Gürcü gömrüyündə “Şah Abbas”ı saxlamaq
istədilər
(Malatya səfərindən I yazı)
Səfəri yazar və bəstəçi
dostumuz Zəka Vilayətoğlu təşkil
eləmiş, “İndeks”
(Azərbaycanın İnsan
Resursları İnkişafı
Mərkəzi) onu rəsmiləşdirmiş, İnönü
Universitetinin tələbələri
gerçəkləşdirmişdi. İrəli gedərək
deyim ki, mayın 5-də Malatyanın
“Hilton” otelində Azərbaycan
ədəbiyyatı gecəsi
keçirildi.
Universitet tələbələrinin başqanı
Ramal Şəmşədli və
“İndeks”in bölgə
rəhbəri Sənan
Cavadlı əsas təşkilatçılar idi. Dəvətlilər arasında İnönü
Universitetinin müəllimləri
və Türkiyədə
çalışan tanınmış
simalar da vardı. Ən maraqlısı isə
məşhur yazıçı
Çingiz Aytmatovun oğlu Əsgər Aytmatovla görüş idi.
Biz sözümüzü deyəndən, başqalarını
da eşidəndən
sonra bir gün də şəhərdə qaldıq
və qayıtdıq. Maraqlı gecə
və səfər idi. Ona görə də
rəsmi məlumatı
kənara qoyub, yolboyu başımıza gələnlərdən danışsam
yaxşıdır. Onu
da deyim ki, səfərə maşınla getmişdik:
mən, Xəyal Rza və Zəka
Vilayətoğlu.. Məqsədimiz Qara dəniz
sahilini seyr eləmək idi. Arzumuzun artıqlaması ilə reallaşdığını deməliyəm.
Çiskinli havanın müşayiət
elədiyi səfərdə
yaşıllıq və
səliqə-səhman diqqətimizi
daha çox çəkdi. Bəlkə də ona görə ki, hər tərəf yaşıllığa bürünmüş
və təbiətin bəzi eybəcərlikləri
də görünməz
olmuşdu.
Bakıdan səhər erkən çıxdıq, Qırmızı
Körpünü və
Batumu adlayıb Türkiyəyə keçdik.
Məlumat üçün deyim
ki, SOCAR və Türkiyə şirkətləri
Gürcüstan ərazisində
hakimi-mütləqdilər, amma hara getdiksə
erməni tacirlərinə
rast gəldik: otellər və mehmanxanalar onların nəzarətindədir...
Burda dayanaq və qayıdaq geri.
Qırmızı Körpü gömrük məntəqəsini biz ayaqla,
Zəka maşınla
keçdi, amma nə qədər gözlədiksə, dostumuzdan
xəbər çıxmadı. Xəyal zəng eləyib gecikməyinin səbəbiylə maraqlandı.
Məlum
oldu ki, səfər yoldaşımızın
gecikməyinin səbəbi
bizim kitablarla bağlıdır. Kitabları tələbələrə
aparırdıq.
Geri qayıtdıq. Gürcü gömrükçüləri
kitabları ələk-vələk
eləmişdilər, bir-bir
yoxlayırdılar. Onlardan birinin
gözü bəndənizin
“Şah Abbas” romanına sataşdı.
Onu əlinə alıb bir xeyli
baxdı və:
- Şah Abbas, Şah Abbas, - deyə mızıldandı.
- Hə, o sizləri çox sevirdi, -deyə gömrük məmurunu sancdım. Çünki gecikirdik, gözləməkdən
də bezmişdik.
O da istehzayla üzümə
baxdı:
- Hə, sevirdi, - dedi.
Mən də söz altında qalmadım.
- Bizlərdə də çariça Tamaranı,
knyaz İraklini çox sevərlər. Birinci Pyotra da, İkinci
Yekaterinaya da, çar İkinci Aleksandra
da rəğbətimiz
var. Adını çəkdiyim
tarixi şəxsiyyətlərin
Azərbaycana və Türkiyəyə çox
ziyanları dəymişdi.
Mənim
bu sözlərimdən
sonra gürcülər
kitabları kisələrə
doldurub surqucladılar
və dedilər ki, onları Gürcüstan ərazisində
açsaq, beş
min lari cərimə ödəyəcəyik.
Bizi bir də Batum sərhədində
saxladılar. Bu dəfə
Yol Polisi Xidmətinin əməkdaşları.
Dayanıb növbə gözlədiyimiz
yerdə sürücünün
kəmər taxmamasını
bəhanə gətirib
40 lari (18 manat) cərimələdilər. Sonradan bildik ki, burada
hər hansı qərəz olmayıb, sadəcə gürcülərin
büdcəsini yabançıların
hesabına doldurmaq bir adətdir.
Türkiyədə isə Yol Polisi
əməkdaşları Azərbaycan
maşınlarını saxlamırlar. Saxlayanda
isə hal-əhval tutmaq üçün: məmləkətdə vəziyyət
necədir, Qarabağı
nə zaman qaytaracaqsınız və
s.
Maraqlı hadisə isə sərhəddən keçəndən sonra, deyəsən Girəsun tərəfdə oldu. Yol polisi sürət həddimizi aşdığımıza görə bizi saxladı, sonra yolumuza davam eləməyimizi istədi və hara getdiyimizlə maraqlandı. Zəka bəy:
- Malatyaya, - dedi.
Bu sözləri eşidən “QAİ” əməkdaşının gözləri kəlləsinə çıxdı, az qala canavar kimi uladı və:
- Sən hələ yürü, yürü, - dedi...
Onda başa düşdük ki, bizim yolumuz qurtaran deyil. Sonradan isə bildik ki, marşrutu düz seçməmişik, hardasa 350 kilometr yolu artıq getmişik, sol qulağımızı sağ əlimizlə tutmuşuq. Amma bütün bunlar səfərdən aldığımız ləzzət və təəssürata pis təsir eləmədi, əksinə yol boyu lətifələr danışır, tanıdığımız dost-tanışın məzəli əhvalatlarını və vərdişlərini yada salırdıq. Xəyal Rzanın parodiya məharəti və Zəka Vilayətoğlunun oxuduğu mahnılar çox köməyimizə gəldi.
Ətraf o qədər gözəl, sakit, bəzən də elə bakirəydi ki, ondan ləzzət almamaq mümkün deyildi. Sadəcə bir dostumun Quba səyahəti zamanı dedyi sözləri yadıma salırdım: “Adam bu yaşıllığı, bu gözəlliyi gözlərinə yığıb aparmaq istəyir...”
Bu sözləri xatırlayarkən səfər yoldaşlarıma məşhur yazıçı Ernest Heminqueyin bir deyimini təkrarlayırdım: Bu gözəlliyi ayıq başla seyr eləmək olmaz, adamın qısqanclıqdan ürəyi partlayar. Amma nə yaxşı ki, həm gedəndə, həm də geri qayıdanda öz məmləkətimizin gözəlliyini bir daha hiss edir və qürurlanırdıq. Yaxşı marşrut seçmişdik axı: Qazax, Ağsu dolayları və Bakı...
Növbəti yazı Qori şəhəri, Müəllimlər Seminariyası və Stalin muzeyi barədə olacaq...
03-10 may
2015
Elçin Hüseynbəyli
525-ci qəzet.- 2015.- 16 may.- S.23