Ləyaqətlər və qüsurlar
tarixin sınmayan güzgüsündə
Özümə gəldikdə mən elmdə məskun
olanlardan biri deyiləm. Mən keçmişi sadəcə sevənlərdən
və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm.
Konfutsi
(Əvvəli
ötən şənbə saylarımızda)
Əslində inkvizisiyaya xidmət edən bu adamlar
sonralar nəinki məsuliyyətə cəlb olunmadı, bəziləri
hətta daha da məşhurlaşdı. Onlar adi
peşmançılıq hisslərindən də çox
uzaq idilər. Repressiya illərində bu
prosesə canfəşanlıqla xidmət edən 20 min
çekist vəzifədən sui-istifadə ittihamı ilə
güllələndiyi halda, donosçular barədə elə
bir gözə çarpan tədbir görülməmişdi.
Çuğulçuların övladları məsələ
sərt şəkil alanda, öz atalarının da məhz
sistemin qurbanları olması barədəki xilas kəmərindən
istifadə etməyə üstünlük verirlər. Bəzi donosçular isə keçmiş zəmanənin
reliktləri olsalar da, çoxları kimi ilbiz qınına
çəkilməyib, öz həyasız təbiətlərindən
uzaqlaşmırdılar. Onların bir eybəcər
nüsxəsi ilə təsadüfən
rastlaşmışdım.
Cavan vaxtı Mil düzündəki əyalətdə
rayon partiya komitəsinin ikinci katibi işləyərkən bir
payız səhəri Araz çayının kənarındakı
kəndə getmişdim. Kolxoz sədri ilə birlikdə pambıq
qurutma meydançasına gəldik. Kolxozçular
pambığı qarğıdan tikilmiş damdan
çıxarıb qurutmaq üçün asfalt
meydançaya sərirdilər. Onlarla
görüşüb bir qədər söhbət etdik,
maşına yaxınlaşanda bir kolxozçu sədrə nəsə
söz demək istəyib, onu kənara çəkdi. Bu
vaxt tanımadığım arıq bədənli bir qoca kişi yaxınlaşıb mənimlə ərkyana
qaydada görüşdü. Sonra əlini kolxoz sədrinə
tərəf uzadıb: “Gör nə xoruzlanır! Ancaq məndən qorxur. Çünki
atasını 37-də balıqlara yem elətdirmişdim”.
Qoca heç nə anlamadığımı görüb, əlavə
etdi: “Atasını gedər-gəlməzə göndərdim,
yazdım ki, İrana casusluq edir. Adi kolxozçu
idi, ancaq qonşu kimi ondan xoşum gəlmirdi. Bu sədr o vaxt hələ anasının qarnında
idi, dünyaya yetim kimi gəldi. Anası
sonra başqa ərə getdi”.
Kolxoz sədri,
sadə, təvazökar adam olmaqla, əksər
həmkarlarından fərqlənirdi. Həm də
körpəliyindən atasız olduğundan yetimlik də onun
şüuruna öz fağırlıq ütüsünü
çəkibmiş. Ona görə də
qocaya bildirdim ki, sədrə böhtan atsan da xeyri olmayacaq,
artıq sənin düşündüyün zaman deyildir, indi
mizantropların işi yaxşı getmir. Bu
sözləri eşidən kimi o, sakitcə uzaqlaşıb
getdi. Sonra həmin qoca kişi bu dəfə
də kolxoz sədrinə şikayətlənirmiş ki, guya mən
onu heyvan adlandırmışam. “Mizantrop”
sözünü yırtıcı heyvan növü kimi
başa düşübmüş.
1937-38-ci illərdə ölkənin hər yerində
çuğulçular (donosçular) zümrəsi
yaranmışdı. Rusiyada göbələk avqustda meydana gəldiyi
kimi, onlar da həmin qadalı illərdə münbit mühit
tapmışdılar. Onlar böhtan yolu ilə
istənilən adamı bədbəxt, hətta məhv edə
bilərmişlər. Hər
yaşayış məntəqəsinin belə
donosçuları var imiş və hamı onlardan çəkinirmiş.
İndiki professional amerikan boksçuları kimi
onlara ləqəb də qoyularmış.
Mənim tanış olduğuma bənzər nüsxələr
həmin mənfur qaydaların yenə də
qayıdacağına çox ümid bəsləyirdilər və
güman edirdilər ki, qoca vaxtlarında da köhlən
atın belində vüqarla gəzəcəklər. Arzu ahıl yaşa baxmır. Axı 94
yaşlı Venetsiya doju Enriko Dandolo da səlibçiləri
aldadaraq, onların yürüş istiqamətini dəyişdirmiş,
öz şəhərinin ticarətdə böyük rəqibi
olan Konstantinopolu səlibçilərin
köməyi ilə 1204-cü ildə tutub, şəhəri
qarət etmişdi. Burada o, Latın dövləti
yaratmışdı. İşğal etdiyi
şəhərdə at belində məğrurcasına gəzərkən,
yıxılıb budunu sındırmış və 1205-ci ildə
Konstantinopolda da ölmüşdü.
Misal çəkilən primitiv adamlar repressiya
üçün yanacaq rolunu oynasalar da, elə bir əhəmiyyətli
fiqur deyildilər. Təəssüf ki, özünü ədəbiyyat
nəhəngləri hesab edənlər də bu
biabırçı işə öz “töhfələrini”
verməkdən qalmırdılar. Onlar
böhtan atmaqla qələm dostlarından rəqib
saydıqlarını sıradan çıxarırdılar.
Milli respublikalarda bu biabırçı praktika
daha geniş yayılmışdı. Bəzən
yazıçılar repressiyanın güclənməsi
üçün ideoloji dayaq rolunu oynayırdılar. Bəlkə
də böyük proletar yazıçısı Maksim Qorki
öz şəxsi düşmənlərinə heç bir xətər
toxundurmamışdı və ya onlara, ümumiyyətlə,
heç malik də deyildi, nə olsun ki, Mayakovski onun Kapri
adasında yaşamasını da lağa qoyan şeir
yazmışdı, baxmayaraq ki, vərəm xəstəsi olan
Qorki əsasən müalicə məqsədilə
İtaliyanın bu isti və gözəl guşəsini
seçmişdi. Lakin Maksim Qorkinin “Kim təslim
olmursa, onu məhv edirlər” sözləri repressiya
dalğasının genişlənməsi üçün
haray, çağırış rolunu oynadı. Bu kəlmə minlərlə günahsız adamı
Qolqofaya aparan yola daş döşədi.
Repressiyalar həm də görünməmiş qorxu, xof
hissi yaradırdı, əslində mənəvi terror xarakteri
daşıyırdı. Bunlar isə öz növbəsində
yaltaqlığı, təzim qılmağı, köləlik
xüsusiyyətlərini qidalandırırdı. Axı həqiqi məhəbbət qorxu ilə bir
yerdə yaşaya bilmir. Stalinə ifrat təriflə
dolu əsərlər yazılırdı, bəzən
şairlər onu əsl bütə çevirməyə cəhd
edirdilər. Rus yazıçısı
Leonid Leonov qriqorian təqvimindən imtina edib, tarixi İisusun
deyil, Stalinin anadan olduğu ildən başlamağı təklif
edirdi. Bəzi Siyasi Büro üzvləri
Moskvanın adını dəyişib, ona Stalinin adını
verməyi təklif edirdilər. Bu, Stalinin
hiddətinə səbəb olmuşdu. Roma
imperatorları ayların adını dəyişib, onlara
öz adlarını verirdilər. Fransa
inqilabı isə köhnə təqvimdən əl çəkib,
qərar verdiyi ildən tarixi başlamaqla, ayların da
adını dəyişdirmişdi. Bir
neçə ildən sonra bu yenilikdən əl çəkilməli
olundu.
Stalin özü də şəxsiyyətə pərəstişi
güclənməsinin qarşısını almaq fikrindən
uzaq idi. Alman
yazıçısı Lion Feyxtvanger 1930-cu illərdə
Moskvada olanda Stalindən soruşmuşdu: “Bəs Sizi
bığlı adamın minlərlə portreti
qıcıqlandırmır?” Ev sahibi yüngülcə
gülümsünüb, belə bir ruhda cavab verdi ki, bəli, əlbəttə, cənab
yazıçı,biz sizinlə ziyalı adamlarıq, biz bu
bütə sitayişin cəfəngliyini başa
düşürük, lakin biz öz təbəələrimizin
zövqləri ilə hesablaşmaqla, alicənab və
iltifatlı olmalıyıq, axı onların çoxu dünənki
kəndlilərdir. Beləliklə, o, bu daşan
çaya bənd çəkmək fikrindən uzaq olduğunu
bildirirdi.
Lakin Stalin yəqin ki, bunu da bilməmiş deyildi ki,
sitayiş adamların mənəviyyatına ağır zərbə
vurur, onları ruhən kasıblaşdırır. Xalq
özünəməxsus ləyaqət ruhunu itirdikcə
kiçilməyə başlayır. Ona görə də
İngiltərənin görkəmli siyasi xadimi, baş nazir
olmuş Uilyam Qladstounun Almaniya kansleri Otto fon
Bismark barədəki: “O, Almaniyanı böyütdü,
almanları isə kiçiltdi” - sözlərini
bütünlüklə Stalinə də aid etmək olar. Zəkalara qurşaq qoyulması, düşünən
adamların dilinin kəsilməsi, səsinin boğulması cəmiyyəti
yalnız tənəzzülə sürükləyə bilər.
Stalin epoxası
isə həm də belə eybəcərliklərə şərait
yaratmışdı.
Yaradıcı ziyalılar kimi elm adamları da şəxsiyyətə
pərəstişin şişirdilməsində xalqa olduqca pis
nümunə göstərirdilər. Stalinin “SSRİ-də
sosializmin iqtisadi problemləri” əsəri çapdan
çıxdıqdan sonra, hamı gur səslə onu tərifləməyə,
əhəmiyyətini göylərə qaldırmağa
başladı. Hüquqşünas alimlər
və filosoflar isə yaltaqlıq müstəvisində daha
uzağa gedərək, Stalinə məktubla müraciət
edib, hüquqa və fəlsəfə elminin tarixinə aid də
kitab yazmağı ondan xahiş etmişdilər.
Hakim ideologiyaya xidmət ruhunda yazılmış əsərlər
əslində yalnız təbliğat vasitəsi olaraq
qalırdı, bədii səviyyə məsələsində
hər iki ayaqdan axsayırdı. Ona görə də
onların ömrü uzun olmadı, klassikliyə iddia etdikləri
halda, öz populyarlığını heç yarım əsr
ərzində də qoruyub saxlaya bilmədi. Rəhbərin zövqü etalon kimi qəbul
edildiyindən, bu, ədəbiyyata, incəsənətə
“ayı xidməti” göstərildi. Belə əsərlər
az sonra makulatura xarakteri daşıdı,
dram və musiqi əsərləri səhnə üzünə
həsrət qaldı, bir günlük kəpənəklər
kimi qısa ömürlə kifayətlənməli oldular.
Vaxtilə Stalin və
ya Dövlət mükafatları laureatı adına layiq
görünən müəlliflər indi heç ortabab
yazıçıların siyahısına da düşə
bilmirlər.
Tarixçilərin fikrinə görə, dəniz qədim
yunan üçün yaşayış və
düşüncə tərzinin, elmi və praktiki biliklərin
sınaq mərkəzi idi. Dəniz yunanların
tarlası, zəmisi, həm də özünü təsdiq
etmə meydanı idi. Bilikləri mənimsəməklə
yanaşı yunan həm də təbiətin uşağı
olaraq qalmalı idi. Yunan mədəniyyəti
üçün inkişaf etmiş təbiət hissi, onun
mütənasibliyi və təbii harmoniyası mühüm əhəmiyyət
kəsb edirdi. Totalitar cəmiyyətlərdə
isə qan dənizi qorxu mənbəyinə, onu əsaslandırmaq
tədqiqatına çevrilir. Dövlətin
etibarını və inamını qazanmaq üçün mədəniyyət
xadimləri qatilləri vəsf etmək yolunu tutur. Malik olduqları az-çox ilhamlarını buna həsr
edirlər. Onlarda adətən
yaşamağı davam etdirmək, özü də maddi cəhətdən
təmin olunmuş şəkildəki həyata nail olmaq hissi
aparıcı rol oynamaqla, həyatın mənasından
üstün hesab edilirdi. Belə münasibət
isə çoxlarını gələcəkdə unudulmaya, bəlkə
də lənət uçurumuna aparırdı. Qədim Roma tarixinin görkəmli şəxsiyyətlərindən
biri olan Qay Qrakx demişdi ki, “Gənclərin köməyi ilə
nəciblər bir-birini qıracaqlar”. Bu
sözləri dəyişərək demək olar ki, ənamın
köməyi ilə mədəniyyət xadimləri bir-birlərini
dövlətin əli ilə qırmaqdan həzz
alırdılar. Bu da, onların özlərinin
təsvir etməyə qadir olmadıqları ən
böyük faciə idi.
Epiloq və
ya sərt müəllimdən öyrənmək ehtiyacı
Ötən minilliklər, əsrlər insana çox
şeyi öyrədir, bu şərtlə ki, adamların
öyrənməyə həvəsi və ehtiyacı olsun. Tarix heç
kəsi ona maraq göstərməyə məcbur etmir, bu məsələdə
azacıq yanğı hiss edənlər, istənilən an həmin
bulağın gözünə dodaqlarını söykəyib,
onun təmiz və şirin suyundan yararlana bilər. Tarixdən öyrənmək istəməyənləri
isə o, sərt bir müəllim kimi cəzalandırır.
Ona görə də ləyaqətlər və
qüsurlar daşıyıcılarına nüfuz etdikcə,
biz onlar arasındakı fərqləri təhlil etməyi və
bundan nəticə çıxarmağı bacarmalıyıq.
Yaxşı olan nədirsə, ona can atmalıyıq, pis
olandan uzaqlaşmalı, onu məhkum etməklə,
yayılmasına bacardığımız qədər,
imkanımız çərçivəsində müqavimət
göstərməliyik. Belə olan halda, nöqsanlar xeyli
azalardı, böyük Çin mütəfəkkirinin dediyi
kimi, hər bir adam cəmiyyətdə
öz qabiliyyətinə uyğun olaraq yer tutardı. Bu yer istedadlı adamlar üçün xüsusən
vacibdir, axı oda qida lazımdır. İstedadsızlar
isə iri balıqlar toru deşib çıxan kimi,
bütün bəndləri adlayıb, özlərinə
müvafiq və sərfəli olan yer tapa bilirlər.
İnsanlar bir qayda olaraq taleyin böyük və ardıcıl zərbələrinə dözməli olur. Makiavelli taleyi daşıb, çölləri basan, ağacları yıxan coşqun çaya bənzədirdi. Bu çay insanları da öz axınına salıb, onlar üzərində istənilən təcrübə apara bilir. Ona görə də adamlar çayın sakit vaxtlarında ehtiyatlılıq tədbirləri görməlidirlər. Zamana bel bağlamaq da sərfəli deyildir, axı zaman özü ilə həm şəri, həm də xeyri gətirir.
Bir cəhət də nəzərə alınmalıdır ki, adamların xarakteri də dəyişilməyən deyildir, həyat sobasında hər cür filiz əriməyə məruz qalır. Xarakterlərin yaxşı tərəfə dəyişiləcəyi ümidi bizə virtual təsəlli verməklə yanaşı, gələcəyə inam qığılcımını meydana gətirməklə nəcib bir iş görmüş olur. Yəhudilər xanuka bayramını qeyd edərkən, əcdadlarının işığa münasibətinin ifadəsi kimi “azacıq işıq qaranlığı dağıdır” sözlərini təkrar edirlər. Gələcəyə isə insanlar onun daha işıqlı olacağına görə ümid bəsləyirlər, deməli, nəciblik işığı qüsurları, bütün qaranlıq cəhətləri yoxa çıxaracaq və adamların çox arzuladıqları nisbi ləyaqətlər səltənəti bərqərar olacaqdır. Ancaq onu yaddan çıxarmaq olmaz ki, insanlar ağaclardan fərqli olaraq bir-biriylə harmoniyada yaşamırlar.
Əsl ləyaqətlər və harmoniya barədəki arzu isə heç də Qiyamət gününə bəslənən ümiddən kiçik deyildir. Keçmişə salınan kiçik nəzər bu arzunun reallaşması ehtimalının uzaq gələcəyə istiqamətləndiyindən xəbər verir. Dünyaya nə qədər qocalmış kimi baxsaq da, Yer üzü qocalığını etiraf etmir və bizi onun səthində baş verən olaylardan öyrənməyə çağırır. Şərqin böyük şairi Rabindranat Taqorun yazdığı kimi:
Dünya bir sərt müəllimdir,
Keçirir ürəklərimizi sınaqdan.
Biz hamımız öyrənirik məktəbdə,
Dünya adlanan bir atadan.
Atanı, valideynlərimizi saydığımız kimi dünyanın da nəsihətlərinə onlarınkıtək qulaq assaq, yalnız qazanmış olarıq.
Son
Telman Orucov
525-ci qəzet.- 2015.- 16 may.- S.26.