Bayram Səfərov:
"Bunu düşünmək cəhənnəmin
özüdür"
Müsahibimiz Şuşa şəhər icra hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovdur.
-
Özünüzü necə təqdim edərdiz?
- Sadə
ömür sürmüşəm. 1951-ci il
martın 21-də Şuşa şəhərində
doğulmuşam. Orada təhsil almışam, əmək
fəaliyyətinə başlamışam, ailə qurmuşam.
1992-ci ildə bütün növ silahlarla
silahlanmış ermənilərin basqınına məruz
qalaraq, qeyri-bərabər döyüşün nəticəsində
şəhəri tərk etmişik. Rus ordusunun 366-cı
alayının geniş miqyaslı hücumuna qarşı əliyalın
xalq tab gətirə bilmədi. Özünümüdafiə
dəstələrində isə 10 nəfərə bir silah da
düşmürdü.
- Siz
özünümüdafiə dəstələrinin tərkibində
vuruşmusuz?
- O zaman
tutduğum vəzifəyə görə, əlimdə silah
döyüşə bilməzdim. Şuşa
rayon İstehlak Cəmiyyəti idarə heyətinin sədri,
"Azərittifaq"ın idarə heyətinin
üzvüydüm. Sonra Şuşa
icra hakimiyyəti başçısının müavini təyin
edildim. Dağlıq Qarabağın azərbaycanlı
kəndlərinin gündəlik ərzaq və bu kimi başqa
malların təminatı ilə mən məşğul
olurdum.
-
Özünümüdafiə dəstələrinə
hansısa formada kömək edə bilirdiz?
- Bu barədə
danışmağım təvazökarlıqdan uzaq olar. Şuşalılar hamısını bilir. Ümumi olaraq deyim ki, xalqımın, vətənimin
mövqeyini şəxsi mövqeyimdən üstün tutan
adamam. Xaraktercə belə doğuldum, belə
də yaşayıram.
- Şuşanın işğalı barəsində
danışanda daha çox bu ifadəni eşidirik: xəyanət. Hadisələrin birbaşa
iştirakçısı olan məsul şəxs kimi bəlkə
daha dəqiqini deyəsiz: Şuşa niyə
işğal edildi?
-
1990-93-cü illərdə başımıza gələn
müsibətlərin əsas səbəbi liderimizin
olmaması idi. Sonrakı səbəblər - vəzifə
davası, rus ordusunun erməniyə dəstəyi, Azərbaycan
ordusunun qurulmaması - törəmə səbəblərdir.
Amma bu törəmə səbəblər
üst-üstə toplanıb əhalimizə faciə
yaşatdı. Liderimiz olsaydı,
bütün çatışmazlıqlar aradan qalxardı.
Hər partiyanın bir dəstəsi vardı.
Düşmən qalmışdı bir kənarda,
bu partiyalar bir-birinə düşmənçilik edirdilər.
23 il keçib, yenə də eyni mahiyyətdə
qalıblar. Şuşa dörd tərəfdən
ermənilərlə əhatə olunmuş rayondur.
Şuşalıların orda yaşaması böyük
qəhrəmanlıq idi. Şuşada elə gənclər
vardı, mərmilər atılanda onları güllə ilə
göydə partladırdılar. Əvvəldən
bilirdik, Şuşa işğala məruz
qalsa, bütün ərazilərimiz düşmənin nəzarətinə
keçəcək. Bir reallıq da var: biz 80 faiz ərazimizi
işğala məruz qalmağa imkan verməmişik. Xaric və daxili düşmənlərimiz o qədər
azğınlaşmışdı ki, torpaqlarımızın
100 faizini itirə bilərdik. Ulu Öndər Heydər Əliyevin yenidən
hakimiyyətə qayıdışı Azərbaycanı xilas
etdi. Bu gün də həmin siyasəti Heydər
Əliyevin layiqli sələfi, prezidentimiz İlham Əliyev
davam etdirir.
Azərbaycanın cəmi bir problemi var, o da 20 faiz ərazimizin
işğalda olması. Qalan hər şey yüksək səviyyədədir.
Qarabağ problemi həll olunsa, Azərbaycan xalqından
xoşbəxt xalq dünyada ola bilməz. Çünki xarici ölkələrə
yaxşı mənada nümunə olan ölkədə
yaşayırıq.
- Sovet dövründə doğulan əksər
tanınmış şəxslərin tərcümeyi-halında
oxuduğumuz "fəhlə ailəsində
doğulmuşdur" cümləsi Sizə də aiddir?
- Bəli,
mən də sadə, zəhmətkeş fəhlə ailəsində
doğulmuşam. 10 uşaq olmuşuq. Anam
"Qəhrəman ana" adına layiq
görülüb. Atam gündüzlər
xırda alverlə məşğul olurdu, axşamlar məktəbdə
gözətçi işləyirdi. Valideynlərimiz
qarnımızı və gözümüzü tox
saxlayıblar, övladlarının təhsil almalarını ən
böyük amalları hesab ediblər. Mən
də ağlım kəsəndən işləmişəm,
pul qazanmışam, ailəmizin büdcəsinə dəstək
olmuşam.
- İlk qazancınız hansı işdən olub?
- 10
yaşım olanda kəndə böyürtkən, moruq, qaymaq
gətirirdilər. Şuşada təndir
çörəyi bişirirdilər. Onları
ucuz qiymətə alaraq, üstünə 5-10 qəpik qoyub,
dincəlməyə gələn turistlərə baha qiymətə
satırdım. Qazancımı da qəpiyinə
qədər evə gətirirdim.
- Əsilli, nəsilli şuşalısız?
- Yox, anam
şuşalıdır, amma atam 1941-ci ildə Bakıdan
Şuşaya gəlib. Elimiz atamın xətrini
çox istəyirdi.
Davranışı ilə fərqləndiyi
üçün inanmıram ki, onun barəsində kimsə mənfi
söz işlətsin. Bütün ailəmiz barədə bir nəfər
də pis fikir işlətməyib.
- İlk rəsmi işiniz hansı olub?
- Orta məktəbə
bir il tez getmişəm. 13
yaşım olandan Komsomolun üzvü seçilmişəm.
Əsgərliyə qədər artıq 3 il
idi işləyirdim. Əmək kitabçamda
ilk işə qəbul olduğum tarix 1968-ci ilin aprel
ayıdır. Vəzifəm Şuşa
Kurort Ticarət Mərkəzində satıcı olub. Komsomolun qızıl döş nişanını
almışam.
- Şuşalılar istedadları ilə başqa yerin
adamlarından xüsusi ilə fərqlənirlər. Sizcə səbəb
nədir?
- Mən
yalnız öz fikrimi deyə bilərəm. Şuşada
bütün sahələrdə mədəniyyət lap qədim
dövrlərdən təşəkkül tapıb. İnsanların bir-biri ilə davranışı,
incəsənətə mərhəm münasibət, qürur
şuşalıların tapındığı dəyərlər
olub. Şuşanın ziyalıları, bəyləri,
xanları, zadəganları arasında Avropada və Qərbdə
təhsil alanlar olub. O dövrdə Avropa və Qərb təhsildə
çox öndə idi. Şuşalılar
öyrəndiklərini doğma yurdlarında tətbiq edirdilər.
Sadə vətəndaşlar isə bəylərin
münasibətinə baxıb, onlar kimi davranmağa
çalışırdılar. Baqqal dükanına gələn
zadəgan elə müraciət edirdi ki, satıcı da
başqası ilə danışanda istər-istəməz o
tondan, o üslubdan yararlanmalı olurdu.
-
Mühit?..
- Bəli,
Şuşada mühit başqa idi. Bizim şəhərin
17 məhəlləsi olub. Hər məhəllənin
özünün mədrəsəsi, bulaqları, hamamları
olub. Yaşlılar
danışırdılar ki, elektrik yaranmamışdan əvvəl
Şuşanın küçələrini lampa ilə
işıqlandırırmışlar. Onun
üçün xüsusi adam vardı,
neftlə olan lampanı axşam yandırır, səhər
söndürürdü.
Bizdəki mərasim mədəniyyəti həmişə
fərqlənib. Şuşaya xaricilər çox gəlirdi.
Dünya gör-götür
dünyasıdır.
Onlara baxıb, nə gərəklidirsə, həyatımıza
tətbiq edirdik, nə lazımsızdırsa, görməzlikdən
gəlirdik.
Zaqafqaziyada ilk orta məktəb Şuşada
açılıb. İlk teatr, ilk musiqi məktəbi
Şuşada olub. Şuşanın
Üzeyir Hacıbəyov, Qasım bəy Zakir, Əbdülrəhim
bəy Haqverdiyev, Səməd bəy Mehmandarov kimi dahiləri
olub.
Əlbəttə, saymaqla qurtaran deyil. Şuşanın
250 nəfər şairi olub ki, onların hamısı gözəl
şeirləri ilə tarixə düşüblər.
- Qəribədir
ki, kriminal xarakterli xəbərlərdə də
şuşalıların adına demək
olar ki, rast gəlmək mümkün deyil.
-
Ziyalı cinayət törətməz. Şuşadakı
mühitin adı ziyalı idi. 1991-ci ilə
qədər bizim evdə bir dəfə də olsun deyilməmişdi
ki, erməni düşməndi. Bizə
deyirdilər ki, bütün xalqlar qardaşdı.
- Erməni
sinif yoldaşınız olub?
- Mən
azərbaycanlı məktəbində oxumuşam. Şuşada azərbaycandilli, rusdilli və ermənidilli
məktəblər vardı. Erməni
tanışlarımız, qonşularımız vardı.
Biz bir yerdə uşaqlıq edirdik.
- O vaxt məkrlərini
hiss edə bilmirdiniz, eləmi?
- Sadə
erməni məcburiyyət qarşısında bizimlə
düşmən oldu. Erməninin canında
qorxaqlıq var, onlar bizə məkr göstərə bilməzdilər.
Ermənistan hakimiyyəti bir xalqın
başını aşağı elədi. Azərbaycanı
sevən o qədər erməni var ki... Azərbaycanın
havasına, suyuna, şəraitinə həsrət qalan ermənilər
var. Axı burda həmişə xoşbəxt və rahat
yaşayıblar. Xankəndi Azərbaycanın
ən gözəl şəhərlərinin sırasında
öndə gedirdi. Orda yaşayan erməninin
bizim üçün necə burnunun ucu göynəməsin.
Onlar gecikirlər. Bir neçə il də keçsə daha da peşman olacaqlar. Hazırda ermənilər işğal etdikləri
torpaqlarda zülmlə yaşayırlar. Ermənilər
bu 25 ilin içində bir əsir geri düşdülər.
Azərbaycan regionun liderinə çevrilib, ən
böyük iqtisadi layihələr bizim imzamız olmadan həyata
keçə bilməz. Ermənilərsə
bu imkanlardan bəhrələnə bilmədilər. Azərbaycanın Qarabağ problemi olmasa,
dünyanın ən xoşbəxt ölkəsidir.
İlham Əliyev kimi prezidentimiz, Azərbaycan kimi ölkəmiz,
azərbaycanlılar kimi vətəndaşlarımız var.
Ermənilər milyon il də yaşasalar,
bizim mində birimiz ola bilməzlər.
- Sonuncu dəfə
gördüyünüz Şuşanı xatırlaya bilirsiz?
- Xatırlamaya bilmirəm. Hər gün səhər oyananda ilk görüdüyüm həmin Şuşa olur. Şuşa beynimin içindən gözlərimin qarşısına asılıb. Hər gün evimə gedirəm, ölənlərimin basdırıldığı məzarlığa gedirəm. Gedirəm, amma reallıqda görürəm dörd divarın arasındayam, bir addım da atmamışam. Atam, anam, qardaşım o məzarlıqdadı. Nə bilim... Bilmirəm... Nə ad verim...Məncə sizin sual... Yox, düşünürəm Şuşadan danışmaq mümkün deyil. Məni böyüdüb boya-başa çatdıran valideynlərimin qəbrinə gül qoya bilmirəm. Ağırdı, övladlarıma bu vərdişi aşılaya bilmədim. Gərək mən valideynlərimin qəbrini ziyarət edəm ki, övladlarım da mənim qəbrimi ziyarətə gəlsinlər. Övladlarıma valideyn qəbrini necə ziyarət edərlər vərdişini praktiki öyrədə bilmirəm. Bunu düşünmək cəhənnəmin özüdür. Amma inanıram, inanmasam, ürəyim partlayar.
Dünyanın ədalətsizliyi onların başında çatlayacaq. Günahsız milyonlarla insanlar zülm çəkib, bu gün də o zülm davam edir. Bəzən şuşalıların gözlərinə baxa bilmirəm, o gözlərdə daha nələr yazılmayıb. Allaha inanıram. Göydə yaradan, yerdə prezidentimiz mütləq bizə yol açacaq. O qədər şuşalı var ki, ölənlərini torpağa müvəqqəti tapşırıb.
- Bayram müəllim, fikir vermişəm, Dağlıq Qarabağ Azərbaycan İcmasının rəhbəri kimi ermənilərlə bağlı sual verəndə çox sərt cavablar verirsiz. Bəzən mətbuat bu cavabların siyasətdən kənar olduğunu qabardır, belə əsaslandırırlar ki, ermənilərlə bir yerdə yaşamağa hazır olan azərbaycanlıların lideri bir qədər yumşaq davranmalıdır.
- Axı mən şuşalıyam. Onlarsa mənim
vətənimi əlimdən alıblar. Heç bir
günahım olmadan hər şeyimi bir günün içində
əlimdən alıblar. Kiminlə yumşaq
danışmalıyam, mənim evimi başıma uçuranla,
vətənimi işğal edənlə? Mümkün deyil. Allah bizə hər
şey verib, amma pis qonşu da verib. Pis
qonşu ilə nə dildə danışarlarsa, elə də
danışıram. Etiraf etsinlər,
torpaqlarımızı qaytarsınlar, bizim
bayrağımız altında rahat və xoşbəxt
yaşamaqlarını təmin edək. Əks
təqdirdə erməniyə həmişə sərt cavab verəcəm.
Azərbaycanda o qədər azsaylı xalq
yaşayır ki, onlardan da biri erməni olsun. Necə olur, bizim vətəndaşlarımız olan
azsaylı xalqlarla mehriban davranırıq, eynihüquqluyuq, bu
günə qədər aramızdan su keçməyib, erməni
isə düşmənə çevrilib. Demək
günah onların özündədir, xislətlərindədir,
mənəviyyatlarındadır.
-
Deyirsiniz müharibə olacaq?
- Məgər
biz müharibə etmişik ki?.. İndi növbə Azərbaycanındır. Vətəndaşlar bir-birinə, xalq isə
prezidentimizə söykənməlidir. Bu
birlik Qarabağı işğaldan azad etməyə qadirdir və
alacağıq da.
-
Hansı xarakterinizdən xoşunuz gəlmir?
- Dinləmə
qabiliyyətim zəifdir. Söhbət gedir, mən
artıq cavabını bilirəm. Ona
görə də o sözünü bitirməmiş istəyirəm
deyəm. Bunu isə söz kəsmək
hesab etmirəm, sadəcə vaxt getməsin. Vaxt hər şeydən qiymətlidir.
- Dəyişmək
istədiyiniz xarakter var?
- Yoxdur. Necə yaşamışam, elə də ölmək
istəyirəm. Mən xalqımı, vətənimi
çox sevirəm. Bilirəm ki, onlar da məni
sevir. Bunun üçün xoşbəxtəm.
Ceyhun
MUSAOĞLU
525-ci qəzet.- 2015.- 13 may.- S.4.