Berlində bir şahzadə  

 

 

Fassenen küçəsindəki bəyaz evin ikinci mərtəbəsinin pilləkənlərindən aşağı düşərkən salondakı güzgüdə özünə baxdı. Qırmızı fəsi yanaqlarına rəng qatmışdı. Yaxşı ki, bu fəsi İstanbuldan alıb yanında gətirmişdi. İstanbul deyincə ürəyi qabarırdı. O sirli saraylar, böyük qübbəli məscidlər, incə uzun minarələr, masmavi boğaz... Dərindən bir ah çəkdi. Əlində olsa orada qalıb yaşayardı. Amma tale onu atasıyla buralara atmışdı.

 

Uzun ənənəvi Qafqaz geyiminin üstündəki kəməri möhkəm sıxdı. Sağ tərəfdəki xəncər yeri boşdu. Bir an Bakıdakı köhnə qoçuları düşündü. Necə bəlalı insanlardı. Bellərində həm xəncərləri, həm tapançaları vardı. Küçələrdə gəzərkən insanlar qorxudan onları göz ucuyla təqib edər adlarını səssizcə tələffüz edirdilər...

 

Əsas qapıdan çıxarkən küçənin sağ başında ev sahibini gördü. Bir almanla söhbət edirdi. Tez əks tərəfə doğru qaçdı. İki aylıq ev kirə pulunu ödəməmişdilər. Atası İbrahim səhərdən evdən çıxmış, hələ dönməmişdi.

 

Beş dəqiqə sonra Berlinin ən məşhur prospekti olan Kurfüstendama çatmışdı. Prospektin başında durub yoldan gəlib gedənləri izlədi. Köçkün ruslar, türklər, mısmırıqlı narazı almanlar çeşid-çeşid avtomobillər... Əslində Friedrich prospektinə getmək istəyirdi. Almanların Böyük Friedrich dedikləri krallarının adını alan prospekt Berlinin ən canlı prospekti idi. Böyük vağzal, Berlinin hər tərəfini qucaqlayan kanalların başlanğıcı ən maraqlısı da məşhur Berlin Muzeyi oradaydı. Amma onun ən çox sevdiyi yerlər sarışın alman qızlarının doldurduğu kafelər idi. Pulu olduğunda o kafelərə gedər, bir küncdə duraraq pivəsini qurtumlar ətəkləri havalara qalxan alman qızlarının rəqsini izlərdi. Berlində həyat kafelərdə idi. Amma o hey Şərq qəhvəxanalarını xəyal edərdi. Hekayə söyləyən məddahlar, fosur-fosur nargilə içən uzun bığlı kişilər dumana boğulmuş bir məkanda səslənən türkcə  sözlər...

 

İlk gələn tramvaya mindi. Tramvay Hardenberg prospektinə girincə hüzünlə prospektin Kurfürstendam prospektinə qıvrılan küncünə gözləri daldı. Orada, dedi öz-özünə... Məşhur Tələt Paşanı bax burada, İrandan gəlmiş erməni terrorist Sogomon Teyleryan arxasından xaincə yaxınlaşaraq şəhid etmişdi. Tam 7 il öncə... 1921-ci il martın on beşində. Qosqoca Osmanlı Dövlətinin padşahdan sonra gələn bir paşasının öldüyündə cibindən 5 mark çıxmışdı. Tramvay Friedrich prospektinə girincə dayanacaqda düşdü. Prospekt boyunca yeridi. Friedrich vağzalı yaxınlarında qəzet satıcıları növbə gözləyən əsgərlər kimi durmaqdaydılar. Berlinin üzərinə həfifdən bir payız yağışı çisələməyə başladı. Gücləndi. Yanından keçən bir maşın üstünə palçıq sıçratdı. Admirals Palast Teatrının önündə dayanıb bəyaz uzun sütunlarına baxdı. Pulu olduğunda mütləq buradan içəriyə girəcəkdi. Bəlkə bir gün onun yazdığı oyunlardan biri burada səhnələşdiriləcəkdi.

 

Körpüyə çatanda durub Spree çayının donuq, yaşılımtıl suyuna, sonra da başını qaldırıb bir qatarın gurultuyla girməkdə olduğu stansiyanın dəmir estakadasına baxdı. Geniş Friedrich prospektinin sonuna qədər göz gəzdirdi. Bu şəhər islaq çılpaq küçələrinin klassik səliqəsi ilə gözəldi. Bu yad havanı dərin-dərin içinə çəkdi yanından keçənlərin solğun üzlərinə baxdı.

 

Upuzun uzanan Luisen prospektinə keçdi. Binalar qırmızımtıl bir rəng almışdı. Küncdə qalın, barmaqsız əlcək geyinmiş bir adam şabalıd satırdı. Gözləri tünd maviydi. O, sanki o biri dünya işlərinə dalmış kimi göstərişsiz olan bu gözlərə daha iki kişinin sahib olduğunu düşündü:Kral Friedrich şair Kelist.

 

Başı önə əyik, çiyinləri  dik halda sürətlə yeridi. Solunda Charite xəstəxanasının qırmızı kərpicli divarı yüksəlirdi. Xəstəxananın tam girişində bir kiosk gördü. Kiosk adı da ona yad  deyildi. Türklərin köşk sözündən almış kiosk etmişdilər. Yaxına getdi. Kioskda təzə krausanlar vardı. Əlini cibinə atdı. Onun da Tələt Paşa kimi cibində sadəcə beş markı vardı. Bir markına bir krausan aldı hilal şəklindəki çörəyin ucundan dişlədi. Bu da İstanbulun hədiyyəsidir, dedi öz-özünə... Almanlar 1683-cü ildə Vyanaya gələn türklərin qırmızı bayraqlarındakı hilalları o qədər qorxuyla izləmişdilər ki, onlar getdikdən sonra hilal şəklində çörək bişirmək çörəkçilər arasında dəb olmuşdu. Gülümsəyərək məşhur Reichstagın olduğu Unter den Lindenə doğru getdi. Geniş prospektin sağ solunu süsləyən ağaclarına baxıb xəyallara daldı. Sanki Berlində, Unter den Lindendə deyil, Bakıda gəzirdi.

 

Bakı Xəzər dənizi sahilindəki neft şəhəri mənim uşaqlığımın keçdiyi şəhər əski Çar Rusiyasındakı vətənim. Yurdum yox oldu! Bu acı inanılmaz bir şey! Məni yeyib bitirir. Uşaq kimi ağlamaq istəyirəm. Bu acı, bu mərhəmətsiz acı məni öldürür. O şəhər Avropada, Asiyadaydı. Xatirələrimdə canlanan o əski divar Xan Sarayı sislər içində qalmış. Sislər daha da artdıqca acılar içində kresloya gömülürəm. Hər kəlmə, hər düşüncə, hər hiss düşmənimi xatırladır. Bax burada! Ayağımın üstündə oturmuş sanıram uzun, sərt qırmızı dişlərini görürəm. Mənə sanki belə söyləyir:”Məndən qaçammazsan! Məndən qaçammazsan!” Onu döyümmü, yalvarımmı, yoxsa onunla döyüşümmü? Əski şəhərin yıxıq görüntüsü qeybə çəkilir...”

 

  Krausanı dişlərinin arasında sıxaraq hıçqırdı. Əlləriylə göz yaşlarını sildi. Arxadan bir səs duydu:

 

- Əsəd bəy, Əsəd bəy!

 

Arxasına baxmadan qaçdı. Bir Qafqaz şahzadəsinin ağladığını görsünlər istəmirdi.

 

P.S: Yuxarıdakı  qara hərfli yazılar Əsəd bəyinİstanbullu qızkitabından götürülüb. Sondakı qara hərfli yazılar isə yenə onun ölümündən öncə yazdığı bu günə qədər nəşr olunmayanEşqdən anlamayan adamkitabındandır.

 

 

 

Orxan ARAS

 

525-ci qəzet.- 2015.- 16 may.- S.23.