Hekayələr
YUXULAR O YUXULAR DEYİL
Qasım kişi yerinə girib yuxuya gedən kimi özünü Qarabağda, doğma kənd-kəsəyində, ev-eşiyində görürdü. Həyət-baca işləri ilə məşğul olurdu:yer belləyib lək düzəldirdi, ağac əkirdi, inəyə, dana-doluğa, qoyun-quzuya baxırdı... Kəndin içindəki çayxanaya gedib tay-tuşları ilə çay içir, ordan-burdan danışırdı. Söhbətləri də əsasən köhnə kişilərdən olurdu, onların igidliklərindən, səxavətlərindən olurdu... Elə ki yuxudan ayılırdı, görürdü, Qarabağ nə gəzir, ev-eşikləri nə gəzir, tay-tuşları nə gəzir... Başlayırdı deyinməyə:
- Bu imansızlar bizdən nə istəyirlər axı? Torpaqdan da pay olar? Bir qarış da verən deyilik. Ağılları əvvəlki vaxtlara getməsin. Onda zəif idik, güclü dövlətlər də kölgəmizi qılınclayırdı. İndi başqa aləmdir:gücümüz də var, arxamızda duran da... Ömrümüzə bir gün də qalsa, Qarabağa qayıdacağıq. Öldü var, döndü yoxdur.
... Qasım kişi bir neçə gün idi ki, yuxuda Qarabağı görmürdü, kənd-kəsəklərini görmürdü, həyət-bacada çalışmırdı, tay-tuşları ilə kəndlərinin çayxanasında çay içib söhbət eləmirdi.
... Qasım kişi gördü ki, metrodadır, vaqonda harasa gedir, onu hər tərəfdən sıxırlar, az qalır nəfəsi kəsilsin. Bir də gördü ki, yox, avtobusdadır, qadınlardan kimsə onu dürtmə ilə vurub deyir:- Saqqalından heç utanmırsan? Bir az aralı dursana! Görmürsən qabağında qadın dayanıb?
Qasım kişi yazıq bir görkəm aldı, sıxıla-sıxıla dedi:
-Ay bacı, bəs mən necə dayanım? Görmürsən sağımda-solumda, arxamda qadın durub? Neyləyim, necə durum ki,
Allaha xoş getsin?
Qadın
səsini daha da ucaltdı:
- Bir buna bax,
hələ utanmayıb
mənə bacım da deyir... Ağsaqqalı belə olanın gör cavanı necə olar?
Aralıda dayanan cavan bir oğlan qadının üstünə
çımxırdı: - Danışığınıza
fikir verin, xala. Bura səni zorla
mindirməyiblər ki,
özün minmisən
də. Görürdün
yer yoxdur , minməyəydin. Daha buna ağsaqqal neyləsin, cavan neyləsin, millət neyləsin?
- Deyirsən bu qoca minsin
mənim belimə?
- Bundan sonrası öz işindir...
- Öz işim?- Qadın, Qasım
kişidən əl çəkib oğlanın
üstünə düşdü:
- Əclaf, qurumsaq...
Sürücü qəfildən əyləci
basdı, avtobus silkələnib dayandı,
qapıları açdı,
-Düşün, düşün,
- deyə qışqırdı. - Gedin başqa yerdə savaşın, mənim polisdə, məhkəmədə
şahidlik eləməyə
halım yoxdur.
Adamlar bir anda hərəkətə
gəldilər, tez-tələsik
avtobusdan çıxdılar. Qasım
kişi bu gücə, bu qüvvəyə tab gətirə bilmədi, şappıltı ilə avtobusun qapısından yerə yıxıldı,
adamların ayaqları
altında qaldı. Boğulmağa, xırıldamağa
başladı...
Arvadı
Sənəm onu yuxudan oyatmağa çalışırdı:
- Dur, dur , ay kişi, dur, bu qədər
yatmaq olar? Bu şəhərə gəldik- gəlmədik, dəyişildin, yaman yatağan olmusan. Son vaxtlarda isə başı kəsilmiş
qoyun kimi xırıldayıb adamı
qorxudursan...
Qasım
kişi gözlərini açdı,
yavaş-yavaş özünə
gəldi, qınayıcı
nəzərlə arvadına
baxdı. İstədi
desin ki, ay arvad, mən həmin adamam, iyirmi il,
otuz il bundan
əvvəlki kimiyəm,
dəyişilməmişəm. Yuxular dəyişilib, yuxular... Daha əvvəlki yuxuları
görmürəm. O yuxularda
Qarabağı görürdüm,
kənd-kəsəyi görürdüm.
Tay-tuşlarımla gedib kənddəki
çayxanada çay
içib söhbət
eləyirdik. Dərdləşirdik, köhnə kişiləri
yada salıb onlara rəhmət oxuyurduq.
Qasım
kişi təzəlikdə gördüyü
yuxularını arvadına
danışmağa utandı,
özünə sığışdırmadı...
Paltarlarını geyinib, çörək
yemədən evdən
çıxdı. -Bir
gedim, görüm, qaçqınkomda təzə
nə xəbər var...
ÖZ
HAVASINA OYNAYAN QARI
Gülxanım nənədən yaşını
soruşanda gözəlliyini
hələ də itirməyən sifəti qəribə bir təbəssümə bürünür. Bu təbəssüm
gün işığına
bənzəyir, üz-gözünü
nurlandırır, adama
elə gəlir ki, Gülxanım nənə nur içində üzür...
İndicə üzüb sahilə
çıxacaq. Amma
sahilə çıxana
oxşamır... Üzündəki
təbəssüm get-gedə
artır: - Yüz olar... - Sonra əlavə eləyir. - Yüzdən çoxdur?
Nəzərlərin üzündəki o nura, o işığa tuşlanır, çaşıb qalırsan. Cavab verməkdə çətinlik çəkirsən. Çünki o nurda, o işıqda mələyə bənzəyən bir insan görürsən. Dilin gəlmir ki, onun yüz yaşı olduğunu təsdiq eləyəsən. -Yox, yox, -deyirsən, sonra da, - yüz yox, heç sənin ... əlli yaşın da olmaz, - demək istəyirsən. Amma demirsən, qorxursan, düşünürsən ki, birdən elə fikirləşər onu ələ salırsan. Amma vallah ələ salmırsan, düzünü deyirsən... - Əlbəttə çox deyil... Yüz yaş hara, siz hara? Siz solmayan bir çiçəksiz...
Heç nə demir, gülümsəyir... O nur, o işıq yenə sifətində gəzir... Belə təravətli qalmasının səbəbini soruşanda da gülümsəyir... Handan-hana deyir:
-Yaşayın, səbəbini özünüz biləcəksiniz...
Yaşayanlarsa bilirlər onun cavan, təravətli, nurlu qalmağının səbəblərini. Deyirlər ki, Gülxanım nənə, qismətindən artıq heç nəyin arzusunda olmayıb. İlahinin verdiyinə həmişə qail olub, şükürlər edib. Məsəl üçün, on qız doğub... Heç vaxt da narazılıq eləməyib. Deməyib ki, ilahi, nə olar, bir oğlan mənə ver. Əri də onun kimi olub. Adamın başının üstündə Allah var... On qız doğduğuna görə, nəinki Gülxanım arvaddan soyuyub, əksinə onu daha çox əzizləyib, qayğısına qalıb... Deyib ki, vallah, qız olsun, ya oğlan, fərqi yoxdur, təki eyibsiz övlad olsun ...
On qızın onu da böyüyüb, müxtəlif peşə sahibi olub, sonra da normal ailə qurub...
...Gülxanım nənənin sevdiyi
oyun havaları var. Elə ki, toy oldu, düşər
ortaya. Oynadığı
havaları da uşaqdan-böyüyə hamı
bilir: "Heyvagülü"nü
oynar, ya da "Naz eləmə"ni. O bu havaları çox məharətlə oynar, baxanları heyrətə salar.
... Ömür öz axarında idi. Amma həyat birdən-birə
tərsinə dəyişdi.
Minlərlə soydaşı kimi
o da qaçqınlıq
həyatı yaşadı.
Lakin üzündəki nur yenə də onu tərk eləmədi.
Bunu pis yerə yozanlar da olurdu: "Gör heç vecinədir? Elə bil vətənindən didərgin düşən
bu deyil! Nəvə, qız, qohum-qardaş itirən bu yox, başqasıdır!
O isə təmkinini pozmadan onlara bu sözləri deyirdi: "Bala, görünür, bu bizim qismətimizdə imiş. Əgər belə olmasaydı,
o vaxlar kafirləri bu yerlərə buraxmazdıq, od-ocağımızın
başında əzizləməzdik.
Bəlkə də Allah-təala
dost-düşmənimizi tanımağımız
üçün bizi sınağa çəkib.
Artıq
biz dostumuzu da tanıdıq, düşmənimizi
də. Bax, əsas məsələ
budur. Ümidinizi üzməyin, bala,
inşallah, Allah bizə
yar olar!"
... Toy idi. Bu toy Qarabağda çalınmırdı.
Bakının şadlıq saraylarından
birində idi. Gülxanım nənə də
ağbirçək kimi
o toya çağrılmışdı.
Müğənninin, musiqinin səsindən
qulaq tutulurdu. Bir adam
yanındakı birinə
söz demək istəyəndə gərək
ağzını onun qulağına dayayaydı,
yoxsa heç nə eşitmək mümkün deyildi. Gülxanım nənə
mikrofonu ağzına dayayıb oxuyan sinəsi çılpaq qadına, ortada kef havasına atılıb-düşən
adamlara baxsa da xəyalı çox-çox uzaqlara qanadlanmışdı: Qarabağda
keçirilən toy-mağarlara... Bir-birindən gözəl qız-gəlin
qol götürüb oynayırdı... Sanki durna
qatarı idilər, topalaşırdılar,
sonra dağılışırdılar
və yenidən bir yerə yığışırdılar.
Özü də onların arasında idi... Kimsə onu dayanmadan çağırırdı: - Gülxanım
nənə, Gülxanım
nənə.
Gülxanım qarı çaşqın-çaşqın onu çağıran adama baxdı. Həmin adam əllərini musiqinin ahənginə uyğun olaraq tərpədir, atılıb-düşürdü. Atılıb düşə-düşə gəlib onun bərabərinə çatdı: - Gülxanım nənə, bəlkə bir oynayasız. Bu təkcə mənim yox, sizi tanıyanların hamısının ismarışıdır...
Gülxanım nənə onun sözünü yerə salmadı, ayağa qalxıb meydana sarı getdi, üzünü çalğıçılara tutub dedi: - Bala, ağa-xanım havalarından birini çalın.
Çalğıçılar bir-birinin üzünə baxıb günahkarcasına çiyinlərini çəkdilər. Bu üzrxahlıq kimi bir şey idi. Gülxanım nənə onların qəlbinə dəymədi, amma bu sözləri deməyi də unutmadı: - Gərək biz qocaları da yaddan çıxarmayasız... Bir az dincinizi alın, mən də öz havama oynayım.
... Musiqiçilər çalmaqlarına ara verdi, oynayanlar da ortadan çıxdı.
Gülxanım nənə mağarın ortasında təkcə qaldı. Və birdən öz-özünə zümzümə elədi, "Heyvagülü"nü oynamağa başladı. Şadlıq evində indiyədək çox rəqs edənlər olmuşdu, amma bu cür oynayan olmamışdı. Hamı heyrət içində Gülxanım nənənin oynamağına baxırdı. Bu an o, insandan çox mələyə bənzəyirdi. Gülxanım nənə oynamağını sona çatdırdı, əllərini sinəsinə qoyub yüngülcə əyilib minnətdarlıq eləyib öz masasına doğru getdi... İnsanlar sanki sehrlənmişdilər və birdən ayılıb onu alqışladılar. Gülxanım nənə bu alqışları eşitmirdi, onun xəyalı yenə də Qarabağdakı toy-mağarlarda idi. Qız-gəlinə qoşulub oynayırdı...
... Bir neçə saniyədən sonra toyda yenə əvvəlki vəziyyət yarandı: müğənninin, musiqinin səs-küyündən qulaq tutulurdu.
Bayram
İSGƏNDƏRLİ
525-ci qəzet.- 2015.- 15 may.- S.7