İkiyə bölünmüş Qərvənd...

 

 

 

Həmsöhbətim Ağdamın Qərvənd kəndindəndir. Həyatının 15 ilini qonşu Zəngişalı-Mahrızlı kəndinin inkişafına həsr edib. Onu digərlərindən fərqləndirən cəhət isə keçmiş Sovet dövründə  cavan  yaşında kolxoz sədri vəzifəsinə təyin edilməsiydi. Bu gün yaşı yetmişi haqlasa da özünü  gümrah hiss edir. 

 

Onunla aprelin 26-da, doğma kəndi Qərvəndin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildiyi  gündə  görüşüb, dərdləşirik. Birlikdə həm Qərvəndə, oradan da Ağdama gedəsi oluruq. Xəyallarımız  isə bizi xeyli əvvələ, 1969-cu ilə aparır.

 

Həmsöhbətim məhz həmin ilin sentyabrında Ağdam rayon komsomol komitəsinə təşkilat şöbəsinin müdiri  vəzifəsinə təyin  edilmişdi. Lakin elə gətirir ki, belə perspektivli kadrı bir neçə aydan sonra  "qurub-qoşub" əsgərliyə göndərirlər. Ailə vəziyyəti, habelə valideynlərinin səhhəti imkan vermədiyindən hər dəfə "atsroçka" verildiyindən, həmsöhbətim 26 yaşına qədər  əsgəri xidmətə getməmişdi. Onsuzda əsgəri xidmətə gedəcəkdim, deyir. Lakin belə təcili şəkildə cəlb edilməyim  nəzərdə tutduğum  bütün planları alt-üst elədi...

 

Beləliklə, daim obyektiv analitik fikirləri ilə diqqətimi çəkən, Ağdamın tanınmış simalarından olan Tahir Bəşirovla 30-40 il geriyə, daha doğrusu həyat yolunun başlanğıcına qayıdırıq...

 

- Əsgərlikdən qayıdandan sonra "Lenin"  kolxozuna sahə zootexniki kimi işə düzəldim. Üç ay keçməmiş yeni təklifi gəldi. Deyim ki, hələ şəhərə gəlməmiş, kənddə çalışdığım vaxt "Lenin" kolxozunun sədri işləyən, Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasovanın diqqəti daim üstümdəydi.  Hətta bir gün birinci katib Telman müəllimə (Telman Orucov 1975-1980-cı illərdə Ağdam RPK-nın birinci katibi olmuşdu) haqqımda yaxşı fikirlər söyləyərək, "Damazlıq stansiyası"na müdir təyin etməyi xahiş etmişdi. Bu məqamda birinci katib məni sorğu-suala tutub, anket sualları verdi "belə kadr özümə lazım olacaq",- dedi.

 

Az keçmədi ki, Qiyaslı kəndindəki "Dzerjinski" adına sovxoza partkom seçildim. O illərdə belə addımlar yalnız birincinin razılığı ilə həyata keçirilirdi. Heç bir il keçmədi ki, Abdal-Gülablıda "partkom" işləyən Arif Nərimanovla birgə eyni vaxtda, 1976-cı il aprelin 18-də raykoma təlimatçı təyin edildik...

 

Bir müddət sonra Tahir Bəşirov yenə irəli çəkilir. Gərgin əmək fəaliyyəti, işə can yandırmağı birincinin gözündən yayınmır. Ağdam RPK- nın birinci katibi işləyən Telman Orucov onu kabinetinə çağırıb deyir:

 

- Səni "Komsomola" göndərmək istəyirəm, deyirsən?

 

Tahir müəllim deyir ki, katibin bu təklifini əvvəlcə anlamadım. Elə bildim, əvvəl çalışdığım komsomol komitəsini nəzərdə tutub deyir. Cavab verir ki, orada vaxtıylə işlədiyimdən birdə o səmtə qayıtmaq istəmirəm. Könülsüz verdiyim cavabdan katib  hiss etdi ki, onun fikrini düz başa düşməmişəm. Yenidən, - "Komsomol" kolxozuna sədr təyin etmək istəyirəm səni, - təkrar etdi.

 

Bu sözdən sonra, hələ tez olduğunu desəm , Telman müəllim israrla yaxşı, üç kolxozdan birini seç, yarım saat ərzində mənə cavab ver,- dedi:

 

- Çəmənli ("Kommunizm" kolxozu), Zəngiaşlı-Mahrızlı ("Orcenikidze") Əfətli ("Komsomol") kəndi...

 

1977-ci ilin may ayından düz  1990-cı ilə kimi Zəngiaşlı-Mahrızlı kəndində "Ordconikizde" kolxozunda sədr vəzifəsində çalışdım. 1990-cı ildə, ara qarışan vaxtı, Qərvəndə göndərildim. Bu kolxozun təsərrüfatını isə 2001-ci ilə kimi saxladım.

 

Müstəqillik dönəmində "Lenin" kolxozunun adını dəyişib Şahmalı Rəhimovun adını qoymuşdular. Şahmalı Rəhimov İkinci Dünya müharibəsi zamanı 416-  Diviziyanın tərkibində Berlinə kimi döyüş yolu keçmişdi. Reystaqa bayrağın sancılmasında iştirak etmişdi. Müharibədən sonra bir sıra rayonların  hərbi komissarı olmuş, polkovnik  rütbəsinədək yüksəlmişdi. Kəndin fəxri olmuşdu... 2001-ci ildə təsərüfatı təhvil verdikdən sonra Bərdədə yerləşən regional kənd təsərrüfatı idarəsinə rəis vəzifəsinə irəli çəkildim. On il bu təşkilatda çalışdıqdan sonra yaş həddinə görə təqaüdə çıxdım...

 

Tahir Bəşirov söhbət zamanı maraqlı bir məqama toxunur.

 

- 1990- ilin yayında Səyyaf Verdiyev  zəng  etdi ki, bəs  rus generalları qonaq gəlir onlara nahar vermək lazımdı. "Kümbəz"də süfrə açdır, gəlirik...

 

Beş general jurnalist heyətinə "kümbəzdə" nahar verildi. Süfrəyə bütün naz-nemət düzülmüşdü. Birdən generalların biri soruşdu ki, bu nemətləri almısınız? Səyyaf müəllim cavab verdi ki,  "xeyr, bu torpaq yetişdirib. Kənd sakinlərinin həyətlərindən yığılıb". Generalın biri dedi ki, "ermənilərin diqqətini çəkən elə Qarabağın bu gözəlliyidir . Onlar ona görə sizdən əl çəkmirlər."...

 

Qarabaga, Ağdama keçirik. Müharibədəki itkilərimizdən danışırıq.

 

- O illərdəki rayonrespublika rəhbərlərinin savadsızlığı, naşılığı, uzaqgörən olmamaları ucbatından Ağdamı  itirdik. Artıq may-iyun ayından təmas xəttindəki qoşunlarımızın yerdəyişməsi hamıda bir şübhə yaratmışdı. Bununla belə, heç kim inanmırdı...

 

Yadımdadı ki, rayondakı təşkilat və  müəssisələrin hər biri hərbi müdafiə məsələlərinə kifayət qədər vəsait ayırırdı. Ayrılan vəsaitə ya silah- sursat, ya da əsgərlərə ərzaq  alınırdı...

 

Rayonun əksər imkanlı adamlarının rayonun müdafiəsində zəhməti olub. Bunu danmaq olmaz. Məhz onların pulu ilə alınmış silah - sursatın gücünə Ağdam beş il  müdafiə olunmuşdu...

 

Həmsöhbətim ümidlə danışır. Deyir ki, o torpaqlara qayıdacağımıza, bundan da əla evlər tikəcəyimizə şübhəm yoxdur. Ancaq məni bir məsələ çox düşündürür.

 

- Otuz il əvvəl o torpaqlarda mövcud olmuş Qarabağ mühitini, Ağdam mühitini  yarada biləcəyikmi. Bu gün o mühitdən  demək olar ki, əsər-əlamət qalmamışdır. Respublikamızın 58 rayonuna səpələnmiş sakinlərdən o mühiti tələb eləmək bəlkə də gülüncdür, məncə. Biri mən özüm. Dörd bir yanımda, əgər qərvəndli yoxdursa, mən o mühiti necə yarada bilərəm...

 

Bu gün Tofiq İsmayılov küçəsi 5 ünvanında  olan mənzilimi bərpa edəcəyim günü səbirsizliklə gözləyirəm. Bu ünvanda inşa etdirdiyim mənzildə təəssüf ki, bir gündə olsa yaşaya bilmədim...

 

Qərvənd kəndi beş əsas hissədən ibarətdir.  Baş Qərvənd, Kəkilbəyli, Şıxlar, Orta  Qərvənd, Ayaq Qərvənd. Bu gün kəndin üç məhəlləsi işğal altındadır. Hətta kənd qəbiristanlığı daim  işğal altında olan kiçik Bayramlar kəndindən atəş altında saxlanılır. Kəndin bir başından o birinə gedə biməməyim məni çox incidir...

 

Daha bir ağdamlıyla o yerləri bir daha ziyarət etdik. Bu gün OrtaAyaq Qərvənddə kifayət qədər əhali yaşayır. Üstəlik bir köçkün şəhərciyi də salınıb. Kənddə infrastruktur da yaradılıb. Son illərdə irəliləyişimiz çox olub...

 

Bu gün əhalidə  ordu birləşmələrindəki ruh rüksəkliyi o torpaqlara tezliklə qayıdacağımızdan xəbər verir...

 

Vüqar Tofiqli

525-ci qəzet.- 2015.- 14 may.- S.4.