İstiqlal yolunun
şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət
xadimləri
(Əvvəli ötən sayımızda)
Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik
uğrunda daima mübarizə aparıb.
Ötən əsrin əvvəllərində
ölkəmizdə milli
azadlıq hərəkatı
daha da gücləndi. Azərbaycanın
demokratik qüvvələri , mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun müstəqilliyi, millətimizin
azadlığı uğrunda
mübarizəyə qoşuldular.
Rusiya imperiyasının dağılması
Azərbaycanda müstəqil
dövlət qurmaq üçün şərait
yaratdı. 1918-ci il
mayın 28-də Azərbaycan
Demokratik Respublikası - Xalq Cümhuriyyəti elan edildi.
Xalqımızın bir çox ziyalıları, görkəmli
şəxsiyyətləri Demokratik
Respublikanın yaradılmasında,
onun inkişafında müstəsna rol oynayıb, müstəqillik
yolunda əllərindən
gələni əsirgəməyiblər. Bu onların həyatı bahasına başa gəlsə də, bir çox təqiblərə məruz
qalsalar da, öz amallarından vaz keçməyib, xalqın rifahı üçün çalışıblar.
Xalqa və dövlətçiliyə
bir nümunə olan həmin ziyalıların bəzilərinin
həyat və fəaliyyət yollarını
daha dərindən araşdırıb təqdim
edirik. Bu yolda əsas bələdçimiz, qaynağımız
isə Prezident Kitabxanası, həmçinin
Milli Kitabxananın zəngin məlumat bazasıdır.
Məmməd Yusif Cəfərov
Tarixin ən dəhşətli rejimlərindən
olan çar Rusiyası nə qədər çalışsa
da, xalqımızın
dövlətçilik ənənələrini
məhv edə bilmədi. Azərbaycan Rusiya çarizminin
qəddar müstəmləkə
rejiminə qarşı
əsas müqavimət
mərkəzlərindən biri idi. Azərbaycan xalqı daim idarə olunmağa deyil, idarə etməyə alışıb.
Bunun nəticəsidir ki, xalqımızın qabaqcıl
ziyalılarının başçılığı
altında bütün
Rusiyanın türk müsəlman xalqlarının
milli-azadlıq hərəkatının
önündə gedirdi.
Bu ziyalılar sırasında Məmməd
Yusif Cəfərovun fəaliyyətini xüsusi
qeyd etmək lazımdır.
O, Rusiya imperiyasının müstəmləkə siyasətini
daim tənqid edən Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biridir. Məmməd
Yusif Cəfərov
1885-ci ildə Bakıda
anadan olub. O, görkəmli pedaqoq, jurnalist Əli İsgəndər Cəfərzadənin
kiçik qardaşıdır.
1907-ci ildə Bakıda
kişi gimnaziyasını bitirən
Məmməd Yusif Cəfərov Moskva Dövlət Universitetinin hüquq fakültəsinə
daxil olur.
Moskva mühiti
və tələbəlik
illəri Məmməd
Yusifin dünyagörüşünün
inkişafına böyük
təsir göstərib. Çünki 1905-1907-ci illər inqilabının məğlubiyyətinə baxmayaraq,
tələbələr arasında
inqilabi mübarizə
ruhu hələ də qalmışdı və tələbə təşkilatları fəaliyyət
göstərirdi. Təhsil
illərində Moskvada
oxuyan azərbaycanlı
tələbələrin yaratdığı
"Azərbaycan etnoqrafik
konsert gecələri"nin və "Azərbaycan həmyerlilər
təşkilatı"nın üzvü, sonralar isə rəhbərlərindən
biri olub. Artıq tələbə vaxtından
o, öz yoldaşlarından
fərqlənirdi. O, öz tələbə yoldaşlarını
bu təşkilatlarda elmə, biliyə yiyələnməklə yanaşı,
xalqın azadlığı
uğrunda mübarizədə
birliyə çağırırdı.
1912-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən M.Y.Cəfərov "Nikahın
şəriət üzrə
pozulması" mövzusunda
hüquq elmləri üzrə namizədlik dissertasiyasını müdafiə
edir və həmin il
Bakıya qayıdaraq məhkəmədə andlı
hakim köməkçisi vəzifəsində
işləməyə başlayır.
Gənc olmasına baxmayaraq Məmməd Yusif artıq şəhər əhalisi arasında özünə ad-san qazanmışdı.
Bunun nəticəsidir ki, 27 yaşlı Məmməd Yusif 1912-ci ilin sentyabrında Rusiya IV Dövlət Dumasına Bakı, Gəncə və İrəvan quberniyalarında müsəlman
əhalisi tərəfindən
deputat seçilir.
IV Dövlət Dumasında Azərbaycanı
təmsil edən yeganə deputat kimi M.Y.Cəfərov çıxışlarında çar
hökumətinin yeritdiyi
müstəmləkəçilik siyasətini tənqid atəşinə tutur.
Kadetlər fraksiyasına
qoşulan Cəfərov
1912-1917-ci illərdə Peterburqda
fəaliyyət göstərən
IV Dövlət Dumasının
5-ci bölməsinin, Müsəlman
fraksiyasının, büdcə,
köçürmə, sorğu,
məhkəmə islahatı,
hərbi və Dəniz işləri üzrə komissiyalarının
üzvü seçilir.
Məmməd Yusif Cəfərov
dumada Rusiya Baş nazirinin hesabatı, gömrük departamentinin xərcləmə
dərəcəsi, köçürmə
idarəsi üzrə
xərclərin smetasına
dair büdcə komissiyasının hesabatı,
1913-cü ildə Cənubi
Qafqazın bəzi yerlərində məhsulsuz
qalan əhaliyə kömək tədbirləri,
müharibə və
s. məsələlərin müzakirəsi zamanı çıxışlar edir,
çar hökumətinin
müstəmləkəçilik siyasətini, Cənubi Qafqaz, xüsusən də müsəlman əhalisinin maariflənməsinə
göstərilən laqeyd
münasibəti, hüquqlarının
məhdudlaşdırılmasını, milli məktəblərin bağlanmasını tənqid
edir, kazarmaya çevrilmiş məscidlərin
geri qaytarılmasını
Müsəlman fraksiyası
adından tələb
edirdi. M.Y.Cəfərov çarizmin köçürmə
siyasətini daim tənqid edirdi. Tənqidləri zamanı bunun
"yerli ünsürləri
sıxışdırmaq yolu
ilə ucqarlarda rus ünsürünü gücləndirmək" məqsədi
daşıdığını açıb göstərirdi.
Köçürmə nəticəsində ən yaxşı torpaqların yerli əhalidən alınıb
gəlmə əhaliyə
verilməsini, yerli əhalinin yaşamaq imkanlarının məhdudlaşdırılmasını
o, "dövlət işi
yox", yerli əhaliyə qarşı
yönəldilmiş "dövlət
bəlası" kimi
dəyərləndirirdi. M.Y.Cəfərov Peterburqda olduğu
dövrdə Lənkəran
balıqçıları, Şamaxı müəllimləri,
müsəlman ruhaniləri
bir deputat kimi ona müraciət
edirdilər. O, əhalinin
təkliflərini həll
etmək üçün
bir sıra dövlət idarə və nazirlikləri ilə əlaqə saxlayır, onların həllinə çalışırdı.
Ümumiyyətlə, Azərbaycan
Xalq Cümhuriyyəti
hökumətində yer
alan şəxslərin
həyatına nəzər
saldıqda, onların
hər birinin böyük bir siyasi yol keçdiyini
görərik. 1917-ci ildə
Rusiyada fevral burjua inqilabı baş verdi.1917-ci il martın 9-da Müvəqqəti hökumətin
təşəbbüsü ilə IV Dövlət Dumasının Zaqafqaziyadan
olan deputatlardan ibarət Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı. Onun tərkibinə V.Xarlamov (rus), A.Çxenkeli (gürcü), K.Abaşidze
(gürcü), M.Papaçanovla
(erməni) yanaşı,
azərbaycanlı Məmməd
Yusif Cəfərov da daxil oldu.
Ona yeni yaradılan komitədə sənaye və ticarət işlərinə rəhbərlik
etmək tapşırıldı.
1917-ci il aprelin 15-20-də Bakıda
Qafqaz müsəlmanlarının
qurultayı keçirildi.
Həmin
qurultayda Tiflisdən gələn azərbaycanlı
M.Cəfərov da iştirak edib və təbrik nitqi söyləyib. O, inqilab münasibətilə azadlıq
əldə edən müsəlmanları
təbrik edir, onları birliyə çağıraraq deyir ki, köhnə çar rejimi əvvəldən çürümüş
təməl üzərində
qurulduğu üçün
yıxıldı. O, Rusiyada
azadlığın əldə
edilməsində əsgərlərin
və fəhlə sinfinin roluna yüksək qiymət verərək qeyd edir: "Mən sizin seçilmiş nümayəndəniz kimi bildirirəm ki, biz bir an da
unutmamalıyıq ki,
Rusiyada azadlığı
əsgərlər və
fəhlələr qazanıb
və onlar sizə öz qardaşları kimi baxırlar".
1917-ci il noyabrın
15-də Tiflisdə Y.Gegeçkorinin
sədrliyi ilə müstəqil yerli hökumət - Zaqafqaziya Komissarlığı yaradılır
və M.Y.Cəfərov
bu hökumətdə
ticarət və sənaye naziri vəzifəsinə seçilir.
Sonra o,
1918-ci ilin fevralında
Tiflisdə fəaliyyətə
başlayan Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının Rəyasət
Heyətinin sədr müavini olur. O, seymin və Müsəlman fraksiyasının
iclaslarındakı çıxışlarında
Cənubi Qafqaz xalqlarını dostluğa,
ədavəti aradan qaldırmağa, əldə
edilən azadlığı
qorumağa, Türkiyə
dövləti ilə danışıqlara başlamağa
və sülh sazişi bağlamağa çağırır.
M.Y.Cəfərov 1918-ci ilin iyun ayının
axırlarından 1919-cu ilin
martın ortalarına
kimi Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstan Respublikasında
diplomatik nümayəndəsi
olub.
1919-cu il aprelin
14-də Azərbaycan parlamenti
N.Yusifbəylinin sədrliyi
ilə yeni Azərbaycan hökumətini
təsdiq etdi. M.Cəfərov bu hökumətdə
xarici işlər naziri vəzifəsini tutdu. O, bu vəzifədə 1919-cu il dekabrın 22-nə
kimi çalışdı.
M.Cəfərov bir diplomat kimi
hər zaman öz vəzifəsində
Azərbaycan Respublikasının
mənafeyini müdafiə
edib. Bu, onun imzaladığı Gürcüstan
və Azərbaycan Respublikaları arasında
hərbi-müdafiə müqaviləsində,
əlavə müvəqqəti
kağız pulun buraxılması haqqında
Ermənistan, Gürcüstan
və Azərbaycan respublikaları arasında
sazişdə, müsəlmanların
vəhşicəsinə qırılması
əleyhinə Ermənistan
Xarici İşlər
Nazirliyinə, müsəlman
əhalisinin mənafeyinin
müdafiə edilməsi,
Azərbaycanın ərazi
bütövlüyü, əmlakının
qorunması barədə
Böyük Britaniyanın
Cənubi Qafqazdakı
və Bakıdakı qoşunlarının komandanlarına
göndərdiyi notalardan
və s. aydın görünür.
Böyük siyasi xadimin Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq
aləmdə tanınmasında
xidmətləri çoxdur. Onun rəhbərliyi altında
həmin dövrdə
məşhur Azərbaycan
sənətşünasları və ictimai xadimləri Məmməd Ağa oğlunun və Hüseyn Mirzə Camalovun arxivlərdən toplayaraq çap etdirdikləri
"Zaqafqaziyada rus siyasətinə aid sənədlər"
kitabını xüsusi
qeyd etmək lazımdır. 1919-cu ilin oktyabrında Azərbaycan parlamentinin bitərəf üzvü
M. Y.Cəfərov Müsavatın
sıralarına daxil olub. Həmin ilin dekabrında
Yusifbəyli kabinəsi
istefaya çıxdığı
üçün M.Y.Cəfərov
da tutduğu vəzifəni tərk edib.
(Ardı var)
Samirə QULİYEVA
525-ci qəzet.- 2015.- 13 may.- S.7.