İstiqlal yolunun şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri

 

 

(Əvvəli ötən sayımızda)

 

Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik uğrunda daima mübarizə aparıb. Ötən əsrin əvvəllərində ölkəmizdə milli azadlıq hərəkatı daha da gücləndi. Azərbaycanın demokratik qüvvələri , mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun müstəqilliyi, millətimizin azadlığı uğrunda mübarizəyə qoşuldular. Rusiya imperiyasının dağılması Azərbaycanda müstəqil dövlət qurmaq üçün şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası  - Xalq Cümhuriyyəti elan edildi.

 

Xalqımızın bir çox ziyalıları, görkəmli şəxsiyyətləri Demokratik Respublikanın yaradılmasında, onun inkişafında müstəsna rol oynayıb, müstəqillik yolunda əllərindən gələni əsirgəməyiblər. Bu onların həyatı bahasına başa gəlsə , bir çox təqiblərə məruz qalsalar da, öz amallarından vaz keçməyib, xalqın rifahı üçün çalışıblar. Xalqa dövlətçiliyə bir nümunə olan həmin ziyalıların bəzilərinin həyat fəaliyyət yollarını daha dərindən araşdırıb təqdim edirik. Bu yolda əsas bələdçimiz, qaynağımız isə Prezident Kitabxanası, həmçinin Milli Kitabxananın zəngin məlumat bazasıdır.

 

Əbdüləli bəy Əmircanov

 

Azərbaycan tarixində xüsusi rolu olan elə şəxslər var ki, onların adı uzun əsrlər keçsə , unudulmur dönə-dönə xatırlanır. Bu şəxslərdən biri Əbdüləli bəy Əmircanovdur. O, 1870-ci ildə Şəki şəhərində anadan olub. İlk təhsilini Şəki şəhər orta məktəbində alıb. O, 1888-ci ildə Tiflisdə Müəllimlər İnstitutunu bitirdikdən sonra Şəki, Lənkəran Bakıda müəllim işləyib. Əbdüləli bəy Teymur bəy Bayraməlibəyovla birlikdə bir çox mədəni-maarif tədbirlərinin fəal təşkilatçıları olublar. Əmircanov XX əsrin əvvəllərindən Bakıda müəllim, dövlət idarələrində müxtəlif şirkətlərdə mühasib işləyib, mədəni-maarif cəmiyyətlərinin işində yaxından iştirak edib, "Nəşri-maarif" cəmiyyəti təftiş komissiyasının üzvü, Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti sədrinin müavini olub. Rusiyada Fevral inqilabından (1917) sonra siyasi proseslərə qoşulub. Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi. 1918-ci ilin martında bolşevik-daşnakların müsəlman-türk əhalisinə qarşı həyata keçirdiyi soyqırımının qarşısını almağa çalışıb.

 

Əmircanov Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci Hökumət kabinəsində (1918, iyun-oktyabr) maliyyə naziri, dövlət nəzarətçisi (1918, oktyabr-dekabr) olub. 1918-ci il 19 noyabr Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una əsasən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə seçilib (1918, dekabr). Bitərəflər qrupuna daxil olan Əmircanov Parlamentdə maliyyə-büdcə sorğu komissiyalarının üzvü olub. O, xarici ölkələrlə ticarət əlaqələri yaratmaq üçün 1919-cu ilin ortalarında Bakıda "Dəyanət" şirkətinin təşkilində yaxından iştirak edib. 1920-ci il aprel işğalından sonra İstanbula mühacirət edib, orada fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinin üzvü olub. 1948-ci ildə İstanbulda vəfat edib.

 

Məmmədhəsən Hacınski 

 

Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimlərindən biri Məmmədhəsən Hacınskidir. O, 1875-ci il martın 3-də Bakıda anadan olub. Ali təhsilini Peterburq Texnologiya İnstitutunda alıb. Təhsilini başa vurduqdan sonra bir müddət Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunda mühəndis işləyib. Bakıya qayıdan Hacınski 1908-ci ildə Bakı şəhər idarəsində tikinti şöbəsində başçılıq edib. Bundan sonra Məmmədhəsən Bakının abadlaşdırılması, inşaat işlərinin genişləndirilməsi üçün çalışıb. Elə bunun nəticəsidir ki, 1909-1910-cu illərdə Bakı Dənizkənarı parkının salınması dəniz hamamının tikilməsi məhz M.Hacınskinin adı ilı bağlıdır. Hacınski gördüyü işlərin sayəsində şəhərsalma tikinti-inşaat sahəsində görkəmli təşkilatçı kimi tanınıb. 1912-ci ildə şəhər idarəsi M.Hacınskinin redaktəsi ilə Bakı küçələrinin abadlaşdırılması haqqında kitab buraxılıb. O, 1913-cü ildə qısa müddətli Bakı şəhər idarəsinin rəisi olub, Şirvanşahlar sarayının qorunması bərpasına dair təşəbbüs irəli sürüb. Bu təşəbbüsün nəticəsində 1948-ci ildə memarlar Zivər bəy Əhmədbəyov Ö. Abuyev Şirvanşahlar sarayının bərpa layihəsini hazırlamaq üçün elmi-tədqiqat işləri aparıblar. Hacınski 1902-1917-ci illərdə Bakı şəhər dumasının üzvü olub onun bir çox iclaslarına sədrlik edib. O, 1904-cü ildə "Hümmət" sosial-demokrat təşkilatını yaradanlardan biridir. Hacınski, eyni zamanda, "Nəşri-maarif" cəmiyyətinin yaradılmasının təşəbbüsçülərindən biri, həmçinin "Nicat" cəmiyyəti idarə heyətinin, "Müsəlman xeyriyyə cəmiyyəti" Mərkəzi Komitəsinin üzvü olub. Bundan əlavə  Hacınski "Müsavat" partiyasının ilk üzvlərindən idi.

 

1917-1920-ci illər Hacınskinin ictimai-siyasi fəaliyyətinin qızğın dövrü olub. 1917-ci il martın 5-də təşkil edilən Bakı İctimai Təşkilatları Şurasının İcraiyyə Komitəsinə daxil idi. Hacınski martın 27-də yaradılan Bakı Müsəlman İctimai Təşkilatları Müvəqqəti Komitəsinin sədri seçildi. 1917-ci ilin aprelində Qafqaz müsəlmanlarının Bakı qurultayında iştirak edib. O, qurultayı açıb onun rəyasət heyətinə seçilmişdi. Həmin ilin mayında Hacınski Rusiya müsəlmanlarının Moskvada keçirilən qurultayında da fəal iştirak edib. Hacınski "Müsavat" partiyasının birinci qurultayında Mərkəzi Komitənin üzvü seçilib. 1917-ci il noyabrın 15-də yaradılan Zaqafqaziya komissarlığında ticarət sənaye komissarının müavini vəzifəsində çalışıb. Rusiya Müəssislər məclisinə üzv seçilən Hacınski Zaqafqaziya seymi təşkil edildikdə "Müsavat" partiyasından bu qurumun üzvü olub. Seymdə Osmanlı dövləti ilə danışıqlar aparmaq üçün seçilən nümayəndə heyətinə daxil idi. M. Hacinski 1918-ci ildə Trabzon konfransında iştirak edib, konfransda Zaqafqaziya seyminin danışıqları dayandırmaq haqqında qərarına qarşı çıxıb, bu qərarı sülhü pozmağa yönəldilən cəhd kimi qiymətləndirib və bu qərarı "beynəlxalq münasibətlər tarixində tayı-bərabəri olmayan bir təxribat" adlandırıb. A.Çxenkeli Hacınskinin məsləhətilə danışıqları tamamilə kəsməyib, nümayəndə heyətinin bir neçə üzvü, o cümlədən, Hacınski Trabzonda qalıb. Hacınski Trabzonda Ənvər paşa ilə görüşündə Osmanlı dövlətinin Cənubi Qafqazla bağlı mövqeyi ətrafında danışıqlar aparıb. Osmanlı dövlətinin yeni sülh təşəbbüsü ilə çıxış etməsində Hacinskinin mühüm rolu olub.

 

M.H.Hacınski Zaqafqaziya Demokratik Federativ Respublikası (ZDFR) hökumətində ticarət və sənaye naziri vəzifəsini icra edib. Seymin Batum konfransında iştirak edən 6 əsas nümayəndəsindən biri olub və Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə Azərbaycan tərəfini təmsil edib. 1918-ci il  ZDFR-in süqutundan sonra M.H.Hacınski mayın 27-də yaradılan Azərbaycan Milli Şurasının üzvü olub. O, Milli Şuranın Azərbaycanın İstiqlal bəyannaməsini qəbul edən 26 üzvündən biri idi. Azərbaycan Xalq Cümhuriyyəti 2-ci Hökumət kabinəsində xarici işlər naziri olan Hacınski 1918-ci il oktyabrın 6-dək həm də müvəqqəti olaraq, Nəzarət Nazirliyinə rəhbərlik edib, 6 oktyabrdan isə maliyyə naziri olub. Hacınski maliyyə naziri kimi 1918-ci il noyabrın 28-də Azərbaycan Xalq Cümhuriyyəti ilə Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası arasında müqavilə imzalayıb. Müqaviləyə görə, Dağlılar Respublikasına 10 milyon rubl faizsiz borc verib. O, 3-cü Hökumət kabinəsində dövlət nəzarətçisi vəzifəsini tuturdu.

 

Hacınski Azərbaycan Parlamentinin üzvü olub. O, Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris sülh konfransında (1919-1920) iştirak edən nümayəndə heyətinin tərkibinə daxil idi. Paris sülh danışıqları zamanı o, Əlimərdan bəy Topçubaşovla birlikdə ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Türkiyə, İran b. ölkələrin başçıları, dövlət nümayəndələri, diplomatları ilə görüşərək, Azərbaycan xalqının istiqlal mübarizəsi, ölkənin ağır iqtisadi vəziyyəti, zəngin neft ehtiyatı haqqında məlumat veriblər.

 

1920-ci il martın 30-da hökumət istefa verdikdə, Azərbaycan Cümhuriyyəti Parlamenti yeni hökumətin təşkilini M.H.Hacınskiyə tapşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin taleyi üçün son dərəcə məsuliyyətli bir zamanda M.H.Hacınskinin lənglik göstərərək hökuməti təşkil edə bilməməsi hakimiyyət böhranını daha da dərinləşdirib. Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra Hacınski Azərbaycan Sovet Sosialist Respublikası Ali Xalq Təsərrüfatı Şurasında, Zaqafqaziya Dövlət Plan Komitəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb, Azərbaycan şəhərlərinin abadlaşdırılmasında iştirak edib. Sovet hakimiyyəti dövründə Azərbaycanın digər görkəmli ictimai-siyasi xadimləri kimi M.H.Hacınski represiyaya məruz qalıb. L. Beriyanın göstərişi ilə 1930-cu il dekabrın 3-də Tiflisdə Zaqafqaziya Dövlət Siyasi İdarəsi (DSİ) tərəfindən həbs edilərək, ağır işgəncələrə məruz qalan M.H.Hacınski "Azərbaycan Milli Mərkəzinin" işi üzrə ittiham olunur. 1931-ci il fevralın 9-da  ağır həbsxana həyatına dözməyərək ürək xəstəliyinə vərəmə tutulan M.H. Hacınski, istintaq sənədlərinə görə, "özünü asmaqla" intihar edib.

 

(Ardı var)

 

Samirə QULİYEVA

525-ci qəzet.- 2015.- 15 may.- S.6.