su Polosu Arenası, Çimərlik Arenası,
Basketbol Arenası,
“Crystal Hall”, Bakı İdman
Zalı, Tofiq Bəhramov adına Respublika Stadionu, Heydər Əliyev adına İdman və Konsert Kompleksi, Bakı Atıcılıq Mərkəzi Atıcılıq,
Dağ Veloparkı,
BMX Veloparkı, Bilgəh
Çimərliyi və
“Kür” İdman və Avarçəkmə
Mərkəzində baş
tutacaq. Məhz “Kür” İdman
və Avarçəkmə
Mərkəzində baş
tutacaq Kanoe Spirinti Bakıdan kənarda baş tutacaq yarış növüdür.
Bakıda Avropa Oyunlarında 20 idman növündə yarışlar keçiriləcək. Oyunlarının proqramına 28 yay olimpiya idman növündən 18-i, həmçinin
2 qeyri-olimpiya idman növü daxildir. Azarkeşlər Kamandan Oxatma, Atletika, Badminton, Basketbol 3x3, Çimərlik
Futbolu, Çimərlik
Voleybolu, Boks, Avarçəkmə, BMX Velosiped
İdmanı, Şosse
Velosipedi İdmanı,
Dağ Velosipedi İdmanı, Suya Tullanma, Qılıncoynatma,
Akrobatika Gimnastikası,
Aerobika Gimnastikası,
İdman Gimnastikası,
Bədii Gimnastika, Cüdo, Karate, Sambo, Atıcılıq, Sinxron Üzgüçülük, Üzgüçülük,
Stolüstü Tennis, Taekvondo,
Batut Gimnastikası, Triatlon, Voleybol, Su Polosu və Güləşdə gərgin
mübarizəyə şahidlik
edəcəklər. İlk
gündə mübarizəyə
sinxron üzgüçülük
və su polosu ilə start veriləcək.
Yarışlar üçün bilet
satışı artıq
bir müddətdir
start götürüb və
ilk gündən azarkeşlərin
böyük marağına
səbəb olub.
Bakı Avropa Oyunları Beynəlxalq İdman Yayımı Teleyayımı
Şirkəti (International Sports Broadcasting,
ISB) tərəfindən yayımlanacaq. 16 gün davam edəcək
Avropa Oyunları yarışması zamanı Beynəlxalq
İdman Yayımı Teleyayımı yüksək dəqiqliklə
gözlənilən 1,200 saatlıq yüksək keyfiyyətli
teleyayımı təmin edəcək, bura bütün
yarımfinal və finalların canlı yayımı və
gündəlik əsas göstəricilər barədə məlumatın
verilməsi daxildir. ISB açılış və
bağlanış mərasimlərini və Azadlıq
Meydanında təşkil ediləcək axşam əyləncə
tədbirlərini də yayımlayacaq.
Avropa Oyunları adlanmasına baxmayaraq, turnirə təkcə
Avropa deyil, digər qitə kanallarının da maraq göstərməsi
yarışın mötəbərliyindən xəbər
verir. Avropada
Albaniya, Avstriya, Belarus, Belçika, Fransa, Almaniya,
Macarıstan, Lüksemburq,
Moldova, Rumıniya, Slovakiya, İsveçrə, Türkiyə,
ərəb ölkələri, hətta Yaponiya belə
canlı olaraq nümayiş etdiriləcək.
I Avropa Oyunlarının məhz Bakıda keçirilməsi
Azərbaycanda turizmin inkişafında da böyük rol
oynamağa qadirdi. Çünki bu turnir zamanı Azərbaycan
paytaxtına xeyli turist gələcəyi şübhə
doğurmur. Bu isə ölkə turizminin
inkişafında əvəzsiz rol oynayacaq. Ümumiyyətlə, Azərbaycanda turizmin
inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı
ilə bağlıdır. Ulu öndər
ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə
bu sahəyə xüsusi önəm vermiş, Azərbaycanın
turizm potensialından səmərəli istifadə edilməsi
işinə qayğı və diqqət göstərmişdir.
Ulu Öndərin davamçısı olan
ölkə Prezidenti İlham Əliyevin Azərbaycana rəhbərlik
etdiyi illər ərzində ölkəmizdə turizm sahəsi
dinamik inkişaf yolu keçib. Bu turnir isə
paytaxtımıza, ölkəmizə yeni turistlərin cəlb
olunması baxımından böyük rol oynayacaq.
Avropa Oyunları həm də bir təbliğat vasitəsidir. Bu gün Azərbaycanın
bircə böyük problemi var. Bu da hər birimizin yaralı
yeri olan Qarabağdır. Mötəbər
idman yarışı sayəsində biz Qarabağ həqiqətlərini
bütün dünyaya daha yaxşı formada çatdıra
bilərik. İdmanı siyasətə
qatmaq olmaz - bu fikirlə tez-tez rastlaşırıq. Elə erməni idmançıların
sözügedən turnirdəki iştirakı da bu deyimin əsassız
olmadığını göstərir.
Avropanın ən qabaqcıl ölkələri, şəhərləri
bu gün müəyyən problemlərlə üz-üzə
qaldıqları halda Azərbaycan paytaxtı gündən-günə
irəliyə doğru gedir. Məhz bütün
bunları nəzərə alaraq, Bakının I Avropa
Oyunlarını keçirmək məsuliyyətinin öhdəsindən
ustalıqla gələcəyi şübhə doğurmur.
Sonda... Bakı 2015 Avropa Oyunlarının rəsmi logosu 16
iyun 2014 tarixində elan edilib. 35 yaşlı azərbaycanlı
Adəm Yunisov tərəfindən tərtib edilən bu yeni
loqo Alov, Su, əfsanəvi Simurq quşu, Xalı və Nar da
daxil olmaqla, ev sahibi olan ölkənin qədim və müasir
mədəniyyət və səylərini
formalaşdırmış beş başlıca elementi bir
araya gətirib. Yunisovun açıq ictimai
müsabiqə nəticəsində seçilmiş loqo tərtibatı
ölkənin təbii gözəlliklərini, mədəniyyət
və irsini, o cümlədə, Avropanın ən sürətlə
böyüyən iqtisadiyyatı və şəhərlərindən
biri kimi Bakının assosiasiyasını təsvir edir.
Bakı 2015 I Avropa Oyunlarının rəsmi simvolları
olan Ceyran və Nar haqda da söhbət açmaq yerinə
düşər. Avropa Oyunları Azərbaycanın təbiətindən
və irsindən ruhlanaraq Ceyran və Narı Oyunların rəsmi
simvolları elan edib. Bu cütlük
Bakı 2015-in təbliğatında brend rolunda
çıxış edərək bütün dünyada
birinci Avropa Oyunlarının simvoluna çevrilib.
İsgəndər HƏSƏNOV
525-ci qəzet.-
2015.- 9 may.- S.14.