Rəmzlər arasında Narın yeri

 

 

Dilçilikdə ən çox sözü keçən məsələ dilin işarəviliyidir. "...dilin işarəvi təbiəti məsələsini də sistemli elmi məsələ şəklində ilk dəfə Ferdinand de Sössür  irəli sürüb. 

 

İnsanların hələ dinlə tanışmadıqları dövrlərdə - Allahın qəlblərinə qoyduğu sonsuz sevginin hansı istiqamətə yönəldəcəklərini bilmədikləri dövrlərdə bu sevgini Baqi Olana deyil də, faniyə yönəltdikləri zaman kəsiyində totemlərin cəmiyyətin sosial yaşamında önəmli yer tutması bunun ən ibtidai nümunəsidir.

Hələ Hicri təqvimi ilə 1267-ci ildə yazılan "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərvişi Məstəli şah" komediyasında Axundov Azərbaycana, ələlxüsus, Qarabağa məxsus bitkilər haqqında məlumat verir. "Əgər məsələn, mən Qarabağa gəlməsəydim (əlini uzadıb cibindən bir dəftər çıxarıb, açıb, içində səliqə ilə düzülmüş bir neçə otları göstərib), əgər mən Qarabağa gəlməsəydim, kim biləcək idi ki, Qarabağın yaylaqlarında bu otlar mövcuddur? Bundan əvvəl bizim ətibba və hükəmalarımız cənab Linney və Turnefor   Bertrambelə güman etmişlər ki,  bu nəbatat ancaq Alp dağlarında və Amerikada, Afrikada və Şvetsariya dağlarında mövcud olur. Amma indi mən buraya gəlmək səbəbi ilə Parijin darül elminə isbat edəcəyəm ki, məzkur hükəmalar bilkülliyə səhv ediblər.

 

Bu nəbatat Qarabağın dağlarında kəsrətlə mövcuddur    bu nəbatatın mahiyyətini,  təhqiq  və xəvassını  təcrübə  ilə müşəxxəs edib, o  xüsusda əttibanın istehzarı üçün təsnifi-cədid aləmdə məşhur edəcəyəm. Məsələn, bu ot ki, görürsünüz (əli ilə bir kiyaha işarət edib) latınca bunun adı aqantusdur  ki, mənim təcrübəmə  görə qarın ağrısına çox  faydası  var. Cənab Linney bunu fərz  edir üçüncü dərəcədə    cənab  Turnefor onu fərz  edir  dördüncü  dərəcədə,  amma mən  onu ikinci dərəcədə fərz edəcəyəm    bu  otun adı latınca  serastrum  alpinumdur  ki,  göz ağrısına  nəhayət  mənfəəti  var. Cənab Linney  bunu fərz  edir altıncı  dərəcədə, amma  mən  onu  fərz  edəcəyəm  onuncu  dərəcədə və  bu  otun  adı  latınca  qamlina afriqanadır  ki, diş  ağrısının əlacı  münhəsirdir  buna".  "Müsyö Jordan real tarixi şəxsiyyətdir.

 

Aleksis Jordan (1814-1879) həqiqətən görkəmli fransız nəbatat alimi olmuşdur.  M.F.Axundzadə real prototip əsasında Qərbi Avropa alimlərinin bədii obrazını yaratmışdır". Bu əsər  həm də vaxtilə  Avropanın ən məşhur alimlərinə Qarabağın Azərbaycan  torpağı olduğunun məlum olmasının sübutudur.

 

F.Sössürün sözün əşyanın işarəsi olması fikrini tərs çevirdikdə nar fitonimin günümüzdə də fərqli və təkmil şəkildə rəmz olma xüsusiyyətini qoruyub saxlamasını görmək olar. Məqalədə mümkün qədər narın simvolik xüsusiyyətləri və dilin inkişafındakı rolu ələ alınacaq. Orta Asiya mənşəli olan, quru və isti iqlimlərdə, aran zonalarda yetişən  nar üçün ölkəmizdə Göyçay və Ağsu rayonları daha münbitdir. Azərbaycan dilinin izahlı lüğətində nar "Nar: is. (fars.ənar) - içərisində şəffaf pərdə ilə örtülmüş çoxlu turş, meyxoş və ya şirin dənələri olan sərt qabıqlı girdə meyvə" şəklində şərh olunur.

 

"Nar" sözünə  geniş mənada yanaşdıqda, onun hərfi məna çərçivəsindən çıxıb nominativliyini ekpressivliyə verdiyi məlum olur. Belə ki, nar fitonimi bu ifadə planı ilə dildə inkişaf tempinin sürətlənməsinə səbəbiyyət verir. Narın məna izlərinə tarixdə dini və mifoloji mənbələrdə rast gəlinir. Mifologiyada nar zənginliyin işarəsi, qəhrəmanların yenilməzliyi və güclülüyünün simvolu kimi qəbul olunur. "Ayrıca evlilik bağının çözülməzliyini, həyat və yenidən doğuşu simgələmək üçün də istifadə edilmişdir". Nar türk xalqlarının mədəniyyətinin  folklorunda nağılların, dastanların, atalar sözü, tapmaca və nəğmələrin  mövzusu  olmuşdur. "Nağıllarda nar bir tapmacanın cavabı, övladsız ailələrin uşaq sahibi ola bilməsi üçün sehrli bir meyvə, sevgililər üçün bir sınama vasitəsi, maddi və mənəvi hədiyyələr qazandıran bir vasitə, xəstəlikləri qabaqlayıcı sirli bir dərman, bəzən də talesizliklə nəticələnən bir hadisənin qaynağı olaraq işlənmişdir". Müasir zamanda isə nar ən çox bitkilərlə müalicədə daha çox anılır. Nar çəkirdəyi yağının cildi bərpa eləməsi və qan dövranı pozulması halında ortaya çıxan portağal qabığı şəkli almış dərini tamamilə normala döndürməsi onun "yenidən doğuş adlandırdığımız" yönü ilə bağlıdır.

 

Bu il nar daha bir mövzu üçün rəmz seçildi. Digər bir ifadə tərzilə desək, nar bu il ilk Avropa Olimpiya oyunlarının iştirakçısıdır və bu mənada böyük və müstəqil bir ölkədən məhsuldur. "Bakı 2015 Avropa Oyunları"nın rəsmi loqosu 16 iyun 2014 tarixində elan edilmişdir. 35 yaşlı azərbaycanlı Adəm Yunisov tərəfindən tərtib edilmiş bu yeni loqo Alov, Su, əfsanəvi Simurq quşu, Xalı və Nar da daxil olmaqla, ev sahibi ölkənin qədim və müasir mədəniyyət və səylərini formalaşdırmış beş başlıca elementi bir araya gətirmişdir". "Bakı 2015 Avropa Oyunları Azərbaycanın təbiətindən və irsindən ruhlanaraq Ceyran və Narı Oyunların rəsmi simvolları elan edir". Nar Oyunların enerjisini, həyəcanını və əyləncəsini təmsil etməklə idman sahələrində keçirilən yarışlarda iştirak edəcək.

 

Əgər narın sadəcə hərfi mənasına bioloji baxımdan  nəzər salsaq, onda "Nar kolu (ağacı) (lat. Punica granatum) - lythraceae (kınagiller -xınakimilər) fəsiləsinə aid bitki cinsi"dir. Yox əgər nar fitonimi semantic tərəfdən ələ alınarsa, o zaman bu yol bizi folklora, tibbə, dinə, üslubiyyata qədər aparar.

 

Mifologiyada nar

 

Mifoloji anlamdan arzürriyyət rəmzi, evlilik bağının möhkəmliyinin rəmzi, tibbi tərəfdən sağlamlığın önəmli hissəsi, dində cənnətdəki meyvələrdən biri kimi bəhs edilir.Yaşayışları  əkinçiliyə dayanan insanlar bəzi meyvə və tərəvəzləri həyatında vamının təmin ünsürü olaraq qəbul etmişdir.

 

Folklorda nar

 

Nar tapmacalara "Bazardan aldım - bir dənə, evdə açdım - min dənə" cavab, nəğmələrə mövzu "Meyvələrdən üç meyvə var... Biri alma, biri heyva, biri nar"  olmuşdur. Nar qızı nağılında nar həyat və yenidən doğuşu simvolizə edir. "Biri var imiş, biri  yox  imiş,  bir  padşahın  bir  oğlu   var imiş. Bu oğlan  bir gecə  yuxuda nar  qızına  aşiq  olur. Sübh  olanda  vəzirin  çağırıb yuxusunu  söyləyib  buna  deyir  ki,  gərək gedib  Nar  qızını  mana  alasan".    Üç qarıdan Nar qızının  yerini soruşur. "...Nar qızının  yerini  sorur.  Qarı  cavab  verir: - Onu  gətirmək  müşküldür, bu fikirdən  daşın. Devlər  səni  öldürərlər. Qarı görür ki, əlac  yoxdur,  Nar  qızının  yerini  söyləyib,  buna  deyir: -Buradan  bir  az  uzaqda  bir  bağ  var, o  bağda  bir  nar  ağacı    ağacın  başında üç  nar  var". "Burada oturub əvvəlcə narın birini parçalayır, içindən bir şey çıxmayır, ikincisindən də bir şey çıxmır. Üçüncüsünü  parçalayanda içindən gözəl bir qız çıxır. Çıxan  kimi  böyüyüb  on  beş  yaşında bir nazənin sənəm olur". Ümumiyyətlə, türk millətinin dastanlarında qızların ağacdan doğulması motivlərinə çox rast gəlinir. "Dastanlarda qadına dərin rəğbət hissi vardır. Oğuzun anası Ayqağan, onun işıq və ağacdan doğulmuş qadınları mələk kimi gözəl qadınlardır". Bundan başqa nar, müəllifli mahnılardan "Nar ağacı, nar çiçəyi" mahnısına da mövzu olub.

 

Bədii təsvir vasitələrində

 

Nar fitonimi Azərbaycan ədəbiyyatşünaslığında məcaz növlərindən  biri olan təşbehin  tərkib hissəsi kimi çıxış edir. "Bal sousunda nar kimi qızarmış toyuq qanadı Fotolarla".  "Nar kimi - qırmızı, qıpqırmızı. Nar kimi qızarmaq. Nar kimi yanaq. [Atası] oğlunun pəncərəsinin yanından ötərkən nə gördü: oğlunun sifəti nartək qızarmış, gözləri böyümüş(dü). Ə.Haqverdiyev". Məcaz yaradan məna ünsürü - sema əsas sözdə periferik yerdə dayanır.

 

Dində nar

 

Elmin yeni kəşf etdiyi nar Quran-i Kərimdə zikr edilən meyvələrdən biridir. İbnəl-Qeyyiməl Cevziyyənin "Tıbbun Nəbəvi" adlı əsərində narla əlaqədar bu məlumatlara yer verir. Cənab-ı Haqq belə buyurur: "(Bu iki cənnətin) içlərində (görünməmiş) meyvələr, xurma və nar vardır". (Rəhman surəsi 68) İbn-i Abbasdan belə zikr okunur: "Sizin bu narınızdan, cənnət narından bir dənəyə aşılanmayan heç bir nar yoxdur".

 

"Quran"da narın adı 3 dəfə çəkilir: Ənam surəsi 99 və 141, Rəhman surəsi 68-ci ayələrdə. Bunların ilk ikisində nar AllahınYaratdığı gözəl şeylərin bir örnəyi olaraq verilmişdir, üçüncüsündə isə cənnətdəki bir meyvə olaraq bəhs edilir. "Çardaqlı və çardaqsız (üzüm) bağçaları, məhsulları növ-növ xurmaları, əkinləri, bir-birinə bənzər və bənzəməz şəkildə zeytun və narları yaradan Odur. Hər biri meyvə verdiyi zaman meyvəsindən yeyin.Yığılıb toplandığı gündə haqqını (zəkat və sədəqəsini) verin, lakin israf etməyin; çünki Allah israf edənləri sevməz". (Ənam, 141) "Göydən su (yağış) endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. (Biz, həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. (Onlardan hər birinin) bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda (Allahın Öz Qüdrəti iləYaratdığı bu şeylərdə) iman gətirən bir camaat üçün (Rəbbinizin Varlığını sübut edən) dəlillər vardır. (Ənam, 99) "İçərilərində hər növdən meyvə, bənzərsiz xurma və bənzərsiz nar vardır". (Rahman, 68) Hədislərdə isə bu kimi anılır: "Şirin nar yemək körpənin yaxşı xasiyyətli olmasını təmin edər. Cümə səhərləri nahardan əvvəl nar yemək çox yaxşıdır. Mədə bulanması və qusmaya qarşı nar yemək çox faydalıdır. Eyni şəkildə qansızlıq, oynaq ağrıları, təzyiq... üçün çox faydalıdır".

 

İmam Əli (ə) buyurmuşdur: "Uşaqlarınızın tez dil açması üçün onlara nar yedizdirin". Nar insanı arıqladır, təzyiqi aşağı salır, əsəb sisteminin normal olması üçün məsləhət görülür, qaraciyərə və sarılıq xəstəliyinə faydalıdır. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurub: "Hər bir narın içində bir behişt dənəsi vardır və mən onun bir dənəsini belə tərk etməyə (yeməməyə) razı deyiləm".

 

Nar fitoniminin rəmzlər arasında yeri qısaca bəhs etdiyimiz məqalədə olduğundan, əlbəttə,  daha genişdir.

525-ci qəzet.- 2015.- 14 may.- S.7.