“Mənim günahım” yeni quruluşda
Akademik Milli Dram Teatrında görkəmli Xalq
yazıçısı İlyas Əfəndiyevin “Mənim
günahım” pyesi əsasında hazırlanan tamaşanın
bu yaxınlarda premyerası keçirildi.
Teatr bu
tamaşanı Prezident İlham Əliyevin XX əsr Azərbaycan
ədəbiyyatının klassiki İlyas Əfəndiyevin
anadan olmasının 100 illik yubileyinin keçirilməsi
haqqında 16 yanvar 2014-cü il tarixli Sərəncamına
əsasən hazırlayıb. Yeni
tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov,
quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı
isə Kamil İsmayılovdur. “Mənim
günahım” dramaturqun əsərləri içərisində
xüsusi yer tutan bir pyesdir. Tamaşada
Sahiblə (Əməkdar artist Elşən Rüstəmov)
Nurcahanın (Xalq artisti Məleykə Əsədova) məhəbbəti
əsas yer tutsa da, şəxsiyyət və cəmiyyət, mənəvi-əxlaqi
problemlər, vətəndaşlıq borcu, insanlıq ləyaqəti
kimi məsələlər də ön plana çəkilir.
Tamaşada ən çox yer tutan, hadisələrin mərkəzində
duran obrazlar Nurcahan (M.Əsədova) və Sahibdir (E.Rüstəmov).
Dramatik konfliktə təkan verən Sahibin
hərəkətləridir. Səhnə əsərində
balerinanın taleyinə xüsusi yer ayrılıb. Əsas konflikt hər iki obrazın daxili aləmlərinin
dərin qatlarında üzə çıxır. Nurcahan bir balerina olaraq Sahiblə xoşbəxt həyat
sürür. Sahibin nəzərində
Nurcahan həm istedadlı balet ulduzu, həm də yüksək
mənəviyyatlı qadındır. Sahib şəhər
sovetinin sədri seçildikdən sonra başı
büsbütün işə qarışır. Hətta vaxt
tapıb Nurcahanın
iki yüzüncü dəfə oynadığı
“Jizel” tamaşasına gedə bilmir. Ərlə
arvad arasında əsas konflikt də bu səbəbdən
başlayır. Sahib xanımının alnından öpərək
deyir:
- Səni
təbrik edirəm, əzizim. Çox vacib bir məsələ
ilə məşğul olduğum üçün gələ
bilmədim. Amma televizorda gördüm.
Sən on beş il bundan qabaq, o unudulmaz gecədəki
kimi misilsiz idin...
Nurcahan - Yalan deyirsən.
Sahib - Yalan
deyirəm?
Nurcahan -
İkiüzlülük edirsən! Sən o zaman
Jizelin alnından öpməmişdin. Sən
o zaman Jizelə bir kəlmə söz demək
üçün üç saat qapının ağzında
dayanmışdın. İndi sənin
işin var. Sənə inanmıram. Əvvəllər
səni zəncirlə də bağlasaydılar, dayanmazdın”.
Xalq artisti Məleykə Əsədova
Nurcahanı ürəklə oynayır, hiss olunur ki, aktrisa
obrazın bütün təbiətini duymuş, daxilinə
enmişdir. O, məharətli oyunu ilə orijinal və
yaddaqalan bir surət yaradır. Nurcahan Sahibdən
özünə qarşı məxsusi diqqət və
qayğı tələb edir. Obrazın daxili aləminin bütün incəliklərini
dözümlü aktyor oyunu ilə canlandırıb, səhnə
təcəssümünə çalışan aktrisa
tamaşaçıları həyəcanlandırır. Qəhrəmanlar arasındakı sevgi xəttində
aktrisa təbii oyunu ilə dərin məhəbbətlə sevən
və öz məhəbbətini uca tutan yüksək mənəviyyatlı
qadın obrazı yaradır. Sanki aktrisa
özünü unudub surətin həyatı ilə
yaşayır, onun düşüncələrini, daxili
sarsıntılarını təbii şəkildə
canlandırır. Bu rolda o, həqiqətən Nurcahana
çevrilir, onun sevinclərini, dəruni hisslərini şəxsi
duyğuları kimi yaşayır.
Təbii
olmayan, qeyri-səmimi bir söz demir. Bir obraz kimi
Nurcahan ziddiyyətli xarakterə malikdir. Bir tərəfdən
o, ərini tərifləyir: “Sənin alicənablığına,
mərdliyinə mənim heç bir zaman şübhəm
olmamışdır.
Bilirəm ki, sən əsl kişisən. Tale həqiqi ərlərə
məxsus bütün mərd sifətləri sənə bəxş
etmişdir. Ona görə də mən sənin əsirinəm”-
deyirsə, digər tərəfdən onu təhqir edir: “Bəsdir,
nankor, alçaq! Mən sənin
üçün yalnız bir qadın olmamışam. Mən səni çamurun içindən çəkib
çıxarmışam. Sən mənə
rast gələndə əyninə geyməyə bir dəst
tuman-köynəyin yox idi. Aferist.
İndi sədr olmusan... Böyüklərlə
oturub-durursan. İndi sənə Ayqız
kimi on doqquz yaşında gözəl lazımdır. Nurcahan köhnəlmişdir. Nurcahan
sənə lazım deyil.
Nurcahan qocalıb. Nurcahan səhnədən gedir. Nurcahanın günəşi batır”. Bu sözləri deyərkən aktrisa obrazın
daxili-psixoloji vəziyyətini ehtirasla və yüksək
peşəkarlıqla nümayiş etdirir. Məleykə Əsədovanın Nurcahanı daxilən
çılğındır, emosionaldır, həssasdır, zərif
qəlbə malikdir. Onun Nurcahanı
qısqancdır və bu qısqanclığın səbəbi
özü üçün də qaranlıqdır. Onun
nəzərində “həqiqi və böyük məhəbbət
nə qədər güclü də olsa ,
qızılgül yarpağı kimi zərifdir. Kiçik bir yalan, əhəmiyyətsiz bir
sünilik belə onun üçün dəhşətli zərbə
olur”. Aralarında olan bu ülvi məhəbbət
şübhə, güman və ehtimallarla get-gedə
sönükür. Bir-birilərini dərin
məhəbbətlə sevən bu iradəli və mətin
insanlar ayrılırlar. Sahibin bütün
səyinə və təkidinə baxmayaraq Nurcahan fikrindən
daşınmır. “Mən artıq nə Jizeləm, nə
də əvvəlki Nurcahan”- deyərək Sahibə üz
tutur:
“Sən məni ilk dəfə səhnədə
görüb sevmişdin. Bu sevgi səhnə ilə də getməlidir.
Qırx yaş “Qu quşu”nun yalnız
qanadlarını deyil, məhəbbətini də qoparıb
aparır”. Tamaşanın sonunda Nurcahan
Sahibdən həmişəlik ayrılır. Kiyevdə keçiriləcək yubiley təntənələrində
iştirak etmək üçün ora gedir. O
qayıdacağını bildirir, ancaq Sahibin evinə yox. Aktrisa obrazı o qədər rəngarəng və
real şəkildə canlandırır ki, tamaşaçı
onun təbiiliyinə şübhə etmir. Məleykə xanımın istedadı, onun sənətkarlığı
dolğun xarakter yaratmaqda, surətin daxili aləmini məharətlə
açmaqda özünü göstərir. Xüsusilə gözünün ifadəsində,
üzünün cizgilərində, qəlbinin dərinliklərində
coşub-daşan hiss və duyğularını
görürük.
Sahib surətinin
ifaçısı
Elşən Rüstəmov obrazın təbiətinin
dərinliyinə nüfuz etməklə yanaşı xarakterindəki dəyişmələri
və konfliktləri özünəməxsus fərdi oyunu ilə
nümayiş etdirir. Sahib bir vaxt ona kömək göstərmiş
adamların layiq olmadıqlarına görə vəzifə
tutmalarına imkan vermir. O, tutduğu məsul vəzifədə
xalqa namusla xidmət edir. Saxtakarlıq edənlərə,
rüşvətxorlara, yaltaqlara qarşı mübarizə
aparır. Xalq mənafeyini hər şeydən
üstün tutur. E.Rüstəmov özünəməxsus
canlı oyunu ilə yaratdığı obrazın hiss və həyəcanlarını,
istək və arzularını səmimiyyətlə
tamaşaçılara çatdırır.
Tamaşada Xansu (Elnar Qarayev) və Ayqız (Nigar Məmmədova
və Günel İmanova) kimi surətlər də öz təbiiliyi
ilə seçilirlər. Bu qəhrəmanlar mənəvi
düşkünlüyə, meşşanlığa və
riyakarlığa dərin nifrət bəsləyir.
Xansu şəhər soveti sədrinin müavini vəzifəsinə
təyin olunduqdan sonra namusla və vicdanla işə
başlayır.
O, şəxsi
mənfəətlərini güdən Səxavət (Rüstəm
Rüstəmov), Almurad (Əməkdar artist Əjdər Həmidov)
və Tahir (Xalq artisti Hacı İsmayılov) kimi mənfi tipləri
cəsarətlə ifşa edir. Ayqız Xansuda
olan bu yüksək keyfiyyətlərə görə onu qəlbən
sevir. Atasının qadağasına
baxmayaraq Ayqız görkəmli balet ustası Nurcahanın,
xeyirxah məsləhətlər verən Sahibin və Xansunun
sözlərini üstün tutaraq arzuladığı balet sənətinə
gəlir. Gənc aktrisalar Günel İmanova və Nigar Məmmədova
obrazın daxili gərginliyini, hiss və duyğularını
təsirli və yadda qalan çalarlarla təcəssüm
etdirirlər. Hər iki aktrisanın fərdi oyun
üslubu Ayqızın daxili aləmini-sevinc və kədərini,
inam və inadını tam qavramağa imkan verir. Onların bütün hərəkətləri
obrazın dramatik ovqatını canlı göstərdiyi
üçün təbii təsir bağışlayır.
Əməkdar artist Əjdər Həmidov Almurad
obrazını böyük ürəklə oynayaraq tamaşaçıya sevdirir.
Rejissor Mərahim
Fərzəlibəyov əsərin əsas ideyasını əsas
tutaraq mənəvi-əxlaqi problemləri cəmiyyət və
şəxsiyyətin timsalında təqdim edir: Ən yüksək
səadət xalqa
xidmətdir. Qəhrəman düzlüklə,
namuslu əməklə, özünün insanlıq və vətəndaşlıq
ləyaqətini təsdiq edə-edə öz vəzifə
borcunu yerinə yetirir.
Tamaşada obrazlı ifadə tərzi, təbii dialoqlar, gərgin dramaturji məqamlar aktyor oyununda aydın şəkildə görükür. Rejissor əsas diqqəti tamaşanın məkan həllinə və kompozisiya mükəmməlliyinə yönəltmişdir.
Tamaşada əsas obrazların psixologiyasını önə çəkən rejissor bütün iş prosesini onların qəlbində, mənəvi aləmində və düşüncələrində üzə çıxarır. Rejissorun səhnə mizanlarında dəqiqliyə, aydınlığa meyl etməsi, aktyor oyununda ifadəli hərəkətlərə yol verməsi onun rejissor işinin əsas cəhətləridir. Tamaşada obrazlar arasındakı mürəkkəb psixoloji münasibətlərin mahiyyəti rejissor məqsədinin əsasında durur. Əsas psixoloji konflikt obrazların qəlb aləmində, daxili dünyasında baş verən mənəvi ziddiyyətlərin sosial problemlərlə üz-üzə qoyulması şəklində düşünülmüşdür. Tamaşaya rejissor bəzi əlavələr də etmişdir ki, bu da əsərin bədii-estetik mündəricəsinə bir tamlıq gətirmişdir. Təcrübəli bir rejissor kimi Mərahim Fərzəlibəyov özünəməxsus dəst-xətti və yaradıcılıq üslubu olan rejissordur. O, miqyaslı dünyagörüşə, yüksək elmi-nəzəri səviyyəyə, geniş fantaziyaya və təcrübəyə malikdir, həm musiqini,həm rəssamlığı, həm də dramaturgiyanı dərindən bilir. Müxtəlif illərdə o, 50-dən artıq əsərin tamaşasına quruluş vermiş və çoxşaxəli yaradıcılığı ilə rejissor sənətimizin tarixinə daxil olmuşdur. Rejissor uzun illər Xalq yazıçısı İlyas Əfəndiyevlə birlikdə yaradıcılıq fəaliyyəti göstərib. O, dramaturqun on əsərinə quruluş vermişdir. Fikrimcə, tamaşanın əsas müvəffəqiyyəti rejissorun verdiyi quruluşda və aktyorların məharətli və peşəkar oyunundadır.
Tamaşada seçilən istedadlı aktyor heyəti professionallıqları ilə seçilir. Xalq artistləri Məleykə Əsədovanın, Hacı İsmayılovun, Əməkdar artistlər Elşən Rüstəmovun, Əjdər Həmidovun, Hicran Nəsirovanın, Əsgər Məmmədoğlunun, aktyorlar Rüstəm Rüstəmovun, Dilarə Nəzərovanın, Nigar Məmmədovanın,Günel İmanovanın, Cümşüd Zeynalovun və Ləman İmanovanın oynadıqları yaddaqalan rollar təbii və canlı olduğundan tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Həm rəssam işi (quruluşçu rəssam İlham Elxanoğlu), həm də musiqi (musiqi tərtibatı Kamil İsmayılov) əsərin ideyasını, əsas obrazların mənəvi aləmini, psixologiyasını daha dərindən duymaqda tamaşaçıya kömək edir. Psixoloji ovqatlı seçmə musiqi parçaları və ifadəli səhnə tərtibatı bütövlükdə rejissor fikrinin və qayəsinin obrazlı ifadəsinə şərait yaradır. Mövzunun müasirliyi, yeni qəhrəmanın (balerinanın) səhnəyə gəlişi, estetik yenilik axtarışları nöqteyi- nəzərindən, zamanın prinsipial həqiqətlərini, insan psixologizmini və taleyüklü məsələləri təcəssüm etdirmək baxımından “ Mənim günahım” tamaşası olduqca aktualdır.
Ümumiyyətlə, rejissorla istedadlı aktyorların ciddi yaradıcılıq axtarışlarının və birgə zəhmətinin nəticəsi olan “Mənim günahım” tamaşası həmişəyaşar sənətkarımız İlyas Əfəndiyevin əbədi xatirəsinə dəyərli hədiyyədir.
Vəfa XANOĞLAN
525-ci qəzet.- 2015.- 16 may.- S.22.