Heydər Əliyev: müstəqillik
tariximizin Əbədiyyət rəmzi
Kainat kimi dünyamızın tarixi də sonsuzdur. O qədər sonsuz ki, bəzən
onu insanların sadəcə “baxıb keçdiyi bir pəncərə”yə
də bənzədiblər.
Tarixin pəncərəsindən bu dünyaya baxıb
keçənlərin sayı da sonsuzdur.
Bu sonsuzluq zəncirində çox nadir simalar olur ki, onlar sadəcə
baxıb keçmir, öz baxışları ilə bəşəriyyətin
həyatını dəyişəcək qədər
güclü bir iz buraxıb gedir. Məhz belə
şəxsiyyətlərin surəti Tarixin Şərəf
Lövhəsində özünə daimi yer qazanır və
tarix davam etdikcə onların şərəfli əməlləri
də yaşayır. Tariximizdə öz şərəfli
yerini tutmuş, milyonlarla insanın qəlbində öz heykəlini
ucaltmış və müstəqillik tariximizin əbədiyyət
simvoluna çevrilmiş siması Heydər Əliyevdir. O əbədiyyətə
qovuşub, onun yaratdığı tarix isə öz uğurlu
yoluna davam etməkdədir.
Hər
ötən il Heydər Əliyev
dühasının böyüklüyünü, möhtəşəmliyini
bir daha üzə çıxarır. Zaman Heydər
Əliyevin siyasi baxışlarına daha dərin məna
qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə
çox möhkəm tellərlə bağlı olduğunu
daha aydın göstərir.
Dövrümüzün
ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən dəyişikliklər
və bütün bu təlatümlərin fövqündə
dayanan müasir milli dövlətçiliyimiz Heydər
Əliyev tərəfindən əsası qoyulmuş siyasi
kursun mükəmməl bir məntiqdən - Heydər Əliyev
zəkasından yoğrulduğunu bir daha sübut edir. Böyük siyasi mütəfəkkir kimi, Heydər
Əliyevin keçdiyi həyat yolu və bütöv bir
xalqın gələcəyini müəyyən edən
uğurlu siyasi kursunun kökündə dayanan səbəblər
haqqında çoxsaylı dəyərli əsərlər
yazılır.
Bu
araşdırmalarda Heydər Əliyev yeni tarixdə
xalqımızın yetişdirdiyi ən böyük düha
sahibi kimi xarakterizə olunur və bu şəksizdir. Lakin Heydər Əliyev şəxsiyyətinə təkcə
Azərbaycan kontekstində deyil, daha geniş miqyasda - XX əsrin
qlobal siyasi aynasında baxmaq, dünya siyasətinin
formalaşmasında mühüm rol oynamış siyasi xadimlərlə
bir sırada nəzər salmaq onun siyasi portretini daha önəmli
cizgilərlə zənginləşdirmiş olar.
Məhz bu rakursda biz Heydər Əliyevi bütün
ömrü boyu müasir dünya siyasətinin qaynar məkanında,
onun yaradıcıları və yönləndiricilərinin
ön sıralarında görürük. Xüsusən Sovet
dövrünün son illərində, kommunist
ideologiyasının agoniyası fonunda yürüdülən
Qorbaçov siyasətinə qarşı çıxması və
heç kim tərəfindən
anlaşılmayan qeyri-müəyyən bir siyasəti dəstəkləməkdən
imtina etməsi onu dövrün pozitiv siyasi perspektivlərini
düzgün müəyyən edə bilən yeganə Sovet
siyasətçisi kimi tanıdır. Hadisələrin
sonrakı inkişafı da göstərdi ki, Sovet liderləri
arasında post-Sovet məkanında müstəqilləşmə
epoxasının zərurətlərini duyan və siyasətdə
yeni yolun trayektoriyasını dəqiqliklə cıza bilən,
yeni dövrün qüsursuz siyasi-ideoloji kursunu ərsəyə
gətirən yeganə siyasətçi məhz Heydər
Əliyev oldu. Məhz bu baxımdan, öz dövrünün ən
xarizmatik dövlət xadimi və ən praqmatik siyasətçisi
kimi tanınan Heydər Əliyev ümumbəşəri dəyərlərin
daşıyıcısı missiyasına yüksələn
universal şəxsiyyət kimi regionun coğrafi sərhədlərinə
sığmayaraq ümumdünya kontekstinə
çıxır.
Heydər Əliyevin siyasi fəaliyyəti, əsasən,
XX əsrin ikinci yarısı ilə bağlıdır. Bütövlükdə XX əsr
bəşər tarixində bir çox təlatümlü
hadisələrin baş verdiyi, iki dünya müharibəsinin
od ələdiyi, çoxsaylı milli dövlətlərin
meydana gəldiyi, siyasi və iqtisadi böhranların
qaçılmaz olduğu və eyni zamanda, dünya inkişafına təkan
verən proseslərin yaşandığı qlobal ziddiyyətlərlə
dolu dramatik yüzillik kimi tarixə düşdü. Baş verən bütün bu proseslər
dünyanın bugünkü mənzərəsini ərsəyə
gətirməklə yanaşı, həm də siyasətdə
aparıcı şəxsiyyətlərin dövlətlərin
və bütövlükdə bəşəriyyətin
taleyində nə qədər önəmli rol
oynadığını göstərdi.
Bu yüzillikdə bəşəriyyət məhz tarixi
şəxsiyyətlərin sayəsində ziddiyyətli,
odlu-alovlu dünyadan sabit və dayanıqlı dünyaya
keçid aldı. XX əsrin tarixi məhz şəxsiyyətlərin
tarixdəki rolu baxımından ibrətamiz bir dövr oldu.
Bu tarixi Çörçillsiz, De Qollsuz,
Kennedisiz, Mandelasız və eləcə də Heydər
Əliyevsiz təsəvvür etmək mümkün deyil.
Tarixi sınaqlar qarşısında öz xalqlarını məhv
olmaq təhlükəsindən böyük siyasi məharət
hesabına çıxarmağa nail olmuş bu tarixi şəxsiyyətlər
XX əsrin müxtəlif dövrlərində təkcə
öz ölkələrinin deyil, həm də regionun və bu
regionda yaşayan xalqların tarixində dönüş
yaratmağa nail oldular. XX əsrin böyük siyasi xadimlərindən
biri kimi tanınan Uinston Çörçill siyasi karyerasının
ən yüksək pilləsində bütün bəşəriyyəti
təhdid edən şər qüvvə ilə - imperialist
işğalçılığının ən qəddar
forması olan faşizmlə üz-üzə qalmışdı. Faşist Almaniyası artıq Britaniya şəhərlərini,
paytaxt Londonu bombalayırdı.
Belə bir çətin məqamda düşmənin
amansız həmlələrinin qarşısını almaq, təcavüzə
məruz qalmış xalqı ruh
düşkünlüyündən çıxarmaq,
ümummilli müqavimət hərəkatını
formalaşdırmaq Britaniya hökumətinin
qarşısında duran ən başlıca vəzifə idi. Məhz
Çörçillin uzaqgörən siyasi gedişləri və
qətiyyətli siyasi duruşu nəticəsində faşist
Almaniyasına qarşı çox güclü ingilis cəbhəsini
formalaşdırmaq mümkün oldu. Zaman
və geosiyasi faktorlar baxımından fərqli olsa da, hadisələrin
kökündə dayanan səbəblər və təhlükənin
miqyası baxımından müstəqilliyimizin ilk illərində
qarşılaşdığımız təhdid və təhlükə
ötən əsrin 40-cı illərində Britaniyanın
üzləşdiyi təhlükədən çox da fərqlənmir.
Öz şovinist ideoloji baxışlarına görə
mənfur erməni millətçiliyi faşist
düşüncəsindən heç də geri qalmır. Ermənistan rəhbərliyinin
Avropa Şurasının tribunasından azərbaycanlılarla
ermənilər arasında etnik uyuşmazlığın
mövcudluğunu iddia etməsi elə nasistlərin arilərlə
başqa millətlərin uyuşmazlıq düşüncəsi
ilə eynidir.
Məhz buna görə Azərbaycanın üzləşdiyi
təcavüz və ermənilər tərəfindən milli
ayrı-seçkilik zəminində etnik təmizləmə
siyasəti artıq sadəcə milli təhlükəsizliyimizi
deyil, eyni zamanda bəşəri dəyərləri təhdid
edən, beynəlxalq hüquqa zidd olan təhlükəli tendensiya
xarakteri almışdı. Belə bir məqamda erməni
faşizminə qarşı ümummilli cəbhəni
formalaşdıra bilməsi məhz Heydər Əliyev şəxsiyyətinin
qüdrəti idi. Xüsusilə, ümummilli
liderimizin 1994-cü ilin aprelində düşmən
hücumlarının kəskinləşdiyi məqamda xalqa
müraciətini xatırlamaq yerinə düşər.
Ağdam,
Tərtər, Füzuli rayonları istiqamətində erməni
qoşun birləşmələrinin aramsız
hücumlarını dəf etmək ümummilli səfərbərliyin
ən yüksək şəkildə təşkili zərurətini
yaratmışdı. Belə bir anda Heydər
Əliyevin soyuqqanlı və bir o qədər də qətiyyətli,
xalqın vətənpərvərlik hisslərini
alovlandıran müraciətindən sonra qısa zaman ərzində
cəbhədə əhəmiyyətli dönüş
yarandı, düşmən tapdağında olan bir neçə
qəsəbə və kəndlərimiz işğaldan azad
olundu. Cəbhədə yaranan
dönüş tez bir zamanda düşməni atəşkəs
sazişi imzalamağa məcbur etdi.
Məhz bu tarixdən başlayaraq, Azərbaycanda daha
sistemli və vahid mərkəzdən idarə olunan ordu
quruculuğuna start verildi.
Bu epizodlarda iki fərqli zamanda, dövlətçiliyin məhvolma
təhlükəsi ilə üzləşdiyi ən çətin
məqamlarda tarixi şəxsiyyətlərin üzərinə
götürdükləri missiyanın xalqların taleyində
nə qədər mühüm əhəmiyyət kəsb
etdiyini görürük. Öz
xalqlarının taleyüklü məqamlarında göstərdikləri
cəsarət, siyasi qətiyyət və əzmkarlıq
keyfiyyətləri hər iki siyasət adamını bəşər
tarixində öz dəst-xətti olan görkəmli siyasi
xadimlər kimi tanıtdırır.
XX əsrin
aparıcı şəxsiyyətlərindən sayılan
Şarl De Qoll “militarist” Avropanın demokratikləşən Avropaya transformasiyasında həlledici
rol oynamış siyasi xadimlərdən biridir. Bəzi
hallarda aşırı milliyyətçiliyə əsaslanan
siyasət yürütdüyü iddia olunsa da, De Qollun XX əsrin
ən görkəmli siyasət adamlarından biri olduğunu
inkar etmək mümkün deyil. İkinci
Dünya müharibəsi zamanında, Fransanın ağır məğlubiyyətlərə
düçar olduğu bir vaxtda onun rəhbərliyi ilə
yaradılan Azad Fransız Qüvvələri Fransanın nasist
Almaniyasına qarşı mübarizəsində
başlıca hərəkətverici qüvvə oldu. Xüsusilə, De Qollun müharibənin
başlanğıc illərində Fransa xalqına davamlı
radio müraciətlərinin düşmənə
qarşı müqavimət hərəkatının
formalaşmasına təkan verən əsas səbəb
olduğunu bu günün tarixçiləri və siyasət
adamları qələbənin əsas amili kimi dəyərləndirirlər.
Zaman-zaman
Azərbaycan dövlətçiliyinə qarşı qəsdlərin,
dövlət çevrilişi cəhdlərinin müstəqilliyimizin
və gənc dövlətimizin məhv olması təhlükəsini
ortaya çıxardığı anlarda Heydər
Əliyevin fövqəladə
çevikliklə öz qətiyyətli mövqeyini birbaşa
xalqa ünvanlaması və bir anda bütün xalqı təhlükəyə
qarşı birləşdirməyə nail ola bilməsi də
onun siyasi cəsarətinin və xalqla rəhbər arasında
qarşılıqlı inamın nadir nümunəsidir.
1994-cü ilin oktyabrında Xüsusi Təyinatlı Polis
Dəstəsinin xarici dövlətlərin
kəşfiyyat idarələri ilə birgə ölkəmizdə
dövlət çevrilişi cəhdinə qarşı Heydər
Əliyevin inamlı duruşu yaxın tariximizdə ən
parlaq siyasi qətiyyət
nümunəsidir. Oktyabrın 4-də axşam
radələrində televiziya və radio ilə xalqa müraciət
edən Heydər Əliyev böyük natiqlik məharəti
ilə dövlətçiliyimizin təhlükə altında
olduğunu açıq şəkildə ifadə edərək
milli maraqlarımızın müdafiəsi naminə
insanları Prezident Administrasiyasının qarşısına
səslədi. Qısa zaman ərzində
bu çağırışa səs verən on minlərlə
Azərbaycan vətəndaşı Prezident
Administrasiyasının qarşısına toplaşaraq
dövlətimizin müdafiəsi yolunda Heydər Əliyevlə
eyni mövqedə dayandığını ifadə etdi. Məhz belə bir fövqəladə həmrəyliyin
yaradılmasını təmin edən xalq-rəhbər birliyi
dövlət çevrilişinin qarşısını
aldı. Örnək gətirdiyimiz tarixi faktlar yenə də xalqların
taleyinin müəyyənləşdiyi həlledici məqamlarda
tarixi şəxsiyyət amilinin nə qədər önəmli
rol oynadığını göstərir.
Bu kontekstdə Heydər Əliyev və Şarl De Qoll
kimi iki tarixi şəxsiyyəti birləşdirən
mühüm bir keyfiyyət - xalqlarının ən çətin
anlarında onları dövlətçilik naminə səfərbərliyə
ruhlandıran müstəsna natiqlik qabiliyyətlərinin və
xalqın onlara sonsuz inamının olmasıdır. Məhz bu keyfiyyət həmin
tarixi şəxsiyyətlərin uzaqgörən siyasi
gedişlərinə uğur gətirərək toplumun bir
ideya ətrafında sıx birləşməsinə rəvac verdi. Eyni zamanda, Şarl De Qoll və
Heydər Əliyev bir-birindən fərqli situasiyalarda, lakin
eyni müdrikliklə totalitar rejimlərdən demokratik təsisatlara
keçməyin tarixi labüdlüyünü vaxtında dərk
etdi və bu mütərəqqi prosesin təşkilatçıları
oldular.
Məşhur Çex dissidenti və siyasətçisi
Vaslav Havel Heydər Əliyevlə eyni siyasi dövrün hadisələrinə
şahidlik etmiş görkəmli şəxsiyyətlərdəndir. Sovet
imperiyasının Şərqi Avropada mövqelərini
möhkəmləndirməsindən sonra aktiv siyasi mübarizə
meydanına atılan Havel uzun illər regionun kommunist
totalitarizmindən qurtulmasında, Şərqi Avropa dövlətlərinin
bu imperiyadan asılılığına son qoyulmasında
müstəsna rol oynamışdır. Xüsusilə,
Sovet İttifaqının çökməsi ərəfəsində
Şərqi Avropada baş qaldıra biləcək etnik
münaqişələrin qarşısını almaq,
Çexiya və Slovakiyanın sülh şəraitində
müstəqil dövlətlər kimi dünya birliyinə
inteqrasiyasına zəmin formalaşdırmaq Vaslav Havelin
sülhpərvər siyasətinin prioritet istiqamətləri
idi. Vaslav Havellə Heydər Əliyevi birləşdirən
ortaq məziyyət isə bu tarixi şəxsiyyətlərin
uzun müddət ərzində kommunist ideologiyası
sırınan cəmiyyətlərinə demokratik prinsipləri
və Avropa dəyərlərini aşılaya bilmək
qabiliyyətləridir. Azərbaycan hələ
müstəqilliyini bərpa etməzdən əvvəl Sovet
ideologiyasının artıq yeni zamanın reallıqları ilə
ayaqlaşmadığını və məhvə məhkum
olduğunu dəfələrlə bildirən Heydər
Əliyev hakimiyyətə dönüşündən sonra
demokratik dəyərləri, hüququn aliliyi prinsipini dövlət
siyasətinin aparıcı xəttinə çevirdi. Ölkədə hakimiyyətin üç əsas
qolunun - qanunvericilik, icra və məhkəmə hakimiyyətinin
demokratik prinsiplər əsasında təşkilini təmin
etdi, siyasi partiyaların fəaliyyətinə geniş zəmin
yaradaraq, hakimiyyətin sağlam siyasi mübarizə yolu ilə
formalaşdırılmasının əsasını qoydu.
Həyat və mübarizə yollarına nəzər saldığımız
liderlər fəaliyyət göstərdikləri məkanın
coğrafi sərhədlərini aşaraq universal
düşüncə sahibləri, dünyanın yeni sosial
yaşam, yeni siyasət reallıqlarını ərsəyə
gətirən yaradıcı insanlar kimi tanınmışlar. Onlar
üçün məkan və zaman fərqi yoxdur. Bu baxımdan,
Heydər Əliyevin malik olduğu ali insani keyfiyyətlər və
siyasi qabiliyyətlər ona istənilən siyasi mühitdə
və istənilən coğrafi məkanda siyasi elitanın ən yüksək
pilləsində qərarlaşmağı təmin edə bilərdi.
Belə bir dühanın məhz Azərbaycan xalqına mənsub
olması və özündən sonra bu xalqın tarixində
yaradıcı iz və daha uzaq gələcəyə
hesablanmış siyasi irs qoyması
bütövlükdə xalqımızın milli uğuru və
iftixar mənbəyidir. Müasir dünya tarixində
yaradıcı iz qoymuş digər tarixi şəxsiyyətlərlə
ortaq məziyyətlər daşıdığı
üçün və bəzi hallarda isə həmin siyasi
xadimləri belə üstələyən keyfiyyətlərə
malik olduğu üçün Heydər Əliyev dünya
miqyaslı fenomenal şəxsiyyətdir, Azərbaycan
xalqının hər zaman fəxr edəcəyi və həyat
yolundan ibrət götürəcəyi böyük bir mütəfəkkirdir.
Bütün oxşarlıqlarla yanaşı, Heydər
Əliyev şəxsiyyətinin özünəməxsusluğu
da xüsusi əhəmiyyət kəsb edir. O, bir çox siyasətçi
müasirlərindən fərqli olaraq təkcə öz
dövrünün deyil, daha geniş zaman çərçivəsində
baş verən ictimai-siyasi proseslərin axarını müəyyən
edə bilən güclü siyasi iradə sahibi, yeni dünya
tarixinin rasional siyasətçisi, uzaqgörən bir dövlət
xadimidir. Heydər Əliyev təkcə Gələcəyi
görmür, həm də o Gələcəyi
yaradırdı: Sabaha doğru gedən yolu açır və
insanları o yolla getməyə səfərbər edirdi.
Heydər Əliyevlə eyni zamanda SSRİ-nin siyasi
elitasının ən yüksək pilləsində qərarlaşmış
siyasətçilər - Leonid Brejnev və Mixail Qorbaçov
bu gün siyasət tarixində ən miskin fiqurlar kimi
görünür. 18 il ərzində Sovet
İttifaqına rəhbərlik etmiş Leonid Brejnevi
retrospektiv baxımdan dəyərləndirməli olsaq, onu əslində,
Sovet İttifaqının durğunluq dövrünə qədəm
qoymasına zəmin hazırlayan siyasətçi kimi xarakterizə
etmək mümkündür. Leonid Brejnev başında
dayandığı siyasi rejimi yalnız mühafizəkar qaydalarla
idarə etməyi bacaran, dövlətin təkamül və tərəqqi
qanunlarını bilməyən, istənilən yeniliyi
yaxına buraxmayan tipik bir “homo-sovietikus” idi. Onun şəxsində bir siyasət adamı
üçün həyati vacib olan siyasi qətiyyət,
xarizma, zamanın reallıqlarını düzgün qiymətləndirmək,
ictimai-siyasi çağırışlara adekvat reaksiya vermək
qabiliyyətini görmək olduqca çətindir. Lakin
az sonra eyni siyasi piramidanın kifayət qədər nüfuzlu
və məsuliyyətli pilləsində dayanmış Heydər Əliyevin o
zamankı və sonrakı həyat yoluna nəzər
saldıqda tamamilə fərqli bir mənzərənin
şahidi oluruq. Heydər Əliyevin istər Azərbaycan
SSR-ə rəhbərlik etdiyi, istərsə də Sovet
İttifaqının rəhbərliyində təmsil
olunduğu zaman göstərdiyi siyasi əzmkarlıq və
yorulmaz siyasi fəaliyyəti ona həmkarlarından tamamilə
fərqlənən nadir şəxsiyyət imici
qazandırmışdı.
Bütün
siyasi karyerası boyunca Heydər Əliyevə qarşı
qısqanc münasibətin, zaman-zaman edilən xəyanətlərin
kökündə də məhz onun öz zəhməti ilə qazandığı
böyük nüfuzun “təhlükəsi” dayanırdı. SSRİ-nin sonuncu rəhbəri olmuş Mixail
Qorbaçovun Heydər Əliyevə qarşı qərəzli
münasibəti bunun bariz nümunəsidir. Malik
olduğu keyfiyyətlərlə tutduğu siyasi vəzifənin
məsuliyyəti arasında dərin uçurum olan bu şəxsin
parlaq zəkaya malik bir şəxsiyyətə - Heydər
Əliyevə qarşı qərəzli münasibəti də
məhz o “təhlükə”nin
duyğusundan qaynaqlanırdı. Nahaq yerə deyilmir ki, zaman
tarix boyunca əsl həqiqətləri üzə
çıxaran, kimin kim olduğunu tam
çılpaqlığı ilə göstərən ən
dürüst mizan-tərəzidir. Tarixin üzə
çıxardığı ədalət və reallıq isə
bundan ibarətdir: Qorbaçov öz adını tarixə
böyük bir dövləti dağıdan, əli qana
bulaşmış cinayətkar bir şəxs kimi, Heydər
Əliyev isə Azərbaycan adlı məmləkəti yenidən
quran, onun müstəqilliyini əbədi və sarsılmaz edən
şəxsiyyət kimi yazdırdı. Bu da tarixin mizan-tərəzisi!
Sovet İttifaqının süqutundan sonra müstəqilliyini
bərpa edən dövlətlərin bugünkü
siyasi-iqtisadi durumu, regional və qlobal miqyasda tutduqları yer həmin
dövlətlərə başçılıq etmiş şəxslərin
seçdikləri siyasi xətlə birbaşa
bağlıdır.
Bunu post-Sovet ölkələrinin keçmiş rəhbərlərinin
fəaliyyətinə və həmin ölkələrin
bugünkü siyasi-iqtisadi durumuna nəzər saldıqda daha
aydın görmək mümkündür. Belə bir
müqayisədə də Heydər Əliyev siyasəti öz
möhtəşəmliyi ilə üzə çıxır.
Həm də bir faktı nəzərdən
qaçırmaq olmaz ki, Azərbaycanın yerləşdiyi
geopolitik məkan digər post-Sovet ölkələrindən
öz mürəkkəbliyi və həssaslığı ilə
fərqlənir.
Bu gün Gürcüstanın düşdüyü
geopolitik çıxılmazlıq sindromu, aqressiv şəkildə
şimal qonşusunun təcavüzünə uğraması və
demək olar ki, müdafiəsiz qalması bu ölkənin
sabit və tarazlı siyasətə nə qədər
ehtiyacı olduğunu bir daha göstərir.
Yəqin
ki, əgər zamanında ölkədə milli müstəqillik
siyasətinin əsası düzgün qoyulsaydı, orada da dövlətin
sabit və dayanıqlı inkişafı təmin edilmiş
olardı. Ermənistana gəldikdə isə, regionda
Rusiyanın forpostu funksiyasını kölə sadiqliyi ilə
yerinə yetirən, ümumiyyətlə, heç zaman öz
mükəmməl dövlətçiliyini qurmamış və
yəqin ki, heç zaman da buna nail olmayacaq bu ölkədə
heç bir müstəqil siyasətdən, “parlaq gələcək”
vəd edən siyasi düşüncədən, ənənədən və liderlik
institutundan danışmaq mümkün deyil.
Görünür,
bu çürük siyasətin, daha doğrusu, siyasətsizliyin, öz ölkəsini böyük fəlakətlərə
sürüklədiyini nə Ermənistan
hakimiyyəti, nə də erməni xalqı əməlli-başlı
dərk edir. Lap yaxın dövrdə Qərblə Şərq
arasında geopolitik çəkişmələrin qurbanına
çevrilmiş Ukraynanın da durumu heç ürəkaçan
deyil. Bu dövləti 20 ildən çox müstəqillik
dövrü ərzində idarə etmiş siyasətçilər tərəfindən
yürüdülən siyasi kursun dəyəri, daha
doğrusu, dəyərsizliyi bu gün göz
qabağındadır.
Bütün bu illər ərzində formalaşan
kövrək siyasi vəziyyət, xaotik siyasi gedişlər
fonunda daim tənəzzülə gedən iqtisadi durum və
davamlı hakimiyyət dəyişmələri bu gün
Ukrayna dövlətçiliyinin mövcudluğunu belə təhlükə
altına almışdır.
Bir çox cəhətlərinə görə hadisələr
Azərbaycan- Ermənistan münaqişəsini də
xatırladır.Lakin ən böyük fərq ondan ibarətdir
ki, cərəyan edən dramatik hadisələrin səhnəsində
bu hadisələri cilovlayıb dayandırmağa və
bütün vətəndaşları Ukrayna xalqının
milli maraqları ətrafında birləşdirməyə
qadir olan siyasi lider yoxdur. Ukrayna xalqının avtoritarizmdən
qurtulduğu bu həssas məqamda Ukraynaya məhz onların
“Heydər Əliyevi” hava və su kimi lazım idi.
Sovet İttifaqı dağıldıqdan sonra Rusiya da
yenidən özünü tapmaq, etimadlı tərəfdaş
qismində sivil və beynəlxalq hüquq normalarına əsaslanan
yeni siyasi xətt seçmək şansı
qazanmışdı. Lakin Boris Yeltsinin gələcək prosesləri
düzgün qiymətləndirməyə yetməyən siyasi
savadsızlığı və
sonrakı dövrlərdə də bu dövlətin gələcək
inkişafının kökündə dayanmalı olan milli ideyanın hələ də tapılmaması bu gün Rusiyanı irəli
getdiyində də, geriyə döndüyündə də məğlubiyyətə
aparıb çıxaracaq bir duruma salmışdır. Bu gün neo-avrasiyaçılığı yeni
imperialist siyasətin mərkəzi xəttinə çevirən
və bu ideyanın reallaşmasına uğursuz cəhdlər
edən Rusiya beynəlxalq sistemi kifayət qədər dərindən
çalxalamaqla, özünə və bütün beynəlxalq
birliyə ciddi ziyan gətirməkdə və öz
xalqını daha böyük fəlakətlərə
sürükləməkdədir.
Beləliklə,
Heydər Əliyevdən başqa vaxtilə Sovet
Politbürosunun tərkibində olmuş bütün siyasətçilərin
adlarını
Əlahəzrət Tarix qısa müddət ərzində
yaddaşlardan sildi. Onlardan heç birinin siyasi
irsi və siyasi kursu yeni, müstəqil bir dövlətin həyat
yoluna çevrilmədi. Dünya inkişafının perspektivini aydın görən, ona doğru
addımlayan və ölkəsini, xalqını ona doğru
istiqamətləndirən Heydər Əliyevin uzaqgörən
siyasəti isə müasir Azərbaycanın dünya birliyinə
təbii inteqrasiyasını təmin edərək onun müstəqilliyini əbədi
və dönməz etdi. Bu siyasət, hər
şeydən əvvəl, uzunmüddətli sabitliyin bərqərar
olunmasına yönəlmişdir; bu siyasət zaman çərçivəsi
ilə məhdudlaşmır - gələcəyə hədəflənmişdir;
bu siyasət geopolitik maraqları toqquşdurmur, əksinə,
həmin maraqların Azərbaycanın milli mənafeləri ilə
uzlaşan ideal harmoniyasını yaradır. Məhz bu
siyasət hələ uzun illər Azərbaycanın daxili və
xarici siyasət doktrinasının özəyini, milli
inkişafımızın təməlini təşkil edəcəkdir.
Məhz bu cəhətləri Heydər Əliyev
siyasətini qlobal siyasət səviyyəsinə yüksəldir
və onun özünü isə dünya miqyaslı şəxsiyyətə
çevirir.
Heydər Əliyev Azərbaycan xalqının
rifahını, milli dövlətçiliyimizin daha da güclənməsini
hər şeydən üstün tutan vətənpərvər
lider idi.
Xüsusilə, ömrünün son on ilində Heydər Əliyevin fəaliyyəti
hətta bir insan ömrünə sığmayacaq qədər
zəngin oldu. Xarici ölkələrə etdiyi
davamlı səfərlərlə, daxili və xarici siyasətimizin
dayaqlarını yaratmaqla, ümumən, bütün ölkənin
yenidən qurulmasına rəhbərlik etməklə, Heydər
Əliyev Yeni Azərbaycanın əsasını qoydu.
İstənilən xarakterli böhrandan sabitliyə
keçidin uzunmüddətli və ağrılı proses
olduğu şübhəsizdir. Heydər
Əliyevin siyasi dühasının böyüklüyü isə
onda idi ki, uzaqgörən siyasi gedişləri ilə
bugünkü sürətli inkişafımızın
kökündə dayanan sabitliyi qısa zaman kəsiyində bərqərar
etməyə nail oldu. Gərgin iş rejiminin səhhətində
problemlər yaratmasına baxmayaraq, Azərbaycan uğrunda
yorulmaz fəaliyyətini bir an belə
dayandırmadı. Yalnız Heydər Əliyevin
güclü qətiyyəti, ölkəmizin maraqlarına xələl
gətirə biləcək məsələlərdə
tutduğu prinsipial mövqeyi Azərbaycana beynəlxalq miqyasda
yanaşmanı dəyişdi. Məhz onun
yorulmaz səyləri nəticəsində Azərbaycan
konservativ, tipik post-Sovet ölkəsi kimi deyil, beynəlxalq və
regional müstəvidə sabit və davamlı inkişaf vəd
edən bərabərhüquqlu tərəfdaş kimi
tanınmağa başladı.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri, regionda sabitliyin bərqərar olunmasında oynadığı rol bir çox tanınmış dövlət adamları tərəfindən də aydın şəkildə ifadə olunmuş və yüksək qiymətləndirilmişdir. ABŞ-ın keçmiş prezidenti Corc Buş ümummilli liderimiz haqqında deyirdi: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın XXI əsrə müasir dövlət kimi daxil olmasına şərait yaratmışdır”. Bu fikirlər Heydər Əliyev tərəfindən yürüdülən siyasətin ölkə daxilində sabitliyə və iqtisadi inkişafa təkan verdiyini ifadə etməklə yanaşı, ümummilli liderimizin bütövlükdə regional müstəvidə kəsb etdiyi sülhyaradıcı və qlobal inteqrasiyaya yol açan fəaliyyətinin əhəmiyyətini bir daha təsdiqləyir.
Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer də Heydər Əliyev haqqında fikirlərini bölüşərkən sabitlik faktorunu xüsusilə vurğulayır: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Heydər Əliyev şəxsiyyətinə Azərbaycan, region və ümumdünya kontekstində yanaşaraq bildirir: “Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur”. Doğrudan da, Heydər Əliyev öz xalqının tarixi köklərinə bağlı olan elə bir şəxsiyyətdir ki, o, bütün siyasi fəaliyyəti ərzində türk dünyasının birliyinə, bütövləşməsinə və vahid güc mərkəzinə çevrilməsinə böyük inam bəsləmiş və bu prosesin də davamlı inkişafına çalışmışdır. Yeni türk yüzilliyinin rəmzi başlanğıcı kimi, məhz Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci ildə Bakıda təşkil olunmuş Türk Dövlətləri Başçılarının Zirvə Toplantısı və bu Toplantının sonrakı illərdə artan ideya-praktik nəticələri onun türk dünyasının birliyi naminə göstərdiyi xidmətin parlaq nümunəsidir.
Heydər Əliyev şəxsiyyəti o qədər zəngindir ki, istənilən aspektdən yanaşdıqda onun intəhasız fəaliyyətinin geniş okeanına çıxa bilirsən. Öyrənildikcə öyrənilən, heç zaman tükənməyən Heydər Əliyev irsi, onu müasiri olduğu digər dünya siyasətçilərindən fərqləndirən siyasi dühası, onun yaradıcı zəkası hələ uzun illər çoxtərəfli araşdırmaların mövzusu olacaq. Və hər zaman bu şəxsiyyətin tarixdə oynadığı əhəmiyyətli rol daha dərin və daha geniş məzmunda, daha konseptual şəkildə açılacaq. Amma bir həqiqət heç zaman dəyişməyəcək: Heydər Əliyev müasir Azərbaycanın qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına, bəşəri dəyərlərə əsaslanan geniş spektrli fəaliyyəti ilə bəşər tarixinin yetişdirdiyi nadir şəxsiyyətlərdəndir!
Cavanşir Feyziyev
525-ci qəzet.- 2015.- 9 may.- S.10-11.