Füzuli sehrindən Sufi təliminə
“Qaraçıdan
soruşurlar: “Sənin vətənin haradır?” O bu çətin
suala belə cavab verir: “Yol”. Qaraçılar
yolları bir-birinə calaya-calaya özlərinə vətən
düzəldirlər. Onu bilirəm ki, yol
müqəddəsdir. Yollar ölkələri,
xalqları, şəhərləri, kəndləri insanları
birləşdirir. Axı, yollar həm də
körpülərdir. Yol mədəniyyətdir.
Müdrik bir həqiqətə əməl edib mən də
bir yola çıxmışam. Sufi Aşıq Veysəlin sözləri
ilə desək “ Uzun incə bir yola...” Bu
yol mənim uşaqlığımdan başlanır: 1970-ci il mayın 16-da qədim və ulu Azərbaycan
torpağı Naxçıvanın Şərur mahalında məşhur
Kəngərlilər nəslində doğulduğum gündən...
Əslində insan ömrü ana bətnindən
haqqın dərgahına gedən yoldur”. Bu uzun sətirlər
“Bədii düşüncə: tarixi gerçəklik və
estetik ideal” (2011) kitabına yazdığım “Uzun incə bir
yoldayam” adlı ön sözdəndir. Yollar çoxdur dəniz
yolu var, səma yolu var, ömür yolu var, dəmir yolu var... Ən çətin yol ömür yoludur. Bu, 45 illik ömrümdə gəldiyim ən
böyük həqiqətdir. Arzum
ömrü ayların və illərin sayı üzrə yox,
tale kimi yaşamaqdır. Və mənim tale dəftərlərim
yazdığım əsərlərdir: Çağdaş
poeziya və klassik ədəbi irs (2000), Poetika məsələləri
(2002), Füzuli sehri (2003), Füzulinin əruz kanonları
üzrə tədris təcrübəsi (2005), Azərbaycan
füzulişünaslığının təşəkkülü
(2005), Azərbaycan füzulişünaslığı (2007),
Fizulivedenie: istoriə i teoriə (2008), Bədii
düşüncə: tarixi gerçəklik və estetik ideal
(2011), Azərbaycan folklorunun nəşr tarixi problemləri
(2011), Azərbaycan füzulişünaslığın
qaynaqları (2011), Sufizm (2014), Azərbaycan ədəbiyyatından
mühazirə mətnləri (Dərslik), (2014) kitabları və
dünyanın müxtəlif ölkələrində
çap edilmiş 200-dən artıq məqalə... Elə
bilirəm ki, ailə qayğıları ilə yüklənmiş
bir qadın, bir ana, mehriban bir övlad üçün bunlar
heç də az deyil!
Atam Teymur Əliyev nadir peşə sahibi - azsaylı alimlərdən
biri - herpetoloq idi. Anam Aybəniz Kəngərli filologiya elmləri
doktoru, gözəl folklorçu, nadidə bir
kitabşünasdır. Bacım Günel məsləyini
sevən bir mütəxəssis, yaxşı həkimdir.
Bütün yaxşı övladlar kimi mən də
dünyadan vaxtsız getmiş atamı hər zaman yad edir,
anamı dünyalar qədər sevir, şərəfini uca
tutur, oğlum Mircəlala dərin məhəbbət bəsləyirəm.
Ən uca tutduğum isə inadkar şəxsiyyətim,
şərəf və ləyaqətimdir. Mən
torpağını, millətini və dövlətini sevən
bir vətən övladı Azərbaycan ziyalısı kimi
yaşamağımla fəxr edirəm.
Bir ədəbiyyatşünas və pedaqoq kimi tale yolum
Füzuli sehrindən Sufi təliminə doğru gedir. Özümü
bu iki dərya arasında üzən kövrək bir
qayığa bənzədirəm.
Ömür
yolumdan və elmi taleyimdən bəhs edərkən ailəmizin
xeyirxahları olmuş iki böyük şəxsiyyəti
AMEA-nın müxbir üzvü, professor
Abbas Zamanov və akademik Bəkir Nəbiyevi minnətdarlıqla
xatırlamaya bilmərəm. Bu iki böyük ədəbiyyatşünasla
ünsiyyət etmək gənclik yaşlarımdan məndə
söz sənətinə məhəbbət yaradıb. Onlar mənə təkcə ədəbiyyat yox, həm
də ləyaqət və mərifət dərsi veriblər.
Xoşbəxtəm ki, elmdə yolum dünyanın ən
böyük lirik şairi dahi “qəlb şairi” Füzuliyə
aşiqlikdən başlanır. 2000-ci ildə görkəmli şərqşünas
alim,akademik Rafael Hüseynovun tələbkar rəhbərliyi və
əsl ziyalı qayğısı sayəsində
“Çağdaş Azərbaycan poeziyasında Füzuli ənənələri”
mövzusunda namizədlik dissertasiyası müdafiə
etmişəm. 2001-ci ildən Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində elmi-pedoqoji fəaliyyətə
başlamış, xeyirxah ziyalıların diqqəti sayəsində
2005-2012-ci illərdə bu universitetin ən böyük
kafedrası olan “Ədəbiyyat və Azərbaycan dili”
kafedrasına rəhbərlik etmişəm. İndi həmin universitetin prorektoru vəzifəsində
çalışıram. Xoşbəxtəm
ki, bu gün bir zaman mənə dərs demiş müəllimlərimlə
çiyin-çiyinə çalışıram.
2009-cu ildə
AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunun nüfuzlu Dissertasiya Şurasında uğurla
müdafiə etdiyim “Azərbaycan
füzulişünaslığının tarixi və
inkişaf mərhələləri” adlı doktorluq
dissertasiyasını da ADMİU- da işləyib
tamamlamışam. Bu əsər və onun əsasında
çap olunmuş “Azərbaycan
füzulişünaslığı” (2007) monoqrafiyası Azərbaycan
ədəbi-nəzəri fikri tarixində azərbaycanlı
alimin yazdığı ilk “şünaslıq” əsəridir.
Monoqrafiya aşağıdakı sətirlərlə
başlayır: “Əslində bu kitaba mükəmməl bir
ön söz yazılmalı idi. Fəqət biz
düşündük ki, dahi Füzuliyə ön söz
yazmaq olmaz. Çünki Füzuli
SÖZ-ü bütün sözlərdən öndədir.
Füzulidən əvvəl ancaq iki böyük söz yazmaq
olar: ALLAH və MƏHƏMMƏD! Allahdan sonra dünyaya
söz gəlib, dörd müqəddəs səma kitabı:
“Zabur”, “Tövrat”, “İncil” və “Quran” SÖZ-lə
yazılıb. SÖZ-ün tanrısıdı Mövlanə
Məhəmməd Füzuli! Elə buna görə də :
Sözə
xor baxmaq olmaz hər bir söz
Ərşdəndir gəlib hədiyyə bizə.
Ömrümün, taleyimin ən şirin məqamı ərşdən,
səmadan, ilahidən enib gəlmiş SÖZ-lə ünsiyyətdə
olduğum anlardır. Hələ gəncliyimdən ədəbi
sevgiyə təşnə olan qəlbimin qapılarını
bədii SÖZ-ün üzünə açmışam, onu
bağrıma basmışam. SÖZ məni
ucaldıb, yer əzablarından xilas edib, ilahi nurun
işığına sarı çəkib. Zirvəsində Füzuli dayanan SÖZ-ün ətəyindən
tutub uzun incə bir yolla getməkdəyəm - Füzuli sehrindən
Sufi təliminə doğru. Bu mənim həyat
yolum, ziyalı yolum, alim yolumdur.
Hər dəfə Füzulinin “Divan”ını əlimə
alanda ürəyim nanə yarpagı kimi əsir. Elə bilirəm
bütün dünyanı əlimdə saxlamışam.
Füzuli poeziyası ilə üzləşəndə
hər dəfə imtahan verir kimi həyəcan keçirirəm.
Bəli, mən Füzuli aşiqiyəm. Bu
eşq, bu aşiqlik olmasaydı Azərbaycan
füzulişünaslığında yenilik kimi
qarşılanan “Füzulidə hüsn”, “Füzulidə
eşq” , “Füzulidə qəm”, “İlahi eşq dastanı :
“Leyli və Məcnun”, “Məcnun adını dünya
lövhündən göz yaşı ilə silən
Füzuli”, “İrfan abidəsi”, “Füzuli gülşəni”,
“Sözün sarvanı olan söz”, “Füzuli şeirinin
hüsnü” kimi məqalələr yazıla bilməzdi.
Hüsnün
olduqca füzun, eşq əhli artıq zar olur,
Hüsn nə miqdar olursa, eşq ol miqdar olur.
deyirdi
Füzuli. Hüsn tanrının insana bəxş etdiyi sonuncu
imkan, eşq insanı ucaldan ən ali
qabiliyyət, qəm insana məxsus ən doğma hissdir. Hüsn nə qədər kamil olsa, eşq o qədər
böyük olar, eşq nə qədər böyük olsa qəm
o qədər dərin olar - budur Füzuli şeirinin əsas
düsturu.
“Mənəm
ki, qafiləsaları karivani qəməm” -
deyirdi
Füzuli! Mənim uzun, incə, bəyaz
ömür yolum - tale yolum, Füzulinin qəm karvanının
izi ilə, onun ardınca gedir.
Ədəbi irsin tədqiqi tarixi və təcrübəsi
göstərir ki, ənənəyə düzgün istinad etmədən
ədəbiyyatda novatorluğa nail olmaq çətindir. Böyük nəzəriyyəçi
Y.Qarayev deyirdi ki, əslində novatorluq ənənəyə
münasibətin konkretliyidir. Mirzə Cəlilə həsr
olunmuş “Milli vicdanımızın qəm
işığı”, M.Ə.Sabirdən bəhs edən “Milli
yaddaşımızın fəryadı”, Hüseyn Cavidlə
bağlı “Romantik faciənin mistik qatı”, “Cəfər
Cabbarlının estetik idealı”, Mikayıl Müşfiq
poetikasına üz tutan “Bədr olmamış hilal” , Rəsul
Rzadan bəhs edən “Qapalı dodaqların söz
yanğısı”, Məmməd Araz şeirinin fəlsəfi
mahiyyətini açan “ Ağrı yaddaşının
harayı”, “Bəxtiyarın sənət aləmi və
Füzuli qəmi”, Vaqif Səmədoğlu poeziyasının
poetik sehrini araşdıran “İki əsri öldürən
şair” kimi məqalələr belə bir konsepsiya əsasında
yazılıb. Elə bilirik ki, qeyd olunan məqalələrin
adları onların məzmunu haqqında kifayət qədər
təsəvvür yaradır. Bu məqalələrdə
belə fikirlər yer alır: “ Ədəbiyyatın
böyüklüyü xalq ruhunu, xalqın həyat tərzini
hansı səviyyədə əks etdirməsi ilə
ölçülür”;
- “Mirzə Cəlil Azərbaycan nəsrinin zirvəsidir. Nə ona qədər,
nə də ondan sonra nəsrimiz bu zirvəyə qalxa bilmədi”.
- “M.Ə.Sabir zamanın içində yox, fövqündə
dayanan, onu bütövlükdə əks etdirən dahi sənətkar
idi. Bu Sabir
realizmini səciyyələndirən başlıca cəhətdir...
“Hophopnamə” bizim milli poetik
ensiklopediyamızdır”.
-
“Hüseyn Cavidin romantizmi Şərqin və bütün
dünyanın ən kamil fəlsəfi cərəyanı olan
Sufizm bulağından dirilik suyu içib... “Mən
fəqət hüsni-xuda şairiyəm! “Yerə enməm də
səma şairiyəm” misraları H.Cavidin bütün çərçivələri
söküb-dağıdan, əngin səmalara qapı
açan romantik fəlsəfəsidir.
- “Minillik ənənələri olan Azərbaycan
şeirinin sübh çağı, gənclik nəfəsi
idi Müşfiq. Onun bütün şeirləri
özünə oxşayır. Ancaq mənə
elə gəlir ki, “Yenə o bağ olaydı” şeiri
Müşviqə daha çox oxşayır.
Müşfiq məhz bu şeirin içindən boylanıb gələcəyə
baxır... Bu , sadəcə şeir deyil. Müşfiqin öz sözləri ilə desək
“varlığın eynidir”, poetik obrazların elə kamil vəhdətidir
ki, dahi rəssamın tablosundan çıxıb qaçan
gözəllik kimi insanın üzərinə
yürüyür”.
- “Ağrıya həssaslıq şair qəlbinin əsas
xüsusiyyətidir. Harada vətən dərdi, xalq kədəri,
millət taleyi varsa, harada insanın vətəndaşlıq
haqları pozulursa orada şair qəlbinin yaddaş harayı -
ağrı yaddaşı da var, çoxəsrlik irsimizin bədii
- fəlsəfi ənənələri məhz ağrı
yaddaşı üzərində köklənib”.
İstər
doktorluq işimin müzakirə və müdafiəsi
zamanı, istərsə də bu əsər “Azərbaycan
füzulişünaslığı” (2007) adı ilə
monoqrafiya halında çap olunandan sonra özümdən əvvəlki
qüdrətli füzulişünaslarla mübahisə təriqində
irəli sürdüyüm əsas bir ideya - Füzulinin Şərqin
qüdrətli sufi şairi olması fikri az qala süngü ilə
qarşılandı. Əslində bu, tədqiqatın
əsas yeniliklərindən biri - elmi məqsədim idi.
Hələ təzkirələri demirik, bütün XX əsr
boyu Füzulidən yazan Sovet alimləri ya tərəddüddə
olmuş (məsələn M. Quluzadə, F. Qasımzadə) ya
da onun sufi olmadığını israr
etmişlər (məsələn, B. Çobanzadə, H.
Araslı, S. Əliyev). Bizə etiraz edənlərin əsas
fikri bu idi ki, sufi adlandırmaqla biz
Füzulini heç də ucaltmır, əksinə onun ədəbi-
tarixi, poetik - fəlsəfi mövqeyini kiçildirik...
Füzuli orta çağlar türk Azərbaycan sufizminin
aliməqam şəxsiyyətidir. Əslində
çağdaş ədəbiyyatşünaslığın
sufizmə belə yanlış münasibəti bizim bu möhtəşəm
bədii-fəlsəfi cərəyana marağımızı
daha da artırdı, faktiki olaraq bizi sufizmin çətin,
cazibədar aləminə yönəltdi. Nəticədə
“Sufizm” (2014) monoqrafiyası meydana gəldi.
Biz bu fikirdəyik ki, Sufizm məxluqun xaliqə mistik məhəbbət
yolu ilə qorunması haqqında fəlsəfi təlimdir. Monoqrafiyada sufizmin mənşəyi,
fəlsəfi mahiyyəti, sufizmdə mərhələ
yaratmış üç böyük şəxsiyyətin -
sufizmi islam teologiyası ilə birləşdirmiş İmam Qəzalinin
(1058-1111), vəhdəti-vücudun əsasını qoymuş
“Əş şeyx əl əkbər” nüfuzu qazanmış
İbn Ərəbinin (1163-1240) və 30 yaşında
“Gülşəni raz” əsəri ilə “sufizmin
açarı”nı kəşf etmiş Şəbüstərinin
görüşləri, habelə Əhməd Yəsəvinin,
Mövlanə Cəlaləddin Ruminin, Yunis Əmrənin,
Əvhədinin, Nəsiminin, Xətainin, Mövlanə Məhəmməd
Füzulinin poeziyasını sufi ədəbiyyat kimi nəzərdən
keçirilir...
Orta əsrlər, xüsusən də dahi Füzuli poetikası və füzulişünaslıq, habelə XX əsrin Mirzə Cəlil, Sabir, H.Cavid, C.Cabbarlı, B.Vahabzadə, R.Rza, M.Müşfiq, V.Səmədoğlu, R.Rövşən haqqında yazdıqlarım mütavazi yazılar akademiklər Fuad Qasımzadə, İsa Həbibbəyli, Rafael Hüseynov, Teymur Kərimli, professorlar Əlyar Səfərli, Himalay Qasımov, İlham Rəhimli, Məryəm Əlizadə, Tərlan Quliyev, kimi görkəmli ədəbiyyatşünasların diqqətini cəlb edib, onlar mənim barəmdə sanballı məqalələr yazıblar. İsa Həbibbəyli yazır: Təqdim olunan monoqrafiya (“Azərbaycan füzulişünaslığı” - G.Ə.K) Azərbaycanda ədəbiyyat haqqında elmin tarixində şünaslıq səviyyəsində yazılmış ilk sanballı və ümumiləşmiş əsərdir... milli ədəbiyyatşünaslıq elminin ayrı-ayrı mərhələlərindəki inkişaf səviyyəsini, kəmiyyət və keyfiyyət göstəricilərini əks etdirən qiymətli əsərdir”.
Görkəmli filosof, akademik Fuad Qasımzadə “Azərbaycan füzulişünaslığının tarixi inkişaf mərhələləri” adlı doktorluq dissertasiyasına rəyində yazır: Çox güclü bir əsərin təqdimi qənaətinə gəldim. Sevinirəm ki, bu əsəri oxumuşam, feyz almışam desəm daha doğru olar. Müəllifə “Mərhaba, afərin olsun” deyirəm.
Ədəbiyyatşünas G.Əliyevanın “Azərbaycan füzulişünaslığı” (2007) adlı sanballı monoqrafiyası və onun əsasında yazılmış doktorluq dissertasiya füzulişünaslığı elmi sistem kimi araşdıran ilk tədqiqat əsəridir. Etiraf edək ki, müəllif çox ağır , lakin olduqca aktual mövzuya müraciət edib”. Bu mülahizələr isə dövrümüzün görkəmli filoloqu AMEA-nın müxbir üzvü Nizami Cəfərova məxsusdur.
Möhsün Nağısoylunun “Füzulişünaslıq elmi yarandı” məqaləsində isə belə fikirlər yer alır: “Azərbaycan füzulişünaslığı” monoqrafiyasında müəllifin ən böyük kəşfi dünya və Azərbaycan füzulişünaslığının mənşəyini Füzulidən başlamaq ideyasıdır. Tamamilə yeni bir konsepsiya quran G.Əliyeva-Kəngərli özünəqədərki nəzəri metodoloji konsepsiyaları, füzulişünaslığın estetik kanonlarını dağıdır”.
Adlarını qeyd etdiyim görkəmli alimlərin hansı birindən xahiş etsəydim (ənənəvi olaraq) bu yazını yazardı. Fəqət, bir ziyalı və elm adamı kimi keçdiyim qısa, gərgin və narahat ömür və tale yoluna özüm nəzər salmaq istədim. Bu mənim özünüifadəm və uzun incə yolumda geriyə baxıb gördüklərimin müxtəsər tarixçəsi idi. Gələcəkdə məni nələr gözləyir, onu ərşi və fərşi yaradan qadir Allah bilir.
Ömrümün Füzuli sehrindən Sufi məsləkinə gələn yolunu şirin əzablarla dolu tale yolu, şərəf yolu hesab edirəm.
Fikrimcə insanın həyatında iki əsas özünüdərk məqamı var: biri doğulduğu gün, bir də nə üçün doğulduğunu anladığı gün. Həyatda öyrənməyə, nəyəsə nail olmaqa tələsmişəm, təntimişəm. İndi isə ayaq saxlayıb, hara tələsdiyimi, tələsib hara çatdığımı təhlil edirəm.
Düşünürəm ki, tarixi bilinməyən türk bədii SÖZ-ünə xidmət, sözün keşiyini çəkmək, ucalığını- ilahiliyini qorumaq millətə xidmətdir. Müstəqil Azərbaycan dövlətində yaşamağımdan hədsiz qürur duyuram.
45 yaşdan o yanda məni nələr gözləyir
onu bilmirəm. Allahın izni ilə əgər mən
olacağamsa, onda mənə ayrılmış ömür
payını Millətə, Dövlətə və Ədəbiyyata
xidmət edəcəyəm.
Gülşən
ƏLİYEVA-KƏNGƏRLİ
525-ci qəzet.- 2015.- 16 may.- S.25