Alnına yazılanları kağıza
köçürən adam...
“İnsan yalnız ölümə yaltaqlana bilmir...”
(Seyran Səxavətin “İt intervüsü” hekayəsindən)
“Aralıdan baxanda
Yer kürəsi çürük toxuma oxşayırdı - yaxından
baxanda isə oxşamırdı - eləcə
çürük idi. Və bu an bu
çürük toxumun
içindəki milyardlarla
toxum da çürüyürdü - ağac
toxumu, çiçək
toxumu, adam toxumu...”
...Və Sənin
ruhun rahatlıq tapa bilmir... çünki biz hələ
fərqinə varmasaq da, Sən bu
acı gerçəyi
bilirsən. Bilirsən ki, bir gün
gələcək, “bu
çürük toxum
- Yer kürəsi fırlana-fırlana yorulub üzü qibləyə dayanacaqdı və bundan sonra bir
də yer üzünə yaz gəlməyəcəkdi, toxumlar
cücərməyəcəkdi...”
Bəşərin və bəşəriyyətin
sürükləndiyi uçuruma
baxırsan. Həyatın ağrıyır... Ruhun əzablar
içində qovrula-qovrula
gücün yazmağa
çatır. Hə,
bir də pozmağa...
Yazırsan... Bilə-bilə ki,
“Səni Səndən
savayı kimsə anlamayacaq...” - yenə də bir inamla,
nə zamansa Səni anlaya biləcək birinin içində işıq
yandırmaq ümidilə
yazırsan... Yazıya
pozu olmadığını
da bilirsən... Amma bütün bunları bilə-bilə əlinə
“daban daşı” alıb alnına yazılanları pozmağa
çalışırsan. Əzablıdır, deyilmi?!
Kitaba and içib
fəqət kitabla müxalifətdə olan bir toplumun içində
yaşamaq əski bir bezə atlazdan
yamaq vurmaq kimi bir şeydi. Onda görürsən ki, Allahın Sənin adına yazdığı
Seyran Səxavət adlı ssenarinin epizodları “Bəşərin
komediyası”na uyğun
gəlmir...
Şahmat
taxtasına oxşayır
Dünya... Ağ və Qara... Fiqurlar ancaq şahmat taxtasının üstündə nəyisə
həll etmək iqtidarındadırlar... İndi
hər şey mahiyyətini - şəklini,
formasını, məzmununu
elə dəyişib ki, böyüklərin oyununa mən bu uşaq yaşımla
sadəcə Mat qalıram...
Qaraların sayı durmadan
necə artırsa, baxanda adamın gözü alacalanır.
Qaralar artdıqca “taxta” qaranlıqlaşır. Ağ
xanalardan “Ağ yol”a çıxan keçidi tapa bilmir adam...
Məchulluqlar içində sual
işarəsi kimi başımı aşağı
dikirəm: görəsən,
Biz uduzmuşuq?! - bu yük rahat buraxmır adamın ruhunu...
-Yox, əsla! Biz məğlub deyilik.
Oyunu qazanmadan çıxmış ola bilərik. Maddi nələrimizsə olmaya
bilər. Amma nə yaxşı ki, YAŞADIQLARIMIZ TANRININ ALNIMIZA YAZDIQLARI
KİMİ TƏRTƏMİZDİR... Və
belə məğlubiyyətlər
yüzlərlə qalibiyyətdən
daha şərəflidir...
Hər şeyə rəğmən üzü Aydınlığa doğru yola çıxmışıq... O yolu getmək üçün yolun öz uzunluğu boyda əzablara qatlaşmağa dəyər. Qaranlıqlaşan dünyada çiynini bizə sipər edən, ümidimizi öləziməyə, həyat eşqimizi sönməyə qoymayanlar var, nə yaxşı ki... Onların işığına tutunub yaşaya bilirik...
Nə yaxşı ki, Varsan! - deyə bildiklərimiz bizə Taleyin ən gözəl qismətidir. Dedikləri Söz isə bizə əmanətdir - Tanrının əmanəti...
Yaxşı ki, Varsan, Ustad!
Şərəfini, ləyaqətini, heysiyyətini ayaqlar altına atan, məddahlığı özünə peşə edən bu dünyanın tən ortasında Seyran Səxavəti qoruduğun, həm də məhz bu cür qoruduğun üçün Var ol!
Həqiqətləri deməyin yasaq olunduğu, yarımhəqiqətlərin və yalanların üstündə inşa olunan bir dünyada Seyran Səxavət şəxsiyyəti və yaradıcılığı arasındakı bütövlüyü, tamlığı qoruya bildiyin üçün Var ol!
Sözün müqəddəsliyini Bəylər dədənin, Əsgər kişinin, Zərif ananın ruhu təkin ağırlayıb-əzizlədiyin üçün Var ol!
Bütün qəlbimlə inanıram ki, Səni dinləyəndə - anlayanda Biz təmizlənəcəyik...
Həyatımızı zəhərləyən Məmmədtağıları, Salehləri, Zülfəliləri süpürüb yolumuzdan ata bilsək, “ət taxtası”nda əzilmədən “dəyirmanın boğazında”n keçə biləcəyik.
Xəstə təfəkkürləri ciddi ədəbiyyatın sağalda biləcəyini anlaya bilsək, Biz təmizlənəcəyik...
“İt həqiqətləri” ilə “adam həqiqətləri” arasındakı sərhəddi aşa bilsək, Biz təmizlənəcəyik...
Biz o müqəddəs yola - Aydınlığa, aydınlanmağa doğru gedirik.
Yolumuzun başında Sən varsan, Səndən keçib durulacağıq, Ustad!
Yolçu yolda gərək! Yolumuz aydın olsun!
Xəyalə
ZƏRRABQIZI
Bakı, 2015
525-ci qəzet.- 2015.- 16 may.- S.27.