Yolçuluq

 

Mirəli Seyid üçün

 

(esse)                                            

 

Masanın üstündə bir qızıl alma vardı. Qızıl almanın yanındasa alma tumlarıydı. Yeniyetmə oğlan qızıl almaya onun yanındakı tumlara baxıb-baxıb düşüncələrə daldı.Yarpaqdan saplağa, saplaqdan budağa, budaqdan gövdəyə, gövdədən köklərəcən... Köklərdən... qönçəyə, çiçəyəcən, çiçəkdən almaya-tumlaracan bitib-tükənməyən bir çevrə, sonsuz bir yolçuluq...”

 

Ayağında dəmirdən çarıq, güclü, yenilməz, yeniyetmə oğlanıydı. Dayanmadan getmək, qaçmaq, qaçmaqdan çox qanadlanıb uçmaq istəyirdi. Dedilər irəli getmək üçün geriyə dönməlisən, gəldiyin yollardan keçməlisən. İnandı deyilənlərə. Geriyə dönüb gəldiyi yolu iptəkin dəstələyib əlinə aldı.

 

Az getdi, üz getdi, dərə-təpə düz getdi. Dəmir çarıqlar dözmədi bitib-tükənməyən yolların sonsuzluğuna.

 

Yeni bir dan yeri sökülməkdəydi. Yerə göyə sığmayan, daha da güclənən, daha da müdrikləşən gənc sanki qanad çıxartmışdı, gecəni gündüz eyləyib uçur, uçur, zamanın-tarixin qaranlıqlarından keçərkən qartlaşmış yalan pərdələrin altından qızıltəkin parlayan gerçəkləri-olanları görürdü. Uğuruna qəmin-kədərin yaşıdı olan dədə Füzuli çıxdı. Dərdləşdilər... Gənc yoluna düzəldi, az getdi, üz getdi, ulu babamız, müdriklər müdriki Nizami  çıxdı qarşısına. Ehtiramla baş əydi ulu babamıza.

 

Çiynindəki butalı əlvan xurcunun bir gözündə Koroğlu, Dədə Qorqud, o biri gözündə Manas, Alpamış, Oğuz dastanlarıydı.

 

Qafqazlardan baş alıb Çinə uçurdu, Çindən qalxıb Macarıstana... Altaydan Hindistana... Yolçuluq bitib-tükənmirdi. Qanadları yorulanda xalçanın üstündə bardaş qurub oturur, usanmaq bilmədən maraqla şəhərləri, ölkələri adlayıb yüzilləri aşırdı. Teymurla, Çingiz xanla, Tonukuk, Bilgə, Oğuz xanlarıyla, Atilla, Mete, Alp Ər Tonqa hökmdarlarıyla görüşüb onlardan yeni güc, enerji alırdı. 

 

Qız qalası, Möminə Xatun, Səməni məqbərəsi, Tac Mahal abidələrinin üstündə dövrə vurarkən onları bərpa edənləri görəndə yaşı yüzillər, min illərlə ölçülən möhtəşəm abidələrimizdən qos-qocaman olan SÖZləri bərpa etmək ağlına gəldi.

 

Azərbaycan, Arsak, Koroğlu, Qazax, Barsil,  Sirak, Varsak sözlərini alıb onların dərinliyinə, uzaqlığına vardı. Sözlərin tozunu almaq, can verib cana gətirmək, yüz illərin etkisindən yerindən sürüşüb ayrılmış, azıb qalmış hərfləri tapıb yerinə qoymaq, sözlərin ilkin mənasını araşdırmaq, onların yaşını təyin etmək, can verib canlandırmaq, qərib düşübyadlaşmışsözləri doğmalaşdırıb qayğısına qalıb nazını çəkmək, yiyə durmaq üçün bir kərpic uyğurlardan, xakaslardan, teleutlardan, özbəklərdən, bir kərpic şorlardan, sağaylardan, koyballardan, qazanlardan, qırğızlardan, saha-yakutlardan, noqaylardan... alıb yan-yana düzdü... Bu varidat, bu sonsuz zənginlik qarşısında heyrətdən donub qaldı.

 

Az getdi, üz getdi, uğuruna sağa, sola boylanan hürkək Maral çıxdı, Maral onu, O, Maralı tanıdı. Danışmadan baxışlarıyla bir-birini anladı. Yüzilləri dolaşıb minilləri aşdı. Yorulub yağışa, qara düşəndə doğma Ağac Onu koğuşuna alıb yellərdən dəli-dolu qasırğadan qoruyub qoynunda uyutdu. Uyuyub dincəlməsi qısa oldu. O, uzaqların yolçusuydu. Yeni yollar onu gözləyirdi, sonsuz düzənlikdən sonra yolçunun qarşısına birdən əzəmətli Dağ çıxdı, Dağa baş əyib təzim etdi. Neçə-neçə dağlar, dərələr, meşələr adladı. Sonsuz yollarda azanda uğuruna Boz Qurd çıxdı, ona simsar olub bələdçilik edərək yol göstərdi.

 

...Dan yeri ağarırdı. Göyün dərinliyindən, sonsuzluğundan Aydan , Günəşdən parlaq gömgöy nur tökülürdü. O, Göyə yaxınlaşırdı....

 

Bir gün - Qara 20 Yanvardan üç gün sonra - BakınınFəvvarələr bağı”nda O qarşıma çıxdı. Görüşdük. Qocaman alim adətinə uyğun qoluma girdi. Ovqatı, tövrü sifətindən, görkəmindən bəlli olduğundan halını soruşmadım. Bu yurdun bütün doğma övladları kimi  o da yas içindəydi, qəlbindən, damarlarından axan qara qanın səsi eşidilirdi.  NəşriyyatdakıAzərbaycan xalqının soy kökünü düşünərkənkitabına işarəylə: - Çapı yerdədi?- soruşdum. Suçlu adam kimi: - Bu yaxınlarda çap olunmalıdı - söylədi, azca sükutdan sonra. - Bu kitab mənim damğam, möhürümdü -dedi. Danışmadan bir qədər yeridik, dərindən köks ötürərək:- Ancaq elə vaxta düşdü. Sevinə bilmirəm...- söylədi.

 

İxtiyar professorun qəmli üzündən nur yağırdı. Uzun saçları göy işığa çalırdı.

 

27 yanvar 1990

 

P. S. Bu əlyazmamın bir üzünü Mirəli müəllimə yollamışdım. Fasilədən sonra redaksiyaya qayıdanda: - Bayaqdan Mirəli Seyidov neçə dəfə zəng edib, əlimyandımda səni axtarır, - bunu mənə şair Əhməd Oğuz söylədi. Dərhal professora zənğ elədim, ancaq tapa bilmədim. Az sonra telefon səsləndi, dəstəyi qaldıranda  Onu səsindən tanıdım. -Azər, məni yaman kövrəltmisən, özümə gələmmirəm. Dönə-dönə böyük təşəkkür edirəm. Mənim barəmdə çox yazıblar, ancaq heç kim belə yazmayıb. Sən mənim içimin, ruhumun rəsmini çəkmisən. Alqışlayıb bağrıma basıram səni...

 

Mirəli müəllimdən eşitdiyim son sözlər idi. Daha onu görmədim.

 

P.P.S.  “Pa-De-Şakitabımı çapa hazırlayanda Mirəli müəllimə həsr etdiyim bu balaca yazımı da kitaba salmaq istəyirdim. Arxivimi ələk-vələk eləsəm tapa bilmədim.  Həmin əlyazmamı bugünlərdə təsadüfən bir jurnalın arasından tapdım.

 

 

Azər ABDULLA

525-ci qəzet.- 2015.- 16 may.- S.2.7