"Avropa Oyunları
Azərbaycana mədəni və iqtisadi
baxımdan faydalı olacaq"
"Birinci Avropa Oyunlarının davamlı
inkişaf yolunda
olan Azərbaycanda keçirilməsi bir çox düşmənlərimizi
narahat edir. Bu narahatlığın səbəbi aydındır.
Türk dövlətlərinin güclənməsi,
onların dini və milli tolerantlığı,
iqtisadi və siyasi müstəqilliyi bununla razılaşmaq istəməyən Qərb
dairələrini məmnun
etmir".
Bu barədə "Türkiyə
Universitetləri Məzunları"
İctimai Birliyinin sədri Çingiz Bayramov Avropa Oyunları əleyhinə bəzi dairələrin tənqidlərinə münasibət
bildirərkən deyib.
Onun sözlərinə görə,
ABŞ başda olmaqla,
əsas Qərb ölkələri İraqda,
Suriyada, Əfqanıstanda,
Yəməndə və
digər müsəlman
ölkələrində həyata
keçirdikləri dağıdıcılıq
siyasətini Azərbaycanda
da gerçəkləşdirməyə
çalışırlar:
"Bu məqsəddən irəli gələrək,
Azərbaycana qarşı
fəaliyyətlərini gücləndirməyə
başlayıblar və
belə məsələlərdə
irəli verdikləri beynəlxalq təşkilatları
hərəkətləndiriblər. Azərbaycan əleyhinə
aparılan bu kampaniyanın başında
kimin dayanmasından asılı olmayaraq, onların fəaliyyəti
heç bir nəticə verə bilməz.
Azərbaycan dövləti bu
kimi planları alt-üst edə biləcək gücdədir və
ona qarşı düşmənçilik etməyə
qalxanların cavabını
hər zaman layiqincə verməyə hazırdır".
Müstəqil ekspert Əlabbas Məhərrəmov Birinci
Avropa Oyunlarının
sabotaj edilməsinə
yönəlik təşəbbüslərin
heç bir nəticə verməyəcəyi
bildirib.
Onun sözlərinə görə,
Azərbaycana qarşı
əks münasibətləri
ilə seçilən
beynəlxalq təşkilatların
başlatdığı kampaniya
Birinci Avropa Oyunlarının təşkilinə
hər hansı təsir göstərmək
gücündə deyil:
"Azərbaycana qarşı
şəbəkələşmiş qüvvələr də artıq Avropa Oyunlarını pozmağa
yönəlmiş fəaliyyətlərinin
nəticəsiz qalacağını
görməkdədirlər. Azərbaycan təşkilatçı
ölkə olaraq, Birinci Avropa Oyunlarının ən yüksək səviyyədə
keçirilməsi üçün
bütün təşkilati-hazırlıq
işlərini uğurla
başa çatdırıb.
Yarışların təşkili üçün
zəruri infrastruktur yaradılıb, yeni idman arenaları və qurğuları tikilib.
Eyni zamanda, Avropa Oyunları ərəfəsində və
yarışların keçirildiyi
günlərdə Azərbaycana
səfər edəcək
xarici turistlərin yerləşdirilməsi və
rahatlıqları üçün
lazımi işlər
görülüb. Avropa Oyunlarının
startına bir aydan da artıq
vaxt qaldığını
nəzərə alsaq,
o zaman bu istiqamətdə həyata
keçirilən işlərin
daha da təkmilləşdiriləcəyi
şübhəsizdir.
Bildiyiniz
kimi, Avropanın bütün ölkələri
bu yarışlarda geniş nümayəndə
heyətləri ilə
qatılacaqlar və
biz Azərbaycanda böyük
idman tədbirinə uğurla ev
sahibliyi edəcəyik.
Avropa Oyunlarına qarşı xaricdə başladılan, daxildə
də bəzi dairələrin iştirak
etdiyi kampaniyanın isə bu tədbirə
hər hansı təsiri ola
bilməz.
Bunu həmin
kampaniyanın sifarişçiləri
və icraçıları
da artıq başa düşməkdədirlər".
Turizm üzrə
ekspert Azər Bayramova görə, Birinci Avropa Oyunlarının təşkili
dönməz prosesdir və uğurla da başa çatdırılacaq.
O deyib ki, beynəlxalq
yarışmaların keçirildiyi
şəhərlərə hər zaman digər dünya ölkələrinin diqqəti
eyni bir nöqtəyə cəmləşir.
Avropa Oyunlarının
məhz ilk dəfə keçirilməsi
isə paytaxtımız
Bakıya olacaq diqqəti bir az da artıracaq.
O qeyd edib ki, "Eurovision 2012" musiqi müsabiqəsinin ardınca bu böyük idman yarışmasına ev sahibliyinin Bakıya həvalə olunması, ölkəmizdə stabil və sakit həyatın davam etdiyinin göstəricisidir:
"Bilirik ki, münaqişə zonaları və ya siyasi problemlər yaşanan bölgələrdə turizmin inkişafı mümkünsüzdür.
Dolayısıyla ölkəmizin dünyada artıq təhlükəsizlik baxımından etibarlılıq, güvən qazanmasını tam əminliklə söyləyə bilərik. Birinci Avropa Oyunları Azərbaycanın ölkə xaricində tanınmağından əlavə, ölkə daxilinə səfər edəcək qonaqlarımıza tarixi və mədəni irsimizin tanıdılması cəhətindən də çox böyük dividendlər qazandıracaqdır. Xalqın qonaqpərvərlik, dövlətimizin isə multikulturalizm siyasətinin vəhdəti, bizi dünyaya tolerantlıq məskəni kimi bir daha tanıdacaq".
Ekspert vurğulayıb ki, bu oyunların Bakıda keçirilməsi turizmdən əldə olunacaq gəlirlər vasitəsiylə ölkə iqtisadiyyatının canlanmasına təkan olacaq:
"Otel və idman məkanlarının həm tikintisində, həm də fəaliyyətində minlərlə insanımız çalışıb və çalışacaq.
İdmançılara xərcləniləcək büdcə də məhz ölkə daxilində dövr edəcək. Yay ayları həm də çimərlik mövsümü olduğu üçün ümumilikdə 30 mindən çox turistin Azərbaycana gələcəyini düşünürəm. Hər turistin orta hesabla 1500-2000 manat vəsait xərcləyəcəyi halda, respublikanın turizmdən azı 30 milyon manatdan çox gəlir əldə edəcəyi gözlənilir. Bütün bu məqamları ümumiləşdirərək deyə bilərəm ki, Birinci Avropa Oyunları Azərbaycana geosiyasi və strateji dividendlərdən əlavə, həmçinin mədəni və iqtisadi baxımdan da öz müsbət faydasını verəcək".
PƏRVANƏ
525-ci qəzet.- 2015.- 14 may.- S.5.