"Müştərək təhlükəsizlik
üçün mədəniyyətləri paylaşaq"
ƏBÜLFƏS QARAYEV: "BU DEVİZ ALTINDA BAKIDA KEÇİRİLƏCƏK III ÜMUMDÜNYA MƏDƏNİYYƏTLƏRARASI DİALOQ FORUMUNDA MÜASİR İNKİŞAF TENDENSİYALARI VƏ QLOBAL ÇAĞIRIŞLAR, ÜMUMBƏŞƏRİ DƏYƏRLƏRİN QORUNMASI İLƏ BAĞLI MÜZAKİRƏLƏR TƏŞKİL OLUNACAQ"
Çağdaş dünyamızda mədəniyyətlərarası
dialoq, tolerantlıq, sivilizasiyaların inteqrasiyası prioritetlərdən
biri kimi diqqət mərkəzindədir. Şərqlə
Qərbin ortaq dəyərlər modeli sayılan vətənimiz
Azərbaycan uzun əsrlərdir ki, məhz bu dəyərlərin
qorunduğu və inkişaf etdirildiyi mərkəz
funksiyasını yerinə yetirir. Ölkəmiz müstəqillik
əldə etdikdən sonra bu proses daha sürətlə və
sistemli getməyə başlayıb.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin məqsədyönlü
və uzaqgörən siyasəti nəticəsində ölkəmiz
dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən
birinə çevrilib və xalqımızın çoxəsrlik
tolerant, mehriban birgəyaşama mədəniyyəti dünya
sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində
və inkişafında nümunə kimi göstərilir. Bu istiqamətdə
Azərbaycan dövləti tərəfindən həyata
keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz
gələcəyi və birgəyaşama ənənələrinə,
dialoq və mədəni çeşidliliyə dəstəyin
bariz nümunəsidir.
18-19 may
tarixində yenidən dünyanın diqqətini
paytaxtımıza cəlb edəcək "Bakı prosesi"
və 3-cü Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu barədə sualları Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev cavablandırıb. Nazir
qlobal əhəmiyyətli layihə və onun məqsədləri
barədə fikirlərini bölüşüb.
-
Bildiyiniz kimi, Azərbaycan dövləti və şəxsən
ölkə başçısı cənab İlham Əliyev
tərəfindən 2008-ci ildə mədəniyyətlər
arasında dialoqun qurulması məqsədilə "Bakı
prosesi" təşəbbüsü irəli
sürülüb. Azərbaycanın belə bir
qlobal hərəkatın təşəbbüskarı kimi
çıxış etməsi heç də təsadüfi
deyil. Ölkəmizdə fərqli milli,
dini mənsubiyyəti olan icmalar, müxtəlif millətlərin
nümayəndələri qarşılıqlı əməkdaşlıq
və mehriban şəraitdə tarix boyu yaşayıb və
bu gün də yaşayırlar.
"Bakı
prosesi" çərçivəsində ilk dəfə
2008-ci ilin 2-3 dekabr tarixində Bakıda keçirilmiş
Avropa Şurasına üzv dövlətlərin mədəniyyət
nazirlərinin "Mədəniyyətlərarası dialoq
Avropa və onun qonşu regionlarında davamlı
inkişafın və sülhün əsasıdır"
mövzusunda konfransında Azərbaycanın təşəbbüsü
ilə ilk dəfə olaraq 10 islam ölkəsinin
iştirakı ilə yeni bir formatın əsası qoyuldu.
Avropa və
ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın
və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının
yüksək səviyyəli nümayəndələrinin
iştirak etdiyi bu konfransda Azərbaycanın təşəbbüsü
ilə "Mədəniyyətlərarası dialoqun təşviqinə
dair Bakı Bəyannaməsi" qəbul edilmiş, beləliklə
də sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə
tutan "Bakı prosesi"nin və bu prosesin uğurla davam
etdirilməsi məqsədilə Azərbaycan tərəfindən
təklif edilən "Sənətçilər dialoq naminə"
layihəsinin əsası qoyulmuşdur.
"Bakı
prosesi"nin
davamlılığını təmin etmək məqsədilə
2009-cu ilin 13-15 oktyabr tarixində Bakıda keçirilmiş
islam ölkələri mədəniyyət nazirlərinin VI
konfransına Azərbaycanın təşəbbüsü ilə
islam ölkələri ilə yanaşı, 10-dan artıq
Avropa dövləti də dəvət olundu. Azərbaycan
tərəfindən atılan bu addımlar beynəlxalq tədbirlərin
iştirakçılarının tərkibinin müəyyənləşdirilməsinə
yeni ənənələr gətirmiş oldu.
Konfransın ilk günü tədbirdə iştirak edən
Avropa Şurasına üzv dövlətlərlə İslam
Əməkdaşlıq Təşkilatına üzv dövlətlər
arasında "Mədəniyyətlərarası dialoq"
mövzusunda dəyirmi masa keçirilmiş və birgə
kommunike qəbul edilmişdir.
- Bu Forum,
eləcə də qlobal mövzuların müzakirə
olunduğu görüşlər hansı nəticəni hasil
etdi?
-
Ümumilikdə bu tədbir sanki bir çox yeni layihələrin
sistemini yaratdı. 2010-cu ildə isə bu
regional təşəbbüs qlobal hərəkata çevrilməyə
başladı. 2010-cu ilin 23 sentyabrında
BMT Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu təşəbbüsü elan edildi. Nəticədə
cənab Prezidentin himayəsi ilə 7-9 aprel 2011-ci il tarixində Bakıda 1-ci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu yüksək səviyyədə təşkil
edildi.
UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası,
Avropa Şurasının Şimal-Cənub Mərkəzi,
İSESCO kimi beynəlxalq təşkilatlar Forumun təşkilində
əsas tərəfdaş kimi çıxış etdilər. Forum belə
formatda ilk daimi tədbirdir ki, onun tərəfdaşları
eyni zamanda dövlət və beynəlxalq təşkilatlardır.
Forumda 102
ölkədən nümayəndə, 10-dan çox beynəlxalq
qurumdan rəhbər şəxslər, 20-yə yaxın
ölkədən nazir, dünyanın nüfuzlu beyin mərkəzlərinin
və media qurumlarının nümayəndələri,
ümumilikdə beş qitədən 500-ə
yaxın xarici ölkə nümayəndəsi iştirak
etmişdir. Tədbir çərçivəsində
"Sülh və dialoqa nail olmaq üçün mədəniyyətlərarası
anlaşma və mədəni müxtəliflik", "Mədəniyyətlərarası
dialoqu mənalı etmək: mədəniyyət, incəsənət
və irs", "Qadınlar mədəniyyətlərarası
dialoqun vacib iştirakçıları kimi",
"Texnologiya, sosial media və jurnalistikanın mədəniyyətlərarası
əlaqələrə təsiri", "Dünya dinləri
arasında mədəniyyətlərarası dialoq", "Mədəniyyətlərarası
dialoq və əməkdaşlığın inkişafına
dair yeni təşəbbüs və layihələrin təqdimatları"
mövzularında sessiyalar, AMEA-nın təşkilatçılığı
ilə "Müasir dünyada dialoq fəlsəfəsi və
mədəni müxtəliflik" mövzusunda beynəlxalq
konfrans, Avropa Şurasının təşkilatçılığı
ilə "Mədəniyyətlərarası şəhərlər"
layihəsinə üzv şəhərlərin merlərinin və
nümayəndələrinin iştirakı ilə seminar, habelə
Sivilizasiyaların İttifaqı uğrunda Qlobal Gənclər
Hərəkatının (SİQGH) birinci konqresi, MDB ölkələrində
mədəniyyətlərarası dialoqun ənənələri
və perspektivləri: mədəniyyət, təhsil,
kommunikasiya" mövzusunda seminar keçirilmişdir.
- Qitələrarası
mədəni əməkdaşlığı inkişaf etdirmək
məqsədilə yaradılan Mədəniyyətlərarası
Əməkdaşlıq Platformasının fəaliyyət
mexanizmi necə müəyyən edildi?
- Forum
çərçivəsində Azərbaycan tərəfindən
"5 A -Mədəniyyətlərarası Əməkdaşlıq
Platforması"nın təsis edilməsi
təşəbbüsü irəli sürüldü. Avropa,
Asiya, Amerika, Afrika və Avstraliya qitələrinin
adlarının Azərbaycan dilində "A"
hərfi ilə başladığını nəzərə
alaraq simvolik olaraq yeni platformanın adı "5 A" kimi
göstərilir. Bu tədbirlərin
dünyanın aparıcı informasiya vasitələrində
işıqlandırılmasına da diqqət yetirildi.
Çünki görülən iş,
müəyyən olunan hədəflər beynəlxalq miqyasda
təbliğ olunmalı idi. Ona görə də
Forumun işıqlandırılması xüsusi diqqət mərkəzində
saxlanıldı. Tədbirin media tərəfdaşı
olan "Euronews" televiziya kanalı tərəfindən Mədəniyyətlərarası
Dialoq Forumu haqqında süjet bir həftə ərzində 10
dildə 20 dəfə nümayiş etdirildi.
- Mədəniyyət və Turizm
Nazirliyinin iki ildə bir dəfə keçirilən beynəlxalq
tədbirin əlaqələndirici qurumu müəyyən edilməsi
ilə bağlı ölkə başçısı fərman
imzaladı. Bundan sonra nazirlik tərəfindən
hansı addımlar atıldı?
- Xarici tərəfdaşların
və tədbir iştirakçılarının müraciətləri,
ölkəmizin bu sahədə davamlı fəaliyyətinin təmin
edilməsi məqsədilə imzalanan həmin fərmana
uyğun olaraq ölkə başçısının himayəsi
və iştirakı ilə "Çoxmədəniyyətli
dünyada sülh şəraitində birgə yaşamaq"
şüarı altında 2013-cü ilin 29 may-1 iyun tarixlərində
Bakıda 2-ci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu keçirildi. Forumun əsas tərəfdaşları
qismində yenə də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı,
Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub
Mərkəzi, İSESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatı
kimi beynəlxalq qurumlar birlikdə çıxış etdilər.
Forumun
açılış mərasimindən öncə, 29 may
tarixində BMT Baş Assambleyası tərəfindən 2001-ci
ildə elan edilmiş 21 May - Ümumdünya Mədəni
Müxtəliflik Günü şərəfinə Azərbaycanla
BMT-nin Sivilizasiyalar Alyansı ölkəmizdə ilk dəfə
"Mədəni çeşidlilik üçün nəsə
et" qlobal kampaniyasının kulminasiya tədbirini
keçirdi. Tədbirdə BMT-nin
Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi cənab
Nassir Əbdüləziz Əl-Nasser, bir sıra ölkələrin
mədəniyyət və turizm nazirləri, ekspertlər
iştirak etdi. Tədbir çərçivəsində
Azərbaycanın təşəbbüsü ilə "5 A -
Mədəniyyətlərarası Əməkdaşlıq
Platforması" çərçivəsində mədəni
çeşidliliyi təbliğ edən hər qitədən
bir layihənin təqdimatı keçirildi.
30 may
tarixində Heydər Əliyev Mərkəzində Forumun rəsmi
açılış mərasimində çıxış
edərkən Prezident İlham Əliyevin irəli
sürdüyü təkliflər və tövsiyələr bu
tədbirin ümumi müzakirəsinin istiqamətlərini bir
daha aktuallaşdırdı. Mərasimdə 115-dən çox
ölkənin nümayəndəsi, 13 beynəlxalq qurumun rəhbər
şəxsləri (UNESCO, BMT Sivilizasiyalar Alyansı,
Ümumdünya Turizm Təşkilatı, İSESCO,
İRSİKA, Avropa Şurası, AŞ Şimal-Cənub Mərkəzi,
NATO, TÜRKSOY, TDƏŞ, Ərəb Liqası, ASEAN, Amerika
Dövlətləri Təşkilatı), 70-dən çox
nüfuzlu QHT, beyin mərkəzlərinin nümayəndələri,
100-dən çox məşhur alim və professorlar, ekspertlər
- ümumilikdə 600 nəfərə yaxın xarici nümayəndə
iştirak etmişdir. Tədbir çərçivəsində
"Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz
regionunda mədəni dəhlizlər - birgə irs, ümumi vəzifələr,
davamlı gələcək", "Qloballaşmanın yeni
erası: dəyişən dünyada mədəniyyətdə
hibridləşmə" plenar sessiyaları, "Tarixin tədrisi
vasitəsilə Mədəniyyətlərarası Dialoq: ən
yaxşı təcrübələr və çətinliklər",
"21-ci əsr üçün mədəniyyətlərarası
bacarıqların qurulması", "Mədəni müxtəliflik
üçün ictimai dəstəyi necə qurmaq
lazımdır?", "Qərb-müsəlman əlaqələri:
qarşıdurmadan əməkdaşlığa",
"Turizm - insanlar və mədəniyyətlər arasında
qarşılıqlı anlaşma və
tolerantlığın əsas aparıcısı kimi",
"21-ci əsrdə müxtəliflik üçün
urbanizasiya siyasəti: mədəniyyətlərarası şəhər
paradiqması", "Mədəniyyətlərarası
dialoq, çeşidlilik və təmsilçiliyin təşviqində
vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi",
"Qlobal vətəndaşlıq: mədəniyyətlərarası
fəaliyyətlərə doğru", "Mədəniyyətlərarası
dialoq: etiqad və elm", "Mədəniyyətlərarası
dialoqun və çeşidliliyin təşviqində korporativ
sektorun rolu" mövzularında sessiyalar keçirildi.
- İkinci Forum çərçivəsində və
dünyada ilk dəfə mədəniyyət və turizm sahələrinə
məsul olan nazirlərin 1-ci konfransı keçirildi. Bu
toplantının digərlərindən əsas fərqi nədən
ibarət oldu?
-
Konfransın yekununda kommunike qəbul edildi. Forum çərçivəsində
Avropa, Amerika və islam dünyasında
ictimai və siyasi sahədə fəal olan BMT-nin Sivilizasiyalar
Alyansı ilə birgə BMT-nin İnkişaf Edən Liderlər
Proqramı üzvlərinin 1-ci Məzunlar sammiti təşkil
edildi. Həmçinin Azərbaycan ilə BMT-nin
Sivilizasiyalar Alyansı tərəfindən birgə elan edilən
beynəlxalq müsabiqənin qaliblərinin
mükafatlandırma mərasimi keçirildi. Müsabiqənin qalibləri olan Fələstin,
Livan, Misir və Tacikistan nümayəndələrinə
diplomlar təqdim edildi.
Yəni Bakı Forumu digər ölkələrdə
keçirilən tədbirlərdən fərqli olaraq həm bəşəriyyəti
narahat edən mövzuların müzakirəsi
üçün qlobal platforma rolunu oynayır, həm də
çeşidli mədəni aksiyalarla mədəniyyətlərin
yaxınlaşması üçün praktik fəaliyyət və
layihələri özündə birləşdirir.
Forumun digər
əsas fərqləndirici cəhətlərindən biri də
odur ki, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin
Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və
İSESCO kimi beynəlxalq qurumların Forumun tərəfdaşları
olması ölkəmizin multikulturalizm və mədəniyyətlərarası
dialoqa dəstək siyasətini beynəlxalq gündəlikdə
saxlamaqla foruma unikal platforma mahiyyəti verir və
adıçəkilən beynəlxalq qurumları öz ətrafında
birləşdirən yeganə tədbir kimi beynəlxalq səhnədə
əhəmiyyətli rol oynamasını təmin edir.
- Forum və
"Bakı prosesi" artıq beynəlxalq siyasi-mədəni
terminologiyada öz yerini tutub və Azərbaycan dövləti
bu təşəbbüsün daşıyıcısı kimi
gələcək üçün ciddi layihə və təkliflər
üzərində işləyir. Növbəti
Forumda hansı məsələlərin müzakirəsi nəzərdə
tutulur?
- Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi
və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası,
Avropa Şurasının Şimal-Cənub Mərkəzi,
İSESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatının
tərəfdaşlığı ilə 18-19 may tarixində
Bakıda "Müştərək təhlükəsizlik
üçün mədəniyyətləri paylaşaq"
devizi altında 3-cü Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu keçiriləcək.
Forumun
kifayət qədər maraqlı proqramı var və mədəniyyətlərarası
dialoqun bütün sahələrdə inkişaf
tendensiyaları, dünyada müasir qlobal
çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni
və sosial transformasiyalar fonunda ümumbəşəri dəyərlərin
qorunması üçün məşhur şəxsiyyətlər,
siyasətçilər, dövlət xadimləri, elm
adamları arasında müzakirələr təşkil
olunacaq. Forum çərçivəsində "Müştərək
təhlükəsizlik üçün mədəniyyətləri
paylaşaq" - mədəni hüquqlar, ekstermizmə
qarşı mübarizədə dini plüralizm və dəyərlərin
qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası
dialoqun qurulmasında rolu və əməkdaşlığı
plenar sessiyaları, təhsilin, gənclərin, incəsənətin,
turizmin mədəniyyətlərin yaxınlaşması və
dialoqda roluna həsr ediləcək müxtəlif
işçi sessiyalar, mədəniyyət paytaxtlarının
dialoqu görüşü, mədəniyyət və turizm
nazirlərinin 2-ci Dünya konfransı, həmçinin ilk dəfə
UNESCO-nun mədəniyyət və dinlərarası dialoq
üzrə kafedra rəhbərlərinin ilk ümumi
toplantısı, mədəniyyətlərin
yaxınlaşması sərgisi və digər tədbirlər
keçiriləcək. Mədəniyyətlərin
dialoq fəlsəfəsini özündə əks etdirən
xüsusi mədəni proqramın hazırlanması da əvvəlki
tədbirlərdə olduğu kimi, bu Forumda da yenilik
axtarışında olmağımızı bir daha
nümayiş etdirəcək.
- Forumun tərəfdaş
beynəlxalq qurumları Azərbaycan tərəfi ilə birgə
dəvət məktublarına imza atıblar. Bu,
hansı ehtiyacdan yarandı?
- Tərəfdaş
beynəlxalq qurumların birgə imzası Forumun qlobal
miqyasını göstərməklə yanaşı, gündəmə
gətirdiyi problemlərin aktuallığını da ifadə
etmiş olur. Çünki III Forumun
"Müştərək təhlükəsizlik
üçün mədəniyyətləri paylaşaq"
devizi üç mühüm komponenti - birgəlik, təhlükəsizlik
və mədəniyyəti əsas götürür. Diqqət etsək görərik ki, bu üç məfhum
olmadan istənilən dialoqun reallaşması mümkün
deyil.
- Tədbirin dünya miqyasında təbliği
üçün daha hansı addımlar atılır?
- Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən ölkələrin paytaxtlarında və beynəlxalq qurumların baş qərargahlarında təqdimat mərasimlərinin təşkil edilmişdir. 2013-cü ilin 18 dekabr tarixində paytaxtımızda "Bakı prosesi"nin 5 illik yubiley mərasimi keçirilmişdir. Tədbirdə Böyük Britaniyanın Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunun direktoru Mayk Hardi təqdimatla çıxış etmişdir. Mərasimdə Azərbaycan ictimaiyyətinin nüfuzlu şəxsləri, dövlət rəsmiləri, ziyalılar iştirak etdilər.
2014-cü ilin 13 martında London şəhərində "Mədəniyyətlərarası dialoq üçün "Bakı prosesi"nin 5 illik yubileyinə həsr olunmuş mərasim keçirildi. Mərasimdə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatı, Ərəb Liqası və Böyük Britaniyanın Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzinin yüksək vəzifəli şəxsləri, həmçinin bu ölkənin nüfuzlu siyasətçiləri, parlament üzvləri və elm xadimləri bir araya gəldilər.
Bundan başqa, 2015-ci ilin yanvarında Nyu-York şəhərində "Bakı prosesi" və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimləri keçirildi. Yanvarın 28-də Nyu-Yorkun tarixi və mötəbər binalarından olan "Seynt Recis" mehmanxanasında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin ABŞ-dakı səfirliyi və Etnik Anlaşma Fondunun birgə təşkilatçılığı ilə "Bakı prosesi" və Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təntənəli təqdimat mərasimi təşkil olundu. Tədbirdə nüfuzlu dini, siyasi və mədəniyyət xadimləri, akademik dairələrin təmsilçiləri iştirak etdilər. Yanvarın 30-da BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında "Bakı prosesi" və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı oldu. Tədbirə BMT yanında xarici ölkələrin diplomatik korpusunun nümayəndələri, səfirlər, katibliyin əməkdaşları və təşkilatın ixtisaslaşmış qurumlarının yüksək səviyyəli nümayəndələri toplaşmışdılar.
- Foruma həsr edilən tədbirlər hansı vacib nəticələrə hesablanır?
- İlk olaraq Azərbaycan dövlətinin, bilavasitə ölkə başçısı cənab İlham Əliyevin "Bakı prosesi" və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü BMT çərçivəsində həm ikitərəfli görüşlərdə, həm də təqdimat mərasimi ilə qeyd edilməklə ölkəmizin qlobal layihəsinin beynəlxalq statusunu bir daha rəsmiləşdirdi. İkinci tərəfdən, Azərbaycan dövləti öz timsalında bir daha dünyaya və beynəlxalq qurumlara göstərdi ki, qlobal mədəniyyətlərarası dialoq və anlaşmaya yönələn təşəbbüslərin bu ənənələrin tarixən mövcud olduğu məkanlarda həyata keçirilməsi daha məqsədəuyğundur. Təbii ki, bu tədbirlər Azərbaycanda ali hakimiyyətin beynəlxalq miqyasda mədəniyyətlərarası dialoq vasitəsilə dünyada qarşılıqlı anlaşma, sülh və təhlükəsizliyə göstərdiyi dəstəyini bir daha nümayiş etdirdi.
525-ci qəzet.- 2015.- 13 may.- S.5;7.