Şair və şeir haqqında dəyərli
monoqrafiya: “Sözün Adil Cəmili”
Tanınmış ədəbiyyatşünas və
pedaqoq Allahverdi Eminovun şair Adil Cəmilin
yaradıcılığına həsr etdiyi monoqrafiyası
“Sözün Adil Cəmili” adlanır. “Ön söz”, “Son
söz” və üç hissədən ibarət olan kitabda
çağdaş poeziyamızın ən istedadlı
şairlərindən biri, folklorşünas alim, publisist və
tərcüməçi kimi şöhrətlənən Adil
Cəmilin ədəbi və elmi yaradıcılığı
geniş tədqiqata cəlb olunub.
Kitabın birinci hissəsi dörd bölmədən ibarətdir. “Şairin azadlıqsevər
şəxsiyyəti” adlanan birinci bölmədə müəllif
ilk növbədə, ümumiyyətlə, kamil insan, ailəsinə,
el-obasına, xalqına fayda verən mənəvi şəxsiyyət,
xeyirxah insan haqqında mülahizələr söyləyərək
şair Adil Cəmilin öz Vətənini, xalqını,
müxtəlif peşə sahiblərini sevə-sevə tərənnüm
etməsindən söz açır:
El yolu
borana, qara düşəndə,
Yurdun ağ gününə qara düşəndə.
Məmləkət
balıqtək tora düşəndə,
Hər kəsin vətənə cihad borcu var.
Müəllif
yazır: “Mən şairin həm özü ilə, həm də
poeziyası ilə canlı və qiyabi söhbətdə
olmuşam və indi də sözlərimiz tutur, bir-birimizi
anlayırıq. Və qərarlaşdırdım ki, Adil Cəmil
hərtərəfli kamil insandır, artıq qəbul
edilmiş “şəxsiyyət” anlayışına, Adil Cəmil
mühitinə, hansı ki, içərisindədir, təmasdadır
- əxlaqi davranışıyla, dünyagörüşü
ilə, fəlsəfi savadı ilə Mənini dünyada,
dünyanı isə özündə görür, yeri gələndə
aldığı zərbələrdən çəkinmir”.
“Şairin yaradıcılıq psixologiyası” adlanan
ikinci bölmədə əvvəl Folklor İnstitutunun
aparıcı elmi işçisi, fəlsəfi doktoru Adil Cəmilin
elmi fəaliyyətindən bəhs olunur. Ömrünün 50 ilini elm
cəbhəsində keçirən Allahverdi Eminov təkcə
elmin yox, alimlərin də paradokslarını çox gözəl
bildiyi üçün yazır: “Alimin əvvəl şəxsiyyəti
bütövləşməlidir bu nöqtəyə qədər:
daxili dünyasında karyeristik, əzazillik, lovğalıq,
yerlipərəstlik, tayfabazlıq, yaltaqlıq və rüsvətxorluq
əlamətləri olmamalıdır”. O, alim
psixologiyasının özünütəsdiq və
özünüifadə, maraq və niyyət, bacarıq və
imkan ilə əlaqədar olduğunu çox gözəl
bilir, bədii və elmi yaradıcılığın birləşməsini
daha yüksək qiymətləndirir. Bu fikirlərlə
də Füzulinin “Elmsiz şeir divarsız evə bənzəyir”
fikri ilə razılaşdığını bildirir.
Müəllifin qənaətinə görə,
alim-şair alimlərin psixologiyasını daha yaxşı
duyur və onların fəaliyyətini daha yüksək qiymətləndirməyi
bacarır. Bu
mənada, Adil Cəmil görkəmli türkoloq və
dilçi, akademik Nizami Cəfərova həsr etdiyi şeirdə
akademikin portretini yaratmaqla yanaşı, onun
böyüklüyünü göstərməyə nail olur:
Tarixinə
işıq saçıb,
Tanıdırsan türkü türkə.
Dildə
gəzir, sözdə gəzir,
Səs-sorağın ölkə-ölkə.
Doğrudan da, əsl şair poetik sözlərlə
obyektiv varlığı mövcudluğundan daha yüksək
dərəcədə əks etdirməyi bacarır. A.Eminov
haqlı olaraq qeyd edir ki, şair Yerlə Göyün
arasındakı gerçəklikdə dayanır və bir
sözdən bir şeir yaratmağı bacarır. Beləliklə,
şair obrazı şeirin atributuna çevirəndə gözəl
sənət nümunəsi yaranır:
Bəyazdı,
Qarlı dağlar bəyazdı.
“Bəy”
dedik bəyənmədik -
Bəy əsilli bəy azdı.
Müəllifin
fikrincə, poeziyanın və onu yaradanların təxəyyülü
“gəzəyəndir”, subyektləri dəyişir, onları
xüsusi mənaları ilə doldurur və gümana gəlməyən
əlaqələri üzə çıxarır. Şair daima təxəyyülünün cazibəsində
vurnuxur və başa düşür ki, fantaziyası obyektinin
başı üzərində dolaşır. Şair aylı gecədə ulduzları saymaq istəyir.
Ayın işığından gözünə çəkib,
çayın işığından da içir...
Aylı
gecələrin ayrı rəngi var,
Belə gecələrdə salxım söyüdün.
Yamyaşıl
yarpağı gümüşü olar,
Gümüşü
söyüdün ağ kölgəsində.
Ay
işığına diksinə-diksinə tamaşa edən
şair “Aylı gecə nağılı”
adlandırdığı şeirdə bu vaxta qədər
heç bir sənətkar tərəfindən işlənməyən
poetik fikirlər işlədir. Burada təkcə
şairin poetik fikirləri deyil, peşəkar ədəbiyyatşünas
alim kimi püxtələşən A.Eminovun da
düşüncələri öz poetikliyi ilə diqqəti cəlb
edir. Biz eyni vəziyyətlə başqa
bir şeirdə də rastlaşırıq.
Bal
arısı haqqında yazılmış şeirdə
şair poetikliyi və tərənnüm sərbəstliyini
daha da artırır, poetik dayaqlarını tapır: qürub
çağı, çiçəklərin Günəşə
boylanması, onların şirəyə ehtiyacı ilə
kilometrləri qət eləməsi - onu axır ki rahat
buraxır. Sözsüz, bal arısı
haqqında çox şeir yazılmışdır. Lakin Adil
Cəmilin bal arısı haqqında
yazdığı şeirdə bu canlının spesifik cəhətlərini
tamam başqa bir yöndə qələmə alır və
belə nəticə çıxarır:
...Qonar
min çiçəyə, uçar min yana,
Arılar
ömrünü toxuyar şana.
“Bal”
adlı “əsəri” qalar nişanə -
Onun da həyatda yəqin əhdi var.
Arı
hazırladığı bal ilə insanlara
xidmət edir. Şair bundan başqa bir sosial nəticə
çıxarır: bal yığan arı
o halda “gözəl” olur ki, “əsəri” başqasına qismətdir.
Başqasına xeyir verməyən isə adi
böcəkdir.
Adil Cəmilin aşıq şeiri üslubunda
yazdığı şeirlər çoxdur. Onun qoşma,
bayatı və təcnisləri şairi geniş oxucu kütlələrinə
tanıtmaqda mühüm rol oynayır.
Kitabdakı “Şeirin həqiqət axtarışı”
adlanan ən böyük bölmədə isə müəllif
tanıdığı, ünsiyyətdə olduğu müasir
şairlərlə müqayisəli şəkildə Adil Cəmilin
insani və şairlik keyfiyyətləri haqqında xoş
fikirlər söyləmiş və şairin müxtəlif
şeirlərini geniş təhlil etmişdir. Bu baxımdan “Ürəyindən
gedən kişi”, “Yaz gəlişi”, “Kasıb oğlu”, “Qəlbimin
seliyəm, gözümün gölü”, “Ürəyim
ağrıyarkən”, “Tənhalıq hücrələrində”,
“Yazı” və s. kimi müxtəlif mövzularda
yazılmış şeirləri araşdırılıb.
Müəllif
qeyd edir ki, bir çox şeirlərində Adil Cəmilin
ölüm-dirim arasındakı real proqnozu bədii hissetməyə
rəvac verir və şeirlərdəki ritm, harmoniya nisbətən
ağır səslənsə də, istedadın, səriştənin,
peşəkarlığın zorunda tarazlaşır:
Bu gecəni
gözü açıq yatmışam,
Fikir adlı bir ümmanda batmışam.
Görürsünüz
ürəyimi tutmuşam,
Qərib quşlar, pəncərəmdən çəkilin.
A.Eminov
Lev Tolstoydan sitat gətirərək yazır: “Hiylə ilə
özünü xeyirxah kimi göstərməkdən pis
şey yoxdur. Bu cür saxta xeyirxahlıq
açıq bədxahlardan daha çox nifrət doğurur”.
Bizim cəmiyyətimizdə də belələri
vardır. Görəsən, bunun səbəbi
nədir?
Yaman yad
olmuşuq yaddaşımıza,
Yaralı yurd yeri çıxdımı yaddan?
Bəlkə
də, qayıtdıq dağ-daşımıza -
Nəsə gözləyirəm mən bu həyatdan.
Düşmən tapdağı altında olan torpaqlarımızın
taleyi şair Adil Cəmili də narahat edir. Və Adil Cəmil “Anam həsrət
qalıb ana yurduna” silsiləsində ürək
ağrılarını, torpaq itkisini, ocaq başının
söndüyünü tərənnüm etsə belə, həqiqətin,
haqqın qələbəsinə inanır, üzünü Kəlbəcərinə,
onun elatına tutur:
Əyilməyən
dağ bildiyim adamlar,
Şəhidini sağ bildiyim adamlar.
Bu
dünyada unutqanlıq yamandı,
Kəlbəcəri unutmayın, amandı.
Adil Cəmil şeirlərinin mövzusu çox rəngarəngdir. Müəllif
elə buna görə də birinci hissənin sonuncu bölməsini
“Adil Cəmil poeziyasının tematikası” adlandırıb.
Tədqiqatçı şairin şeirlərini
mövzular üzrə qruplaşdırmasa da, ayrı-ayrı
şeirlərin təhlili zamanı onların hansı
mövzuya həsr olunmasını da yaddan
çıxarmır.
Övlad üçün valideyn əvəzsiz bir sevinc,
xoşbəxtlik mənbəyidir. Əgər ata-ana məhəbbəti
haqqında ayrıca əsər yazılsa, qalın-qalın
cildlər alınar. Amma bu məhəbbətin
hamısını olduğu kimi qələmə almaq da
qeyri-mümkündür. Təsadüfi deyil ki, Adil Cəmilin
valideynləri haqqında yazdığı şeirlər də
öz orijinallığı ilə seçilir:
Torpağın
qucağında
Qəbir də diri qalır.
Qəbir üstə gələn hər bir şəxsin
keçirə bildiyi hissləri yaşayan şairin göz
yaşları da quruyub, içində ağlayır. Şairin
ata-ana haqqında yazdığı ən gözəl şeirlərindən
olan “Ağlaya bilmirəm” sadə, ümumişlək sözlərlə
yazılsa da, poetik yük çox zəngin və rəngarəngdir.
Ağlaya
bilmirəm, bilmirəm üzdə,
Sən - “daş sinəlisən”, mən - “daş ürəkli”.
Kölgən
ki var idi başımın üstdə,
Evim sütunluydu, komam dirəkli.
Azərbaycan ədəbiyyatında M.Ə.Sabir, A.Səhhət,
A.Şaiq, R.Əfəndiyev ənənələrini davam etdirən
digər şairlərimiz kimi, Adil Cəmil də çoxlu
uşaq şeirləri yazıb. “Yuxusunda gülən qız” adlı
kitabında toplanan uşaq şeirlərindən bal şirəsi, çiçək ətri, təmiz
hava duyulur. Şairin folklor qaynaqlarından bəhrələndiyi
duyulan bu şeirlər də yüksək ideallığı
və estetik dolğunluğu ilə diqqəti çəkir.
Ana torpağa məhəbbət, ilin fəsillərinə,
quşlar və heyvanlar aləminə, peyzaja aid şeirlər
Adil Cəmilin uşaq mövzusunda yazdığı nümunələrin
əsasını təşkil edir.
...Zirvə
gördüm ağ papaqlı,
Kaha gördüm daş qapaqlı.
Bulud
gördüm qaşqabaqlı -
Ağlayırdı uça-uça.
Adil Cəmilin uşaqlar üçün
yazdığı “Zirvədə göl” adlı əsəri
Qırğızıstanın şimal-şərqindəki
İssık-Kula (İsti göl) həsr olunub və tərənnüm-poemadır.
Şairin yaradıcılığında poema janrı
xüsusi yer tutur. “Kölgəsiz şöhrət”
poemasında müasir dövrdə insanın
üzüdönüklüyünə,
yaxşılığı tapmadığına, laqeydliyinə
aid məsələlər təsvir edilmişdir. “Qan borcu” poeması milli azadlıq yollarında şəhid
olanların, xalqımızın keçirdiyi iztirab və həyəcanlarına
həsr olunub. Adil Cəmil var gücü ilə səsini
ucaldaraq azadlığı tərənnüm edir:
Azadlıq!
Mən səni başımın üstdə,
Günəşə çevrilib güləndə
gördüm.
Azadlıq!
Mən səni şirin yuxuma,
Dəvətsiz qonaqtək gələndə
gördüm.
Adil Cəmilin vətənpərvərliyindən və
şairliyindən nəşət tapan bu poema sənətkarlıqla
yazılıb, o, arxada qalmış qanlı tariximizin poetik
salnaməsidir.
Kitabın ikinci hissəsinin birinci bölməsi “Elmin vətəni yoxdur” adlanır və burada şairin elmi fəaliyyətindən söz açılır: “Yaradıcılığı xalq poeziyası və aşıq şeiri üzərində köklənən və aspirantura təhsili alan Adil Cəmilin ustad aşıq Şəmşir yaradıcılığına müraciət etməsi heç də təsadüfi deyil. Aşıq Şəmşir poeziyasının əhəmiyyətindən bəhs edərkən A.Cəmil yazır: “...Aşıq Şəmşir yaradıcılığına xas olan ustadnamələr, öyüd-nəsihət məzmunlu qoşmalar, gəraylılar, müxəmməslər də mövcud ənənə sisteminin bədii davamıdır”.
Adil Cəmilin elmi jurnallarda, məcmuə və qəzetlərdə nəşr olunan məqalələri, beynəlxalq konfranslarda söylədiyi məruzələri onun tədqiqatçılıq səriştəsi, axtarıcılıq inadkarlığı və təhlil üslubu ilə diqqəti cəlb edir.
“Publisistikada bədii nüanslar” adlanan ikinci bölmədə isə şairin publisistik əsərlərinin təhlilindən bəhs olunur. Şairin ümumi bədii yaradıcılığının tərkib hissəsi olan publisistik əsərlərinin uğur qazanmasının əsas səbəbi onun söz ehtiyatının zənginliyi, müşahidə qabiliyyətinin yüksəkliyi, özünün obrazını yaratmaq xüsusiyyətidir. Onun publisistik əsərlərində cəmiyyətimizdə baş verən mənəvi-sosial problemlər cəsarətlə təhlil olunur. A.Cəmilin “Narkomaniya bəşəri bəladır”, “Faciə düşüncəsi”, “Cinayət, yoxsa hekayət”, “Trilogiya”, “Rüşvət” və s. məqalələrində cəmiyyətin inkişafına əngəl törədənlər tənqid atəşinə tutulur.
Kitabın üçüncü hissəsi “Manas” dastanının tədqiqi” adlanır. Manas qırğız xalqının IX əsrdə yaşamış milli qəhrəmanıdır. Onun igidliyi, qəhrəmanlığı ilə əlaqədar X əsrdə “Manas” adlı qəhrəmanlıq dastanı yaranıb. Bu dastanın 15 il müddətində Adil Cəmil tərəfindən Azərbaycan dilinə tərcümə olunması böyük ədəbi hadisə kimi qiymətləndirilib. O, üç cilddən ibarət olan “Manas”ı tərcümə etməklə yanaşı, “Manas eposu və türk dastançılıq ənənəsi” adlı monoqrafiya yazıb. Bu əsər Azərbaycanda manasşünaslığın əsasını qoyan əsərdir və görkəmli mütəxəssis alimlər tərəfindən çox yüksək qiymətləndirilib.
Allahverdi Eminovun “Sözün Adil Cəmili” monoqrafiyası sadə dildə, lakin yüksək elmi səviyyədə yazılıb. Ümid edirik ki, monoqrafiya Adil Cəmil yaradıcılığı haqqında oxucuda tam və geniş təsəvvür yaradacaq, ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanacaq.
Aydın
PAŞAYEV
Filologiya elmləri
doktoru, professor
525-ci qəzet.- 2015.- 16 may.- S.28.