İstiqlal yolunun
şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət
xadimləri
Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik
uğrunda daima mübarizə aparıb.
Ötən əsrin əvvəllərində
ölkəmizdə milli
azadlıq hərəkatı
daha da gücləndi. Azərbaycanın
demokratik qüvvələri , mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun mütəqilliyi, millətimizin
azadlığı uğrunda
mübarizəyə qoşuldular.
Rusiya imperiyasının dağılması
Azərbaycanda müstəqil
dövlət qurmaq üçün şərait
yaratdı. 1918-ci il
mayın 28-də Azərbaycan
Demokratik Respublikası - Xalq Cümhuriyyəti elan edildi.
Xalqımızın bir çox ziyalıları, görkəmli
şəxsiyyətləri Demokratik
Respublikanın yaradılmasında,
onun inkişafında müstəsna rol oynayıb, müstəqillik
yolunda əllərindən
gələni əsirgəməyiblər. Bu onların həyatı bahasına başa gəlsə də, bir çox təqiblərə məruz
qalsalar da, öz amallarından vaz keçməyib, xalqın rifahı üçün çalışıblar.
Xalqa və dövlətçiliyə
bir nümunə olan həmin ziyalıların bəzilərinin
həyat və fəaliyyət yollarını
daha dərindən araşdırıb təqdim
edirik. Bu yolda əsas bələdçimiz, qaynağımız
isə Prezident Kitabxanası, həmçinin
Milli Kitabxananın zəngin məlumat bazasıdır.
Rüstəm xan Xoyski
Azərbaycan milli istiqlal hərəkatının fəal
iştirakçılarından biri də Rüstəm
xan Xoyskidir. O, general-leytenant
İsgəndər xan
Xoyskinin oğlu, Fətəli xan Xoyskinin kiçik qardaşıdır. R. Xoyski
1888-ci il noyabrın 5-də Gəncə
şəhərində anadan
olub. İlk təhsilini gimnaziyada
alıb. Ali təhsilini isə universitetdə alıb.
1918-ci ilə qədər hüquq-mühafizə
orqanlarında fəaliyyət
göstərib. Azərbaycan Xalq
Cümhuriyyəti dövründə
Fətəli xan Xoyskinin təşkil etdiyi birinci və ikinci Hökumət kabinələrində
işlər idarəsinin
müdiri, sonralar isə himayədarlıq naziri vəzifəsində
çalışıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Rüstəm xan Xoyski Azərbaycan
Sovet Sosialist Respublikası Ali İqtisadi
Şurası rəyasət
heyətinin katibi, kooperativ hüququ məsələləri üzrə
hüquqşünas və
s. vəzifələrdə çalışıb. Sonralar Moskvaya
köçüb və
1939-cu ildə orada vəfat edərək, Novodeviçye qəbiristanlığında
dəfn edilib.
Əliağa Həsənov
Görkəmli ictimai və dövlət xadimi Əliağa Həsənov
1871-ci ildə Bakıda
anadan olub. Bakı şəhər
gimnaziyasını və
kommersiya məktəbini
bitirib. “Nəşri-maarif” cəmiyyətinin
yaradılmasında və
fəaliyyətində yaxından
iştirak edib. Şəhər dumasının üzvü
idi. Əliağa Həsənov ölkədə
bir çox ictimai siyasi işlərin aparılmasında
yaxından iştirak edib. Belə ki,
Həsənov Bakıya
Şollar su kəmərinin çəkilməsində,
şəhər kanalizasiya
şəbəkəsinin yaradılmasında,
Dənizkənarı parkın
salınmasında böyük
xidmət göstərib.
1917-ci il Fevral inqilabından sonrakı siyasi hadisələrdə yaxından
iştirak edib, 1918-ci ilin martında Bakıda türk-müsəlman
əhaliyə qarşı
soyqırımlarının qarşısını almağa
çalışıb. Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə
Komitəsinin üzvü
idi. Azərbaycan Milli Şurasının
“Azərbaycan Məclisi-Məbusanının
təsisi haqqında qanun”una (1918, 19 noyabr) əsasən, Bakı şəhərindən bitərəf
kimi Cümhuriyyət Parlamentinin tərkibinə
daxil edilib. Azərbaycan Xalq Cümhuriyyətinin
3-cü Hökumət kabinəsində
maliyyə nazirinin müavini, 4-cü kabinədə
isə maliyyə naziri təyin olunub. 1919-cu il sentyabrın 30-da Həsənovun rəhbərliyi
ilə Azərbaycan Dövlət Bankı fəaliyyətə başlayıb.
Cümhuriyyətin əsginasları üzərində baş nazirlə yanaşı maliyyə naziri Həsənovun da imzası var idi. Milli pulların qiymətdən
düşməməsi, emissiya
həcminin artmaması,
devalvasiyaya uğramaması
üçün Həsənov
böyük səy göstərib. Həsənov həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də Sovet hakimiyyəti dövründə Azərbaycan
Dövlət Bankına
rəhbərlik edib.
O, həm də Azərbaycanın ictimai-mədəni
həyatında fəal
iştirak edib. Həsənovun dövri mətbuatda, o cümlədən,
“Füyuzat” jurnalında
bir çox məqalələri
dərc olunub. 1933-cü ildə Bakıda vəfat edib.
Ağa Əminov
Azərbaycanın siyasi və dövlət xadimlərindən
biri də Ağa Əminovdur. A. Əminov 1888-ci ildə
Bakıda anadan olub. 1907-ci ildə Bakı kişi
gimnaziyasını, 1911-ci ildə
Peterburq Dağ-Mədən
Mühəndislər İnstitutunu
bitirib. Hələ tələbə vaxtında Peterburqda azərbaycanlı tələbələrdən
ibarət həmyerlilər
cəmiyyətinin üzvü
olub. Bakıya qayıtdıqdan sonra Sabunçu-Suraxanı
neft mədənlərində
mühəndis işləyib.
1912-ci ildə “Müsavat” partiyasına daxil olub. 1917- ci il Rusiyada Fevral inqilabından sonra onun siyasi fəaliyyəti
daha da genişlənib.
Qafqaz müsəlmanları qurultayının
iştirakçısı olub,
“Müsavat” partiyasının
1-ci qurultayının keçirilməsində
fəal rol oynayıb. Əminov Azərbaycan Milli Şurasının 1918-ci il 19 noyabr “Azərbaycan Məclisi-Məbusanının
təsisi haqqında qanun”una əsasən, “Müsavat” partiyasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə
seçilib. Azərbaycan Xalq Cümhuriyyətinin
4-cü Hökumət kabinəsində
ticarət və sənaye naziri olub. A. Əminov
ölkə iqtisadiyyatının
inkişaf etdirilməsində
əlindən gələni
edib. Belə ki, Əminov iqtisadiyyatda liberallaşma xəttinə təşəbbüs
edib, bu sahədə bir sıra mühüm tədbirlər görülməsinə
nail olub: neft və neft məhsullarının
mal mübadiləsi aparmadan
Azərbaycandan kənara
sərbəst çıxarılması
haqqında Hökumət
qərarı; mal mübadiləsi
üzrə komitənin
ləğvi haqqında
maliyyə-iqtisad komitəsinin
qərarı; 1919-cu ilin
sonu üçün xammalın Azərbaycandan kənara ixrac şərtləri haqqında
yeni, liberal məzmunlu
qanunun qüvvəyə
minməsi və s. O, sərbəst ticarət, dövlətin iqtisadi inkişaf prosesinə müdaxiləsinin məhdudlaşdırılması
tərəfdarı olub.
Bundan başqa Əminov
1918-1919-cu illərdə “Müsəlman
gecələri” tədbirinin
əsas təşkilatçılarından
olub,1919-cu ilin mayında Müsəlman Zəhmətkeş
Ziyalıları İttifaqının yaradılmasında
da fəal rol oynayıb. 1920-ci il Aprel
işğalından sonra
“Azərneft” sistemində
işləyib. O, 1921-ci ildə
Bakıda vəfat edib.
Cəmo
bəy Hacınski
İctimai-siyasi xadim, publisist, teatr tənqidçisi, sənətşünas Cəmo
bəy Hacınski
1888-ci ildə Qubada anadan olub. O, Mehdi bəy Hacınskinin qardaşıdır. 1912-ci ildə Peterburq Universitetinin Hüquq fakültəsini bitirib.
1907-1915-ci illərdə “Kaspi” qəzetinin müxbiri və əməkdaşı olub.
1915-1917-ci illərdə Batum vilayətində və Dənizkənarı
rayonda Birinci Dünya müharibəsi
(1914-1918) dövründə zərər çəkənlərə
yardım edən müsəlman qaçqın
komitəsinin müvəkkili
işləyib. “Nicat” mədəni-maarif cəmiyyətinin işində
iştirak edib, müsəlman dram cəmiyyətinin
və Azərbaycan arxeoloji cəmiyyətinin yaradıcılarından olub.
1917-ci ilin iyulunda
Cənubi Qafqaz Kəndli Deputatları Şurası İcraiyyə
Komitəsi sədrinin
müavini seçilib,
oradan nümayəndə
kimi Rusiya Müəssislər məclisinə
seçkilər üzrə
Cənubi Qafqaz mərkəzi komissiyasının
sədri vəzifəsinə
təyin edilib.
Zaqafqaziya
seyminin Müsəlman
fraksiyasının, 1918-ci il mayın 27-də seym buraxıldıqdan sonra isə yeni yaradılan Azərbaycan Milli Şurasının üzvü
olub. Hacınski 1918-ci
il mayın
28-də Azərbaycan Milli
Şurasının Tiflisdə
keçirilən iclasında
qəbul edilən Azərbaycanın dövlət
müstəqilliyi haqqında
Akt- İstiqlal bəyannaməsini imzalayanlardan
və müstəqilliyin
lehinə səs verən Milli Şura üzvündən
biri olub.
Azərbaycan Milli Şurasının
19 noyabr 1918-ci il “Azərbaycan Məclisi Məbusanının
təsisi haqqında qanun”una əsasən Azərbaycan Cümhuriyyəti
Parlamentinə daxil edilmişdi.
Hacınski Azərbaycan Xalq
Cümhuriyyətinin birinci
hökumət kabinəsində
dövlət nəzarətçisi
vəzifəsini icra edib, 4-cü və 5-ci hökumət kabinələrində
(1919-cu il aprel -1920-ci il mart) poçt və teleqraf naziri vəzifəsində
çalışıb, Respublikada
rabitə sahəsinin inkişafında xüsusi
xidməti olub.
C.Hacınski siyasi fəaliyyətlə yanaşı mədəniyyətə, incəsənətə də diqqət və maraq göstərib. Belə ki, 1918-ci ildə “Türk yurdu” cəmiyyətində Azərbaycan incəsənətindən mühazirələr oxuyub, Azərbaycan və rus mətbuatında “Qubalı” imzası ilə çıxış edib. Üzeyir Hacıbəylinin əsərlərinin tamaşaları, həmçinin Nəcəf bəy Vəzirov və b. haqqında məqalə və resenziyalar yazıb. “Milli nəğmələr” kitabçalarında (1919-1920) şeirləri dərc olunub.
1920-ci il Aprel işğalından sonra xalq ədliyyə komissarlığında inzibati-maliyyə şöbəsinin rəisi təyin olunub, mədəniyyət və maarif sahəsində fəaliyyətini davam etdirib. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin işində yaxından iştirak edib, qədim mədəniyyət abidələrinin mühafizəsi məsələləri ilə məşğul olub.
Lakin həyat Hacınskiyə fəaliyyətini daha da genişləndirməyə imkan vermir. Belə ki, 1922-ci il aprelin 21-də həbsə alınan C.Hacınski 3 il məhbəsdə saxlandıqdan sonra Solovki (Rusiya, Arxangelsk vilayəti) həbs düşərgəsinə göndərilir. 1928-ci ilin iyununda azad edilərək Bakıya qayıdıb, həmin ilin iyulundan respublika Kənd Təsərrüfatı Kooperasiyası İttifaqında (“Köybirliyi”) plan şöbəsinin katibi olub, sonra şöbə müdiri vəzifəsini icra edib. Hacınski 1933-cü ilin noyabrından Azərittifaq sistemində işləyib, bir ildən sonra sənaye kooperasiyasında baş məsləhətçi vəzifəsinə keçirilib. 1937-ci ilin yanvarında həmin vəzifə ləğv olunduğundan işdən çıxarılıb, 1938-ci il noyabrın 24-də yenidən həbs edilərək sürgün olunub. 1942-ci ildə Kirov vilayətindəki Vyatka həbs düşərgəsində vəfat edib.1956-cı il iyunun 13-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası tərəfindən ona bəraət verilib.
(Ardı var)
Samirə Quliyeva
525-ci qəzet.- 2015.- 16 may.- S.29.