İstiqlal yolunun şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri

 

 

(Əvvəli ötən sayımızda)

 

Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik uğrunda daima mübarizə aparıb. Ötən əsrin əvvəllərində ölkəmizdə milli azadlıq hərəkatı daha da gücləndi. Azərbaycanın demokratik qüvvələri , mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun müstəqilliyi, millətimizin azadlığı uğrunda mübarizəyə qoşuldular. Rusiya imperiyasının dağılması Azərbaycanda müstəqil dövlət qurmaq üçün şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası  - Xalq Cümhuriyyəti elan edildi.

 

Xalqımızın bir çox ziyalıları, görkəmli şəxsiyyətləri Demokratik Respublikanın yaradılmasında, onun inkişafında müstəsna rol oynayıb, müstəqillik yolunda əllərindən gələni əsirgəməyiblər. Bu onların həyatı bahasına başa gəlsə , bir çox təqiblərə məruz qalsalar da, öz amallarından vaz keçməyib, xalqın rifahı üçün çalışıblar. Xalqa dövlətçiliyə bir nümunə olan həmin ziyalıların bəzilərinin həyat fəaliyyət yollarını daha dərindən araşdırıb təqdim edirik. Bu yolda əsas bələdçimiz, qaynağımız isə Prezident Kitabxanası, həmçinin Milli Kitabxananın zəngin məlumat bazasıdır.

 

1919-cu il dekabrın 2-11-də Bakıda Türk Demokratik Federalist Müsavat Partiyasının II qurultayı keçirildi. Qurultayda iştirak edən M.Cəfərov, M.Rəsulzadə, M.Hacınski, N.Yusifbəyov başqaları birlikdə qurultayın siyasi komissiyasına seçilib. 1919-cu il dekabrın 14-21-də Bakıda  Azərbaycan-Ermənistan konfransı keçirildi. Konfransda Azərbaycandan F.Xoyski, M.Hacınski, R.Vəkilov M.Cəfərov iştirak edib. M.Y.Cəfərov konfransı giriş nitqi ilə açaraq bildirir ki: "Müstəqil Gürcüstan, Ermənistan Azərbaycan respublikaları yaranmasına baxmayaraq, onlar arasında həll edilməmiş mübahisəli məsələlər vardır. Konfransı açaraq ümid edirəm sizin ağır zəhmətiniz nəticəsində bu çətin məsələlər həllini tapacaq hər iki xalq arasında dostluq əlaqələri möhkəmlənəcəkdir".

 

1920-ci il fevralın 2-də Məmməd Əmin Rəsulzadənin təklifi ilə M.Y. Cəfərov  Azərbaycan parlamenti sədrinin birinci müavini seçilir. Parlament sədri Ə. Topçubaşov Bakıda olmadığı üçün M.Y.Cəfərov 1920-ci il aprelin 27-nə kimi Məclisi-Məbusanın sədri vəzifəsini icra edir.

 

M.Y.Cəfərov ADR-in süqutunadək Azərbaycan parlamentinə dövlətinə rəhbərlik edib. Azərbaycan parlamenti onun sədrliyi zamanı AXC-nin ictimai, iqtisadi mədəni inkişafına dair bir sıra qanunlar, qərarlar qəbul edib, sazişlər imzalayıb. M.Y.Cəfərov 1920-ci il aprelin 27-də parlamentin son iclasında gərgin müzakirələrdən sonra hakimiyyətin Azərbaycan Müvəqqəti İnqilab Komitəsinə verilməsi haqqında qərarı imzalayıb.

 

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra M.Y.Cəfərov Azərbaycan pambıqçılıq şərabçılıq trestlərində hüquq məsləhətçisi vəzifəsində işləyib. 1938-ci il mayın 15-də Bakıda vəfat edən M.Y.Cəfərov Şağan kəndində dəfn olunub.

 

Əkbər ağa Şeyxülislamov

 

Görkəmli siyasi ictimai xadim Əkbər ağa Şeyxülislamov 1891-ci ildə İrəvan şəhərində anadan olub. İlk təhsilini İrəvan gimnaziyasında alan Əkbər ağa 1912-ci ildə Peterburq Yol Mühəndisliyi İnstitutuna daxil olub. 1917-ci ildə Rusiyada fevral - burjua inqilabı baş verməsi səbəbindən  gənc Əkbər ağa yaranan  siyasi vəziyyətlə əlaqədar olaraq bütün dərs kursunu başa vurduğuna baxmayaraq, ali məktəbi bitirmək haqqında diplomu almadan vətənə qayıtmalı olur. 1918-ci ilin fevralında Ə. Şeyxülislamov Zaqafqaziya seyminin üzvü seçilib. Elə həmin ilin fevralın 28-də seym tərəfindən təsdiq olunan  müsəlman fraksiyasının tərkibindəki Hümmət (menşevik) partiyasına daxil olur. Şeyxülislamov Zaqafqaziya seyminin Türkiyə hökuməti ilə sülh danışıqları aparmaq üçün 1918-ci il martın 1-də yaratdığı nümayəndə heyətinin tərkibində olub, həmçinin Zaqafqaziya hökumətində daxili işlər nazirinin müavini vəzifəsini icra edib. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə keçirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal bəyannaməsi qəbul edilib. Şeyxülislamov müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olub. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. Əkbər ağa Şeyxüslislamov bitərəf F.Xoyskinin təşkil etdiyi birinci kabinədə torpaq əmək naziri vəzifəsini tutur. Azərbaycanın Xalq Cümhuriyyəti Parlamentində sosialist fraksiyasının üzvü olub. Həmin il iyunun 17-də kabinə bütövlüklə istefaya çıxdığı üçün tutduğu vəzifəni tərk edib.

 

1918-ci il dekabrın 12-də siyasi partiyalarının Bakıda keçirilən demokratik müşavirəsində Şeyxülislamov "Hümmət" (menşevik) partiyası adından çıxış edərək, sosialistlərin hökumətin tərkibinə daxil olmasını tələb edib. Paris Sülh Konfransına (1919-1920) göndərilən Azərbaycanın nümayəndə heyətinin üzvü olub. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətdə yaşayıb, Azərbaycan Siyasi mühacirətinin fəal nümayəndələrindən olub. XX əsrin 20-ci illərində Parisdə Azərbaycandan II İnternasionalın üzvü olub. Parisdə rusca nəşr olunan "Azərbaycan" jurnalında  dərc olunan "Azərbaycan necə quruldu" məqaləsində 1918-ci il 26-28 may hadisələrindən ətraflı bəhs edilib. Buna görə də, həmin məqalə Ankarada nəşr olunan "Mücahid" (1962, ¹49-50) jurnalında yenidən çap olunub. Əkbər ağa Şeyxülislamov 1961-ci il martın 2-də vəfat edib və Paris yaxınlığındakı müsəlman qəbiristanlığında dəfn olunub.

 

Ağa Aşurov

 

1880-ci ildə Bakıda anadan olub. O, orta təhsilini Bakı gimnaziyasında alıb.  Almaniyada mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alıb Bakıya qayıdan A.Aşurov  şəhər bələdiyyə idarəsində işləyib. Ağa Aşurovun ölkəmizdə bir çox tədbirlərin həyata keçirilməsində əməyi danılmazdır. Belə ki, 1908-ci ildə Aşurovun rəhbərliyi ilə Bakıda yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlanılıb. Bakıya Şollar suyunun çəkilməsində Aşurovun geniş fəaliyyəti olub. A. Aşurov 1906-cı ildə Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilən 3-cü qurultayında iştirak edib  və qurultayın rəyasət heyətinin tərkibinə seçilib. Milli hərəkatın fəal üzvlərindən olan Aşurov Fevral inqilabından (1917) sonra Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilib, Qafqaz müsəlmanlarının Bakı qurultayında iştirak edib.

 

1918-ci ilin mart qırğınları zamanı Aşurov  hərbi əməliyyatları dayandırmaq üçün müsəlman nümayəndə heyətinin tərkibində İnqilabi Müdafiə Komitəsinin, Erməni Milli Şurasının üzvləri və İranın Bakıdakı konsulu Həbibulla xanla danışıqlar aparıb. Cümhuriyyət dövrünün fəal üzvlərindən biri də Aşurov olub. İqtisadiyyatın inkişafı, xalqın maariflənməsində əlindən gələni əsirgəməyib. Azərbaycan Xalq Cümhuriyyətinin ikinci Hökumətində bitərəf Aşurov ticarət və sənaye naziri işləyib, eyni zamanda, 1918-ci il oktyabrın 6-dək Ərzaq Nazirliyinə rəhbərlik edib. Cümhuriyyətin mövcudluğunun ilk mərhələsində dövlətin ticarət-sənaye və ərzaq siyasətini, əsasən, Aşurov müəyyən edib. İqtisadi böhranla mübarizədə o xüsusi rol oynayıb, iqtisadiyyata dövlət nəzarəti sisteminin yaradılması yönündə əzmlə çalışıb, möhtəkirliklə, fəaliyyətləri dövlət maraqlarına zidd olan xüsusi mülkiyyətçilərlə mübarizədə qətiyyətli və sərt tədbirlərin tərəfdarı olub. Aşurov dövlətin müstəqil iqtisadi xəttinin prinsipial müdafiəçisi idi. 1918-ci il oktyabrın 6-da hökumətdə bəzi dəyişikliklərlə əlaqədar poçt və teleqraf naziri təyin olunub. A.Aşurov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilib, "Müsavat" və bitərəflər fraksiyasında təmsil olunub. 1918-ci il dekabrın ortalarında bütün hökumət kabinəsi ilə birlikdə istefaya çıxıb. O, Cümhuriyyət dövründə Bakıda həyata keçirilən bir sıra mədəni-maarif tədbirlərinin də təşkilatçılarından olub.

 

Ağa Aşurov 1920-ci il aprelin 27-də bolşeviklərin hakimiyyəti təslim etmək tələbinin əleyhinə səs verən yeganə parlament üzvü idi. Bu səbəbdən də  ertəsi gün hakimiyyətə gələn bolşeviklər onun həbs edilməsi barədə göstəriş versələr də, ələ keçirə bilməyiblər. Aşurov Türkiyəyə mühacirət etməyə cəhd göstərib, bu baş tutmadıqda, Rostov şəhərinə köçüb, orada ixtisası üzrə mühəndis-texnoloq işləyib. A. Aşurov 1936-cı ildə vəfat edib, Rostovun tatar qəbiristanlığında dəfn olunub.

 

(Ardı var)

 

Samirə QULİYEVA

525-ci qəzet.- 2015.- 14 may.- S.6.