"Müasir türk rəsm sənətində təxəyyül,
məkan və zaman"ın açılışı olub
Heydər Əliyev Mərkəzində
"Müasir türk
rəsm sənətində
təxəyyül, məkan
və zaman" adlı sərginin açılış mərasimi
keçirilib.
Bakıda ilk dəfə təqdim olunan bu sərgi
Türkiyə Respublikasının
Mərkəzi Bankı
ilə birgə təşkil edilib.
Mərasimdə çıxış edən
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzin bu gün yeni bir
layihəsini təqdim
etdiyini bildirib. "Heydər Əliyev Mərkəzində keçirilən
çoxsaylı tədbirlər
həm Bakının sakinləri, həm də paytaxtımızın
qonaqları tərəfindən
çox sevilir. Son vaxtlar biz bir
neçə böyük
layihəni təqdim etmişik və həmin layihələri ilin sonunadək davam etdirmək niyyətindəyik", - deyən
Anar Ələkbərov
bugünkü sərginin
təşkilində əməyi
olan hər kəsə təşəkkürünü
bildirib.
Bakıda keçiriləcək birinci
Avropa Oyunları ilə əlaqədar Heydər Əliyev Mərkəzinə də çoxsaylı qonaqların
gələcəyini bildirən
Anar Ələkbərov
bu məkanın bir mədəni obyekt kimi artıq
qəbul edildiyini söyləyib və təqdim olunan sərgidən hər kəsin zövq alacağına ümidvar olduğunu deyib.
Sərginin açılış mərasimində
çıxış edən
Türkiyənin ölkəmizdəki
səfiri İsmail Alper Coşkun Heydər Əliyev Mərkəzinin, Türkiyə
və Azərbaycan Mərkəzi banklarının
rəhbərliyinə, habelə
sərgiyə gələnlərə
təşəkkürünü bildirib. Səfir diqqətə çatdırıb
ki, Türkiyə Mərkəzi Bankı ildə bir dəfə
kolleksiyasını ölkədən
kənarda nümayiş
etdirir. Bakıda belə gözəl
məkanda sərginin təşkilindən qürur
duyduğunu deyən səfir, Heydər Əliyev Mərkəzinin təkcə Azərbaycanın
deyil, dünya memarlığının ən
gözəl nümunələrindən
biri olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən
Azərbaycan Mərkəzi
Bankının sədri
Elman Rüstəmov bu
layihənin Heydər Əliyev Mərkəzində
reallaşdırılmasının olduqca böyük rəmzi məna daşıdığını bildirib. O, ulu öndər
Heydər Əliyevin müasir müstəqil Azərbaycanın memarı
və qurucusu olduğunu vurğulayaraq Ümummilli Liderin "Bir millət, iki dövlət" kəlamının Azərbaycan
və Türkiyə dövlətləri arasında
strateji əməkdaşlığın
başlıca prinsipinə
çevrildiyini diqqətə
çatdırıb. Azərbaycan
Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirən Elman Rüstəmov
ölkəmizdə çox
böyük tədbirlərin
həyata keçirildiyindən
də söz açıb: "Bu gün
Azərbaycan dünyada
multikulturalizm məkanı
kimi tanınır".
"Bakı-2015" ilk Avropa
Oyunlarının Təşkilat
Komitəsinə birinci
xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədrlik
etdiyini diqqətə çatdıran Elman Rüstəmov
Azərbaycanın bu tədbiri yüksək səviyyədə keçirəcəyinə
əminliyini vurğulayıb.
Qardaş ölkələrimizin iqtisadi
əməkdaşlığından danışan Elman Rüstəmov
qeyd edib ki, Azərbaycan və Türkiyənin Mərkəzi bankları arasında əlaqələr
hələ müstəqilliyimizin
ilk illərindən mövcuddur. Ötən
illərdə Türkiyə
Mərkəzi Bankı
Azərbaycanda bank sektorunun
inkişafına, o cümlədən,
Mərkəzi Bankın
formalaşmasına olduqca
mühüm dəstək
göstərib. Həmçinin Azərbaycan Mərkəzi
Bankı da belə xarakterli layihələr həyata keçirir. Ölkədə
şahmatın inkişafından
danışan Elman Rüstəmov
son beş ildə şahmatçılarımızın
böyük uğurlar
qazanaraq, Azərbaycanı
idmanın bu növü üzrə beynəlxalq yarışlarda
layiqincə təmsil etdiklərini söyləyib.
Mərkəzi Bank təhsil, səhiyyə
sahələrində də
layihələr həyata
keçirir, habelə
milli ordu, qaçqın və məcburi köçkünlərlə
bağlı sosial layihələrə daim dəstək verir və bu istiqamətdə
işlər davam etdiriləcək.
Daha sonra çıxış edən Türkiyə Mərkəzi Bankı sədrinin müavini Necati Şahin təmsil etdiyi qurumun fəaliyyətindən, ölkə iqtisadiyyatında rolundan söhbət açıb, sərginin bu məkanda təşkilindən qürur duyduğunu bildirib.
Sərginin kuratoru Mümtaz Sağlam deyib ki, müasir türk təsviri sənətinin təməli 1860-1870-ci illərdə qoyulub. İkinci Dünya müharibəsindən sonra isə türk təsviri sənəti daha yaradıcı və sərbəst istiqamət alıb. Həmin vaxtdan etibarən rəssamlar düşüncələrini sərbəst şəkildə ifadə etməyə başlayıblar.
Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə 28 rəssamın 35 əsəri yer alıb. Sənətsevərlər ekspozisiyada Türkiyənin rəsm sənətinin inkişaf və dəyişmə dinamikasını izləyiblər.
Qeyd edək ki, Türkiyənin Mərkəzi Bankı respublikanın qurulduğu ilk illərdə mədəniyyət və incəsənətin inkişafına dəstək məqsədilə sənət kolleksiyası yaratmağı qərarlaşdırmışdı. 1930-cu illərin ikinci yarısından etibarən formalaşdırılan kolleksiya bu günümüzə qədər Türkiyə rəssamlığının görkəmli nümayəndələrinə aid əsərlərlə zənginləşdirilib. Kolleksiyadakı əsərlərin sayı artıq 900-ə çatıb və onların əksəriyyəti rəsmlərdən ibarətdir.
2003-cü ildən indiyədək 16 ölkədə kolleksiyadakı əsərlərdən ibarət 18 sərgi təşkil olunub.
Sənət kolleksiyasındakı seçmə əsərlərdən ibarət olan "Müasir türk rəsm sənətində təxəyyül, məkan və zaman" sərgisi Heydər Əliyev Mərkəzində iyulun 31-dək davam edəcək.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 15 may.- S.7