SAKİT ADAM

 

...Deyirlər, filankəs sakit adamdı,

heç kəslə işi yoxdu.

Daha demirlər, o sakit adam

kor ocaqdı, korş bıçaqdı,

ölü dənizdi, qanadları yoxdu,

buynuzları içindədi,

pambıqla baş kəsər,

sakit-sakit qan salar...

sonra yazıq-yazıq baxar

deyər, mən neylədim ki,

sakit adamam...

...Sakit qonşu gördüm

ürəyimdən xəbərsiz,

sakit qohum gördüm

könül qapısı həmişə qıfıllı...

Sakit adam - haqsızlıq önündə

susan dilsiz məxluq...

O müəllim olsa işıqsız,

həkim olsa ümidsiz,

hakim olsa, ədalətsiz olar...

Ah, dəli-dolu, çılğın adamlar,

Gəlin bağrıma basım sizi!

Ürəyi  tərtəmiz,

işıqlı adamlar,

Susmayan, qısılmayan,

özündən, sözündən qorxmayan

adamlar...

 

YASƏMƏN AÇANDA

 

...Yasəmən açanda doğulmuşam

Bəlkə ona görə gözlərim

bahalı maşınlara, villalara yox,

xırdaca çöl çiçəklərinə ilişib qalır.

başımı qaldıranda da

göyüzü gözlərimi çəkib aparır...

 

İNCİMƏ

 

...Sən bir nəğməsən qəlbimdə,

çiçəksən  könlüm açılır.

Amma səni bataqlıq kolları

sevmir dostum,

heç məni ...

Çünki onlar sevə bilmir,

incimə...

 

QƏRİBİN QAPISI

 

Qəribin qapısını,

Küləklər açıb-bağlar.

Rüzgarın sərtliyindən,

Qapı-baca qan ağlar.

Qəribin qapısını,

Çiçək döyməz, gün açmaz.

Nəğmə deyən o quşlar,

Dərdin d

üyünün açmaz.

 

Bayramda tənhalıqdan,

Yerlə-göylə danışar.

Uşaq xəyallı qoca,

Tonqal kimi alışar.

 

Səbri böyük olsa da,

Dünyayla çox davalı.

Yerindən qopmaq istər

Qapısı da havalı.

 

Can dostum Aynura

 

Baxma o qara üzlərə

Gəl, sənə nəğmə söyləyim.

Uçurum səni göylərə

Gülüm, bəxtəvər eləyim.

 

Çıxar qəmi ürəyindən.

Qanad ruhun üstünə.

İşıq dolsun gözlərinə

Əlin dəysin göyüzünə.

 

Allaha tut gül üzünü,

O nurun yoluna qayıt.

Unut xəbis adamları

Vəfasız dünyanı unut...

 

GÖZƏL OLA BİLMİRSƏN

 

Al-əlvan bəzənsən ,

Dənizə tən gəlmirsən.

Yasəmən ağacıtək,

Gözəl ola bilmirsən.

 

Qollarını ədayla,

Sağa-sola atırsan.

Yaş ötsə uşaqtək,

Daş-qaşla oynayırsan.

 

Min cürə dona girib,

Donunla öyünərsən.

Lap yüz yaşın olsa da,

Sən çətin böyüyərsən.

 

BU İŞIQSIZ QADINLAR

 

Bu işıqsız qadınlar,

Yenə qoşa gedirlər.

Özlərini necə

Ağıllı zənn edirlər.

 

Yol gedirlər bilmirlər, 

Fırlanırlar yerində.

Görəsən yazılır,

Əməl dəftərlərində?

 

bircə üz güldürüb,

quş olub uçurlar.

Bu dünyanın başına,

Min bir oyun açırlar.

 

GÜL GƏTİRDİN ÜSTÜMƏ

 

Sən doğmasan, yoxsa yad

Nədən durdun qəsdimə?

Məni öldürüb sonra

Gül gətirdin üstümə.

 

Çiçəkləri sevsəm

Səndən bir gül almaram.

Ay mərdi namərd edən

Mən həminki olmaram.

 

Eşitmirəm desən

Axı çoxdan ölmüsən.

Yaxında uzaq oldun

İndi hardan gəlmisən?

 

İŞIQ TUTUB GÖZÜMÜ

 

Sözün düzün deməkdən,

Çöllərin düzündəyəm.

Yenə qanadlandım,

Yenə göy üzündəyəm.

 

Yenə həyəcan dolu,

İşıq tutub gözümü.

Yenə səhv salmışam,

Gecə ilə gündüzü.

 

Mən nadanlar üzündən

Min köz ayaqlamışam.

Yenə soyuqqanlı

Olmağı unutmuşam.

 

DAHA NƏ İSTƏRƏM Kİ...

 

Nədən kövrəlirəm mən,

Gözlərini görəndə?

Daha nə istərəm ki,

Qızım, sən olan yerdə.

 

Sən o qədər şirinsən,

Min bir acı içində.

Anam kimi doğmasan,

Doğmaların içində.

 

Məni özümdən alıb,

Bağrına basan balam.

Səndən başqa sevimli,

Dünyada hər şey yalan...

 

Mina RƏŞİD

 

525-ci qəzet.- 2015.- 14 may.- S.7.