Yusif Babanlı:“Avroparlament başda olmaqla anti-Azərbaycan dairələrinin bütün cəhdləri fiaskoya uğrayacaq”

 

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü, YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü Yusif Babanlının "525"ə müsahibəsi

 

-Yusif müəllim, qarşıdan gələn ilk Avropa Oyunları ilə bağlı nə deyərdiniz-Azərbaycan həmin oyunlara ev sahibliyi etməyə tam hazırdırmı, bu oyunlar bütövlükdə ölkəmizə nə verəcək?

 

- İlk öncə fəxr və qürur hissi ilə onu deyim ki,  bu gün Azərbaycan bütün sahələrdə olduğu kimi, idman sahəsində də öz sözünü demiş, özünü təsdiqləmiş bir ölkədir. Eyni zamanda,  bu günlərin Avropa Oyunlarının ilk olaraq məhz Azərbaycanda keçirilməsi bizim uğurumuz, ölkəmizin nüfuzunun əyani göstəricisi, etirafı, həm də  gənclərimizin parlaq gələcəyi deməkdir. Ancaq bizim ölkəmiz  iki il yarıma   bunu edə, bu cür məsuliyyətli oyunlara hazır ola bilərdi. Azərbaycan bu gün cənab prezidentimiz İlham Əliyevin də dediyi kimi,  Avropa Oyunlarının keçirilməsinə artıq tam hazırdır. Yəni ölkə olaraq, dövlət olaraq, millət olaraq istər oyunları izləyəcək tamaşaçıların, azarkeşlərin, qonaqların qəbul olunmasına, istərsə də 20-yə yaxın idman növü üzrə yarışlara qatılacaq idmançıların yüksək səviyyədə qarşılanmasına tam hazırıq.

 

 Bu yerdə bir məqamı xüsusilə vurğulamaq istəyirəm ki, istər cənab prezidentimiz tərəfindən, istərsə də  Heydər Əliyev Fondunun prezidenti, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva tərəfindən bu oyunların yüksək səviyyədə keçirilməsinə bütün şərait yaradılıb. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Avropa Oyunları Təşkilat Komitəsinin səyləri nəticəsində yüksək səviyyədə hazırlıq işləri həyata keçirildi, keçirilməkdədir və Bakı, Azərbaycan  Avropa Oyunlarına tam hazırdır. Ancaq hesab edirəm ki,  təkcə istər cənab prezidentimiz, istər hörmətli Mehriban xanım deyil, bu günləri Azərbaycanı sevən,  azərbaycanlı olan hər bir kəs bu oyunlara uğurlu ev sahibliyi etməyimiz üçün əlindən gələni etməlidir, bu işdə öz köməkliyini əsirgəməməlidir. Çünki bu oyunlar, bu möhtəşəm tarixi hadisə Azərbaycan adına olan bir hadisədir və inanıram ki, məhz belə də olacaq, hər kəs bu oyunlara öz töhfəsini verəcək.

 

Onu qeyd edim ki,  biz bunu "Eurovision-2012" mahnı müsabiqəsi zamanı da gördük.  Bütün Azərbaycan xalqı bu nəhəng musiqi yarışmasının uğurlu alınması üçün öz xidmətini ortaya qoydu və bu baxımdan inanıram ki, qədirbilən xalqımız məhz bu dəfə də bu xidmətini ortaya qoyacaq. Bir sözlə, bu oyunların Azərbaycanda keçirilməsinin  nəinki ölkəmizin bugünləri dünyada tanınmasına, hətta, belə deyək ki, iqtisadi durumumuza da müsbət  təsiri var, olacaq. Bu oyunlar Azərbaycanı Avropada, dünyada bir daha tanıtmaqla, ölkəmizin iqtisadi inkişafına, ələlxüsus, turizmin  çiçəklənməsinə münbit şərait yaradacaq. Bu yarışlardan sonra Azərbaycana gələcək turistlərin sayı ikiqat-üçqat artacaq, Azərbaycan həm də turizm ölkəsi kimi dünyaya səs sala biləcək.  Buna heç kimin şübhəsi olmasın.

 

Eyni zamanda, təəssüf hissi ilə onu da deyim ki, Avropa Oyunlarının ilk olaraq Azərbaycanda keçirilməsini, ölkəmizin dünyaya yaxşı mənada səs salmasını istəməyən qüvvələr də az deyil. Elə bu günlərdə Avroparlamentdə təşkil olunan məlum "dinləmələr" həmin qüvvələrin, dairələrin olduğunu bir daha çılpaqlığı ilə ortaya qoydu, onların iç üzünü bir daha açmış oldu...

 

-Biz də elə həmin məsələyə toxunacaqdıq. Necə hesab edirsiniz, istər Avroparlamentin, istərsə də digər bəlli çevrələrin anti-Azərbaycan addımlarının, boykot çağırışlarının bu oyunlara bir təsiri ola bilərmi, olacaqmı?

 

- Birmənalı və qəti şəkildə qeyd etmək istəyirəm ki, bu çağırışlar reallaşa bilməz. Avroparlament başda olmaqla  ermənipərəst anti-Azərbaycan dairələrin, qüvvələrin bütün cəhdləri fiaskoya uğrayacaq, hər zaman olduğu kimi, onların  bu və bundan sonrakı cəhdləri də iflasa məhkum olacaq, "Eurovision-2012" mahnı yarışması zamanı olduğu kimi. Bildiyiniz kimi, həmin ərəfədə də məlum xəbis niyyətli,  məkrli dairələrin anti-Azərbaycan kampaniyası olmuşdu, ancaq o zaman da həmin kampaniyanın qarşısı Azərbaycan dövləti və xalqı tərəfindən birgə alınmış, həmin kampaniyanı başladanlar uğursuzluğa düçar edilmişdilər. Bu dəfə də belə olacaq, onlar növbəti dəfə xəyalqırıqlığına uğrayacaqlar, uğradılacaqlar, cəhdləri heç bir səmərə verməyəcək, məkrli niyyətləri yenə də gözlərində qalacaq.

 

Çünki Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərinin Azərbaycanı deyil. Ümummilli liderimiz Heydər Əliyevin qurucusu, memarı və banisi olduğu müstəqil Azərbaycan dövləti güclü, inkişaf etmiş, mədəni, sivil, demokratik, dünyəvi inkişaf yolu ilə addımlayan, qısa zaman kəsiyində böyük zəfərlərə imza atan bir dövlətdir. Bu gün Azərbaycan dünyada öz yeri, öz çəkisi olan və hesablaşılan, sözü, rəyi nəzərə alınan bir ölkədir. Azərbaycan regionun lider dövləti olmaqla, həm   dünyanın ən aparıcı və söz sahibi olan ölkələrindəndir. Ona görə də Azərbaycanı belə şantajlarla, belə təhdid və təzyiqlərlə qorxutmaq artıq mümkün deyil. Heç kim, heç bir qüvvə artıq Azərbaycanla zor, təzyiq, təhdid, şantaj dili ilə danışa bilməz. Odur ki, narahatçılığa heç bir əsas da yoxdur, Azərbaycan Avropa Oyunlarına gözlənildiyindən   artıq yüksək səviyyəli ev sahibliyi edəcək və adını bir daha tarixə həkk etdirəcək.

 

-Siz Azərbaycan hakimiyyətinin, iqtidar mənsublarının  anti-Azərbaycan kampaniyasını keçirənlərə qarşı reaksiyasını, onlara verilən cavabları necə, adekvat, tutarlı  sayırsınızmı?

 

-Yüzdəyüz! Bu günləri Azərbaycan hakimiyyəti tərəfindən onlara verilmiş cavablar əsaslıdır, arqumentlidir və tam adekvatdır. Bu gün  bizim titanik, sıçrayışlı inkişafımız - cəmi  iki il yarıma Avropa Oyunlarına tam hazır olmağımız  bizim elə onlara ən kəsərli və tutarlı cavabımızdır.

 

-Yeri gəlmişkən, siz gənc siyasətçi olmaqla yanaşı,  həm də peşəkar idman mütəxəssisiniz, müəllimsiniz, alimsiniz,  Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvüsünüz və sair. Bu baxımdan, Azərbaycan idmançılarının bu yarışlar, da komanda olaraq neçənci yerlərdə qərarlaşacağını proqnozlaşdırırsınız?

 

- Bilirsiniz,  idmançılarımızın istər Avropa, istər dünya, istər beynəlxalq çempionatlarda çıxışlarını, qələbələrini görəndə, götürəndə, təxmin edirik ki, bu oyunlarda da idmançılarımız inşallah, ən yüksək səviyyədə iştirak, çıxış edəcəklər və uğurlu, bizləri sevindirən nəticələrə nail olacaqlar. İnşallah, biz bunu mütləq görəcəyik. Yenə deyirəm, idmançılarımızın beynəlxalq səviyyəli yarışlarda çıxışlarına baxanda biz əmin olmalıyıq və əmin oluruq ki,  idmançılarımız ilk Avropa Oyunlarında da ən yüksək səviyyədə iştirak, çıxış edib medallar və nailiyyətlər qazanacaqlar.

 

-Azərbaycan idmançılarının ümumən hazırlıq səviyyəsi nə yerdədir?

 

- İdmançılarımızın hazırlıq səviyyəsi də yaxşı vəziyyətdədir. Yəni  istər Avropa, istər dünya səviyyəsində keçirilən yarışlarda, istərsə elə Azərbaycanın özündə keçirilən turnirlərdə iştirak edən idmançılarımızın hazırlığı, peşəkarlığı hər birimizin gözü qarşısındadır. Hər birimizin gözü qarşısındadır ki, həqiqətən də Azərbaycan idmançılarının hazırlıq səviyyəsi yüksək səviyyədədir. Amma təbii ki, arxayınçılığa da yol vermək olmaz, yəni, idmançılarımız yarışlara qalan bu qısa zaman kəsiyində də bir daha öz hazırlıq səviyyələrini artırmalıdırlar və inanıram ki, inşallah, belə də olacaq.

 

-Konkret öz sahənizlə-boksçularla bağlı nə deyərdiniz? Onlardan da ümidli nəticələr gözlənilirmi?

 

- Əlbəttə, gözlənilir. Onlar da oyunlarla bağlı hazırlıqlarını davam etdirirlər. Və  deyərəm ki, boksçularımız da ən yüksək səviyyədə bu oyunlara hazırdılar. Ümumiyyətlə, biz Azərbaycan idmançılarına komanda şəklində çox  güvənirik. Yəni, bu yarışlarda da  onların  ən yüksək səviyyədə iştirak edəcəyinə inanırıq.

 

-Bədən Tərbiyəsi və İdman Akademiyası olaraq, bəs bu yarışlarla bağlı hansı addımları atırsınız?

 

- Əvvəla,  bugünləri bütün idman növləri üzrə yığma komandanın 60 faizə yaxını bizim Akademiyanın tələbələridir və bundan başqa, könüllü kimi bizim Akademiyadan 1200 nəfərə yaxın bu oyunlarda yaxından iştirak edənlər var. Bizim müəllimlərimiz var ki,  burada dərs deməklə yanaşı, həm də məşqçi kimi fəaliyyət göstərirlər ayrı-ayrı idman növləri üzrə.  Eyni zamanda da, ölkəmizdəki  bütün ali təhsil ocaqları kimi, bizim Akademiya da bu yarışda daha yaxından iştirak edəcək. Birinci Avropa Oyunları bizim tələbələrimiz üçün də çox önəmlidir. Tək bu oyunlarda yox, ümumiyyətlə, Azərbaycanda keçirilən Avropa, dünya çempionatlarında bizim tələbələrimiz həmişə yaxından iştirak edib. Bu baxımdan, onlar bu oyunları da çoxdan gözləyirdilər.

 

Dediyim kimi, 1200-ə yaxın  tələbəmiz var ki, bu yarışlarla bağlı proseslərə qoşulublar. Sevindirici haldır ki, onların sayı da günü-gündən  artır. Yəni öz istəkləri ilə gəlirlər, yaxından iştirak etmək istəyirlər, həm də əslində,  bu, elə bizim tələbələr üçün bir praktikadır. Yəni idmançı olaraq, İdman Akademiyasının tələbələri olaraq, özləri müraciət edirlər ki, biz orada iştirak etmək istəyirik. Həmin tələbələrə də istər Gənclər və İdman Nazirliyi tərəfindən, istər bizim Akademiyanın rəhbərliyi tərəfindən diqqət və qayğı var. Onlara bütün şərait də yaradılıb ki,  bu oyunlarda daha yaxından iştirak etsinlər.

 

Kamil HƏMZƏOĞLU

525-ci qəzet.- 2015.- 15 may.- S.4.